16.04.2011

BAKININ VƏ VAŞİNQTONUN MERİ

Elşad PAŞASOY



Hakimiyyət təbliğatı neçə gündür Vaşinqton merinin icazəsiz aksiya keçirməsi səbəbindən həbsi məsələsinə köklənib. Bununla hətta “demokratiyanın beşiyi” Amerikada da merin icazəsiz aksiya keçirdiyi üçün tutuqlandığını gözə soxmağa, Azərbaycan müxalifətini fakt qarşısında qoymağa çalışırlar.
Düzdür, Vaşinqtonun meri Vincent Qrey həbs edilib. Səbəb də odur ki, onlar 200 nəfər məmur və ictimai fəalın birgə keçirdiyi etiraz aksiyasında şəxsən iştirak edib. Hətta mer tərəfdarları ilə Amerika Senatına yaxın küçəni bağlayıbmış. Polis aksiyaçılara dağılmaq üçün 30 dəqiqə vaxt versə də, mer daşı ətəyindən tökməyib. Səbəb? Nümayişçilər ABŞ Konqresinin 2012-ci maliyyə ilinin büdcə layihəsinin qəbuluna qarşı çıxıb!..
Siz Hacıbala Abutalıbovun Milli Məclisin qarşısındakı yolu bağlayıb bu yolla büdcə xərclərinin azaldılmasına etiraz etməsini təsəvvür edirsinizmi? Olmaya Vaşinqton sakinlərinin istirahət hüququnu düşünən yoxdur? Doğrudur, bizim mer də yolları tez-tez bağlatdırır. Ancaq... təmir adına, pul silmək üçün.
Dünən mer İctimai Palatanın 17 aprel mitinqi ilə bağlı danışıqlar aparmaq istəyən nümayəndələrini qəbul etməyib. İşə bax, qurumun nümayəndələri Bakı şəhər prokuroru, paytaxt polisinin rəisi ilə görüşə bilir, amma Hacıbala müəllimlə yox. Avropanın 20 səfiri İctimai Palatanın liderləri ilə birbaşa müzakirələr aparır, BŞİH rəhbəri isə belə bir qurumu tanımaq istəmir.
Hətta Zəlimxan Yaqub da deyir ki, iqtidarla müxalifət dialoqa başlamalıdır, əks halda, ölkədə fəlakətli vəziyyət yaranar. Abutalıbov isə “nə dialoq” deyib onunla görüşmək istəyənlərdən qaçır. Belə çıxmırmı ki, ölkədəki vətəndaş həmrəyliyinə mer maneəsi var? Əgər o, 17 apreldə mitinq üçün, məsələn, “Ukrayna” meydanını ayırsa, vəziyyət 2 apreldəki kimi gərgin olmaz. Ancaq nəinki yer ayırmır, hətta bircə saatını belə müxalifətçilərlə söhbətə qıymır.
Bu arada qəzetimizin internet saytı mitinqlərlə bağlı bir sorğu elan edib. “Sizcə, 17 aprel mitinqi harada keçirilməlidir” sualına dünən saat 13.18-dək verilən cavablar belə idi: şəhərin kənarında, Bibiheybətdə - 125 səs (10 faiz), mərkəzi yerlərdə, metro çıxışında 885 səs (71 faiz), təxirə salınmalıdır - 227 səs (19 faiz).
Göründüyü kimi, sorğu iştirakçılarının böyük əksəriyyəti aksiyaların keçirilməsini, - özü də mərkəzi ünvanlarda - istəyir. 19 faiz isə hakimiyyətin təklif etdiyi palçıqlı Bibiheybətdənsə, ümumiyyətlə, mitinqə getməməyi təklif edir.
Əsl reallıq, ictimai rəy buna deyərlər. AzTV-də antimüxalifət təbliğatı aparmaqla, rayonlarda muzdlu müxalifətçilər tutmaqla deyil ki...
Müxalifətə Bibiheybəti nişan verən mer isə vətəndaşların istirahət hüququnu qoruduğunu iddia edir. Abutalıbovun Bakı sakinlərini nə qədər “sevdiyini” ötən illərdə çox görmüşük. Hacıbala müəllim vəzifəyə təyin olunandan az sonra Bakıda 25 minədək dükan-mağazanı sökdürüb camaatı çörəksiz qoydu. Bəlkə bu Allahsız əməli də müxalifətin ayağına yazasınız? Elə bu qışın oğlan çağında “Qış bulvarı” deyilən ərazidə yüzlərlə ailəni küçəyə tökdürdü. Məlum oldu ki, Rufan Kazımov adlı birisinin adı ilə sakinlərə çatası milyonlarla manat mənimsənilib. Bu günlərdə isə ərazidəki Şəmsi Bədəlbəyli və Mirzəağa Əliyev küçələri boyunca sakinlərin sürgün edilməsi prosesi başlayıb. İstirahət hüququnu beləmi qoruyurlar?
Əslində müxalifət bu gün mitinq şüarlarını redaktə etməlidir. Məsələn, 17 aprel mitinqinin şüarlarından biri də “Abutalıbova istefa!” ola bilər. İctimai Palatanın mitinqinə normal yer ayırmadığı, sərbəst toplaşma azadlığını pozduğu, vətəndaş qarşıdurmasının yaranmasına bais olduğu, üstəlik, paytaxt sakinlərinin gününü zəhərə döndərdiyi üçün. Bu yandan da o, Zabratda 100 metrlik asfaltı ölkə başçısına göstərib yol çəkdiyini iddia edibsə, deməli, tələb elə iqtidarın da ürəyincə olacaq...

***
Dünən Hacıbala müəllimə zəng eləmişdim. Salam-kalamdan sonra müxalifətin meriyaya etdiyi mitinq müraciətinə münasibətini soruşdum. Ani pauzadan sonra “başqa sözünüz yoxdursa, sağ olun” deyib telefonu qapatdı. Heç sağollaşmağa da imkan vermədi.
Sizcə, Vaşinqton meri “Vaşinqton Post”un jurnalistinə belə halda nə deyərdi?

Комментариев нет:

Отправить комментарий