11.09.2016

Şah İsmayıl Xətai - Adəm olub gəldim adəm içinə...

Adəm olub gəldim adəm içinə,
Nəsib olmaz dürlü candan içəri.
Zənbur olub kandan kana keçərkən,
Bir kana uğradım kandan içəri.

Qardaş, gəl ərkana, bu ərkan deyil,
Oynatma atını, bu meydan deyil.
Süleymandan əsən Süleyman deyil,
Süleyman var Süleymandan içəri.

Arif məclisindən ürfan almışam,
Ləli-Bədəxşandan mərcan almışam,
Min canı veribən, bir can almışam,
Ol canı saxlaram candan içəri.

Xətaim, gədanın nitqini haqla,
Nə diləgin varsa, kəndində yoxla,
Mürşidin pəndini iyicə saxla,
Damardan, ilikdən, qandan içəri.

Комментариев нет:

Отправить комментарий