16.04.2011

UNİVERSİTETİN "ZAMİNLİYİ"

          Sumqayıt Dövlət Universiteti Cabbarı məhkəmədən əvvəl cəzalandırmışdı



İttiham tərəfinin protokoldan kənar, tam səmimiyyətlə "hüquq dərsi" adlandırdığı, haylı-küylü istintaq prosesi, müdafiə tərəfinin etirazlarına baxmayaraq, tələm-tələsik yekunlaşdırılaraq iş məhkəməyə verildi. Söhbət Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, gənc fəal Cabbar Savalanlının barəsində açılmış cinayət işindən gedir. Onu qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və istifadədə təqsirləndirirlər.

2 ay ərzində, hər dəfə saatlarla davam edən saysız-hesabsız istintaq hərəkətlərində və məhkəmə proseslərində verdiyimiz onlarla vəsatət və etirazın hamısı "əsassız" sayılaraq rədd olundu. İstintaq prosesində ən çox işlənilən söz "əsassız" oldu. Vəsatət və etirazlarımız "əsassız" sayıldıqca, biz də ittihamı əsassız adlandırdıq. Nə isə... Keçək əsas məsələyə...

Bu günlərdə istintaq zamanı hüquqlarını müqavilə əsasında müdafiə etdiyim Cabbar Savalanlıya dövlət hesabına vəkil təyin olundum - Sumqayıt şəhər Məhkəməsində hüquqlarını müdafiə etmək üçün. Məhkəmənin hazırlıq iclasında barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə və onun azadlığa buraxılmasına nail olmaq üçün bir neçə variant üzərində işləyirdim. Variantlardan biri də, Cabbarın Universitetinə müraciət edərək, öz tələbəsinə sahib çıxmasını, onu zaminliyə götürməsini xahiş etmək idi. Cinayət-Prosessual Məcəlləsi (CPM) buna təşkilatın zaminliyi deyir.

Qısa hüquqi arayış: CPM-nin 167.1-ci maddəsinə görə, Təşkilatın zaminliyi qətimkan tədbiri qismində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dövlət qeydiyyatından keçmiş etibar oluna bilən hüquqi şəxsin öz nüfuzu və şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyi də daxil olan müvafiq davranışına dair götürdüyü öhdəliyi yerinə yetirmədikdə min yüz manat tutula bilən cəriməni qabaqcadan dövlət bankında məhkəmənin depozitinə keçirdiyi pul məbləği ilə zamin durması barədə yazılı öhdəlikdən ibarətdir.

Rektorun qəbuluna düşüb, xahiş edəcəkdim ki, Universitet məhkəmənin depozit hesabına 1100 manat pul köçürüb Cabbarı zaminliyə götürsün. Təqsirləndirilən tələbənin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyinə dair yazılı öhdəliyin layihəsini hazırlayıb rektorun adına yazdığım məktuba əlavə edib SDU-ya tərəf yol almışdım. Yol boyu az qala sadəlövh uşaq səmimiyyəti və hələ ki, itirilməmiş vəkil inamı ilə Universitet rəhbərliyi tərəfindən təklifimin yaxşı qarşılanacağına ümid bəsləsəm də, həmişəki prinsipimlə özümü ən pis varianta hazırlayır, inandırmaq və istəyimə nail olmaq üçün yollar axtarır, "nədən başlamalı?", "nəyi, necə deməli?" suallarını fikrimdə çək-çevir edirdim.

http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/186197_783594496_6734726_n.jpgUniversitetə yaxınlaşanda işıqforun qırmızı işığı yandı. Əlamətlərə inanmasam da, bir gəncin azadlığı ümidilə getdiyim yolda qırmızı işıq yanmasından dilxor oldum. Telefonumun titrəmə funksiyası fikirlərimi dağıtdı. Jurnalistlərdən biri idi. Salamlaşdıq, hal-əhval tutduq. Məndən Cabbar Savalanlının Universitetdən xaric olunmasına münasibətim və atacağımız addımlar soruşuldu. Bəlli oldu ki, 2 aydan artıqdır ki, həbsdə olan müvəkkilimi 1 ay dərsə gəlmədiyinə görə Universitetdən qovublar...

İşıqforun yaşıl işığı yandı... Daha Universitetə getməyin mənası yox idi. Sumqayıt Dövlət Universiteti Cabbarı məhkəmədən əvvəl cəzalandırmışdı.


vəkil Anar Qasımov
anar@advocate.com.az

Комментариев нет:

Отправить комментарий