18.04.2011

Robotbaycanlılar


Hüsamə bin Sərxan               husamasarxan@mail.ru
Gecə-gündüz ağlın peşində sürünən millətlər var. Millət də var, ağlı başına bəladı. Lap elə yaponlar kimi. O günləri “Xural”ın Cənub Bürosunun rəhbəri (zəhləm gedir bu vəzifədən) Sakit Orduxanlıyla bahəm, yaponların yaratdığı çox ağıllı və yakışıklı bir robotla rastlaşmışdım. Mənə baxanda ağlayır, Sakitə baxanda qəşş eləyib özündən gedirdi. Təəccübümü nəzərdən qaçırmayan robotun “dədəsi” dedi: “O, sənin nodərəmət sir-sifətindən qorxur, amma Sakitin suyuşirin sifətindən xoşhallanır. Qardaşımsan, mümkünsə onun gözünə görünmə.” Robotla məzələnmək hissim nə qədər güclü olsa da, “dədə”nin sözündən çıxa bilmədim və acilən məkanı tərk etdim. Təxminən iki saatdan sonra – artıq gözlərimin altı saralmağa başlamışdı – Sakit də məkanı tərk etdi. Çox qayğılı və kədərli görünürdü. Səbəbini soruşdum, mızıldayıb sorğudan yayındı.
O gündən beş gün keçib. Maləsəf, nə Sakitdən, nə telefonundan heç bir səs-səmir yoxdur. Görəsən, robot Sakit Orduxanlıya nə pıçıldayıb ki, məni atıb onu tutub, yaxud o robotun nəyi və nələri məndən üstündür? Məhz bu yerdə şair İman Abdullanın ölməz misraları yada düşür:
Demə bu söz tanışdı,
Bu tanışlıq barışdı,
İman haqdan danışdı
“Urobot”lar içində.
İman yadıma düşmüşkən.
Bahar barlı-bəhərli torpaqlarımıza nemətlər bolluğu bəxş etməyə tələsdiyi bir vaxtda, şair İman Abdulla da öz üçüncü kitabı ilə Oxucuların görüşünə gəldi. Ədalət Salmanın sahibi olduğu “Sözün işığı” nəşriyyatında çap edilən “Sözlərim dərddən göyərdi” adlı kitabda şairin nəzmin müxtəlif janrlarında qələmə aldığı əsərləri toplanıb. İmansevər Oxucular kitabı əldə etmək üçün “Qaya” Mətbuat Yayımı Firmasının Cəlilabad  nümayəndəsi Vidadi bəyə müracət edə bilərlər. Qiymət razılaşma əsasındadır. Belə ki, Sakit Orduxanlı kitabı 20 qəpiyə ala bildiyi halda, professonal Oxucu  İbrahim Sel 10 manata əldə edə bilməyib. Robotuna şükür, yapon qardaş!
Sözümün Mustafası:
“Mustafam” deyir ki, yapon olub tanrıyla döyüşməkdənsə, bic azəri olub tanrını dolamaq min pay yaxşıdır. Siz elə bilirsiniz, azəri dəmir-dümürdən adam düzəldə bilməz? İstəsə, nəinki dəmirdən, lap banandan qayırar. Sadəcə, səkkiz milyonluq robotumuz varkən, əlavə robot qayırmağa nə hacət? Həm də daha ciddi işlərlə məşğul olmaq lazımdır, qardaşlar. Şükür buddaya! Silah-sursat, dava-dərman, göy-göyərti, pal-paltar… qayırmağı öyrənmişik. Bu öz yerində. Üstəlik, yaponun Cəlilabaddakı “bankomat”larının başına elə bir oyun gətirmişik, 50 qəpik verməsən, başını əzəsən xeyri olmayacaq. Yəni haqqını ala bilməyəcəksən. Hələ bu harasıdır? Deyilənlərə görə, azəri alimi elə bir cihaz icad edib ki, zəlzələ anını 5 saat əvvəldən xəbər verir. Və ən başlıcası: Azəriyyə dünyada yeganə ölkədir ki, orduya ancaq robotlar gedir – istinin-soyuğun, çayın-çörəyin nə olduğunu bilməyən robotlar.
Çernobılçı robotlar…
Yaponları sunaminin ağzına verən güclərin (səsi sonra çıxacaq) kömək məqsədi ilə Yaponiyaya göndərdikləri robotlarının nəyə qadir olduğunu yaxın vaxtlarda bütün dünya ictimaiyyəti biləcək. Şəxsən mən, başdanqrija amerikan robotlarından ağıllı-kamallı bir şey gözləmirəm. Məncə, millət və dövlət olaraq bu fürsətdən yararlanmaqla nəyə qadir olduğumuzu göstərməliyik. Məsələ ondadır ki, Çernobıl AES-in radiasiyasını canında gəzdirən yüzlərlə təcrübəli robotlarımız var ki, radiasiya deyib, dad deyirlər. Dediklərinə görə ağızlarının dadı-tamı qaçıb. Peşələrinə uyğun iş tapa bilməyən çernobılçılar, son vaxtlar yaxşı üsul tapıblar:  yığışırlar bir yerə və gedib otururlar “narmabayl”ın kəndimizdəki ötürücüsünün altında. Aləm qarışır bir-birinə, ötürücü başlayır ulamağa. Artıq “Nar” istifadəçiləri bilirlər ki, şəbəkədə problem yaradan çernobılçılardı. Odur ki, məcbur olub atışır və babat yeyib-içmək müqabilində onları ötürücünün altından uzaqlaşdırırlar. Belə baxıram, millətin işləri yavaş-yavaş qaydasına düşür. Bu ölkədə ac yaşamaq artıq mümkün deyil.
Yazının “Daban”ı:
…“Üfüq”də yumurta və banan, kenquru və camış əti, pomidor və xiyar, bir sözlə, insan üçün lazım olan kənd təsərrüfatı məhsulları – görünməkdədir. Ölkə ərazisi boyu genişlənən korrupsiya əməliyyatları isə insanları daha iri yumurtalı və bananlı gələcəyə ruhlandırır. Üstəlik, qurbanı olduğum prezident, sanki millətə “qisası qiyamətə qoymayın” mesajı verib. O mənada ki, kimin-kimdə dədə-babadan qalma ağrı-acısı varsa, əvəzin çıxmağa başlayıb. Yetər ki, yalan-gerçək bir donos düzüb-qoşasan. Sonrası nə tanrılıqdı, nə bəndəlik…

Комментариев нет:

Отправить комментарий