2014-cü il aprelin 28-də Azərbaycanın bir qrup siyasi partiya, vətəndaş cəmiyyəti nümayəndəsi və ziyalısı Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirmişdir. «Rusiya təhlükəsi»nə həsr olunmuş toplantıda Azərbaycan xalqına müraciət qəbul olunmuşdur. Müraciətdə deyilir:
«Azərbaycanın Rusiya tərəfindən 2-ci işğal günü olan 28 aprel ərəfəsində dünyada və regionda baş verən prosesləri dəyərləndirərək, bu proseslər nəticəsində Azərbaycan istiqlalı və milli təhlükəsizliyi üçün təhdidlərin kəskin şəkildə artdığından narahatlıq ifadə edərək bu müraciətlə çıxış etmək qərarına gəlinmişdir.
“Rus təhlükəsi” real geosiyasi hadisədir. Putin və onun Gomrük-Avrasiya İttifaqı formasında həyata keçirilən Rusiya ekspansionizmi və Ukraynaya hərbi təcavüzü beynəlxalq təhlükəsizlik və ilk növbədə SSRİ məkanında yaranmış müstəqil dövlətlər, o cümlədən Azərbaycan Respublikasının müstəqillik və demokratik inkişafı üçün təhlükədir.
Azərbaycanı hərbi müdaxilə, federallaşma, Qarabağ problemi və analoji xarakterli digər problemlərin yaradılacağı ilə hədələmə yalnız şantaj olmayıb rus ekspansionizmi və müstəmləkəçi revanşın uğur qazanacağı halda dövlətçiliyimizin məhv edilməsini şərtləndirən perspektivdir. Azərbaycanın bu şantajlara boyun əyib Gömrük İttifaqı və Avrasiya İttifaqına qoşulması onu nəinki təhlükələrdən xilas edər, əksinə bu təhlükələri daha da dərinləşdirər.
Gömrük-Avrasiya ittifaqı Qarabağın və federallaşma adı altında digər ərazilərimizin itirilməsi, Azərbaycanın türk-islam dünyasından təcrid edilməsi, çağdaş mədəniyyətlər səviyyəsinə çatma, demokratikləşmə perspektivinin birdəfəlik və ya uzunmüddətə ləngidilməsidir.
1920-ci ildə Rusiya bütün bu əraziləri kommunizm utopiyası, bolşevik bayrağı altında işğal etmişdisə, hazırda Gomrük və Avrasiya İttifaqı ideyası SSRİ-nin bərpası olmayıb müstəmləkəçi rus imperiyasının yenidən zühuru cəhdidir. Bu günkü Rusiyada artıq kosmopolit kommunizm yox, rus şovinizmi ideologiyası hakimdir. Proletar həmrəyliyi və sinfi bərabərlik ideyaları “rusların əsrarəngiz ruhu” ideyası ilə əvəzlənmişdir. Rusiyada qeyri-ruslara qarşı açıq, gizlədilməyən irqçi münasibət formlaşmışdır və rəsmi hakimiyyət tərəfindən himayə olunan bu proses getdikcə güclənir. Nəzərə alınmalıdır ki, müasir Rusiya bir çox ictimai-siyasi və sosial-iqtisadi inkişaf parametrlərinə görə hətta bəzi postsovet ölkələrindən, o cümlədən Azərbaycandan geri qalır. Belə bir şəraitdə Rusiyaya doğru hərəkət, Rusiyaya inteqrasiya geriyə olan hərəkətdir, faktiki olaraq unversal, ümumbəşəri və milli dəyərlərdən imtina deməkdir. Gömrük-Avrasiya İttifaqında azərbaycanlıları ikinci sort xalqa çevrilmə taleyi gözləyir.
Rus təhlükəsi Azərbaycandakı daxili ictimai- siyasi situasiyadan irəli gələn səbəblərlə qat-qat artır. Ənənvi sovet nostaljisi ölkədə aparıcı tendensiya potensialına malik olmasa da mövcud rejim və onun yeritdiyi siyasi kursdan və onun nəticələrindən- korrupsiya, kəskin sosial bərabərsizlik və ədalətsizlik, hakimiyyətin dinc seçkilərlə əvəzlənməsi və xalqın real siyasi iradəsinin siyasi hakimiyyətdə gerçəkləşməsini təmin edəcək azad seçki şəraitinin olmaması, klançılıq və avtoritar oliarxik üsulu-idarə, cəmiyyətdə məyusluğa səbəb olur, müstəqil dövlətçilik, milli kimlik şüurunu, vətəndaş ləyaqət hissini zədələyir və xarici təhlükələr qarşısında müqavimət gücünün zəifləməsinə, bəzi dairələrdə xilas yolunu xarici qüvvələrdə axtarmaq meylləri doğurur. Belə bir vəziyyət xarici güclərə xidmət edən xainlərin, kollaborasionistlərin, seperatçıların əl-qol açması üçün əlverişli şərait yaradır.
Yaranmış situasiyada ölkədə qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, bunun üçün də köklü demokratik islahatların aparılması və azad ədalətli seçkilər vasitəsi ilə hakimiyyət strukturlarının formalaşdırılması milli təhlükəsizliyin zəruri məsələsinə çevrilmişdir.
Toplantı iştirakçıları dünyada, regionda və Azərbaycanda yaranmış vəziyyəti dəyərləndirərək xalqımıza müraciət edir:
1. Yaranmış situsiyada istər hakimiyyət, istərsə də qeyri dövlət dairələrindəki 5-ci kolon və təslimçi, kollaborasionist fəaliyyət subyektlərinə və əhval- ruhiyyəyə qarşı açıq və prinsipial ideoloji, psixoloji, informasyon, hüquqi savaş aparılmalıdır. Ölkədə Rusiya vətəndaş pasportları paylamaq şəklində təxribatçı əməliyyatların aparılması haqqında faktlara ciddi yanaşılmalı və potensial təhlükənin neytrallaşdırılması üçün zəruri tədbirlər görülməlidir. Rus təhlükəsinin tarixən müstəqilliyimizə və ərazi bütövlüyümüzə vurduğu ziyanlara dair ictimai məlumatlandırma, bu istiqamətdə vətəndaş cəmiyyəti və medianın iştirakı ilə siyasi müzakirələr genişləndirilməlidir.
2. Mövcud xarici təhlükəyə və daxili xəyanət meyllərinə qarşı ümumxalq müqavimətinin təşkili məqsədi ilə ilk addımlardan biri olaraq siyasi mənsubiyyət, meyl və simpatiyalardan asılı olmayaraq Rusiya təhlükəsi reallığını qəbul edən qüvvələrin konsolidasiya platforması (Milli Böhran Masası, Ümummilli Müqavimət Hərəkatı və s. formalarda) yaradılmalıdır.
3. Milli konsiolidasiya milli barışıq və daxili siyasi qarşıdurmaların mümkün olan bütün sahələrdə yumşaldılmasını tələb edir. Bunun üçün böyük siyasi amnistiyanın elan edilməsi, bütün siyasi məhbusların dərhal və şərtsiz azad edilməsi məsələsi həll edilməlidir. Sosial bərabərsizliyin aradan qaldırılması üçün sistemli və davamlı islahatlar işlənib hazırlanmalı və tətbiq edilməlidir.
4. Mövcud hakimiyyət öz legitimlik və ictimai etimad dərəcəsini yüksəltmək niyyətindədirsə, bu məqsədlə köklü demokratik dəyişiliklərə getməli, ilk növbədə azad ədalətli seçkilər həyata keçirilməsi şəraiti yaratmalıdır. Vaxtılə ictimai-siyasi qüvvələrin hazırladığı, hakimiyyətə və cəmiyyətə iki il əvvəl təqdim edilmiş “Azərbaycanda Demokratiyaya keçidin Yol Xəritəsi” yeni şərtlərə görə nəzərdən keçirilməklə islahatlar proqramının hazılanması üçün baza sənədi kimi əsas götürülə bilər.
5. Geosiyasi orientirlər konkretləşməli və müəyyənləşməli, Azərbaycanın avroatlantik inteqrasiyası istiqamətində konkret addımlar atılmalı, beynəlxalq aləmdə rus ekspansionizminə qarşı çıxan qüvvələrlə, dövlət və qeyri dövlət subyektləri ilə təmaslar və əlaqələr intensivləşdirilməli, Rusiya təcavüzünün obyekti olan GUAM (Ukrayna, Gürcüstan, Moldova) və digər ölkələrlə birlik və həmrəylik gücləndirilməlidir.
6. Türk dünyası ilə əlaqələrin güclənməsinə diqqət artırılmalıdır. Azərbaycan Türkiyə ilə xarici təcavüzə qarşı qarşılıqlı hərbi yardım haqqında müqavilə məsələsi nəhayət həll edilməlidir.
7. Azərbaycan hakimiyyətindən tələb edilməlidir ki, xalqlar arasında sülhün qorunması və təcavüzlərin önlənməsi üçün beynəlxalq təhlükəsizlik sistemi və beynəlxalq hüququn təkmilləşdirilməsi istiqamətində səyləri daha qətiyyətlə müdafiə etsin, o cümlədən BMT Təhlükəsizlik Şurasında veto hüququnun, ATƏT-də konsensus qaydasının ləğv edilib qərarların səs çoxluğu qaydası ilə əvəzlənməsi təşəbbüslərini dəstəkləsin. /musavat.com/
Bakı, 28 aprel 2014-cü il»
Azərbaycan Demokrat Partiyası Rus təhlükəsi barədə bəyanat verdi
“Son vaxtlar rus imperiyasının bərpası istiqamətində Rusiya siyasi dairələrinin hərbi, siyasi, diplomatik və təbliğati səyləri güclənib. Xüsusən keçmiş SSRİ respublikaları ərazisində rus imperiyasının bərpasına yardım edəcək qüvvələrin formalaşdırılması və ictimai rəyin hazırlanması prosesi gedir.”
Azərbaycan Demokrat Partiyasının (ADP) yaydığı bəyanatda belə deyilir. Sənəddə daha sonra bildirilir:
“Valideynləri keçmiş SSRİ-də yaşamış insanlara asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığının verilməsi, eləcə də çar Rusiyasında imperiyanın mənafeləri uğrunda xarici qüvvələrlə mübarizədə xüsusi xidməti olan aşağı çinli döyüşçülər üçün təsis edilmiş, SSRİ dönəmində qüvvədən salınmış və 2005-ci ildə Moskvada millətçi qüvvələr tərəfindən “ikinci dünya müharibəsi veteranlarına qayğı” adı altında yenidən gündəmə gətirilmiş “Qeorqiyev lenti”nin paylanması kampaniyası həyata keçirilir.
“Qeorqiyev lenti” artıq bu gün Rusiyanın şovinist, “velikorus” və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların, ictimai xadimlərin, o cümlədən Ukraynada Avropaya inteqrasiyanı müdafiə edən meydan hərəkatının əleyhdarı olan “anti meydan” hərəkatının nümayəndələrinin, Avropaya inteqrasiya tərəfdarlarına divan tutan “Berkut”un və Şərqi Ukrayna seperatistlərinin simvolikası kimi istifadə olunur.
Son günlər Azərbaycanda Rusiya səfirliyi və Rusiya diasporunun fəal iştirakı ilə bu lentin paylanması kapaniyası başlanıb. “İrəli” gənclər təşkilatı 9 mayda “Qeorqiyev lenti”nin Azərbaycanda paylanması ilə bağlı kampaniyanı öz üzərinə götürməyi bəyan edib.
ADP Azərbaycan üçün xarici təhlükə risklərinin artdığı vəziyyətdə bu lentin paylanmasını Rusiyanın hakim dairələrinin işğalçı siyasətinə dəstək, Azərbaycanın suverenliyi və müstəqilliyinə hörmətsizlik kimi dəyərləndirir, hüquq mühafizə orqanlarını dövlətlətçiliklə bir araya sığmayan və milli maraqlarımıza zidd olan bu kampaniyanın qarşısını almağa və bu kampaniyanı təşkil edənlər barədə qanuni ölçü götürməyə çağırır”. /azpolitika.info/
“Rus təhlükəsi” xilas kəməri kimi
Azər Rəşidoğlu
Rusiyanın Krımı işğal etməsi dünyada yeni dəngələr yaratdı. Vaşinqton-Moskva qarşıdurmasının necə başa çatacağından müəyyən mənada Azərbaycanın da taleyi asılıdır. Bir çox araşdırmaçılar əmindirlər ki, Rusiya bir imperiya kimi dağılmasa, bölgədə demokratik dəyişikliklər ola bilməz. Odur ki, hamı maraqla bu savaşın sonunu gözləyir. Elə Azərbaycanda da siyasi qüvvələr ABŞ-Rusiya qarşıdurmasının nə ilə başa çatacağını müşahidə edirlər. Belə gözləntini şübhəsiz anlamaq mümkündür. Lakin “rus işğalı” qorxusu tam passiv gözləmə mövqeyinə keçməyə də səbəb olmamalıdır. Son günlər ölkədə elə proseslər baş verib ki, bütün bunlara tutarlı təpki göstərilməsə, sonu acınacaqlı ola bilər. NİDA-çıların məhkəmə prosesi, jurnalist Rauf Mirqədirovun ağır ittihamla həbs olunması deyilənlərə bir sübutdur. Hakimiyyət Vaşinqton-Moskva qarşıdurmasından məharətlə istifadə edir. Həm siyasi rəqiblərini zərərsizləşdirir, həm də ölkədəki korrupsiyanın miqyasını yüksəldir. ABŞ və Rusiya arasında yaşanan “soyuq savaş” Azərbaycan hakimiyyətinə sanki vaxt qazandırdı. Vaxt isə gözləmir. Bu savaşın nə zaman bitəcəyi də hələ bəlli deyil. Odur ki, təcili addımlar atmaq lazım gəlir. Əks təqdirdə, hakimiyyət demokratik təsisatların son adacıqlarını da məhv edə bilər. Hakimiyyət ideoloqları hesab edirlər ki, yaranmış vəziyyətdə Qərb Azərbaycana “daha çox demokratiya” tələbində bulunmayacaq. Qərb siyasi dairələri Azərbaycanın Rusiyaya doğru reverans edəcəyindən ehtiyat edirlər. Odur ki, rəsmi Bakı bundan istifadə edir və demokratiyanı daha çox boğur. Ən maraqlısı isə odur ki, son vaxtlar hakimiyyətin təqibinə məruz qalanların əksəriyyəti qərbyönümlü ictimai xadimlərdir. İki super güc arasındakı “soyuq savaş”dan istifadə edən rəsmi Bakı hakimiyyəti üçün təhlükə törədən qərbyönümlü ictimai və siyasi xadimləri zərərsizləşdirir. Burada bir incə detala da diqqət yetirmək lazım gəlir. Azərbaycan hakimiyyəti “açıq qapı” siyasəti yeritsə də, əslində Rusiyanın maraq və mənafelərinin təminatçısı qismində çıxış edir. Bu isə artıq müstəqillik ideyasının özünə təhlükə törədir. Prinsipcə, Rusiya ilə əməkdaşlıq hakimiyyətə daha çox sərf edə bilərdi. Kremlin əlində “demokratiya dəyənəyi” mövcud deyil. Bakı Kremlin tələblərinə boyun əyəcəyi təqdirdə, ölkədə istədiyi idarəetməni həyata keçirə bilər. Qərblə əməkdaşlıq isə cəmiyyətin demokratikləşməsini vacib edir. Bu baxımdan, iqtidar üçün Moskva daha cəlbedicidir. Lakin zəngin neft və qaz yataqları Qərblə əməkdaşlığı zəruri edir. Bu, böyük siyasətdən daha çox bir biznes marağıdır. Elə yalnız “enerjidaşıyıcıları” amili Azərbaycan diplomatiyasının Qərbə üz tutacağını daha çox ehtimal etməyə əsas verir. Lakin Azərbaycanın hakimiyyət dəhlizlərində kifayət qədər “beşinci kolon” nümayəndələri təmsil olunub. Azərbaycanın Qərblə münasibətlərini korlamağa hamıdan çox onlar səy göstərirlər. Hakimiyyəti qərbyönümlü siyasətçilərdən təmizləməyi də məhz onlar qarşılarına məqsəd qoyublar. Bu isə başqa bir məqalənin mövzusudur... /musavat.com/
Комментариев нет:
Отправить комментарий