General Çernyaev. Daşkəndin tutulması.
Orta Asiyada Rusiya İmperiyası üçün əsas başağrı yaradan məntəqələrdən biri də Kokand xanlığı idi. Paytaxtı Daşkənd olan Kokand xanlığı Osmanlı Türkiyəsinin müttəfiqi idi və Krım müharibəsi zamanı Osmanlını dəstəkləyərək rus qoşunlarına qarşı döyüşmüşdü. Kokandlılar tez-tez sərhədyanı qalalara hücum çəkir və Rusiya təbəələri olan qazaxları əsir apararaq qul edirdilər. 1853-cü ildə Kokand qoşunu Rusiyanın Qazaxstandakı Perovski (Qızıl Orda) qalasına hücuma keçdi. Lakin qaladakı 1055 nəfərlik rus qoşunu 12 minlik Kokand qoşununu qırıb çatdı. 1860-cı ildə 20 minlik Kokand ordusu rus qalası Vernıya (Alma-Ata) hücuma keçdi. 700 nəfərlik rus ordusu onları məğlubiyyətə uğradaraq pərən-pərən saldı. Bundan sonra məşhur rus generalı Mixail Çernyaev Kokand xanlğına yürüş barədə qərar verdi. Cəmi 1300 əsgər və 10 topu olan rus ordusu 63 top və 30 min döyüşçü ilə müdafiə olunan Daşkənd qalasının üzərinə yeridi. Qala enli xəndək və hündür hasarla əhatələnmiş, hərtərəfli və dayanıqlı müdafiə istehkamları qurulmuşdu. Qeyd etmək lazımdır ki, qalada Kokand xanının qoşunu və ona köməyə gəlmiş Buxara xanının əsgərləri ruslara qarşı müqavimət göstərsə də, Daşkənd sakinlərinin əksəriyyəti Rusiya tərəfdarıydı. 3 minə yaxın daşkəndli qaladan çıxaraq rus ordusunun tərəfinə keçdi. General Çernyaevin rəhbərliyi altında kiçik rus ordusunun taktikası və şücaəti nəticəsində tez bir zamanda 100 min nəfər əhalisi olan böyük şəhər tutuldu. Kokand xanının və Buxara xanının əsgərləri pərən-pərən düşərək qaçdılar. Rus ordusundan cəmi 25 nəfər həlak oldu, 132 nəfər yaralandı. Ruslar 63 top, 16 bayraq, 2 min pud barıt, 10 min mərmi, çoxlu sayda tüfəng ələ keçirdilər. Döyüş bitdikdən sonra qorxu içində olan daşkəndlilər qabaqda axsaqqallar olmaqla general Çernyaevin qarşılamağa çıxdılar. Onlar aqibətlərinin yaxşı olmayacağını düşünür, rus ordusunun verdiyi itkilərin qisasını şəhər camaatından alacağını zənn edirdilər. Şərqdə adətən istilaçı hücuma keçdiyi məntəqədə müqavimətə rast gəlirdisə, oranı tutduqdan sonra əhalini ucdantutma qılıncdan keçirirdi. Qorxudan əsən sakinlər general Çernyayevin qabağında diz çöküb alınlarını yerə qoydular, əlləri ilə başlarını qapayaraq rəhm istədilər. Kütləni “Aman” sədaları bürümüşdü. Meydandakı camaat dəhşət içindəydi. Lakin Çerynyaev irəli yeriyərək diz üstə çökən ağsaqqalları yerdən qaldırmağa və sakitləşdirməyə başladı. O daşkəndlilərin arasında gəzərək onların gözləmədiyi nəvazişli bir səslə bildirdi ki, rus ordusunun onları cəzalandırmaq fikri yoxdur, əgər rus ordusuna zərər yetiriblərsə də, Ağ Padşaha sədaqət göstərməklə bundan sonra günahlarını yuya bilərlər. “Bu gündən siz rusların dostu sayılırsınız” deyən Çernyaev nitqini “Müharibə qurtardı! Sülh yarandı!” nidaları ilə bitirdi. Rus ordusunun bu hərəkəti fərqli meyarlarla yaşayan sakinləri şoka saldı və uzun müddət türkistanlıların yaddaşında qaldı. Daşkənddə general Çernyaev sadə bir evdə yaşadı və şəhər sakinlərini qəbul edərək onların problemlərinin həlli ilə məşğul oldu. Tanınmış Daşkənd taciri Xamut Xoca xatirələrində demişdi: “Öz qazi, ağsaqqal və qurbaşilərimizin yanına gedəndə ənam almamış nəinki problemimizi həll etməzdilər, heç bizi dinləməzdilər də. Daşkəndlilər belə şeyə öyrəşməmişdi. General Çernyaevin qəbuluna gələndə uşaq kimi dinləyər və hər cür köməklik edərdi. Get istənilən daşkəndlidən soruş, xalq ona müqəddəslər kimi baxır. O qədər xeyirxahlıqlar etdi ki, indi də yaddaşlardadır. Onun yeri cənnətdir, bunu ülləmalarımız da deyir. Əgər bütün müsəlmanlar Çernyaev kimi olsaydı, indi dərdimiz olmazdı”.
Комментариев нет:
Отправить комментарий