16.04.2011

MİTİNQ ÖNCƏSİ HƏBSLƏR BAŞLADI

image Sumqayıtda müxalifət fəalları tutularaq polis idarəsinə aparılıb



Polis İctimai Palatanın aprelin 17-nə təyin etdiyi mitinq öncəsi “profilaktik tədbirlərə”, fəalların həbslərinə start verib. Artıq dünən Sumqayıtda bir neçə müxalifətçi evindən götürülərək Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) aparılıb. Bu məlumatı “Yeni Müsavat”a KXCP Sumqayıt şəhər təşkilatının sədri Şakir Məmmədov verib.
Ş.Məmmədov bildirdi ki, KXCP Sumqayıt təşkilatının üzvləri olan Məmmədyar Məmmədov, Oqtay Tahirov, Gülağa Adıgözəlov və Ələddin Abdullayev Sumqayıt ŞPİ-yə aparılıblar və dünən saat 21:00-a olan məlumata görə, hələ də orada saxlanılırlar. Həmçinin Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının səd müavini Sərvər Bağırov da evindən aparılıb. Şakir Məmmədov sahə müvəkkilinin Sərvər bəyə zəng açaraq polis idarəsinə dəvət etdiyini söylədi. O, bunu mitinq öncəsi “profilaktik tədbirlər”lə əlaqələndirdi.
Eyni zamanda Sumqayıtda yaşayan hüquq müdafiəçiləri də Sumqayıt ŞPİ-yə çağırılıblar. Onlar “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbərliyinə daxil olan şəxslərdir. Bu barədə redaksiyamıza ictimai birliyin rəhbərlərindən biri Elçin Həsənov məlumat verib. O bildirdi ki, Elçin Məmməd, Seymur Şirinov və özü Sumqayıt ŞPİ-yə dəvət olunublar. E.Həsənov bunu 17 aprel öncəsi önləyici tədbir adlandırdı.
Bundan başqa dünən Kamil Fərəcov, Xanım Mirzəbəyli, İsa Məmmədli və Vidadi Feyzi də polisə çağırılaraq mitinqə qatılmamaqla bağlı xəbərdarlıq edilib. Dünən Müsavatın Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbasın evinə polis gəlib. Həmin vaxt F. Abbas evdə olmayıb. Təşkilat sədrinin sabah (bu gün - red.) polis idarəsinə gəlməsini istəyiblər.

E.SALAMOĞLU                      musavat.com

Комментариев нет:

Отправить комментарий