26.10.2016

Ağdamda Qasım Kərimov ənənəsi – bir olayın izi ilə

“Sadə insanlara qarşı münasibətdə çox sadə davranırdı. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarından ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdi. Elə bu salonda vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Amma o, prezident seçiləndən sonra bu adamların əksəriyyətini bağışladı və bir daha öz böyüklüyünü göstərdi”.
Bu fikirlər eks-prezident Heydər Əliyev haqqındadır və yazını bu sitatla başlamağımız təsadüfi deyil. Bu fikirlər 1991-ci ilin noyabr ayını, o zaman Naxçıvan parlamentinin rəhbəri olan H.Əliyevə qarşı Azərbaycan Ali Sovetindəki hücumları yada salır. Bu yazımızda isə həmin hücumların fəal iştirakçılarından biri, mərhum deputat Qasım Kərimov və onun yaxınları ilə bağlıdır.
Nə qədər qəribə olsa da 1991-ci ilin məlum sesiyasında H.Əliyevə qarşı çıxan Q.Kərimov bağışlananlar, həm də yaxınlarının vəzifə sahibi olması ilə mükafatlandırılanlar sırasında oldu. Bəs bu necə baş verdi? Hər şey ondan başladı ki, 93-cü ilin məlum hadisələri zamanı Ağdamda “Karyer Qasım” kimi tanınan Qasım Kərimov vəziyyətdən istifadə edib Ağdam rayonuna icra başçısı oldu.
Bu prosesi isə həmin günlərin canlı şahidi, Qarabağ döyüşçüsü Camal Əhmədov belə nəql edir: “Ağdamın milis rəisi Fərmayıl Bəbirovun kabinetində olan rayon prokuroru Zahid Tağıyev, MTN-nin Ağdam rayon şöbəsinin müdiri Yaqub Axundov, rəis müavini Famil Həsənov, rəis Fərmayıl Bəbirov və general Ərşadla əl tutub görüşdüm. Onların dediklərindən belə başa düşdüm ki, bir qrup naməlum silahlı Ağdamın icra başçısı Nadir İsmayılovun kabinetinə daxil olaraq Nadir İsmayılovu istefa ərizəsi yazmağa məcbur etmiş, ancaq qarşıdurma yaranmasın deyə, bu barədə heç kimə məlumat verməyən və istefa ərizəsi yazmayan Nadir İsmayılov Ağdamı tərk edərək, Bakıya getmiş, naməlum silahlılar isə onun yerinə Qasım Kərimovu – “karyer Qasım”ı RİH başçısı vəzifəsinə “təyin” edərək Ağdamı tərk etmişlər. Mən Ərşadın zarafat etdiyini soruşduqda Qasım Kərimov kabinetə daxil oldu. Qasım Kərimov hamımızla bir-bir görüşdükdən sonra keçib rəisin kreslosunda əyləşdi. İcra başçısı təyin olunması, öz təbirincə desək, “urra-murranın”, “nümayiş-mümayişin”, “hurrey-vurreyin” qurtarmasını, ona Qasım dayı deyil, ya “yoldaş Kərimov”, ya da “Qasım müəllim” deyə müraciət etməyimizi bizə “başa saldı”. “Nəçənnik milisiyə” Fərmayıl Bəbirovun, yoxsa “nəçənnik vayenni polisiya” Camal Əhmədovun daha “starşı nəçənnik” olması haqda MTN-nin Ağdam rayon şöbəsinin rəisi Yaqub Axundova sual etdi. Yaqub müəllim onun bu sualına cavab olaraq fövqəladə komendantın əmrinin hətta Konstitusiya qanunundan da üstün olduğunu ona izah etdikdə isə “ə, Fərmayıl da, Camal da, belə ikisi də mənim can-ciyərlərimdi, ə, ikiniz də dimdiyimin yanından uzaqlaşmayın, rayonu idarə edək, Fərmayıl, obexeyislərə əmr elə kolxozları yoxlasınlar” – deyə Fərmayıl Bəbirova müraciət etdikdə “əşi, Qasım dayı, indi obexeyis yoxdu, ey! Ay evin tikilsin, obexeyis çoxdan ləğv olub” – deyə general Ərşad dilləndikdə, “buna bax ey, ə, Ərşad vallah, səni adam edə bilməyəcəyəm, ə, bəs indicə dedim axı “Qasım dayı” qurtardı, dayı yox, ya yoldaş Kərimov, ya da Qasım müəllim!”. “Oldu, yoldaş Kərimov, Qasım müəllim dayı” – deyə general Ərşad yenə də zarafatından qalmadı. Beləliklə, görüş başa çatdı. Bütün bu mənzərəni təəccüblə seyr edən prokuror, mən və MTN-nin şöbə rəisi xudahafizləşib ayrıldıq” …Həmin günün səhəri saat 10:00 radələrində rayon prokuroru Zahid Tağıyev iş telefonuma zəng edərək, MTN-nin Ağdam rayon şöbəsində olduğunu və oraya gəlməyimi xahiş etdi. Mən dərhal ora getdim. Yaqub Axundov həmişəki kimi bizi çaya qonaq etdi və bildirdi ki, rayonun idarə və müəssisə rəhbərləri rayon xalq deputatları soveti icraiyyə komitəsinin göstərişi ilə icra hakimiyyətinin iclas zalında toplaşıblar. Zalda 300 nəfərə yaxın rayon fəalı və idarə rəhbərləri vardı. Demək olar ki, zalda boş yer qalmamışdı. Prokuror Zahid Tağıyev, MTN-nin Ağdam rayon şöbəsinin rəisi Yaqub Axundov və mən birinci sırada – tribunanın qarşısında əyləşdik. Rayon sovetinin sədri Nofəl Mirzəliyev tribunaya qalxaraq rayon sovetinin qərarını elan etdi. Qərara görə, Nadir İsmayılovun rayonu rəhbərsiz qoyaraq Ağdamı tərk etməsi nəticəsində rayonda yaranmış hakimiyyətsizliyi aradan qaldırmaq üçün Qasım Kərimov Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilir və təsdiqi ölkə prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyevdən xahiş edilirdi. Qərar elan edildikdən sonra Qasım Kərimov rayon idarə rəhbərlərinə göstərişlər verməyə başlayarkən avtobazanın müdiri rəhmətlik Sumbat müəllim zala daxil oldu. Qasım Kərimov sanki zəif görürmüş kimi əlini gözünə günlük edərək tribunadan diqqətlə Sumbata baxdı “Ay yoldaş, sən kimsən? Niyə mənim iclasıma gecikmisən?”- deyə qəzəblə səsləndi. Qasım Kərimovun səsinə geriyə çevrilib baxan Sumbat onu tribunada gördükdə “Sən niyə xoruz kimi tara çıxmısan ə-ə-ə, düşüb bu camaatla bir yerdə otura bilmirsən?”- deyə Kərimovun sorğusunu sualla cavablandırdı. Q.Kərimov isə “Ə-ə-ə, çıx çölə, mənim iclasımı pozma, sən mənə lazım deyilsən, nejoldu ə, o, komendant vayenni nəçənnik milisiyə?.. Ə, Camal sizə deməmişdim dimdiyimin dibindən uzaqlaşmayın?.. Ə, gəl bu adamı apar sal qubbağa, qoy ağlı başına gəlsin”,- deyə gözləri ilə zalda məni axtarmağa başladı. Mən ayağa qalxıb Qasım Kərimovun üzərinə yeriyən Sumbat müəllimi sakitləşdirdim. Ermənilərin raket zərbəsi ilə zalı vurub hamımızı məhv edə biləcəklərini nəzərə alıb, rayon rəhbərlərinin hamısının zala toplanmasının riskli iş olduğunu Qasım Kərimova bildirərək, iclasa yekun vurmasını xahiş etdim. Bundan sonra “mən Ağdamı qəhrəman şəhər edib bu şəhərə qəhrəmanlıq ulduzu verdirəcəyəm” deyən Qasım Kərimov iclası bağladı.
Əslində atılan bu addım qanuna zidd olan hallar idi və rayon sovetinin belə bir qərar vermək səlahiyyəti yox idi. Bu səlahiyyət yalnız ölkə prezidentinə verilmişdi. Ağdam rayon soveti isə ya səlahiyyət həddini aşmışdı, ya da onu səlahiyyət həddini aşmağa vadar etmişdilər. Hər iki halda, cinayət baş vermişdi. Bu barədə cinayət işi başlamaq isə nə mənim, nə Fərmayıl Bəbirovun, nə də Zahid Tağıyevin səlahiyyətlərində nəzərdə tutulmamışdı. Belə səlahiyyət isə ölkənin Baş Prokurorluğuna verilmişdi. Bütün bunlara baxmayaraq, Qasım Kərimov de-yure olmasa da, de-fakto icra başçısı idi. Belə ki, o, “vayenni nəçənnik milisiyəni tapmasa da” “qrajdanski nəçənnik milisiyəni” tapıb “təcili olaraq kolxozlarda yoxlama aparıb dövlətin malını yeyib-dağıdanları dama basmağı” ona əmr edə bilirdi”.
Nə qədər qəribə olsa da Q.Kərimovun öz həmyerliləri ilə həbs və hədə-qorxu dili ilə danışmaq ənənəsini bu gün onun yaxınları davam etdirir. Belə ki, mərhum deputat və “icra başçısı”nın iki qohumu, qardaşı oğlu hazırda polis zabiti kimi çalışır. Şirzad Kərimov Ağdam rayon polis şöbəsində müstəntiq vəzifəsində işləyib, hazırda təqaüddədir. Cəsarət Kərimov isə rayonda Narkotiklərlə mübarizə idarəsində rəis vəzifəsində çalışır. Ağdam sakinləri Ş.Kərimovun rayon sakinlərinə və ziyalılara qarşı qəddar münasibəti ilə seçildiyini bildirir. Onu da qeyd edək ki, Q.Kərimovla yanaşı onun qardaşı Araz müəllim də Ağdamda 93-cü il hadisələrində Surət Hüseynova yaxınlığı ilə tanınıb. Bütün bu məsələlərlə bağlı isə jurnalist araşdırmamızı növbəti yazımızda sizə təqdim edəcəyik.

dosye.org

Комментариев нет:

Отправить комментарий