08.09.2016

Əfrahim Hüseynli - Payızla qış arasında

MƏNİM AXIRIMA CIXACAQ ŞEİR

Biri qəlbi duyan, beşi qəlbidaş,
Dinirəm,- yoluma hey ələnir daş.
Dilimə yiyəlik etmirəm, qardaş,
Mənim axırıma çıxacaq şeir.

Günəşdən soraq yox, yaddı bu bahar!-
Görən əriyərmi sonacan bu qar.
Axır yollarıma bulanan sular,
Məni bu sularda boğacaq şeir.

Yazıram, kimisi özünə yozur,
Yazmıram ürəyim günaha yazır.
Çıxıb uzaqlara gedim?.. Mən hazır!
...Boylanıb arxamca baxacaq şeir.

Təkcə sən qınama, təkcə sən məni,
Öz sevdam özümə kəsildi qənim!
Oxusan, indi kim ovudar səni?-
Gözündən yaş olub axacaq şeir.
Mənim axırıma çıxacaq şeir!

QALMIŞAM PAYIZLA QIŞ ARASINDA

Hecası pozulan misralar kimi
İndi nə desən də, qəlbimə yatmaz.
Daşı əritsə də etiraf... filan...
Şaxtaya, soyuğa, sazağa batmaz.

Mən elə yollardan çıxıb gəlmişəm,
Sirli nə qayası, dolayı qalıb.
Bir güman xətrinə pay etmək üçün
İllərin nə günü, nə ayı qalıb.

Qalmışam payızla qış arasında
Uzaq gümana da yol-bərə yoxdu.
İşə bax, deməyə dilim də gəlmir,
-Eh, nahaq bir adam qarşıma çıxdı!

Günahlar üçürub bəndi-bərəni
Baharın sellənən yağışı kimi.
Dayanıb qarşımda sadəlövhlüyüm
Ayların illərin qarğışı kimi.

Gözümə yad olan yuxularım da
İndi mənim üçün yuxu kimidi.
Arayıb gəzməyin mənası yoxdu,-
Günah sahibi kim, haqlı kim idi.

Daha heç oxuma şeirlərimi,
Gərək olmadısa bir "qəlbiidaş"a.
Oxusan, xəbərsiz gözündən düşər
Qalan günlər-aylar, il başdan-başa.

ÖZÜMƏ BEL BAĞLAMIŞDIM

Dedim, şeirim-sözüm ötür,-
Yazıldı gör kimə xətir...
Misra-misra, sətir-sətir
Sözümə bel bağlamışdım.

Yuxu oldu, nağıl oldu,-
Sönməz bilirdim bu odu.
Külü də göyə sovruldu,-
Közümə bel bağlamışdım.

Dəniz tapdı, yox limanı,
Günlər seçdi, yox gümanı...
Görmədi olub-olanı,-
Gözümə bel bağlamışdım.

Cığır oldu, bilinmədi,
Yol da oldu, görünmədi,-
Döğma da özgəymiş, nədi?..
İzimə bel bağlamışdım.

Ağlıma gəlməzdi bu qış,
Yollar dona qarış-qarış.
Ölüm başımın altdaymış,
Özümə bel başlamışdım.

TANIYA BİLMƏDİM HEÇ ADAMLARI

Önümdə sel-sular axan olursa,
Qaya-dağ qarşıma çıxan olursa,
Dost-doğma uzaqdan baxan olursa,
Tanıya bilmədim heç adamları.

Kim keçdi yazılan sərhədi, səddi,-
Bilməz sonsuz bildi bu ömrü, nədi?
Hələ imtahana çəkə bilmədi
Hər gün neçə-neçə köç adamları.

Yanmadım nə günə, nə aya, ilə,-
Daşıdım hər yükü mən bilə-bilə.
Bilən-bilməyənə demədim belə
Nə yaman tanıdım gec adamları?!

Susummu, gözümü mən də döyümmü,-
Dağlara, daşlara baş da əyimmi?
Bu nahaqq önündə bəlkə deyimmi
Boyu - buxunuyla ölç adamları?

Yad ola bilmədim doğmaya, yada,-
Günəşli gündüzə bir ömür yadam.
Mənə naşı demə, qəlbidaş adam,
"Mən seçə bilmədim", seç adamları.

Комментариев нет:

Отправить комментарий