10.09.2016

GÖMRÜK-VERGİ “MÜHARİBƏSİ” YENİ MÜSTƏVİDƏ: 30 faizlik artım nə ilə bağlıdır?

Bu yaxınlarda “The Financial Times” qəzetində dərc olunan “İlham Əliyev gömrükdə korrupsiyanın kökünü necə kəsdi” başlıqlı məqalə ətrafında müzakirələr davam edir. Xüsusən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyevin 2 gün əvvəl APA-ya verdiyi müsahibədən sonra, çox guman ki, bu məqaləyə diqqət daha da artacaq.
“The Financial Times” qəzetindəki məqalə Prezident İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun müsahibəsi əsasında hazırlanıb. Məqalədə son aylar Azərbaycanda aparılan iqtisadi islahatlar və gömrük sistemində korrupsiyanın aradan qaldırılması məsələlərinə toxunulub. Bu zaman N.Əmirovun təsdiq cavabı ilə yanaşı gömrük sistemindəki korrupsiya ilə bağlı müəyyən iddialar irəli sürülür.
Belə ki, N.Əmirov bəlkə də ilk yüksək rütbəli Azərbaycan məmurudur ki, ölkədəki əsas iqtisadi strukturlardan birində uzun illər böyük miqyaslı korrupsiyanın və rüşvətin olduğunu etiraf edib. Özü də bu etirafı xarici KİV-ə müsahibəsində dilə gətirib. Məqalədən sitat: “Ən sərt dəyişiklər bu ilin yanvar ayından etibarən gömrük sistemində baş verib. Həmin vaxta qədər biznesmenlərin, maliyyəçilərin və siyasətçilərin bildirdiyinə görə, əgər hansısa şirkət ölkəyə 10 ədəd mal gətirmək istəyirdisə onun ancaq 3-ü qanuni əsasda idxal olunurdu, qalan 7-i isə masa altından ödəmələr hesabına qeyri-rəsmi şəkildə ölkəyə daxil edilirdi, nəticədə bazar iqtisadiyyatı üçün böyük boz zonanın yaranmasına kömək edirdi”.
Məqalədə Natiq Əmirov gömrük sistemində uzun illər rüşvətxorluğun kök saldığını dolayısilə təsdiqləyib. Məqalənin həmin hissəsinə diqqət: “Lakin indi biznesmenlər və bankirlər deyir ki, ilin əvvəlindən ölkəyə mal idxalında rüşvət praktikası kəskin şəkildə dayandı. “Gömrük sistemində islahatlar kifayət qədər radikal şəkildə getdi”- yerli bankirlərdən biri deyir. İndi demək olar ki, bütün mallar ölkəyə leqal idxal edilir, bu da şikayətlərin artmasına səbəb olub ki, rəsmi gömrük tarifləri biznesmenlərin əvvəl ödədiyi rüşvətdən daha çoxdur.
“Çoxdur, ancaq qanunidir”- Natiq Əmirov məmuniyyətlə deyir. “Bizim prezident həqiqətən bu məsələni öz nəzarətinə götürdü və biz hər gün, hər həftə baş verənlər haqda ona məruzə edirdik”- prezidentin köməkçisi əlavə edib.
Bu islahatların nəticəsində gömrükdən büdcəyə daxil olan gəlirlər ilin ilk 6 ayı ərzində 30 faiz artıb, baxmayaraq ki, iqtisadiyyatda geriləmə var. N.Əmirov deyir ki, hökumət dövlət orqanları tərəfindən şirkətlərdə yoxlamaları da kəskin azaldıb və hazırda vergi sistemində radikal islahatlar üzərində işləyir”.
Göründüyü kimi, Natiq Əmirov gömrükdəki korupsiya və rüşvətlə bağlı, yuxarıda da qeyd etdiyimiz kimi, sonradan ortaya çoxsaylı sualların çıxacağına belə əhəmiyyət vermədən çox açıq danışıb. Lakin sual olunur ki, PREZİDENTİN KÖMƏKÇİSİ ƏSAS VURĞUNU NİYƏ MƏHZ GÖMRÜYÜN ÜZƏRİNƏ SALIB? Şübhəsiz ki, bu, hakimiyyət daxilindəki qruplar arasında mübarizənin bir təzahürüdür.
Son illər Azərbaycanda Vergilər Nazirliyi ilə Gömrük Komitəsinin rəhbərliyi arasında münasibətlərin kəskin olduğu heç kimə sirr deyil. Bu haqda çox yazılıb, təkrarlamaq istəmirik. Təkcə onu xatırladaq ki, son illər sürətlə güclənən vergilər naziri Fazil Məmmədovun gömrüyü öz nəzarəti altına almaq cəhdləri baş tutmayıb. Bu da 2 qurumun rəhbərliyi arasında münasibətlərin gərginləşməsinə səbəb olub. Son vaxtlar isə bu gərginlik, hətta düşmənçilik səviyyəsinə qədər yüksəlib.
Natiq Əmirov da uzun illər Vergilər Nazirliyində çalışıb, Fazil Məmmədovun müavini, hətta “sağ əli” olub. Bu baxımdan onun da həmin dövrdə Gömrük Komitəsinin rəhbərliyi ilə “müharibənin” içində olduğu şübhə doğurmur. Ancaq görünən odur ki, Natiq Əmirov bu münasibətləri yeni vəzifəsinə də daşıyıb. Hər halda onun digər bütün sahələri unudaraq (Məsələn, vergidə uzun illər mövcud olmuş və indi də mövcudluğunu davam etdirən “qara kassa”nı görməzdən gələrək), bütün dünyada izlənən bir beynəlxalq qəzetə müsahibəsində yalnız gömrükdəki korrupsiya və rüşvəti təsdiqləməsini başqa cür izah etmək çətindir.
Görünür bu səbəbdəndir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev də ad çəkmədən Əmirovun açıqlamalarına cavab verərkən, qarşı tərəfi qərəzçilikdə ittiham edib. Səfər Mehdiyevin müsahibəsi saytımızda yerləşdirildiyindən, onun fikirlərini təkrarlamaq istəmirik. Ancaq qeyd edək ki, müsahibə bütövlükdə prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun açıqlamaları əsasında “The Financial Times” qəzetində dərc olunan məqalədəki iddiaların təkzibinə yönəlib.
Natiq Əmirov müsahibəsində ad çəkmədən Gömrük Komitəsinin rəhbərliyini korrupsiya və rüşvətdə ittiham edibsə, Səfər Mehdiyev də ad çəkmədən Əmirovu dəfələrlə qərəzçilikdə və qeyri-peşəkarlıqda suçlayıb. Müsahibədən bəzi seçmələri təqdim edirik:
- “…dəfələrlə mətbuatda tərəfimizdən açıqlamalar verilməsinə baxmayaraq, onlar yenə də yanlış mülahizələr əsasında cəmiyyətdə gömrük orqanlarına qarşı qərəzli və neqativ fikirlər formalaşdırırlar”.
– “…qeyd olunan faktları nəzərə almadan belə məsələlərin bu formada ictimaiyyətə çatdırılmasında qərəzli yanaşmalar var”.
– “…xarici ticarət göstəricilərinin formalaşdırılmasının mənbələrini, xarici ticarətin gömrük statistikasının metodologiyasını bilmədən malların gömrük rəsmiləşdirilməsinə şübhə ilə yanaşmaq qeyri-peşəkarlıqdır”.
– “…bütün bunlar hamısı peşəkar fikirlər deyil, sadəcə şəxsi mülahizələrə və əsası olmayan faktlara söykənir”.
Qeyd edək ki, müsahibənin sonunda Səfər Mehdiyev birbaşa Natiq Əmirovun açıqlamasını təkzib edib, onun artımla bağlı söylədiklərini yalana çıxarıb. Belə ki, ilin ilk 6 ayı ərzində iqtisadiyyatda geriləməyə baxmayaraq, gömrükdən büdcəyə daxil olan gəlirlərin 30 faiz artmasını Natiq Əmirov gömrükdə aparılan islahatlarla, RÜŞVƏTİN maksimum azaldılması ilə bağlayıb, Səfər Mehdiyev isə Gömrük Komitəsinin büdcəyə ödənişlərinin artmasını hər hansı islahatla deyil, manatın 2 dəfə devalvasiyaya uğraması ilə izah edib. Yəni, dollarla götürülərdisə, artımın deyil, azalmanın olduğuna işarə vuraraq, Əmirovun islahat iddialarının təsirini tam təkzib edib.
Sitat: “İdxal mallarını xarici valyutada alınaraq ölkə ərazisinə gətirməklə gömrük ödənişlərinin Mərkəzi Bankın həmin günə müəyyənləşdirdiyi manatın məzənnəsinə uyğun olaraq alınması, nəticə etibarı ilə idxal vergi və rüsumlarının artımına öz təsirini göstərir. Belə ki, cari ilin ilk 8 ayı ərzində qanunla müəyyənləşdirilən 1 milyard 156 milyon 130 min manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 1 milyard 426 milyon 840 min manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoza 123,42 faiz əməl olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə büdcə öhdəliyi 39,3% artıq yerinə yetirilib.
Bu baxımdan milli valyutanın iki dəfə devalvasiyaya uğraması və üzən məzənnə rejiminə keçid illik büdcə öhdəliyinin ötən illərlə müqayisədə artıqlaması ilə yerinə yetirilməsini təmin edir”.
Bununla da Səfər Mehdiyev Natiq Əmirovun prezidentin iqtisadi islahatlar üzrə köməkçisi olaraq gömrükdən büdcəyə daxil olan gəlirlərin 30 faiz artmasını son aylar aparılan islahatların nəticəsi, dolaysıyla öz xidməti kimi təqdim etmək cəhdinin üstündən xətt çəkib.
Ümumiyyətlə, hər iki yüksək rütbəli şəxsin müsahibəsi guya islahatlara həsr olunsa da, faktiki olaraq qarşılıqlı ittihamlar üzərində qurulub. Obyektivlik naminə qeyd edək ki, Səfər Mehdiyev bir növ müdafiə mövqeyindən çıxış edib, qarşı tərəfin hücumunu dəf etməyə çalışıb. Lakin arada əks-hücuma keçməkdən də çəkinməyib.
Əmirovla Mehdiyevin bu “atışması” isə vergi-gömrük qarşıdurmasının, daha doğrusu onların təmsil olunduqları qruplaşmalar arasında savaşın getdikcə dərinləşdiyindən, hətta beynəlxalq müstəviyə çıxdığından xəbər verir. “AzPolitika”ya daxil olan bəzi məlumatlara görə, Əmirovun gömrük üzərinə həmləsi, bu strukturu öz nəzarəti altına almaq cəhdidir. Lakin göründüyü kimi, açıq müqavimət var!
Görünür bu savaş qruplaşmalardan biri tamamilə sıradan çıxmadan dayanmayacaq. Hansı, bunu zaman göstərəcək!

Murad Məmmədov  azpolitika.info

Комментариев нет:

Отправить комментарий