20.09.2016

Azər Bandoj - Səndən mədəd

Əl-mədəd, kani-səxavət, ya Əli, səndən mədəd,
Ey şəfi-ruzi-qiyamət, ya Əli, səndən mədəd.

Yoxdu mislin, söyləsəm şirk etmərəm bu zikrdə,
Ey olan ismi ibadət, ya Əli, səndən mədəd.

Qovdu Quds İsanı, açdı ağuşin Kə'bə sənə,
Bu nə sirli bir viladət, ya Əli, səndən mədəd.

Kə'bəyə haci gedər, pərvanə tək dövr eyləyər
Başuvə, Şahi-vilayət, ya Əli, səndən mədəd.

Qə'leyi-Xeybər nədir, fəth eylədin aləmləri,
Fatehi-kulli-fəzilət, ya Əli, səndən mədəd.

Ənbiyalər, övliyalər qıldılar tə'zim sənə,
Ey Xuda təxtində zinət, ya Əli, səndən mədəd.

Payimal olmuş, ümid yox, dinimiz, əhkamımız,
Sahibi-dinü şəriət, ya Əli, səndən mədəd.

Kim hidayət istəsə vacibdi tutsun damənin,
Ey Vəli, nuri-hidayət, ya Əli, səndən mədəd.

Gəldi Bandoj kuyinə səndən şəfaət istəyə,
Qılginən lütf şəfaət, ya Əli, səndən mədəd.

Комментариев нет:

Отправить комментарий