22.09.2016

Pərviz Həkimov - Qəlbimə damıb ki

Qəlbimə damıb ki, qovuşarıq biz,
Əl-ələ verərik sabaha doğru.
Bir nəğmə eşqiylə vurar qəlbimiz,
Mənəm ürək çalan peşəkar "oğru".

Yenə nəbzi vurar ötən illərin,
Varlığın köksümdə göyərçin olar.
Qəlbimə damıb ki, bu sətirlərin
Nöqtəsi, vergülü tamam çin olar.

Qəlbimə damıb ki, qışın qarında,
Doğular bir bahar həvəsi yenə.
Sənin zər şəfəqli baxışlarında
Canlanar sevginin nəfəsi yenə.

Sən mənim alnımın düz ortasında
Mələk qələmindən qalan yazısan.
Qəlbimə damıb ki, qəm libasında
Daim aradığım xəyal qızısan.

Qalmaz gözlərimdə arzum, diləyim,
Həsrətim sürünər hey dizin-dizin.
Qəlbimə damıb ki, gözəl mələyim,
Mən sənin olaram, sən də Pərvizin.

Комментариев нет:

Отправить комментарий