20.11.2012

Bir neçə yazıçıdan təzə xatirələr dərc ediləcək

Nəzakət Məmmədova: “Səməd Vurğunun ilk sevgisi olan Dürrə xanım haqqında yazı ilk dəfə bizim jurnalda çap olunub”

“Yada düşdü” jurnalının təsisçisi, şairə-publisist Nəzakət Məmmədova ilə söhbətimiz jurnalın fəaliyyəti, mövzusu və əhatə dairəsi ətrafında dövr etdi. Müsahibəni təqdim edirik.
Nəzakət Məmmədova 1962-ci ildə Bakı şəhərində anadan olub. 1987-92-ci illər Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb. 1989-2001-ci illərdə Nizami rayon təhsil şöbəsində çalışıb. 2001-ci ildən indiyədək Respublika Xatirə Kitabı redaksiyasının əməkdaşıdır.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İki kitab müəllifi, eyni zamanda 2011-ci ildən nəşr olunan “Yada düşdü” ədəbi-bədii jurnalının təsisçisidir.


- “Yada düşdü” ədəbi-bədii jurnalı nə zamandan fəaliyyətə başlayıb?
- 2011-ci ilin oktyabr ayından. Jurnal fəaliyyətə başlayanda Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirildi. Tədbirin aparıcısı xalq şairi Fikrət Qoca idi, orada “Azərbaycan”, “Ulduz” jurnallarının baş redaktorlarından tutmuş, ədəbi cameədə müəyyən mövqeyə, nüfuza sahib yazıçı, şairlərimiz də iştirak edirdi.
Jurnalın redaksiya heyətinə ədəbi kəsimin tanınmış yazıçı və şairləri daxildir. Baş redaktorumuz Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nahid Hacızadədir. Nahid müəllimin özü canlı bir ensiklopediyadır. “Yada düşdü” jurnalının devizi “Unudarıqsa, unudularıq”dır. Jurnal Azərbaycanın tarixində mühüm rolu olan insanları bir daha yada salmaq, onları gənc nəslə aşılamaq məqsədi ilə təsis olunub.

- Bəs belə xatirələr toplusunu təsis etmək ideyası necə yarandı?
- Mən 2001-ci ildə Respublika Xatirə redaksiyasına gəlmişəm. Burada 1941-45-ci illərdən tutmuş günümüzə qədər hərbi münaqişələrdə, 20 Yanvar hadisəsində, Əfqanıstan və Qarabağ müharibələrində itkin düşənlər haqqında məlumat toplanır. Bizim redaksiyanın qapısı hamının üzünə açıqdır, vaxtaşırı ziyalılarımız, yazıçı və şairlərimiz qonağımız olur. Heç yadımdan çıxmaz, tanınmış şair Nüsrət Kəsəmənli sonuncu nəşr olunan kitabını bizə hədiyyə gətirmişdi. 15 gündən sonra dünyasını dəyişdi. Redaksiyamızla elə insanlar əlaqə saxlayır ki, sonradan onları yada salmaq, xatırlamaq, yenidən oxumaq könlümüzdən keçir. O zamanlardan bu jurnalın bir sxemimi deyim, ideyasımı deyim, mənim beynimdə dolaşırdı. Həm də bu jurnal memorial xarakterlidir, bu saat bütün dünyada memuar ədəbiyyat oxunur. Bu, ilk jurnaldır ki, memorial ədəbiyyat dərc edir. Allaha çox şükür edirəm ki, beynimdə bir xəyal, bir ilğım kimi dolaşan fikri həyata keçirə bildim.
Jurnala ad qoyanda xeyli fikirləşəsi oldum. Əvvəlcə “Xatirələr” adı vermək istəyirdim. Sonra diqqətimi Nahid Hacızadənin “Yada düşdü” adlı kitabı çəkdi... Adı ordan götürdüm. Mənim ideyamı hamı bəyəndi, redaksiya heyətini ziyalılardan formalaşdırdıq. İlk nömrəni araya-ərsəyə gətirəndə bəzi məqamlara diqqət yetirdik ki, oxucu üçün maraqlı olsun. Xatirələrlə yanaşı maraqlı əhvalatlara, şeirlərə də yer ayırırıq.
Jurnalı vərəqləyən oxucularla ilk salamlaşan mən oluram. Bu da bir simvolikadır. Fikrət Qoca bu kiçik yazıma mənsur şeir adı verib. Bu, mənə böyük fərəh gətirir.

- Jurnal satışda var, yoxsa ancaq abunə yoluyla əldə etmək olar?
- Bu ünvanlı jurnaldır. Abunəçilərimiz var və jurnal onlara çatdırılır. Qeyd edim ki, oxucularımız da bizə çox xoş sözlər ünvanlayırlar. Görkəmli adamlardan xoş söz eşitmək adamda fərəh doğurur. Birinci sayımızda şair Siyavuş Sərxanlı haqqında yazı dərc eləmişdik. Yazını onun həyat yoldaşı təqdim etmişdi. Həmin yazı bir çoxlarının ürəyindən bir sızıltı, bir titrəyiş keçirdi. Düşünürəm ki, Azərbaycanda xatırlanmağa və geniş oxucu kütləsinə təqdim olunmağa layiq xeyli şəxsiyyət var.

- Jurnalın redaksiya heyətinə kimlər daxildir?
- Redaksiya heyətində ədəbiyyat sahəsində püxtələşmiş insanların imzaları var. Nizami Cəfərov, Musa Yaqub, Elçin Hüseynbəyli, Qəzənfər Paşayev, Firuz Mustafa, İlyas Tapdıq, Oqtay Rza və başqalarının adını çəkmək olar. “Ulduz” jurnalı daha çox gənclərə meydan verir, biz isə əksinə, unudulan yazıçıları yada salır, xatırladırıq.
Daimi müəlliflərimiz yoxdur. Ziyalılarımız, ədib və yazıçılarımız bizə müraciət edir, maraqlı xatirələrini yazmaq istədiklərini qeyd edirlər. Yazıb gətirirlər, oxuyuruq, araşdırırıq. Bilirsiz, Nahid müəllimin “zövq senzurası”ndan keçmək o qədər də asan məsələ deyil. Həm də jurnalın səviyyəsini və ab-havasını qorumağa çalışırıq. Bir də görürsən redaksiyanın qapısını elə bir insan döyür ki, o da oxucudur və yaddaşında olanları bizimlə bölüşmək istəyir. Mən əvvəl gündən demişəm ki, respublikamızın tarixində kiçicik də olsa rolu olan insanları işıqlandıracağıq.

- Çap olunan-olunmayan xatirələr içərisində sizə daha çox hansı təsir edib?
- “Yada düşdü” jurnalında çap olunan xatirələrin hamısı ilk dəfə qələmə alınır, heç bir mətbu orqanda bu günə kimi çap olunmayıb. Mənim üçün bütün xatirələr yeni və doğmadır. Ona görə ayırd edə bilmirəm. Ancaq onu deyim ki, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovun Mirzə İbrahimov haqqında yazdıqları mənə çox təsir etmişdi. İndiyədək 6 sayımız işıq üzü görüb, oxuculara tanınmışlar haqda xeyli yeni xatirələr çatdırmışıq. Şəmistan Nəzirlinin Səməd Vurğun haqqında bir yazısı var, o da ilk dəfə bizdə çap olundu. Yazı Səməd Vurğunun ilk sevgisindən, Dürrə xanımdan bəhs edirdi.

- Yeni nömrələrdə kimlər haqqında xatirələr gözləyək?
- Əli Kərim, Ənvər Məmmədxanlı, Xəlil Rza Ulutürk və başqaları haqqında maraqlı xatirələr olacaq.

- Bir də jurnalda diqqətimi çəkən maraqlı və heç bir yerdə rast gəlmədiyim foto şəkillər də görürəm. Bunları necə əldə edirsiz?
- Həmin şəkillərin bəzisi yazılarını təqdim edən müəlliflərə aiddir, bəzisini isə özümüz əldə etmişik.

- Demək istədiyiniz və mənim unutduğum bir məqam qalmadı ki?
-Bir söz demək istərdim: bizim əsas məqsədimiz jurnalı insanlara sırımaq yox, sevdirməkdir.

Könül Səid                teleqraf.com

Комментариев нет:

Отправить комментарий