Amerika jurnalistləri Birləşmiş Ştatların İranla sövdələşməsinə dair sensasion faktları üzə çıxarıblar. virtualaz.org xəbər verir ki, “The Wall Street Journal” qəzeti Konqresdəki mənbələrə istinadən bu ilin əvvəllərində ABŞ-ın İrana 3 hərbi yük təyyarəsi dolu nəğd dollar göndərdiyini yazır. Bu, İranla nüvə razılaşması və 3 ABŞ vətəndaşının İranda girovluqdan azad edilməsi sövdələşməsi çərçivəsində həyata keçirilib.
Bundan əvvəl həmin qəzet yanvar ayında ABŞ-ın üç girovun azadlığa buraxılması üçün İrana 400 milyon dollar ödədiyini yazmışdı. Əvvəl Birləşmiş Ştatlar administrasiyası bu məlumatı şərh etməyib. Lakin qalmaqal böyüyəndən sonra açıqlayıb ki, həmin pullar təkcə girovların buraxılması üçün yox, nüvə razılaşmasının və İrana qarşı sanksiyaların ləğvinə dair anlaşmanın çərçivəsində Tehrana verilmişdi. Özü də söhbət şahın dövründə İranın silah almaq üçün ABŞ-a ödədiyi 400 milyon dollardan gedirdi. Hansı ki islam inqilabından sonra ABŞ həmin pulları dondurmuşdu və İrana qaytarmaqdan imtina edirdi.
İndi isə məlum olur ki, ABŞ İrana həmin sövdələşmə çərçivəsində 400 milyon dollar yox, cəmi 1,7 milyard dollar nəğd pul verib. Qəzetin yazdığına görə yanvar və fevral aylarında İran Hərbi Hava Qüvvələrinin üzərində tanınma nişanı olmayan, içərisi nəğd dollarla dolu üç yük təyyarəsi Cenevrədən havaya qalxıb və Tehrana enib. Təyyarələrin göyərtəsində cəmi 1,7 milyard dollar olub. İlk təyyarə yanvarın 17-də Tehrana enib və göyərtəsində 400 milyon dollar olub. Əgər ABŞ banknotlarının çəkisinin 1 qram olduğu nəzərə alınsa və İrana göndərilən pulların 100 dollarlıq kupyurlardan ibarət olduğu ehtimal edilsə bu, 4 ton ağırlığında dollar deməkdir. Lakin pullar İranın istəyi ilə başqa valyutalara dəyişdirilib və bu baxımdan təyyarələrin daşıdığı pulların çəkisi barədə ancaq dollar ekvivalenti ilə rəqəm demək olar.
İkinci təyyarə yanvarın 22-də, üçüncüsü isə fevralın 5-də Tehrana enib. Bu təyyarələr İrana cəmi 1,3 milyard dollarlıq nəğd avro və İsveçrə frankı aparıb. Bu isə təxminən 13-15 ton ağırlığında nəğd pul deməkdir.
Konqresdəki mənbə bildirib ki, birinci 400 milyon dolları İsveçrəyə enən İran hərbi yük təyyarəsi aparıb. Həmin pullar İranın istəyi ilə Hollandiya və İsveçrə mərkəzi banklarında başqa valyutalara dəyişdirilib. Qəzet yazır ki, İran şahı Rza Pəhləvinin silah almaq üçün ABŞ-a verdiyi həmin 400 milyon dollar faizləri ilə birlikdə 1,7 milyard dollar edirdi və İran pulları geri almaq üçün Haaqa məhkəməsinə müraciət etməyə hazırlaşırdı. ABŞ isə uduzacağını başa düşərək pulları qaytarıb, eyni zamanda amerikalı girovların buraxılmasına nail olub.
ABŞ Maliyyə Nazirliyinin rəsmisi Daun Silak qəzetin yazdıqlarını təsdiqləyərək deyib ki, İrana ödənilən nəğd pullar Amerikanın bu ölkəyə qarşı son illər tətbiq etdiyi sanksiyaların effektivliyindən irəli gəlirdi. Çünki İran bu sanksiyalar nəticəsində beynəlxalq maliyyə sistemindən təcrid olunmuşdu.
Qəzetin yazdığına görə prezident Barak Obama İrana aid pulların baza hissəsinin qaytarılmasına sərəncam verəndə Tehran 3 amerikalı girovu həbsxanadan buraxıb. Lakin pullar Tehrana gələnə qədər onların ölkədən çıxışına icazə verməyib. İrandakı mənbələr bildiriblər ki, 400 milyon dolları gətirən təyyarə Tehranın Mahabad aeroportuna enən kimi amerikalıar İranı tərk ediblər. Sonrakı həftələrdə isə 1.3 milyard dollar Tehrana çatdırılıb.
F.Məmmədov virtualaz.org
Комментариев нет:
Отправить комментарий