16.04.2011

PİKET TOYUQLARI


Murad KOHNƏQALA

Ölkədə son zamanlar mitinq-piket yaman moda minib. Gah müxalifətdəkilər iqtidardakılara mitinq elan eləyir, gah da iqtidardakılar müxalifətdəkilərə. Polis müxalifətin mitinqinə çıxanları ovlayıb maşınlara doldurur, döyüb-söyür, kefi istəyənə də sutkalarla iş oxuyur. İndi vəziyyət bir az da çətinləşib, artıq 10-dək mitinqçiyə cinayət işi qaldırıb əməlli-başlı iş vermək istəyirlər.
Polis iqtidarın piket-mitinqinin iştirakçılarına isə əksinə, kömək eləyir, onların qeydinə qalır. Keçən dəfə öyrədilmiş gənclər Əli Kərimlinin evinin qarşısında piket keçirəndə yağış yağdı. Polislər tez qaçıb onların başının üstündə çətir tutdu ki, gənclər islanmasın. Öyrədilmişlər növbəti dəfə Müsavat Partiyasının qarşısında piket keçirəndə qəfildən güclü külək başladı. Onda da polis piketçilərin hərəsinə bir sırıqlı geydirdi ki, uşaqlar xəstələnməsin. Təlimli gənclər xəstələnib yatağa düşsə, bunların piketinə özgə kim gələcək?
Bir gün eşitdik ki, bə deməzsənmi, icazəsiz piket keçirdiyinə görə YAP-çı gənclərdən də ikisini tutublar. Dostlardan biri dedi, hökumət guya özünü demokrat göstərmək istəyir, yəni baxın, biz özümüz də icazəsiz mitinq keçirə bilmirik, özümüz özümüzdən icazə alırıq. Biri dedi, ola bilsin, onları tapşırılan qədər qışqıra bilmədiklərinə görə tutublar. Biri dedi, axı ora əksərən hardasa ilişmiş uşaqları yığırlar, yəqin bunlar hansısa polis bölməsinin KPZ-sində yatırmış, müvəqqəti piketə çıxarıblar, sonra yenə öz yerlərinə qaytarıblar. Görənlər də elə bilib YAP-çı gəncləri tutdular.
Əslində isə məsələ tamam başqa cür olub. Deməli, YAP funksionerləri piketə göndərdikləri gənclərin ikisinin qoltuğuna xoruz və fərə veribmiş ki, qoltuqlarında tutsunlar, piket qurtarandan sonra isə qazanc kimi aparıb kəsib yesinlər. Bu iki gənc də qoltuqlarında ev quşları piketdə fəal iştirak edib. Piketdən sonra xoruz və fərə qoltuqlarında sevinə-sevinə evə tələsirlərmiş. Yolda polislər qoltuğutoyuqlu gənclərdən bərk şübhələnir. Onları aparıb polis şöbəsində sorğu-suala tuturlar: “Kimsiniz ə, hardan gəlib hara gedirsiniz?”
Qoltuğunda xoruz olan tayı tez dillənir ki, nəçənnik, vallah, piketdən gəlirik. Polis dəli olur: “Ə, sən kimsən piket keçirdirsən? Qudurubsan, ə? Əə, siz bu hökməti yıxa bilərsiniz? Ayə, o boyda Amerika bizdən qorxur. Siz kimsiniz, ə, bizim hökməti yıxırsınız?”
Qoltuğuxoruzlunun xoruzunu əlindən alıb sillə-yumruq-təpik, onu möhkəm döyürlər. Bədbəxt zarıya-zarıya polisin ayağı altda qıvrılır. Qoltuğufərəli çaş-baş qalır, heç nə anlamır. Birdən yadına düşür ki, bəs bizi YAP-çılar göndərib. Özünü polisin ona verəcəyi suallara hazırlayır. Zırpı polis fərə qoltuğunda küncdə oturub titrəyən gəncə qışqırır: “Sən də hökməti yıxmağa gəlmişdin, ə?” Ona bir dənə təpik vurur: “Qalx ayağa, düdük”. Gənc qoltuğundakı fərəni ortalığa buraxıb qorxa-qorxa deyir: “Nəçənnik, and olsun bu fərənin damazlığına, bizdə günah yoxdu, bütün günahlar YAP-dadı”. Qoltuğufərəlinin sözünü eşidən polislər lap dəli olur. Zırpı polis təpik-yumruqla onun üstünə şığıyır: “Ayə, nanəcib, bilirsənmi nə danışırsan? Al, bu, sənə İsa Qəmbərə görə, al bu, Əli Kərimliyə görə, al bu, sənin mitinqinə görə...”
Qoltuğufərəli başa düşür ki, polislər onları anlamayıb. Yerdə ağzı-burnu qan, qarnını qucaqlayıb qışqırır: “Ay nəçənnik, öldürmə, biz gənc YAP-çılarıq, nəçənnik, qadan alım, öldürmə”. Polislər çaş-baş bir-birinə baxır. Yerdə uzanan qoltuğuxoruzlu vəziyyəti görüb bir az dirçəlir, sevinmiş zarıya-zarıya zingildəyir: “Nəçənnik, qadan alım, odu bax, partiya bilitimiz soyundurduğunuz kurtkalarımızın cibindədi. Təptəzədi, dünən piketə hazırlaşdıranda veriblər”.
Bayaqdan iblisə dönən polislər bir anda rəhmli mələyə çevrilir. Uşaqları mehriban baxışlarla süzüb yerdən qaldırırlar: “Ayə, ananız namaz üstə doğubmuş, yoxsa sizi axşama qədər ləzzətlə döymək planlaşdırmışdıq. Zalım uşağı, bayaqdan deyin ki, YAP-çı gənclərik dana! Bizi niyə qana salırsınız?” Gənclər yaltaqlana-yaltaqlana yerdə sürünüb polisə yalvarışır: “Nəçənnik, qadanızı alarıq, bizi buraxın gedək, günah özümüzdədi, heç kimə də heç nə demərik”. Yarımzırpı polis onları diz üstdən ayağa qaldırıb deyir: “Həyatdı, olur, adamın başına hər iş gəlir. Gedin, orda su var, əl-üzünüzü yuyun, üstünüzü təmizləyin. Sonra hərəniz öz öyünüzə...”
Gənclər özlərini bir az abıra salıb qayıdır. Qoltuğufərəli yaltaq-yaltaq onların üzünə baxıb irişir: “Nəçənnik, toyuqlarımızı da verin, ta gedək”. Pəzəvəng polis onların üstünə bozarır: “Ayə, toyuq nədi, xoruz nədi, yavaşca sürüşün burdan!”

Комментариев нет:

Отправить комментарий