11.09.2016

Aygün Sadiq - Soyuq Günəş

Sənsizlik əlində əsir qəlbimi
Səssiz fırtınalar bürüyüb yenə.
Vaxtın əqrəbləri qaliblər kimi
Məğrur addımlarla yeriyir önə.

Odlu bir kösöv var ürək yerində-
Lay-lay şölələri alışıb yanır.
Pərişan ömrümün üfüqlərində
Sənsizlik rəngində günəş boylanır.

Soyuq şəfəqləri parlayıb durur,
Titrədir üşüyən çiyinlərimi.
Nəbzim saniyədə "sənsizlik" vurur,
Lənətə gələsən!
Kədər yeri mi?!

Qoyma sevincimiz qala yarımçıq,
Bu sabah qəlbini yaxşıca dinlə,
Götür telefonu, adımı tap, yığ,
Sabahın bəzənsin mənim səsimlə.

Bu sabah səsimi eşitmək istə,
Sönsün şəfəqləri soyuq günəşin.
Səsin səpələnsin ürəyim üstə,
Vüsal çək üstünə buzlu atəşin.

Sənsizlik günəşi əbədi sönsün,
Bir də parlamasın paxıl-sevincək
(Belə günəşi var hər tənha kəsin-
Üşütsə, isitməz yüz qalın pencək)!

Ruhun ehtiyacı səsindir ancaq, 
Bir anda silinir dünyamdan kədər.
Səsin qulağıma yetişdiyi vaxt
Ayrılıq məğlubdur, göz yaşı hədər.

Telefonum çalır,
Yazılıb adın,
Deyəcəyin sözü əzbər bilirəm:
"Taledən hədiyyəm- sevdiyim qadın,
Çayı isti saxla, indi gəlirəm".

Комментариев нет:

Отправить комментарий