Sibel Dəniz Edmonds adlı soydaşımızın Pentaqonun xüsusi xidmət idarəsindəki fəaliyyəti barədə ilginc məlumatlar, şok iddialar
Yaddaşınıza birdəfəlik həkk edin- Azərbaycandan, Türkiyədən, Britaniyadan, Belçikadan ABŞ-a ünvanlanmış məxfi informasiya ümumi, adi axarla deyil, ayrıca tam məxfi xətlə ötürülür.
***
İnformasiya Amerika Federal Tədqiqatlar Bürosundan (FTB), Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ), bəzən hətta Ağ Evdən də yan ötür. Məlumatların əsas alıcısı, istifadəçisi Pentaqondu. Daha dəqiq desək, Pentaqonun “Defense Intelligence Agency” adlanan Kəşfiyyat İdarəsi.
***
Amerika Federal Tədqiqatlar bürosu (FBR) 90-cı illərin sonunda, Pentaqonun Mərkəzi Asiyadakı, o cümlədən Azərbaycandakı bəzi məxfi əməliyyatlarını nəzarətə götürmək istədikdə bəlli olur ki, bunun üçün Azərbaycan, türk dillərini yaxşı bilən fəal kadrlara ciddi ehtiyac var. Özü də belələri qadın xeylağı olsa yaxşıdır. “O qızı tapın!” mesajı, FTB-nin bütün agentura şəbəkəsinə göndərilərək tezliklə öz müsbət nəticəsini verir.
Razılıq əldə edildikdən az sonra cazibədar, iti baxışlı, ancaq sakit təbiətli bir xanım FTB əməkdaşları ilə tam məxfi mənzildə görüşüb əməkdaşlıq barədə gizli sənədə öz çılğın imzasını atır. Dinləmə cihazları, məxfi lent yazıları bu xanımın tam ixtiyarına ötürülür. Azərbaycandan, Türkiyədən gələn məxfi informasiyanı dinlədikcə bu xanımın qaşları çatılır, siması günü-gündən ciddiləşir. Bəlli olur ki, ortalıqda izahsız xeyli sayda müəmma var: Pentaqon, uzaq Azərbaycanda, Türkiyədə qatı terrorçularla, radikal dini qruplaşma liderləri ilə niyə gizlincə əməkdaşlıq edir? Niyə bu informasiyanı Ağ Evdən, FTB-dən, MKİ-dən gizlədir?
İndi gəlin sizi bu xanımla- həmyerlimiz Sibel Dəniz Edmondsla lap yaxından tanış edək.
***
Təsvir etdiyimiz məxfi hadisələr ABŞ-ı silkələmiş 11 sentyabr 2001-ci il hadisələrindən düz iki həftə sonra baş verir. FTB baş vermiş faciəni tədqiq edərkən nədənsə Pentaqondan, Amerika Hərbi Kəşfiyyatından şübhələnir. Fikirləşir ki, Pentaqonun Mərkəzi Asiyadakı, Azərbaycandakı məxfi fəaliyyətini yubanmadan, təcili tam nəzarətə götürmək lazımdır.
Bu sahədə əməkdaşlığa cəlb edilmiş Sibel Dəniz Edmondsun hesabatları tezliklə FTB-də çoxlarını həyəcanlandırır. Sibel Dəniz Edmondsun üzərindəki qara buludlar günü-gündən sıxlaşmağa başlayır.
Bax, Sibel olmasın, əvəzində siz olun. Əlinizdə tam məxfi Pentaqon sənədləri... Orda deyilir: “1996-cı ildə "Əl-Qaidə" rəhbərlərindən biri, Usəma bin Ladenin müavini Ayman əl-Zəvahiri Dağıstan-Çeçenistan sərhədində həbs edilərək 6 aya qədər Mahaçqala qazamatında yatır. Müəmmalı şəkildə qazamatdan ayrılan əl-Zəvahiri Pentaqon zabitlərinin müşayiəti ilə tezliklə ordan Bakıya gətizdirilir. Az sonra Bakıdakı ABŞ səfirliyində "Əl-Qaidə" rəhbərliyi ilə Pentaqon arasında tam məxfi görüşlər start götürür. Əli qanlı ekstremistlər, o cümlədən əl-Zəvahirinin doğma qardaşı Məhəmməd işbirliyinə cəlb edilib təyyarə ilə uzaq Balkanlara göndərilir. Burda- dəqiq ünvanı desək, Kosovada, Məhəmməd əl-Zəvahiri Alban Milli Azadlıq Ordusunu yaradıb, onu serblərə qarşı döyüşlərə atmalıdır”.
Yaxud bir başqa sənədə diqqət edək: “Gündəlik Pakistan qəzeti "The News" 10 sentyabr 2001-ci il sayında ölkə kəşfiyyatı rəhbəri Mahmud Əhmədin Pentaqon rəsmiləri ilə ardıcıl görüşlərindən bəhs edir... Məhz Mahmud Əhməd Pentaqonun lal razılığı əsasında 11 sentyabr faciəsi səbəbkarlarından birinə- Məhəmməd Atta nə az, nə çox, düz yüz min dollar məbləğində pul ötürüb. Sövdələşmə partlayışdan az əvvəl baş tutub".
Digər sənəd: “Azərbaycan və Türkiyədən Mərkəzi Asiyadakı bir çox məxfi əməliyyatlar idarə olunur. Bu sahədə baş əlaqələndirici Pentaqon kəşfiyyatının polkovniki Duqlas Dikersondu...”
***
Razılaşın, hər yoldan keçən sıravi araşdırmaçı bu cür təhlükəli işlərə baş qoşmaz, həyatını risk altına atmazdı. Lakin Sibel Dəniz Edmond belələrindən deyildi. Güney Azərbaycanda dünyaya göz açan bu xanım hələ uşaqlıqdan saysız təhlükələrə sinə gərməyi bacarmışdı. İranda, Türkiyədə amansız imtahanlara çəkilmiş, sonra gözlərini açıb özünü uzaq Amerikada aşkarlamış oxşar taleli həmyerlilərimizə yaxşı bələdəm. Belələri ilə eyni taleyi paylaşıram deyə, mövzu mənə çox doğma göründü.
Qısası, 11 sentyabr 2001-ci il hadisələrindən iki həftə sonra bizim bu Sibel Dəniz Edmonds Amerika Federal Tədqiqatlar Bürosunun əks-kəşfiyyat şöbəsi ilə sıx əməkdaşlığa başlayır. Səriştəli Sibel tezliklə məxfi Pentaqon əməliyyatlarının ip uclarını tapır. Bilgisayarında yazdığı bir çox sənədləri FTB rəhbərliyinə göndərir: “1997-ci ildə NATO rəhbərliyi, Misir qazamatlarındakı ”Müsəlman qardaşları" təşkilatının bir çox əli qanlı üzvlərini azad etmək üçün Hüsnü Mübarəklə məxfi danışıqlara start verir. Azadlığa çıxmış qatı terrorçular təyyarə ilə Türkiyədəki təlim mərkəzlərinə gətirilib sonra Pentaqonun ən məxfi əməliyyatlarına cəlb edilirlər... Terrorçularla bir başqa eyni birgə fəaliyyət sahəsi Əfqanıstandan başlayan narkotik tranzitidir- Pentaqon bu işdə öz hərbi təyyarələrindən geniş istifadə edir. Təyyarələr Belçikada, NATO aviabazalarında yerə enir. Yüklər ətrafdakı məxfi fabriklərə paylanılır..."
Lakin FTB-də bizim Sibelin əmək fəaliyyəti çox da uzun sürmür. 2002-ci ilin mayında, yuxarı instansiyalardan gələn məxfi əmr əsasında Sibeli FTB-dən uzaqlaşdırırlar. Sibel yenə dinc durmur- əmrin müəlliflərini araya-araya gəlib çıxır bayaq barəsində danışdığımız Duqlas Dikersonun arvadı Mələyin ünvanına. Bəlli olur ki, Mərkəzi Asiyada, o cümlədən Azərbaycanda keçirilən ən məxfi əməliyyatların kuratoru sayılan Duqlas Dikersonun arvadı Mələk, tərsliyə bir bax, FTB-də çalışır. Ərinə qarşı toplanan kompromat, necə olursa, Mələyin ixtiyarına keçir. O da dinc durmayıb, Sibel Edmondsu əsassız ittihamlarla ləkələyir.
Sibel FTB-dən ayrılsa da, tədqiqatlarından ayrılmır. Amerikadakı alternativ jurnalist saytlarından biri ilə əməkdaşlığa girişib gizlinləri faş etməyə başlayır. Pentaqonu saysız qanun pozuntularında ittiham edərək bildirir ki, dünyada baş verən bir çox cinayətlərin müəllifi terrorçular deyil, Pentaqonun Hərbi Kəşfiyyat Xidmətidir. Sibelin mətbuata ötürdüyü məlumatlar içində bizimçün ən maraqlısı məşhur bozqurd Abdulla Çatlı ilə bağlı məxfi sənədlərdir. Həmin sənədlərlə tanışlığı, Fətullah Gülən örgütünün, yəni FETÖ-nün bir çox sirlərini açmaqda sizə əvəzsiz kömək olacaq.
FETÖ ətrafında baş verən son cərəyanlar həmin sənədləri çox aktual edir indi. Gəlin Sibelin mətbuata ötürdüyü həmin sənədlərlə sizləri indi yaxından tanış edək.
***
Bir var açıq-aşkar NATO, bir də var tam məxfi, ünvansız NATO. Şimali Atlantika Alyansının baş qərargahı, bəli, hamı bilir, Brüsseldədir. Onun operativ baş qərargahının divarını məşhur rəssam Salvador Dalinin “Geopolitik uşağın doğuluşu” tablosu bəzəyir. Tablo 1943-cü ildə, Stalinqrad döyüşlərinin ən qızğın vaxtında yağlı boyayla çəkilərək kətan üzərinə köçürülüb. Əsərin qəhrəmanı bu şəkildə baş barmağını irəli uzadaraq dünya coğrafi xəritəsində Bakını, Xəzər hövzəsini nişan verir. Siyasi geopolitikada bu xəttə “Haushoffer xətti” deyilir.
Şimal Qütbündən başlayıb Fars körfəzi sahillərində bitən bu xətt dünya xəritəsini tən ortadan ikiyə bölür. Bunun üçün isə çox böyük əmək-zad sərf etmək lazım deyil. Xətt boyu yerləşən Rusiyanı, Azərbaycanı, İranı yeni siyasi projelərə cəlb et, vəssalam- kim bu xəttin sahibidirsə, dünyanın sahibi də elə odur. Vaxtilə Hitler Stalinqradda bu xəttə yiyələnib dünyanı tən ortadan ikiyə bölmək istəyirdi. Bu xəttin ən vacib digər nöqtəsi isə diqqət edin, məhz bizim Bakıdır. Kim ona sahiblənsə, dünyaya da elə o hakim kəsilir.
Dediklərimiz, təkcə elə rəssam Salvador Dalinin xam xəyalları deyil. Mövzu ətrafında, Sibel Dəniz Edmondsun faş etdiyi məxfi informasiya dediklərimizi bir daha təsdiqləyir. Göstərir ki, NATO-nun tam məxfi hərbi xəritələrində Azərbaycan bax bu “Haushoffer xətti”nin tam mərkəzi, bir növ göbəyidir.
Amerika hərbi kəşfiyyatının Azərbaycana marağı məhz bununla izah olunsa, ortada müəmmalı heç nə qalmayacaq. Bəlli olacaq niyə Pentaqon burdan aldığı informasiyaya belə qısqanc yanaşır. Niyə onu MKİ-dən, Ağ Evdən, habelə digər qurumlardan gizləyir.
O cümlədən FETÖ-ylə bağlı tam məxfi məlumatları.
***
2012-ci ildə Sibel Dəniz Edmonds, “məxfi informasiyanı faş etməmək” qanununa baxmayaraq, “Gizlədilmiş qadın” kitabını nəşr etdirib ətrafında böyük oxucu kütləsi toplayır. Göstərir ki, dünya siyasəti üçün açıq NATO-dan çox gizli NATO-nun əhəmiyyəti var. Bu gizli NATO şərti olaraq “Qladio” adlanır. Mərkəzi Brüsseldə deyil, Allah bilir, hardadır. Sibel Edmonds qeyd edir ki, bu “konsert”də əsas aparıcı musiqi aləti qardaş Türkiyədir.
Amerika cəsusu Pol Hense 1952-ci ildə Türkiyədə məxfi NATO-nun əsasını qoyaraq rəhbərliyinə o vaxtlar kimsənin tanımadığı çərkəz əsilli Kənan Evreni gətirir. O da Abdulla Çatlı kimi tətikçiləri kommunistlərə, türk solçularına qarşı məxfi fəaliyyətə cəlb edir. Nəticədə yüz minlərlə solçu şəhər sokaklarında qətlə yetirilib həyatdan silinir. Abdulla Çatlının bu sahədəki qanlı fəaliyyəti NATO hərbi kəşfiyyatında lazımınca dəyərləndirilir. NATO Çatlını İsveçrə məhbəsindən qaçırarkən, hətta helikopterlərdən istifadəyə də razılıq verir.
***
FETÖ-çülərin gündəmə gəlməyini öz kitabında Sibel Edmonds belə təsvir edir: “Çatlının Susurluqdakı qətlindən sonra oyunun şərtləri dəyişir. İzləri itirmək naminə Mark Qrosmana- Türkiyədəki NATO cəsus şəbəkəsinin rəhbərinə ölkəni təcili olaraq tərk etmək əmri verilir. Amerika hərbi kəşfiyyatı, sürətlə islamlaşan Türkiyədə ”Ergenekon" adlanan sekulyar NATO-nu arxivə göndərmək, onu yenisiylə- dindar FETÖ-la əvəzləmək qərarı verir. Sekulyar, dünyəvi hərbiçilər siyasi səhnədən silinir, FETÖ-çülər NATO-nun Türkiyədəki beşinci kalonuna çevrilirlər.
Fətullah Gülənin ixtiyarındakı kapitalın həcmi bundan sonra sürətlə artaraq, tezliklə 50 milyard həcmini aşır.
Lakin bu vaxt, Sibelin dediyinə görə, Susurluq olaylarının lap qızğın məqamlarında, türk zabitlərindən bəzisi istintaqdan yayınaraq Rusiyaya sığınırlar. Bizcə, Rusiya Baş Ordu Kəşfiyyatının Türkiyədəki sonrakı uğurları sırf məhz bu faktla bağlıdır. “Ergenekon”çuların, türk hərbçilərinin QRU ilə əlaqələri məhz bu nöqtədən qaynaqlanıb, 15 iyul 2016-cı il tarixində açıq-aşkar üzə çıxır, indiki Ərdoğan-Putin işbirliyində leqallaşır.
Həmid HERİSÇİ musavat.com
Комментариев нет:
Отправить комментарий