15.09.2016

Rusiya cənuba yeni diviziyalar yığır, TASS eksperti Qarabağı nişan verir...

Rusiya Müdafiə Nazirliyi elan edib ki, Cənub və Qərb strateji istiqamətləri ölkə silahlı qüvvələri üçün ən mühümdür. virtualaz.org xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının rəisi, general-polkovnik Valeri Gerasimov bu gün sentyabrın 14-də bu haqda bəyan edib. Baş qərargah rəisinin sözlərinə görə, xüsusən Cənub hərbi dairəsi yeni hərbi texnikanın alınmasında əhəmiyyətli üstünlüyə malikdir. Özü də prioritet baxımından həm quru qoşunları, həm Hərbi Hava Qüvvələri və digər qoşun növləri üstünlük təşkil edir.
Valeri Gerasimov deyib ki, Rusiya Müdafiə Nazirliyi ən yeni hərbi texnika və silah növləri ilə ilk növbədə Cənub və Qərb hərbi dairələrinin qoşunlarını təchiz edir. Bura həm Şimali Qafqazda dislokasiya olunmuş qoşunlar, həm Xəzər və Qara dəniz donanması, eləcə də Cənub dairəsinin məsuliyyət zonasında yerləşdirilmiş digər qoşun birləşmələri daxildir.
O da açıqlanıb ki, hazırda cənub-qərb istiqamətində Rusiya ordusunun yeni qoşun birləşməsi- 150-ci motoatacı diviziya formalaşdırılır. Diviziya Rostov vilayətindəki üç poliqonda yerləşdiriləcək. Gələcəkdə isə Rusiya cənub-qərb istiqamətində yeni ordu formalaşdırılacaq.
TASS rəsmi dövlət xəbər agentliyinin hərbi eksperti, istefada olan polkovnik Viktor Litovkin qeyd edib ki, indiki narahat dünyada yeni ordunun yaradılması Rusiya üçün zəruridir. “Rusiyanın cənubu məxsusi regiondur. Dağıstanda və Şimali Qafqazda terrorçular meydana çıxır. Ukrayna da bu istiqamətdədir, habelə Dağlıq Qarabağ, Suriya və Türkiyə uzaqda deyil. Orada bu gün-sabah təhlükəli vəziyyət yarana bilər. Habelə Rumıniyada artıq ABŞ-ın raketdənmüdafiə obyekti yerləşdirilib. Bütün bunları nəzarətdə saxlamaq, maraqlarımızı qorumaq lazımdır. Ona görə də cənub-qərbdə yeni ordunun formalaşdırılması regionda meydana çıxan yeni təhlükələrə və çağırışlara təbii cavabdır”- hərbi ekspert bildirib.
Xatırldaq ki, Rusiya ilə Ermənistan birgə qoşun qruplaşması yaratmaq üzərində işləyir. Bu qoşun qruplaşması Ermənistanın Naxçıvan və Türkiyə ilə sərhədləri istiqamətində cəmləşdirilməlidir. Gözlənilir ki, birgə qoşun qruplaşmasına Ermənistan ordusunun 4-cü ordu korpusu və Rusiyanın 102-ci bazası daxil olacaq. Lakin bu qoşun qruplaşmasının hansı məqsədlə yaradıldığı hələ açıqlanmır.
Bununla belə Rusiya NATO-nun Baltik ölkələrinə və Polşaya hərbi qüvvələr yeritməsinə cavab olaraq qərb və cənub istiqamətlərində iki yeni diviziyanın yaradılacağını elan etmişdi.

Комментариев нет:

Отправить комментарий