16.04.2011

QARADAĞIN İCRA BAŞÇISI KABİNETİNDƏ İKİ VETERANI DÖYDÜ

                  Süleyman Mikayılov pul borcu olduğu şəxsləri polisə verib



Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Süleyman Mikayılov kabinetində iki veteranı döyüb. Bu barədə məlumat alan kimi həmin veteranları arayıb tapdıq. Əfqanıstan veteranı olan Arif Əsgərov məlumatı təsdiq edərək bildirdi ki, veteran Nəzirlə birgə başçının qəbuluna gediblər: “İl yarım əvvəl Lənkəranın icra başçısı olanda Süleyman Mikayılov bizim mağazadan mal götürmüşdü. 6 min 350 manat borclu qalmışdı.
Biz qəbuluna həmin pulu almaq üçün getmişdik. Dedi ki, çıxın bayıra, yoxsa sizi sürüdüb çölə atacağam. Ona İlham Əliyevin məmurlara çağırışını xatırlatdım, dedim ki, prezident sizlərdən vətəndaşlara normal münasibət göstərməyi tələb edib. Cavab verdi ki, siz vətəndaş deyilsiniz və üstümüzə yeriyib bizi əl-qolla itələdi. Mən zorla özümü saxladım. Polislərə tapşırdı ki, tutun bunları. Hər ikimizi tutub 11-ci polis bölməsinə apardılar”. Veteranın sözlərinə görə, bölmədən onları azad etsələr də, deyiblər ki, polis rəisi onlarla görüşəcək: “Hələlik heç bir yerə şikayət etmək fikrimiz yoxdur. Əgər başçı pulumuzu verməsə, hüquq-mühafizə orqanlarına şikayət edəcəyik”.
Xatırladaq ki, S.Mikayılov öz işçilərini döyməkdə ad çıxarıb. Yardımlıda, Lənkəranda başçı olarkən də məmurları kabinetində şəxsən döyməsi ilə bağlı xəbərlər gəlirdi.

E.HÜSEYNOV                          musavat.com

Комментариев нет:

Отправить комментарий