13.04.2011

M.SALUR SAYMAN ARUZUN YENİ KİTABI HAQQINDA YAZIR

M.SALUR SAYMAN ARUZUN YENİ KİTABI HAQQINDA YAZIR



İNQİLABİLİKDƏN MÜHAFİZƏKARLIĞA

Paltarların adamsızlığı barədə bir neçə söz

Qonça olub, gül olmamaq
Acıdır, inan ki, acı ...
Dur inqilab eyləyəlim,
Dar ağacı, dar ağacı!


Sayman Aruzun “Paltarlarım adamsızdır” kitabındakı şeirləri oxuduqca az və ya çox dərəcədə bəyəndiklərimin qarşısına nida, bəyənmədiklərimə (o cümlədən anlamadıqlarıma) sual işarəsi qoydum: nəticədə suallar cavabları üstələmiş oldu...
Bu yazını “quraşdırmaqdan” ötrü bir dəfə kifayət etmədiyindən, kitabı iki yol-əvvəlcə başdan ayağa, sonra da ayaqdan başa oxumalı oldum. Bu da bəs eləməyəndə bir il əvvəlki “Bahar gəlmədi” kitabı barədə o vaxt yazmış olduğum “Yaşasın azadlıq, ölsün diktator” məqaləmi oxuyub onları müqayisə etdim.
Təəccüb və təəssüf hisslərilə gəldiyim ilkin nəticə təsdiqini tapdı: bu kitab özündən əvvəlkindən keçmiş bir ilin poetik sözüdürsə, onda həmin söz irəli deyil, geriyə atılmış addıma bənzəyir...
Müəyyənlikdən mücərrədliyə, inqilabçılıqdan mühafizəkarlığa – bu iki kitabın ən ümumi fərqini belə dəyərləndirərdim.
Əvvəlkindən fərqli olaraq, bu kitabda nə Lorka və Nerudanın, nə Qandi və Mandelanın, nə də Çe Gevaranın adlarına rast gəlmərsiniz, əvəzində Arazda boğdurulmuş Səməd Behrəngidən, dar ağacından söz açılır - qısası, nisbi nikbinlikdən mütləq bədbinliyə doğru tam sürətlə irəli...
Haqqında yazdığım geriləmə özünü nəinki mahiyyətdə, həm də şəkildə göstərir: sərbəst vəzndən, qismən də olsa, hecaya, bayatıdan rübaiyə keçid müəllifin, bilərəkdən, ya bilməyərəkdən, liberallaşmasının təzahürləridir.
Bu bir gerçəklikdir ki, əruz artıq çoxdan uzaq keçmişdə qalmış vəzndirsə, heca da eləcə köhnəlib və mövqeyini sərbəstə tərk etməlidir. Bayatı ilə rübainin isə bir-birindən yalnız hecaların sayı ilə deyil, qat-qat əhəmiyyətli cəhətlərdən seçildiyini də bura əlavə etsək, mənzərə bir qədər də aydınlaşar.
Sayman Aruzdakı bu dəyişikliyin – metamorfozanın səbəbi nədə, yaxud kimdədir: günah Quzey Azərbaycan adlanan ictimai – siyasi bataqlıqdadır, yoxsa AYB – nin Güney Azərbaycan şöbəsində?...
Əslində Güneydən Quzeyə hicrət etməklə yağışdan çıxıb yağmura düşmüş Sayman qardaşımızı böyük ölçüdə qınamaq da olmur: məşhur məsəldə deyildiyi kimi, qarşısına tüpürürsə - Bakıdı, arxasına tüpürürsə Tehrandı, özü də bəxtsiz Təbriz misalında, sanki iki daş arasında qalıb – çəkiclə zindan arasında qalmış kimi ...
Bütün bunlara baxmayaraq, istedadlı şairimiz Ezop dililə də olsa, istədiyini deməyi bacarır:


Düşmənləri qanatmağa getdilər,
Torpaqlarından atmağa getdilər.
Güneyimdə axşamlayan şəhidlər
Günəş kimi qayıtmağa getdilər!

Комментариев нет:

Отправить комментарий