12.04.2013

İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan”

I hissə: Dumanlı 80-ci illər barədə şok təfərrüatlar

Arxivlərdə və xatirələrdə 70-ci illərin Azərbaycanı

“Hərdən Əliyevə hər şey çətin gəlirdi. Belə çıxırdı ki, respublikada şəhər və rayon səviyyəsində mövcud hakimiyyətin özündə qanun üçün təhlükə var. Ancaq o heç nəyi dəyişə bilmirdi, çünki bütün bu vəziyyətin yaranmasında iştirak edənlərin sayı həddindən çoxdu və bu vəziyyət çoxluğu qane edirdi. Nadir hallarda o, bir az qızğın və bir az da həyəcanlı şəkildə özünün bu acı fikirlərini Sviqunla bölüşürdü- onların münasibətləri hələ də möhkəm idi. İşinin başından aşmasına baxmayaraq Sviqun Əliyev üçün vaxt və gülərüz ovqat tapırdı. Ona diqqətlə qulaq asır, tələsik izah edirdi: ”Nə edə bilərsən, yerli şərait belədir". Əliyevsə inandırmağa çalışırdı: “Brejnevə məlumat vermək lazımdır”. Sviqun qəribə gülümsədi: “Tezdir, hələ vaxtı deyil”.


Güclü əl

Əliyev düşünürdü: “Biabırçılıqdır. Respublikada anarxiya və özbaşınalıqdır. Bəs bu orqanlar nəyə görə mövcuddur?”. Azərbaycana vicdanlı müstəntiqlər, ədalətli hakimlər lazımdır. Prinsipləri hər şeydən yüksək tutan, satın alınmayan rəhbərlər gərəkdir. Xalq sakitlik istəyir, amma bunu ona verən yoxdur. Respublikanı idarə edəcək güclü adamın hakimiyyətə gəlmək məqamı yetişib. Xalq bu güclü əli gözləyir. Bu adam mən olacağam!",- deyə Əliyev artıq qərara gəlmişdi.

Heydər Əliyevin “sakit inqilabı”

Bu sətirlər Azərbaycan KP MK-nın bölmə müdiri işləmiş sosioloq-alim, sonradan 1974-cü ildə Azərbaycanı tərk etmiş İlya Zemtsovun “Partiya, yoxsa mafiya” (Oğurlanmış respublika) kitabındandır.
İlya Zemtsovun 1976-cı ildə Parisdə nəşr edilən kitabı Azərbaycanda vəziyyətə, “Əliyevin sakit inqilabı”na həsr olunub. Heydər Əliyevin şəxsən Azərbaycan KP MK-ya işə dəvət etdiyi, bölmə müdiri təyin etdiyi alim-sosioloq rəhbərinə, hamisinə niyə xəyanət etmişdi? Kommunist idarəçiliyinin mətbəxində olan, ən yüksək vəzifəlilərin etimadını qazanan alim-sosioloq çox gizlinləri açıb Əliyev idarəçiliyinin KQB-nin yaratdığı qorxu ilə idarə etdiyini göstərib. Əliyev sosioloqu, alimi “saraydaxili informasiya yığmaq üçün” işə dəvət etmişdi...

“Azərbaycanda sovet hakimiyyəti yoxdur!”

“Brejnev oxuyub qurtardı və başını qaldırdı. Əliyev yerindəcə donmuşdu, gözləməyə taqəti yoxdu.
Sviqun dediyindən dönmürdü: “Əliyev Azərbaycan üçün ən yaxşı namizəddir. Azərbaycanda özbaşınalıqdır, praktiki olaraq sovet hakimiyyəti yoxdur”.
Brejnev düşünürdü: “Harda var ki?.. Gürcüstanda çiban yarasına bənzəyən Mişvanadze özünü ayrıca knyazlıq kimi aparır, yaxud Estoniya, Latviya...”. Brejnev, əslində Sviqunun dediklərini eşitmirdi, düşünürdü. Bəlkə Sviqun haqlıdır, Azərbaycanda açıq-aşkar rejimə təhlükə yaradan ənənələr formalaşıb? Korrupsiya- sovet rejiminin məhsuludur. Brejnev Ukrayna və Qazaxıstanda işləyəndə bütün bunları yaxşı anlamışdı. Korrupsiya yardımçı deyil, əsasdır, gərəklidir. Başqa cür necə ola bilərdi? İnsanları rejimə alışdırmaq, bu vəziyyətlə barışdırmaq lazımdır. Lakin Azərbaycanda bu münasibətlər fenomeni sistemlə üz-üzə dayanmışdı. Hətta sovet sistemi kimi bu formal quruluşa da, formal qayda-qanun lazımdır. Brejnevi daha çox iqtisadiyyatın belə enməsinin nə qədər çəkəcəyi narahat edirdi".
Bununla belə Brejnev hesab edir di ki, Əliyevin təklif etdiyi “respublikada partiya-sovet aparatını daramaq”dan başlamaq o qədər də yaxşı taktika deyil. Qurban lazımdırsa, qoy elə Axundov qurban verilsin. Görünür, bu yarımAsiya  ölkəsində katiblərin özxoşuna getməsi mümkün deyil.

Lənətə gəlmiş pambıq planı

“Axundov səhər veriləcək məlumatı kənara qoydu. Məlumatla razılaşa bilmirdi: ”Bu il yenə pambıq yığımı planı yerinə yetirilməyəcək. Havalar yağışlı keçmişdi, cəmi 148 min ton pambıq toplanmışdı. Əgər Özbəkistan KP MK-nın birinci katibi Rəşidov yarıyolda qoymasa, hər halda düzəltmək mümkündür. 100 min ton Orta Asiya pambığını 45 milyon manata dəyişib, respublikaya gətirib, məntəqələrə yığsaq, Moskvaya 300 000 ton pambıq yığıldığı barədə raport vermək olar. Çatışmayan pambığı silməklə yerinə qoyarıq - birinci il deyildi ki...".

Onu Moskvaya kim apardı?

SSRİ KQB-nin birinci müavini Sviqunun Əliyevin 1969-cu ilin iyulunda birinci katib seçilməsində rolu şəksizdir.
Bəs 1982-ci ildə Andropov Əliyevi Moskvaya necə apardı? M.Qorbaçov yazır: “Mən bu sualı Andropova verdim. O, sualdan yayındı və sözgəlişi cavab verdi: ”Məsələni Brejnev həll etmişdi, mən bu qərarı dəyişmək istəmədim...".
Həqiqətən, Brejnevin belə bir qərarının olmasını SSRI Nazirlər Sovetinin o vaxtkı sədri Tixonov da təsdiq edir. “1982-ci ildə Brejnev Bakıdan mənə zəng etdi. Bildirdi ki, sənə birinci müavin göndərirəm. Mən kimliyi ilə maraqlandım. Brejnev Heydər Əliyevin namizədliyini verdi. Mən bir söz demədim”.
1984-cü ilin avqustunda Andropov H.Əliyevin Sov.İKP MK katibi seçilməsinə razılıq verdi. Sentyabrın 12-də plenum keçirilməli və Əliyev təsdiq olunmalıydı. Andropov dünyasını dəyişdi. Plenum keçirilmədi...
Andropov yenə Əliyevlə bağlı Brejnevin qərarınımı yerinə yetirirdi?
“Vlast” jurnalının şərhçisi Yevgeni Jirnov bu məsələyə aydınlıq gətirməyə çalışır:

Andropovun oğlu əsirlikdən necə qurtardı?

“...1951-ci ildə KQB-də növbəti təmizləmə aparıldı. H.Əliyevlə yaxşı münasibəti olan Dövlət Təhlükəsizlik Komitəsinin ikinci baş idarəsinin rəisi Yevgeni Pitovranov həbs edildi. Bir qədər sonra Əliyevin problemləri başladı...”.
Şərhçinin fikrincə, Andropovla Əliyevin münasibətləri 1956-cı ildən başlayır. Həmin il Macarıstanda iğtişaşlar başladı. Onda Andropov SSRİ-nin Macarıstandakı səfiri idi. Jirnov yazır ki, bir qrup zabit hadisəylə bağlı Budapeştə ezam edilir. Zabitlərdən biri yazır: “Hamımız rus idik, aramızda bir qafqazlı vardı, nə bilək ki, sonradan Siyasi Büronun üzvü olacaq, daha yaxından tanış olardıq”...
Hadisə zamanı Andropovun oğlunu qiyamçılar oğurlayır. Onun əsirlikdən azad edilməsində Əliyev fəal iştirak edir. Andropovun oğlu İqor şərhçi ilə görüşməkdən imtina edir. 2001-ci ildə “Vlast” jurnalının 5-ci nömrəsində onun əsir düşdüyü barədə yazı getdiyini bəhanə edir.
Andropovun səfirlikdə köməkçiləri olmuş Vladimir Kryuçkov və Vladimir Kazimirov Budapeştdə Əliyevi görmədiklərini söyləmişlər.
Bəs Heydər Əliyev Macarıstan hadisələrinə görə təltif olunubmu?

“Semiçastnı” adlı müəmma

1964-cü ildə Sviqun Heydər Əliyevin Azərbaycan SSR KQB-sinə müavin təyin olunmasını təklif etdi. KQB sədri Semiçastnı tərəddüd edirdi. Kimlərsə tez-tez Əliyevin qadınla bağlı məsələsini qaldırırdı. Bu ərəfədə həmin qadın Semiçastnıya şikayət etmişdi. SSRİ KQB-nin sədri qadını qəbul edib dinləmişdi. Amma sədr kimlərinsə sözündən çıxa bilmədi...

“Kimi baş katib seçək?..”

Mixail Smertnikovun xatirələrindən: “Andropovun ölümündən sonra Siyasi Büronun iclasına gedən Əliyev yolunu mənim otağımdan saldı. Dedi: Gedirik, Baş katibi seçməyə. Yəqin məndən kimin namizədliyinin müdafiə ediləcəyini bilmək istəyirdi. Mən ondan namizədlərin kimliyini söyləməsini xahiş etdim. Çernenko xəstədir, Qorbaçov hələ yetişməyib... Əliyevin, bəlkə də başqa namizədləri də vardı, mənə demədi. Sonda nəticəyə gəldi, yəqin ki Çernenkonu seçəcəyik...”.

Moskvada yoxa çıxmış kitab

SSRİ prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Koliniçenko kitabları ilə bağlı yazır: 1998-ci ildə mən özümün birinci kitabımı yazdım. Kitab “140 milyard işi haqqında, yaxud müstəntiqin həyatından 7060 gün” adlanırdı, mən bu kitabı bir yerdə çalışdığım istedadlı istintaq işçilərinin mürəkkəb cinayət işlərinin açılmasında göstərdikləri rəşadətə və peşəkarlığa ithaf etmişdim. Kitabda ötən əsrin 80-90-cı illərində kütləvi oxucuya az məlum olan cinayət işlərinin tədqiqindən söhbət açılırdı. İlkin razılaşmaya görə, kitab “Olimp” nəşriyyatında 3000 tirajla çap edilməliydi. Amma kitab 1000 tirajla buraxıldı və onu kitab mağazalarında görən olmadı. Kitabı kimlərsə nəşriyyatın direktoru Kaminskinin anbarından başqa “anbar”a aparmışdılar, orda da yoxa çıxmışdı. Kaminski bu yoxolmanının səbəblərini aydınlaşdırmaq istəmədi.
Yeri gəlmişkən, bu kitabda Kaliniçenkonun Azərbaycanda istintaqını apardığı iki cinayət işinə dair yazıları da verilmişdi. “Azərbaycan işi: Heydər Əliyev-Qambay Məmmədov: əlbəyaxa döyüş” və “Qanlı Sumqayıt”...

Əlsahib Orucov necə Ali Məhkəmənin sədr müavini oldu?

Hakim O.Hüseynov: “Babayevlə Quliyevin işi mənə verilmişdi. Məhkəmə sədri işi mənə verəndə dedi: ”Əliyevin tapşırığıdır, hər üçünə güllələnmə verilməlidir". Mən bu işə baxmaqdan imtina etdim. Sonra işi R.Hüseynova verdilər. O da bu səbəbdən boyun qaçırdı. İşi Əlsahib Orucov götürdü. Müşavirə otağında Orucov Ali Məhkəmənin sədr müavini təyin olundu, hökm oxunandan sonra Ədliyyə naziri vəzifəsi ilə mükafatlandırıldı...
***
O.P.Temuşkin: “Mən bir məsələ ilə bağlı SSRI Ali Məhkəməsinin sədri L.N.Smirnovun otağındaydım. Telefona zəng gəldi. Smirnov zəng edənə adı, atasının adı ilə müraciət etdi. Bildim ki, zəng edən Əliyevdir. O, SSRİ Ali Məhkəməsinin Babayev və Quliyevlə bağlı şikayətini geri götürməsini tələb edirdi. Ali Məhkəmə sədri Siyasi Büro üzvlüyünə namizədin qarşısında dayana bilmədi...

13-cu maaş alan erməni prokuror

Rəşid Markaroviç Kazarov. Bu erməni əsilli prokuror otağa girib qışqırdı: Güllələnməyə məhkum edilmişləri gətirin...
Saşa Babayevlə İzik Quliyevi güllələnmə otağına gətirdilər...
Onların günahı nə idi:
Saşa Babayev 1967-ci il Stepanakert hadisələrinin istintaqında KQB-nin istintaq idarəsinin rəisi ilə münasibətləri əlbəyaxa mübarizə ilə aydınlaşdırmışdı...
İzik Quliyev isə Əziz Əliyevin bağ qonşusu olmuşdu. “Çox bilməyi başına bəla açdı...”.
***
17 aprel 1996-cı ildə Azərbaycan prokurorluğu Vaqif Hüseynovu ölümdə, sənəd saxtalaşdırmada və televiziyanı partlatmaqda günahlandırdı. Amma onu həbs edə bilmədilər, çünki V.Hüseynov Moskvada idi. Vaqif Hüseynovun Azərbaycana  verilməsi məsələsi qaldırıldı...
Bundan bir neçə il əvvəl Bakı mətbəələrinin birində Vaqif Hüseynovun yazdığı kitab Əliyevin tapşırığı ilə müsadirə edilib yandırılmışdı...

(Ardı var)       azadliq.info       Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий