Gülər Əhmədova: “Heç kim demir ki, Azərbaycanda hansısa məmur rüşvət almır, hamı yağ-bal içində yaşayır”
Azərbaycan gündəminin aparıcı mövzusu hər kəsə bəllidir. Kimlərsə diqqəti yayındırmaqdan ötrü fərqli məsələləri ortaya atıb mövzunu dəyişdirməyə çalışsa da, bəllidir ki, Azərbaycanda inqilab gözləntisi və köklü siyasi islahatlara gedilməsinin zəruriliyi ciddi dairələrdə dartışma mövzusudur. Bu mövzu ilə bağlı müxalifət təmsilçiləri ilə yanaşı, iqtidar düşərgəsinə mənsub tanınmışların da mövqeyini almağa çalışırıq. Budəfəki həmsöhbətimiz YAP-ın xanım deputatı Gülər Əhmədovadır.
- Gülər xanım, sizin “Bizə inqilab lazımdır” sərlövhəli yazınız maraqla qarşılanmışdı. Bu seriyadan növbəti yazılar gözləniləndir, yoxsa hansısa xəbərdarlıq edildiyi üçün daha belə məsələlərə qarışmamağa qərar veribsiniz?
- Qətiyyən yox. Bizim işimiz elə bundan ibarətdir. İctimai-siyasi həyatda olan insanlarıq. Mən heç zaman özümə qarşı dediyiniz münasibəti görməmişəm. Sadəcə, zamanı çatanda, ictimai-siyasi proses tələb edəndə mövqeyimi ortaya qoyuram. 2003-cü ildə də belə olub, indi də belədir, hər zaman da belə olacaq. Çünki mən Heydər Əliyevin dəstəyi ilə siyasətə gələn, Heydər Əliyevin siyasətini dəstəkləyən adamam. Bu baxımdan mənim qırmızı xətlə keçən fikirlərimdəki ardıcıllığı hər zaman görmək mümkündür.
- Həmkarınız Rəbiyyət Aslanovadan yazdıqlarınıza sərt etiraz gəldi. Bu kimi fikirlər çoxmu oldu?
- Yox. Birinci və axırıncı.
- Ancaq YAP-da alternativ fikrə heç də dözümlü münasibət olmur. Sizə qarşı dözümlülüyün sirri nədir?
- Məncə, YAP haqqında yanlış fikir formalaşıb. YAP bir nəfərdən ibarət partiya deyil. Şübhəsiz ki, mən partiya sədrinin mövqeyini dəstəkləyən adamlar sırasındayam.
- Amma Əli Əlirzayev sözünü dedi, ona münasibət yaxşı olmadı, Sirus Təbrizli səmimi şəkildə hakimiyyəti gələcək təhlükələrdən xəbərdar etmək istədi, partiyadan xaric edildi.
- Vallah bilmirəm. Bəlkə kiminsə kiminləsə şəxsi konfliktləri olub. Mənimçün daha çox maraqlı olan ümummilli məsələlərdir. Çalışıram ki, şəxsiyyətlərarası münasibətlərə girməyim. Çünki buna vaxtımın itməsi kimi baxıram. Amma hər halda mənim partiyada nə çox yaxından dost olduğum, nə də düşmən olduğum adam yoxdur. Sadəcə, onlar partiyanın verdiyi qərarlara əməl etmədilər. Partiyanın İdarə Heyəti var və onun verdiyi qərara hörmətlə yanaşıram. Mən o partiyanın üst düzəyində olan, qərarları çıxaran insan deyiləm, partiyanın qərarlarını yerinə yetirən şəxsəm. Üstəlik mən səlahiyyətlərim xaricində olan işlərə baş qoşmuram. Həyatım boyu səlahiyyətlərimi aşmağa çalışmamışam. Ancaq partiyada olmağın səfası varsa, onun cəfası da olmalıdır. Hətta bəzən böyük xidmətləri olan adamlar daha məsuliyyətli olmalıdırlar ki, digərləri onlara baxıb özlərini yığışdırsınlar. Yəni partiyada ərköyünlük eləmək yaramaz. Mən bunu bütün partiyalarla bağlı deyirəm.
- Son günlər cəmiyyətdə gərgin ab-hava müşahidə olunur. Yenə də müxalifətdən düşmən obrazının yaradılması tendensiyası müşahidə olunur. Hakimiyyət texnoloqları cəmiyyətdə parçalanma yaratmaqla nəyə nail olmaq istəyir?
- Mən bilmirəm siz niyə hakimiyyəti günahlandırırsınız. Əslində mən buna yaz vaxtı qan qaynamasının əlaməti kimi baxıram. Mənim azərbaycanlılarda ən çox sevmədiyim bir xüsusiyyət var: dəbə uymaq. Biz o qədər dəblə ayaqlaşmağı sevən bir millətik ki. Bu, bizim millət olaraq əyalət adamı olmağımızdan irəli gəlir. Əyalət adamının ən böyük dərdi dəbə uymaqdır ki, kimdənsə geri qalmasın. Bu, həyatımızın bütün sahələrində özünü göstərir. Rayonlarda adamlar görmüşəm ki, pay torpaqlarını satıb CİP alıblar, onu da sürə bilmədikləri üçün aparıb harasa çaxıblar. Sonra da ora-bura yazırlar ki, pay torpağımız yoxdur. Bir misal var e, niyə o əjdahadan bizdə yoxdur? Heç kəs məndən inciməsin, söhbət əksəriyyətin yanaşmasından gedir. Misirdə camaat çıxıb fasebook inqilabı elədi… Yaxşı ki, Liviyadakı qan-qadanı görüb bir az ağılları başlarına gəlir. Başa düşürlər ki, inqilab heç də çadır toyu deyil. Şübhəsiz ki, müxalifət hakimiyyətə gəlmək istəyir, bunu normal qarşılamaq lazımdır. Siyasi ambisiyaları olan qüvvədir. İstənilən siyasi situasiyadan istifadə etməlidir ki, hakimiyyəti ələ keçirsin. Amma daha hansı metodlardan istifadə edirlər. Mən fasebook-da oturan adamam. Baxıram ki, bir qrup insanlar özlərini siyasətlə məşğul olan kimi göstərmək istəyir. Amma ümumiyyətlə, siyasətdən xəbərləri yoxdur. Bir qrup insan ona görə mitinqə gedir ki, televizorda göstərsinlər.
- Bu, sizin şəxsi fikrinizdir, hörmətlə yanaşırıq. Ancaq əgər 5 nəfər də çıxıb etirazını ifadə edirsə, ona vətəndaş kimi normal münasibət olmalıdır. Olmazmı ki, qaldırılan məsələlərə diqqət verilsin?
- Mən istəmərəm ki, mitinqə çıxanları ya itələsinlər, ya da vursunlar. Bir qadın kimi bu, məni narahat edən bir şeydir. Məncə, zor işlədilməsi ən sonuncu vasitədir. Rəhmətlik Heydər Əliyev deyirdi ki, ağıl olan yerdə zora ehtiyac yoxdur. Zoru o insanlara tətbiq edirlər ki, daha onu başqa üsulla başa salmaq mümkün deyil.
- Cəlilabadda müxalifətçi ataya görə onun övladının ittiham olunması, evinin qarşısında aksiya keçirilməsini bir uşaq təşkilatının rəhbəri kimi necə qarşıladınız?
- O, doğru bir şey deyil. Onu da kim eləyibsə, düz eləməyib. Allah heç kimə qismət eləməsin, kiminsə balası əlindən gedibsə, bu, çox ağır bir dərddir. Buna siyasət qarışdırmaq çox böyük günahdır. Allah eləyəydi ki, heç kimə heç nə olmazdı. Oğlu əlindən gedən valideynlərə başsağlığı verirəm. Hər iki tərəfdə olan insanlara demək istəyirəm ki, bundan siyasi məqsədlər üçün istifadə etmək nə insani, nə dini, nə də qanuni baxımdan düzgün deyil. Mən məsələyə bu, cəbhəçinin, bu, YAP-çının oğludur kontekstindən baxılmasının tam əleyhinəyəm. Oğul oğuldur, ata atadır, ölüm də ölümdür. Ölümün üstündə nə YAP yazılmayıb, nə də Müsavat. Belə hallarda birinci növbədə nə YAP-çı, nə cəbhəçi, nə müsavatçı olmaq lazımdır. Sadəcə bacarıb ilk növbədə insan olmaq gərək.
- Azərbaycandakı inqilab xəbərdarlıqları sizə nə deyir?
- Yaşadığım, oxuduğum tarixdən bilirəm ki, inqilablar heç bir zaman sonuc olaraq millətin xeyrinə işləmir. Bu gün bir az ağıllı olmaq lazımdır. Mən bunu yazımda da demişdim. Cənab prezidentin yürütdüyü siyasəti dəstəkləməyi səbir və ağılla bacarmaq lazımdır. Heç kim demir ki, bu gün Azərbaycanda hansısa insanın hüququ pozulmur, hansısa məmur rüşvət almır, hamı yağ-bal içində yaşayır. Amma obyektiv və subyektiv səbəblər var. Məni Azərbaycan müxalifətində həmişə narahat edən və incidən bir məqam ondan ibarətdir ki, müxalifətin içərisində çox az sayda sağlam düşünən, aqressiv olmayan, radikalizmə uymayan adamlar var. Nə düşmənçilik mövqeyində durmaqla, nə milçəyi böyüdüb fil etməklə nəyəsə nail olmaq mümkün deyil. Bəli, faktlar varsa, onları yazmaq, demək, konkret olaraq tənqid etmək lazımdır.
- Fakt budur ki, bu gün yenidən köhnə ənənələrə qayıdılır və kimlərsə katalizator rolunu oynayıb cəmiyyətdə gərginliyin yaranmasına cəhd göstərir.
- Mən tamamilə bunun əleyhinəyəm. Çünki biz bir çox qonşu ölkələrin parçalamaq, didişdirmək istədiyi bir ölkəyik. Burda, Allah eləməsin, hər hansı bir narahatçılıq yalnız onların maraqlarına xidmət edəcək. Mən min faiz əminəm ki, o zaman kəskin şəkildə “Talış Muğan Respublikası” məsələsi də qalxacaq, “Sadval” da aktivləşəcək və Azərbaycanın dövlətçiliyinə çox ciddi zərbə vurulacaq.
- Bunu iqtidardakılar bilmir?
- Bunu müxalifətdəkilər bilməlidir. İqtidardakılar bilir və ona görə də çalışırlar ki, bu proseslərin qarşısını alan addımlar atsınlar.
- Müxalifətin ağzını yummaq yox, onu dinləmək daha normal variant deyilmi?
- Siz doğru deyirsiniz, müxalifəti dinləmək lazımdır. Amma açığı, mən bilmirəm axı, müxalifət heç bir şey deyibmi ki, dinlənilsin də?
- Müxalifətin illər boyu dediklərinin bir qismini artıq rəsmi şəkildə hakimiyyət etiraf edir…
- Məsələn?
- Müxalifət deyildimi ki, ölkədə korrupsiya və rüşvətxorluğun, inhisarın olduğunu deyib tədbirlər görməyə çağıran? Yalnız bu il hakimiyyət bu faktları etiraf edib tədbirlərə başladı. Bu gün də müxalifət deyir ki, xırda beş-üç məmuru cəzalandırmaq vəziyyəti dəyişməyəcək, köklü islahatlara gedilməli, ədalət bərpa olunmalı, vətəndaşlara qarşı sayğılı davranılmalıdır. Bunlar azdırmı? Müxalifət deyir ki, buyur, islahatlara başla, inqilab olmasın.
- İslahatlara gedilir də. Nağıl dünyası deyil axı, gecə yatasan, səhər durub görəsən hər şey dəyişib. Bu, absurd şeydir. Amma islahatlara gedilir.
- Bu komanda, bu məmurlarla?
- Qardaşım, mən, məsəlçün, hesab edirəm ki, hər kəs öz tökdüyünü yığışdırsa, yaxşı olar.
- Yığışdıracaqlarmı?
- Məcburdurlar. Evdə uşağa deyirsən e, dəftər-kitabı tökübsən, indi gəl özün yığışdır. Mən cənab prezidentin apardığı siyasəti hər zaman, bəlkə də hamıdan çox qabaq başa düşənlərdənəm. Mən bilirəm ki, o, bunu yığışdıracaq və özü də bilir kimə yığışdırtmaq lazımdır. Siz bunu görəcəksiniz. Burda çox böyük zamana da ehtiyac yoxdur. O baxımdan mən əminliklə bilirəm ki, bütün bunlar yığışılacaq. Amma müəyyən məqamlar var da. O məqamların mizan-tərəzisi doğru-düzgün qurulmalıdır. Kiçik bir misal deyəcəyəm. Tutaq ki, orta məktəb müəlliminin, həkimin maaşı nə qədərdir? Biz deyirik ki, müəllim, uşaqdan pul alma, həkim, xəstədən pul alma! Belə olanda artıq müəllim və həkimlərin durumu ilə bağlı çox ciddi bir sual ortaya çıxır. Deməli, burda bir zaman lazımdır ki, müəllim və həkimlərin attestasiya prosesi başa çatsın. Attestasiya bitsin, bu insanların maaşlarının səviyyəsi hər hansı bir bəlli yerə gəlib çatsın və onların yaşayış səviyyəsi arzu olunan həddə çatsın. O zaman bizim də cəmiyyət və iqtidar olaraq onların qarşısında qoyduğumuz tələblər bir çox hallarda avtomatik həyata keçiriləcək. Tutaq ki, deyirlər “rüşvət almayın”. Amma eyni zamanda “almayın” dediyimiz adamın da güzəranına baxmaq lazımdır. Yəni burda bir dövlət maşını, dövlət aparatı var, onlar işləməlidir.
- İqtisadçılar hesablayıb ki, Azərbaycana hər gün təkcə neftdən adambaşına 10 dollar pul daxil olur. Ancaq əhalinin güzəranı, maaş və pensiyasının miqdarı göz qabağındadır.
- Mən sizə deyirəm ki, onlar artacaq. Məsələyə birtərəfli baxmaq olmaz. Məsələn, mən onun tam əleyhinəyəm ki, mənim uşağımı doğru müalicə etməyən həkimin maaşı yüksək olsun. İstəyirəm ki, həkimlər hamısı attestasiyadan keçsinlər, insanı öldürməyə yox, sağaltmağa bacarığı olanların maaşı qalxsın. Həmçinin də müəllimlərin. Kvadrat tənliyi həll edə bilməyən müəllimi 8-9-cu sinfə buraxmaq olmaz. Şübhəsiz, bir gecənin, ya 10 günün içində bütün riyaziyyat müəllimlərini yığıb metodikadan tutmuş, elmi biliklərinəcən onları yoxlamaq mümkün deyil. Yəni təəssüflə demək lazımdır ki, bizim yığılıb qalmış problemlərimiz var.
- Bütün bu yığılıb qalanları həmin komandanın yığışdırması real görünür?
- Yığışdıracaqlar.
- Bir nazirin 15 il postunda qalması normaldırmı?
- Vallah normal, anormal olduğu barədə bir şey deyə bilmərəm. Elə nazirlər var ki, onların yerində olsam, mən özüm özümə hörmət edib istefa verib gedərdim. İkinci bir tərəfdən, təcrübə elə bir şeydir ki, onu heç nə ilə əvəz etmək olmaz. Mənim fikrimcə, belə məqamda kimisə dəyişmək olar, kimisə yox. Tutaq ki, əgər bir insan o strukturu özü qurub-yaradıbsa, deməli, dövlət aparatının maşınını bir başqa səmtə yönəltmək məqamında işinin öhdəsindən lazımi şəkildə gələ biləcək. Çünki o bilir ki, nə hardadır.
- Normal ölkələrdə hökumətlər də dəyişir, komandalar da istefaya gedir, dövlət aparatı yenə də öz işini davam etdirir. Azərbaycanda isə belə qəbul olunur ki, kimlərsə əvəzolunmazdır…
- O dövlətlər bu dəyişiklikdən xeyir tapmırlar. Ancaq əvəzolunmaz demək də olmaz. Elə adamlar var ki, mən doğrudan da onların alternativini görmürəm. Ancaq bəzi nazirlər də var ki, abır-həyası olsa, elə özü istefa verib gedər. Amma birmənalı şəkildə bilirəm ki, cənab prezidentin, birincisi, verdiyi qərarları çox sürətlə həyata keçirmək xasiyyəti var. İkincisi də heç vaxt heç bir şeyi yarımçıq eləmir. Birmənalı şəkildə tam əminəm ki, çox sürətlə, axıradək o islahatları həyata keçirəcək. Amma nə qədər çəkəcəyini deyə bilmərəm. Güman edirəm ki, biz bunu tezliklə görəcəyik. Məsələn, gömrüklə bağlı konkret qərar verildi ki, bu qurumda bütün hesablaşmalar kartlar vasitəsilə həyata keçiriləcək. Bunun özü çox ciddi bir addımdır. Korrupsiya ilə mübarizə həm də ideoloji, insanların beyni ilə gedən işdir. Dünənə qədər insan buna çox normal baxırdısa, bu gün artıq ona deyirik ki, sən aldığın şirinlik yox, rüşvətdir.
- Rüşvətsiz, korrupsiyasız havası çatmayan məmurların, sizcə, bundan sonra həmin “oksigen balonu” olmadan dözüm gətirməsi mümkündürmü?
- Sirkə tünd olar, qabını çatladar. Ən ağıllı insan odur ki, yeniliyə tez öyrəşir və uyğunlaşırlar. Həzrət Əlinin çox yaxşı bir sözü var. Həmişə deyirdi ki, ağıllı insanlar mallarını canlarına sipər edirlər. Ağılsızlar isə canlarını mallarına sipər edir. İndi rüşvət alan adamlar üçün kislorod balonu, ya nə lazımdır, bilmirəm. Amma hər halda ağılları varsa, dünyanın necə dəyişdiyini, dövlətlərdəki məsələləri görürlərsə, özləri də dəyişməyi bacarmalıdırlar. Özü də tez. İnsan öz ağlı ilə dəyişirsə, heç nə itirmir. Amma kimsə gəlib onu zorla dəyişdirirsə, çox şey itirir. Birinci, ən qiymətli şey olan abır-həyası gedir, ikincisi də tutub yığdıqlarını əlindən alırlar. Ona görə də çalışıb tez dəyişmək lazımdır…
”Yeni Müsavat”
Комментариев нет:
Отправить комментарий