26.09.2016

Azərbaycanın ən nəhəng ticarət mərkəzi çökdü

“Malın qiymətini qaldırmışжq. Amma nə indi sata bilirik, nə də bundan əvvəl sata bilirdik. Bizim yerimizə siz də olsanız, qiymətləri qaldırarsınız. Malı nisyə almışıq. Hamımız da Türkiyədən, Dubaydan, Çindən mal gətiririk. Malı da ancaq dollarla alırıq. İndi isə ziyan eləmişik”.
Bunu istiqlal.az saytının əməkdaşları ilə söhbətində “Sədərək” ticarət mərkəzində ticarətlə məşğul olanlar deyir. Xaricdən ölkəyə mal gətirən bütün ticarətçilər kimi onlar da dolların qalxması ilə ciddi ziyana düşüblər. Dolların kəskin bahalaşması “Sədərək”də ticarəti demək olar ki, sıfıra endirib.
Ticarət mərkəzində mağazaların əksəriyyəti açıqdır, yəni dükanlar bağlanmayıb. Satıcılar normal günlərdə olduğu kimi bu gün də səhər saatlarından mağazalarını açıb. Ancaq 2 saat ərzində bazarda olarkən nadir hallarda alıcı gözə dəyirdi.
Bizim gördüklərimizi elə satıcılar da təsdiqlədi. Satıcılar deyir ki, bazarda gördüyünüz 10 nəfərdən 7-8-i buranın işçilərdir. 1-2 nəfər də mal almaq məqsədi ilə gəlib.
Bazarda işini dayandıran mağazalar da var. Səbəb məlumdur - dolların qalxması. Bəzi mağaza sahibləri isə obyektləri açsa da, mal satmır. Onlar dolların bu qədər yüksək fərqlə artacağını gözləmədiklərini deyir. Bəziləri isə ümid edir ki, dollar bəlkə də düşdü və hər şey əvvəlki kimi oldu...
Mal satmağa qərar verənlər isə qiymətləri 30-35 faiz arasında qaldırıb. Onlar bu bahalaşmaya görə özlərinə haqq qazandırmağa çalışırlar.
13 ildir pərdə satışı ilə məşğul olan Muxtar adlı ticarətçi qiymətlərin qalxmasını belə izah edir: “Dükanda gördüyünüz malların hamısını nisyə almışam. Malı da dollarla alıram. İndi özünüz hesablayın. Mən borcumu 15-20 faiz artıq ödəyəcəyəm. Bizim yerimizə kim olsa, bunu edər. Ya malı satmamalıyıq, ya da bu qiymətə satmalıyıq”.
Onun sözlərinə görə, qiymət artandan bazarda demək olar ki, alıcı yoxdur: “Bazarda satış uzun müddətdir zəifləyib. Alıcı yoxdur. Camaatda pul yoxdur. Son üç gündə isə ümumiyyətlə heç kim gəlmir. Aylıq xərclərimizi ödəyə bilmirik. 1130 manat aylıq kirayə haqqı, yəni yerpulu verirəm. Əlavə xərcləri də nəzərə alanda 1500 manatdan çox aylıq xərcim var. Ailəni də dolandırmalısan. Elə qazancımız ancaq yemək-içməyə gedir. Ancaq gündəlik dolanışığımız olurdu. Bundan sonra necə olacaq - bilmirik”.
“Sədərək” ticarət mərkəzi açılandan burada çalışan Kamil Allahverdiyev də söhbətə qoşulur. O da üzləşdikləri problemdən necə çıxış yolu tapacaqlarını bilmədiklərini deyir.
Çamadan, divan, çarpayı örtüklərinin satışı ilə məşğul olan ticarətçi deyir ki, 3 gündür bazara sadəcə olaraq mağazanı açmaq üçün gəlirlər.
Mağazadakı, anbardakı bütün mallarının nisyə olduğunu deyən K.Allahverdiyev əlavə edir ki, bu qiymətlə mal satmaq sadəcə mümkün deyil: “Qiymətləri məcbur qaldırmışıq. Onsuz da alan yoxdur. Bazar bu qiymətlə uzağı iki-üç ay işləyər, sonar burada qalan olmayacaq. Bəlkə camaat qiymətlərə öyrəşə, sonra bazara gələ. Əvvəl 55 manata satdığım çamadanı indi 70 manata satmalıyam ki, ziyana düşməyim. Çindən 20 min dollarlıq mal vurmuşam. Hesablayıram ki, 26 min dollar verməliyəm. Mən də məcbur olub burada qiyməti qaldırmalıyam. Heç satış da yoxdur. Mal aldığımız şəxslərə zəng edib deyəcəm ki, iki-üç aylıq möhlət versinlər”.
Ticarətçilərlə söhbətimizdə onu da öyrəndik ki, indi ən çox zərər edənlər böyük topdansatış mərkəzləridir. “Sədərək”də elə böyük “optovoy”lar var ki, onlar xaricdən dollarla aldığı malları burada özlərindən kiçik ticarətçilərə manatla satıblar. İndi onlar ziyanlarını heç cür qarşılaya bilməyəcəklər. Satıcılar deyir ki, bu cür ticarətçilərin sayı həddən artıq çoxdur.
Bazara yollanmamışdan əvvəl rəhbərliyin icarə haqlarında satıcılara güzəştlər etdiyini eşitmişdik. Lakin bu deyilənlərin əsassız olduğunu öyəndik. Satıcılar deyir ki, heç bir güzəşt yoxdur. İcarə haqqı əvvəl necə idisə, indi də elədir. Satıcıların sözlərinə görə, sadəcə olaraq vaxtı bir neçə gün uzadıblar və icarə haqqını hissə-hissə alırlar.
Ticarət mərkəzində daha bir ənənəvi halın şahidi olduq. Yəni iki gündür yağan qar artıq əriyirdi və bazarda gölməçələr əmələ gəlmişdi. Satıcılar deyir ki, onlar icarə haqqında güzəşt görmədikləri kimi rəhbərlikdən bu problemin aradan qaldırılması üçün də kömək görmürlər. Yağış və qardan sonra satıcılar özləri vedrələri götürüb dükanları basan suyu kənara daşıyırlar.
“Sədərək” ticarət mərkəzi Azərbaycanın ən başıbəlalı bazarlarındandır. Burada dəfələrlə baş verən müəmmalı yanğınlar, icarə haqlarının bir neçə dəfə süni şəkildə qaldırılması, bazara giriş-çıxışın ödənişli olması, qar-yağış yağdıqdan sonra yaranan problemlər ticarətçiləri boğaza yığıb. Ticarətçilər bu dəfə də zərbə aldı. Ancaq bu dəfə fərqli yerdən - dolların bahalaşmasından... /politika.az/

Комментариев нет:

Отправить комментарий