17.10.2016

RUSLAR GƏLƏNƏ KİMİ TÜRKİSTAN DİYARININ VƏZİYYƏTİ

İbrahim Sel

 Rusların regiona gəlişi ilə qonşu dövlətlərin və xanlıqların türkmən ellərinə hücumu dayandırıldı. 17-19-cu əsrlərdə türkmən torpaqları İran, Xivə və Buxaranın iudey xanlarının təcavüzləri və tayfaların bir-biri ilə savaşları nəticəsində xarabazarlığa dönmüşdü. Türkmən məntəqələri Şərqin iudey hakimlərinin hücum obyektinə çevrilmişdi. Tayfalar arasındakı ənənəvi düşmənçilik xalqı gücdən salmış, pərən-pərən etmişdi. Yalnız Rusiya idarəçiliyinin bərqərar olması regionda əmin-amanlığın yaranmasına və türkmənlərin xalq kimi formalaşmasına səbəb oldu. General Aleksandr Komarov Mərvi “az qala bütün Orta Asiyanın inkişafını tormozlandıran quldurluq və dağıntı yuvası” adlandırırdı. Rus ordusu gələndən sonra ətraf elləri terror edən bütün soyğunçu dəstələr sıradan çıxarıldı, qoluzorluların təcavüzündən əldən düşmüş xalq rahat nəfəs aldı. Orta Asiya üçün xarakterik olan tayfadavası aradan qaldırıldı, qaçaqçılıq yığışdırıldı, əkinçilərin və maldarların başağrısına çevrilmiş basqınçı yürüşlərə son qoyildu. Geridə qalmış Asiya xalqları sivilizasiyanın nemətlərindən bəhrələndi. Ən əsası isə, Orta Asiyanı Orta Asiya edən rus ilhaqı oldu. Siyasi, geostrateji və mədəni baxımdan region kobud istiladan qurtuldu, sərbəstlik qazandı və öz konturlarını müəyyənləşdirdi.
 Rus ordusunun Orta Asiyaya girişi bəzi xırda nüansları nəzərə almasaq, demək olar ki müqavimətlə rastlaşmadı. Bir neçə yerdə müşahidə edilən xırda toqquşmalar isə öz hegemonluğunu əldən vermək istəməyən feodal-klerikal zümrə tərəfindən təşkil olunmuşdu ki, onlar da rus hərbisinin gücünü görən kimi həlimləşdilər və bir daha silaha əl atmağı ağıllarına belə gətirmədilər. Hərbi yürüşlərdə iştirak etmiş N.Qrodekob, E.Jelyabujski, A.Maslov, A.Kuropatkin, M.Terentyev və digər müəlliflərin xatirə və gündəliklərindən də aydın olur ki, Orta Asiyanın ilhaqı problemsiz ötüşmüşdür; ruslar öyrəşmədikləri isti iqlimin bəzi fəsadlarını nəzərə almasaq, regionda heç bir ciddi problemlə üzləşmədilər. Hətta bir çox yerlərdə rus ordusunu sevinclə qarşılayan əhali onlara qan ağladan bəy və xanların cəzalandırılmasını tələb edirdilər. General-leytenani İvan Fyodoroviç Blaramberq yazırdı: “Qırğızlar mənə onları düşməndən azad etdiyimə və quldur yuvalarını dağıtdığıma görə dua edirdilər”.
 Orta Asiyada Rusiya İmperiyası üçün əsas başağrı yaradan məntəqələrdən biri Kokand xanlığı olmuşdur. Paytaxtı Daşkənd olan Kokand xanlığı Osmanlı Türkiyəsinin müttəfiqi idi və Krım müharibəsi zamanı Osmanlını dəstəkləyərək rus qoşunlarına qarşı döyüşdü. Kokandlılar tez-tez sərhədyanı qalalara hücum çəkir və Rusiya təbəələri olan qazaxları əsir apararaq qul edirdilər. 1853-cü ildə Kokand qoşunu Rusiyanın Qazaxıstandakı Perovski (Qızıl Orda) qalasına hücuma keçdi. Lakin qaladakı 1055 nəfərlik rus qoşunu 12 minlik Kokand qoşununu qırıb çatdı. 1860-cı ildə 20 minlik Kokand ordusu rus qalası Vernıya (Alma-Ata) hücuma keçdi. 700 nəfərlik rus ordusu onları məğlubiyyətə uğradaraq pərən-pərən saldı. Bundan sonra məşhur rus generalı Mixail Çernyaev Kokand xanlğına yürüş barədə qərar verdi. Cəmi 1300 əsgər və 10 topu olan rus ordusu 63 top və 30 min döyüşçü ilə müdafiə olunan Daşkənd qalasının üzərinə yeridi. Qala enli xəndək və hündür hasarla əhatələnmiş, hərtərəfli və dayanıqlı müdafiə istehkamları qurulmuşdu. Qeyd etmək lazımdır ki, qalada Kokand xanının qoşunu və ona köməyə gəlmiş Buxara xanının əsgərləri ruslara qarşı müqavimət göstərsə də, Daşkənd sakinlərinin əksəriyyəti Rusiya tərəfdarıydı. 3 minə yaxın daşkəndli qaladan çıxaraq rus ordusunun tərəfinə keçdi. General Çernyaevin rəhbərliyi altında kiçik rus ordusunun taktikası və şücaəti nəticəsində tez bir zamanda 100 min nəfər əhalisi olan böyük şəhər tutuldu. Kokand xanının və Buxara xanının əsgərləri pərən-pərən düşərək qaçdılar. Rus ordusundan cəmi 25 nəfər həlak oldu, 132 nəfər yaralandı. Ruslar 63 top, 16 bayraq, 2 min pud barıt, 10 min mərmi, çoxlu sayda tüfəng ələ keçirdilər. Döyüş bitdikdən sonra qorxu içində olan daşkəndlilər qabaqda axsaqqallar olmaqla general Çernyaevin qarşılamağa çıxdılar. Onlar aqibətlərinin yaxşı olmayacağını düşünür, rus ordusunun verdiyi itkilərin qisasını şəhər camaatından alacağını zənn edirdilər. Şərqdə adətən istilaçı hücuma keçdiyi məntəqədə müqavimətə rast gəlirdisə, oranı tutduqdan sonra əhalini ucdantutma qılıncdan keçirirdi. Qorxudan əsən sakinlər general Çernyaevin qabağında diz çöküb alınlarını yerə qoydular, əlləri ilə başlarını qapayaraq rəhm istədilər. Kütləni “Aman” sədaları bürümüşdü. Meydandakı camaat dəhşət içindəydi. Lakin Çernyaev irəli yeriyərək diz üstə çökən ağsaqqalları yerdən qaldırmağa və sakitləşdirməyə başladı. O daşkəndlilərin arasında gəzərək onların gözləmədiyi nəvazişli bir səslə bildirdi ki, rus ordusunun onları cəzalandırmaq fikri yoxdur, əgər rus ordusuna zərər yetiriblərsə də, Ağ Padşaha sədaqət göstərməklə bundan sonra günahlarını yuya bilərlər. “Bu gündən siz rusların dostu sayılırsınız” deyən Çernyaev nitqini “Müharibə qurtardı! Sülh yarandı!” nidaları ilə bitirdi. Rus ordusunun bu hərəkəti fərqli meyarlarla yaşayan sakinləri şoka saldı və uzun müddət türkistanlıların yaddaşında qaldı. Daşkənddə general Çernyaev sadə bir evdə yaşadı və şəhər sakinlərini qəbul edərək onların problemlərinin həlli ilə məşğul oldu. Tanınmış Daşkənd taciri Xamut Xoca xatirələrində demişdi: “Öz qazi, ağsaqqal və qurbaşilərimizin yanına gedəndə ənam almamış nəinki problemimizi həll etməzdilər, heç bizi dinləməzdilər də. Daşkəndlilər belə şeyə öyrəşməmişdi. General Çernyaevin qəbuluna gələndə uşaq kimi dinləyər və hər cür köməklik edərdi. Get istənilən daşkəndlidən soruş, xalq ona müqəddəslər kimi baxır. O qədər xeyirxahlıqlar etdi ki, indi də yaddaşlardadır. Onun yeri cənnətdir, bunu ülləmalarımız da deyir. Əgər bütün müsəlmanlar Çernyaev kimi olsaydı, indi dərdimiz olmazdı”.
 Buxara əmiri Seyid Müzəffər xalqı Rus ordusuna qarşı qaldırmaq istədi. Lakin Türkiyə sultanından dəstək almaq üçün apardığı danışıqlar səmərə vermədi. Seyid Müzəffər rusları kafir elan edərək xalqı ruslara qarşı müharibəyə yönəltməyə çalışdı. O bu məqsədlə öz nökərlərinə camaatdan zorla pul yığdırdı. Lakin əmirin bu cəhdləri camaat, eləcə də mollaların etirazı ilə qarşılaşdı. Seyid Müzəffərin adamları Çapan-Ata yüksəkliyində ruslara qarşı müqavimət göstərmək istəsə də, ilk top atəşləri açılan kimi öz mövqelərini qoyub qaçdılar. 2 may 1868-cı ildə Səmərqənd camaatı başda ağsaqqallar və mollalar olmaqla general Konstantin Kaufmanın yanına gəldilar və onları seyidlərin zülmündən qurtardığına görə təşəkkür etdilər. Onlar bildirdilər ki, Rus ordusunun gəlişini səbirsizliklə gözləyirdilər və Ağ Çarın hakimliyi altında olmaqdan məmnunluq duyurlar. Qeyd etmək yerinə düşər ki, Səmərqənd əhalisi bundan bir müddət qabaq ordu yeridilməsi xahişi ilə Rusiya hökumətinə yazılı surətdə müraciət etmişdi.
 Rusiya ekspansiyası öz kolonial sistemlərini bütün Şərqə yaymağa can atan ingilislərin diplomatik və təxribat xarakterli hərəkətlərindən başqa heç bir əngəllə müşayiət olunmadı. Məsələ burasındadır ki, ruslar gəlməsəydilər, Orta Asiyanı artıq Amu-Dərya sahillərinə doğru irəliləmiş Böyük Britaniya imperiyası götürəcəkdi. Orta Asiya Hindistan kimi məzlum bir vəziyyətə düşəcəkdi. İngilislərin əlinə keçəcəyi halda regionu hansı tale gözlədiyini yerli bəylər və xanlar da başa düşürdülər, ona görə də Rusiya ilə bütün kompromislərə həvəslə razılaşırdılar. Şimal və Şərqdəki fərqli durumlarla tanış olan yerli idarəçilər anlayırdılar ki, rusların gəlişi regiona stabillik gətirəcək, ingilislərin gəlişi isə xalqları faciələrlə üz-üzə qoyacaq. Ruslar ilhaq etdikləri yerlərdə əmin-amanlıq yaratmışdılar və bu açıq-aşkar göz önündə idi. Onlar öz idarəçiliklərini qurarkən ingilislər kimi yerli həyat tərzinin hər xırdalıqlarına burun soxmurdular və əhalinin sərbəst dolanması üçün imkan yaradırlar.
 Səmərqənd rus qoşunları tərəfindən tutularkən general Konstantin Kaufman bazar meydanına yığışmış camaata demişdi: “Qoy sakinlər qorxmasınlar, hərə əvvəki sənəti ilə məşğul olsun və alver öz axarı ilə getsin. Qaçanlara da deyin, sakitcə öz ev-eşiklərinə qayıtsınlar. Ruslar sizi soyub talamayacaqlar, əksinə kasıbçılıqdan xilas edəcəklər. Bizim qoşunlar Səmərqəndi xarici düşmənlərdən qoruyacaqlar”. Ruslar Orta Asiyada bərqərar olarkən ilk əvvəl aministiya elan edərək hökumətə qarşı çıxanları bağışladılar və onları dinc həyat tərzinə dəvət etdilər. Hakimlik etdikləri zaman ruslar hətta onlara güllə atan, müqavimət göstərən yerli sakinləri öldürmür, bəzən bağışlayır, ən ağır cinayətlər törədənləri isə Sibirə göndərirdilər. Sibirdə cəzasını çəkəndən sonra müsəlmanlar orda işlə təmin oluna bilir, çox vaxt isə yerli rus qadınları ilə evlənərək vətənə qayıtmırdılar. Sibirdə rusların qurduğu şərait və dolanışıq onların depressiya ilə dolu vətənindəkindən qat-qat üstün idi.
 Səyyahların yazdığı kimi, türkmənlər insan əməyinin bəhrələrini ört-basdır edən qum dənizinin ortasında məskunlaşmışdılar və yeknəsaq həyat tərzi sürürdülər. Əsrlər boyu qeyri-münbit torpaqlarda yaşamaqla onlar sivilizasiyanın bəhrələrindən uzaq düşmüş və hər cür yeniliyə qarşı soyumuşdular. Türkistan kəndləri balaca və uçuq evlərdən ibarət idi, bir çox aullarda hətta hinlərdə və oyuqlarda yaşayırdılar. Kəndlərdə çirkab və üfunət dizdən olurdu, şəhərlərdə isə nəinki kanalizasiya, industriya sisteminin bircə nişanəsi belə gözə dəymirdi. Şəhərlərdə küçələr o qədər dar idi ki, rus kəndlərinə xas enli rastalarla müqasiyədə işıq düşməyən koridorları xatırlardırdı. Belə küçələrdə havalanma aşağı səviyyədə olurdu. Zir-zibil, müxtəlif tullantılar hara gəldi səpilirdi; bir çox məhəllələrdən insan və heyvan sidiyinin iyindən keçmək mümkün deyildi. Bazarlarda antisanitariya hökm sürürdü; cərgələrin arası həmişə zir-zibillə dolu olurdu. Bircə böyük meydanların yanında zibil tökmək üçün dərin çökəklər qazılmışdı, lakin bu çökəklər heç vaxt təmizlənmədiyindən ətrafa üfunət saçırdı. Arxitektura nümunələrinə heç yerdə rast gəlinmirdi. İncəsənət detalları yalnız xalça naxışlarında gözə dəyirdi. Silahlar və az sayda olan toplar, bir səyyahın dediyi kimi, Nuh əyyamından qalma idi. Arabalar indiki kinolarda göstərilən kimi kareta tipli yox, sınıq-salxaq idi. Türkistan zadəganların gəzdiyi faytonlar ruslardakı nəhəng, dəbdəbəli dördtəkər karetalardan fərqli olaraq iki iri təkərdən üstündə sandığı xatırladan sığınacaqdan ibarət idi. Evlərin ornamentində heç bir bər-bəzək olmurdu və məişət həyatı maraqsızlığı ilə adamı boğurdu. Türkistan camaatının indiki mədəni zövqü hələ formalaşmamışdı. Musiqidən başqa əhali heç bir mədəni dəyərə həvəs göstərmirdi. Xalq sənətkarlığın və istehsalatın heç bir sahəsində püxtələşməmişdi, bircə böyük şəhərlərdə yaşayanlar alverdə pərgarlaşmışdılar. Əqli nailiyyətlər aşağı səviyyədə idi. Ən dünyagörmüş insanlar səfil kökündə gəzib dolaşan dərvişlər sayılırdı. Fəlsəfə elmi, sosial proqress, insan hüquqları barədə anlayış belə yox idi. İctimai həyat anlayışı əzəldən olmamışdı. Xalqın fiziki, mənəvi və əqli inkişafı üçün heç bir strateji addım atılmırdı. Hətta ən savadlı ziyalılar belə Budda və İslamın sönük doqmatikasından başqa heç bir təsəvvürə malik deyildilər. Ortastatistik türklə hansısa mövzuda normal mükalimə aparmaq mümkin deyildi. Elm və təhsilli adamlar ərəb hərflərini tanıyan adamlar sayılırdılar. Təhsil sistemi yox dərəcəsində idi; məscidlərin nəzdində olan azsaylı məktəblərdə ərəb hərfləri və Quranın əzbərlənməsindən başqa heç nə öyrədilmirdi. Savadlılıq səviyyəsi haqda onu demək olar ki, əhalisi təxminən 50 min nəfər olan Ağsu şəhərindəki yeganə mədrəsədə cəmi 150 uşaq təhsil alırdı. Nəinki kitab dükanları vardı, hətta evlərdə belə bircə dənə də olsun kitaba rast gəlinmirdi. İnsani münasibətlərə daha çox qabalıq xas idi, cəhalət və avamlıq baş alıb gedirdi. Qadınların alçaldılması adi mənzərə idi; böyük şəhərlərin hamısında qadınların açıq-aşkar satıldığı bazarlar fəaliyyət göstərirdi. Oğlanbazlıq geniş vüsət almışdı. Biri borcunu ödəyə bilməyəndə əvəzində körpə uşaqlarını əlindən alırdılar; aparıb küçənin ortasında qoyub satır və pulu çıxardırdılar.
 Türkistan camaatının əsas hobbisi tiryək çəkmək olduğundan insanların sağlamlığı qənaətbəxş deyildi. Səhiyyə haqqında normal anlayış olmadığından xəstələri mollalar dua yazmaqla “sağaldırdılar”. Diyarın sanitar-epidomoloji durumu faciəli kökdə idi. Hər addımbaşı arıq və sısqa adamlara rast gəlinirdi. Kəndlər və aullar mütəlif yaş təbəqələrindən olan xəstələrlə aşıb daşırdı. Bir çoxlarının bədəni əyilmişdi, paraliç keçirənlər və əsəb xəstəliyindən əziyyət çəkənlər kifayət qədər idi. Ürək xəstələrinə, görmə qabiliyyəti zəif olanlara rast gəlinməsə də, qidalanma düzgün qurulmadığından mədə xərçəngindən ölənlər həddən artıq idi. Türkistanda su mənbələri az olduğundan kasıb əhali məcbur qalıb kirli su hövzələrinin suyunda istifadə edirdi. İçməli su az miqdarda kənardakı bulaq və çaylardan gətirilsə də, əhalinin kasıb hissəsi yemək bişirməyə suyu palçıqlı arxlardan və kirli gölməçələrdən götürürdü. Belə vəziyyət mikrobların çoxalmasına və əhalinin müxtəlif viruslara yoluxmasına gətirib çıxarırdı. Türkistan şəhərlərinin quruluşu elə idi ki, infeksion xəstəliklərin artmasına münbit şərait yaranırdı. Suçiçəyi, müxtəlif növ dəri səpgiləri, eləcə də sifilis xəstəliyi kütləvi bəlaya çevrilmişdi. İnfeksiyanın yaşamasına səbəb olan endemik şərait nəticəsində epidemiyalar birdən-birə yayılırdı və çoxlu sayda adamı həyatdan aparırdı. Kütləvi xəstəliklərin yayılmasının digər səbəbi gigiyenaya düzgün riayət edilməməsi idi. İnsanlarda qan azlığı, üzgünlük və vərəm simptomları müşahidə olunurdu. Yağış nadir hallarda yağdığından, eləcə də region üçün səciyyəvi olan tozanaqlı küləkər bir çox xətəliklərin artımasına zəmin yaradırdı. Əhalini əldən salan şiddətli xəstəliklərdən biri də qızdırma idi. Əksəriyyət təşkil edən imkansız adamların hamamı yox idi. Kasıb zümrənin çox hissəsi il boyu çimmirdi; kirin-kəlmənin içində gəzən çoxlu sayda insana hər yerdə rast gəlinirdi. Xəstəxana, həkim, aptek, xeyriyyə cəmiyyətləri kimi anlayışlar Türkistan diyarına yad idi. Bəzi yerlərdə səhiyyə əvəzinə türkəçarəlik geniş yayılmışdı.
 Aclıq və pulsuzluq Türkistanda xroniki hal almışdı. Əksər Türkistan camaatının süfrəsi kasıb olurdu. Hər yerdə yoxsulluq atributları nəzərə çarpırdı. Orta Asiyanın əksər ərazilərini qumluq və şoranlıq torpaqlar əhatə etdiyindən əkinçilik aşağı səviyyədə idi. Müasir istehsal vasitələri yox idi. Məntəqələr Rusiya ilə sərhəddən nə qədər uzaqdırsa, yaşayış şərtləri daha sönük və ibtidai icma quruluşuna daha yaxın idi. Rusiya sərhədlərinə yaxın türk tayfalarının dünyagörüşü daha yüksək və inkişaf səviyyəsi daha yuxarı idi. Rusiya sərhədlərinə yaxın yerlərdə fəhlə öz zəhmətinə görə də daha çox əməkhaqqı alırdı. Sadə insanlar bəylərə və xanlara müxtəlif vergi və töycülər ödəməyə borcluydular. Cəzasızlıq mühitində mülkədarlar xalqın qanını istədikləri kimi somururdular. Hüquqsuzluq şəraitində istismar bəzən elə şiddətli olurdu ki, əhali tez-tez bir yerdən digər yerə köçməli olurdu. Əkinçilikdən məhsul götürənlər və ya bazarlarda alver edənlər mütəmadi olaraq qoluzorluların basqınına məruz qalırdı. Xalq idarəçilərə və qazilərə nifrət püskürsə də, zalimlərə qarşı əlindən heç nə gəlmirdi. Çinlilərin nəzarətində olan ərazilərdə türklər daim narazılıq içində olub, Rusiyaya birləşməyi arzulayırdılar. Andican türkləri ara-sıra özlərini rus təbəəsi elan edərək Çin administrasiyasına tabe olmaqdan imtina edirdilər. Onlar hər fürsətdən istifadə edərək çinlilərə qarşı çıxır, bəzən 10 min silahlı adamı meydana çıxararaq əvvəl-axır Rusiyaya birləşəcəklərini bəyan edirdilər. Rusiyanın cəzbedici və firavan həyatı sərhəd xalqlarının hamısını özünə çəkirdi. Nə primitiv şəkildə zərb edilmiş Qaşqar gümüş pulu, nə də dördbucaq və qaba formada düzəldilmiş Çin yamba pulu rus pulu qədər dəyərli sayılmırdı. Rus monetası qızıla bərabər tutulurdu. Rusiyaya alverə gedən tacirlərin digərlərindən fərqli olaraq kərpicdən dəbdəbəli evləri və rahat şəraitləri olurdı.
 14-15-ci əsrlərdə Şərq despotizmi nə vəziyyətdə idisə, 19-cu əsrdə də həmin kökdə qalmışdı. Əlində hakimiyyət və şallaq olanlar xoşlarına gəlməyən adamı həbs edir, ürəyi istədiklərini qətlə yetirir, varlanmaq məqsədi ilə başqasının əmlakını zorla əlindən alır, qorxu yaratmaq üçün nümayişkəranə qəddar edamlar həyata keçirirdilər. Sui-istifadə idarəçiliyin əsas qayəsinə çevrilmişdi. Administrasiya işlərinə yaltaqlıq xas idi. Sadə camaat xanı və ya digər nüfuzlu zadəganı harda görürdüsə, əlini qarnına qoyub baş əyirdi, bəziləri hətta hörmət-izzət bildirmək üçün diz üstə çöküb alnını yerə vururdu. İnsanları cəzalandırarkən ən dəhşətli işgəncələrə məruz qoyurdular. Şərq ölkələrinə xas ən vəhşi cəza və edam növləri Türkistanda gen-bol tətbiq olunurdu. Xanın ölüm hökmü çıxardığı günahkarlar bazarın ortasına gətirilir və kütlənin gözü qabağında qətlə yetirilirdi. Türkistan diyarındakı bəzi edam metodları digər Şərq ölkələrində olanlardan da dəhşətli və işgəncəli idi. Şərq ölkələrindəki kimi məhkumun boynu qılıncla vurulmur, qoyun başı kimi bıçaqla kəsilirdi. Cinayət işlətmiş daha varlı və ya vacib şəxsləri bazarda yox, xan sarayının qabağında paza keçirmək yolu ilə öldürürdülər. Arxasına ucu yonulmuş paya keçirilmiş şəxs uzun müddət can verir, cabaladıqca paya daxili orqanlarına daha dərin otururdu. Qətlə yetirilənin qohumları cəllada pul verməsəydilər, o payanı düz bağırsağa yox, böyürə istiqamətləndirirdi. Paya qabırğaya ilişib dayanırdı və məhkum beləcə bir sutkaya yaxın zarıyaraq can verirdi. Xalqda qorxu yaratmaq üçün ölünü uzun müddət vertikal vəziyyətdə nümayiş etdirirdilər.
 Şanlı Kokand xanı öz sarayının həyətindəki hovuzda iki nəhəng naqqa balığı saxlayırdı. Hər cümə axşamı ölüm hökmü çıxarılmış məhkumu ayaqları kəndirlə bağlanmış halda hovuza tullayaraq həmin naqqalara yem edirdilər. Naqqa balıqları dişlərini qarşı sahilə üzüb keçərək canını qurtarmaq istəyən məhkumun qıçlarına keçirib suyun altına dartırdılar. Yazıq əlləri ilə müqavimət göstərsə də, iti dişlərdən qurtara bilmirdi. Nəhəng balqlar onu tikə-tikə edirdi. Xanın hərəmxanası sarayın eyvanında şaqqanaq çəkərək bu qanlı olaya böyük şövqlə tamaşa edirdi. Kokand rus ordusu tərəfindən tutulan zaman xanın hovuzunun suyunu açıb buraxdılar, uzunluğu iki metr yarıma yaxın olan naqqa balıqlarını isə öldürdülər. Hovuzun dibi insan sümükləri ilə dolu idi. Balığın ətini qaynadıb əsgərlərə vermək istəsələr də, heç kəs bu “nemət”dən dadmaq istəmədi və yemək kotyollarını hamara boşaltdılar.
 Rusiya ilhaqından qabaq Türkistan diyarında iki cür məhkəmə sistemi var idi: şəriət məhkəməsi və adət məhkəməsi. Oturaq xalqlar üçün xas olan şəriət məhkəməsi qazilər tərəfindən, köçəri xalqlar üçün xas olan adət məhkəməsi isə bəylər tərəfindən həyata keçirilirdi. Lakin həmin məhkəmə sistemləri mükəmməl olmadığından xalq bir sıra problemlərlə və ədalətsizliklə üzləşirdi. Qazilər və bəylər üçün rüşvətə meyllilik xarakterik idi. Xüsusən qohumluq və nəsil əlaqələri ilə sıx bağlı bəylər özlərinə daha yaxın olanın xeyrinə qərar çıxarırdılar. Əsas problem qazi və bəylərin savadsız və cahil olması idi. Qazilərin çoxu müsəlman şəriətini dəqiq bilmirdilər, bəylər isə yerli adət-ənənələri özləri bildikləri kimi traktovka edirdilər. Məhkəmələr aylarla, bəzən illərlə uzanırdı. Müsəlman əhalisi çox vaxt çıxarılan qərarlardan narazı qalır, ədalətsiz münasibətdən əziyyət çəkirdi. Amma qisas alınacağı qorxusundan heç kəs şikayət etmirdi. Çar idarəçiliyini möhkəmlənəndən sonra həmin kustar məhkəmə üsulları aradan aparıldı, Rusiya məhkəmə qanunvericiliyi bərqərar oldu.
 Volqaboyundan gəlmiş tatarlar ruslarla yerli xalqlar arasında vasitəçi və tərcüməçi rolunu oynayırdılar. Türkistanlılarla eyni islam dininə mənsub olmaları və dillərinin oxşarlığı, o cümlədən Rusiya təbəələri olmaları onlara bir sıra üstünlüklər qazandırırdı. Onlar rusların türkistanlılar ilə ticarət əlaqələrində fəal iştirak edirdilər. Orta Asiyanın bütün böyük şəhərlərində tatar məhəlləsi var idi. Qazaxıstanın demək olar ki bütün şəhərlərində ilk məscidlər tatar tacirlərinin pulu ilə tikilmişdi. Bir çox tatarlar kazak ordusunda xidmət etdiklərindən Türkistan coğrafiyasına və mentalitetinə yaxından bələd idilər. O dövrdə Çar hökumətinin Türkistana göndərdiyi məmurların çoxu yerli dilləri bilmirdi. Yerli türk dillərini anlayan tatarlar həmin məmurlara tərcüməçilik edirdilər. Tatarlar yerli sakinlərin administrativ sənədlərlə bağlı və məhkəmə işlərini də aparırdılar.
 1875-1877-ci illərdə Uralın starover kazakları Amu-Dərya sahillərinə, indiki Qaraqalpaq ərazisinə köçürüldü. O vaxtdan rusların Orta Asiyaya kütləvi axını başladı. Ruslar regiona gələrkən özləri ilə yerli şəraif üçün ənənəvi olmayan müxtəlif yazlıq buğda, çovdar, yulaf, qarğıdalı, kartof, yonca, kətan, kələm, pomidor, şəkər çuğunduru toxumları gətirdilər və məhz o vaxtdan həmin məhsulların Orta Asiyada kütləvi əkininə başlandı. Əvvəllər az-az əkilən həmin məhsullar tədricən Orta Asiyanın müxtəlif guşələrində yetişdirildi. Orta Asiya xalqları əvvəllər keyfiyyətsiz pambıq növü becərirdilər ki, belə pambıq dünya bazarında heç bir dəyərə malik deyildi. Ruslar regiona naziklifli pambıq növü gətirdilər, 19-cu əsrin axırlarında onun geniş becərilməsinə start verdilər və Orta Asiya məhz həmin pambığın hesabına varlaşdı. Yerli əhali heyvandarlığın vacib elementi olan ot tədarükünü də ruslardan öyrəndi. Türkistan əhalisi əsrlər boyu tələfatı və cəfası çox olan yaylaq-qışlaq maldarlıq forması ilə məşğul olmuşdu. Alaçıq sisteminə öyrəşmiş türkistanlılar rus kəndlilərindən mükəmməl axur, tövlə və ferma sistemlərini mənimsədilər. Kənd təsərrüfatının inkişafı sayəsində bir müddət sonra türkistanlılar regionu ət, pambıq və bostan məhsulları ilə, rus kəndlilər isə çörək, tərəvəz, süd məhsulları ilə təmin etməyə başladılar. Rusların içində çoxlu ixtisas sahibləri- həkimlər, mühəndislər, ustalar, yer quruluşu mütəxəssisləri, irriqatorlar, aqronomlar, veterinarlar və başqa sənət adamları da gəldilər ki, həmin sənətlər barədə o vaxta kimi Türkistan diyarında anlayış belə yox idi. Çar hökumətinin qərarı ilə yaradılmış Rus-Yerli Məktəbləri diyarın sosial-mədəni inkişafında mühüm rol oynadı. Valideynlər dövlət xidmətində karyera qurmaq və alış-verişdə püxtələşmək məqsədilə övladlarını həmin məktəblərdə oxutmağa çalışırdılar. Rusların gəlişi ilə Türkistan diyarında mirzələr və mühasiblərdən ibarət orta təbəqə yarandı. Sivil orta və ali məktəblər fəaliyyət göstərməyə başladı və əhali əsaslı təhsil aldı. 1863-cü ildə Türkistanı gəzib dolaşmış macar alimi və səyyahı Arminiy Vamberi yazırdı: “Orta Asiya kimi vəhşi fanatizm, tamahkarlıq və  istibdad qalasına tez bir zamanda rus təhsil və mədəniyyəti otuzduruldu. Rusların Türkistanı tutması bu ölkənin əhalisi üçün xoşbəxtlik idi. Buna hətta İngiltərə belə etiraf etməlidir”.
 Türkistan yürüşlərinin iştirakçısı olmuş general-mayor Lev Kostenko yazırdı: “Rusiya Orta Asiyaya şöhrətpərəstlik niyyəti və mənfəət məqsədilə daxil olmamışdı. Məqsəd sülh yaratmaq, regionun istehsaledici qüvvələrinə təkan vermək və Türkistan məhsullarının Rusiyanın Avropa hissəsinə qısa ixracat yolunu açmaq idi”. Rusiya mahiyyət etibarilə İngiltərə kimi kolonial imperiya deyildi. Ruslar ingilislər kimi ilhaq etdikləri məkanlarda fəaliyyətdə olan infrastrukturu dağıtmır, əksinə inkişaf etdirərək tutarlı irriqasiya sistemləri yaradırdılar. Onlar ingilislər kimi tutduqları ölkələrdə yerli qaydaları silməyə və milli ənənələri məhv etməyə çalışmır, öz qaydalarını zor gücünə diqtə etmirdilər. Əksinə, yerli əhali ilə sıx təmasa girib, rahat inteqrasiya atmosferi yaradırdılar. Yerlilərin müsbət xüsusiyyətlərini seçib fərqləndirərək, yüksəldirdilər. Bir növ yerli və rus mədəniyyətinin assimilyasiyası baş verirdi. İngilis diplomatı və tarixçisi lord Kerzonun dediyi kimi, ruslar yerli xalqlarla “sözün həqiqi mənasında qardaşlaşırdılar”. Ruslar ingilislərdən fərqli olaraq milli bağlantıları yox etməyə çalışmırdılar. Yerli əhalini pravoslavlığa yönəltmək üçün heç bir cəhd göstərmirdilər, islama dininə hörmətlə yanaşırdılar. Rus qanunları elə tətbiq olunurdu ki, şəriətə, o cümlədən müsəlman əmlak hüququna qarşı köklənməsin. Qafqazda olduğu kimi, Türkistanda da din xadimləri ilə ləyaqətlə rəftar edir, zadəgan təbəqəsindən olan bəylərin və tayfa ağsaqallarının hörmətini gətirirdilər. Dövlət fərmanı ilə polis işçiləri, imamlar, molla və müdərrislər, hesabdar və mühasiblər, tələbələr, məmurlar, zadəgan və adlı-sanlı nəsil mənsubları mükəlləfiyyətdən azad edilmişdi. Rus hakimliyi özü ilə maarifləndirmə elementləri gətirirdi; xalqları orta əsrlər cəhalətindən qurtarır, özünəqapılma, aşağılıq və digər komplekslərdən çıxararaq proqressə rövnəqləndirirdi. Ruslar daxil olduqları yerlərdə fanatizmin və avamlığın aradan qaldırılmasında mühüm rol oynayan məktəblər, gimnaziyalar, kitabxanalar açırdılar. Türkistanda da hər yerdə ibtidai məktəblər, kişi və qadın gimnaziyaları fəaliyyətə başlamışdı. Zadəgan ailələrindən olan uşaqlar Peterburqa oxumağa göndərildilər. Kənd təsərrüfatı, meşəçilik, ipəkçilik, pambıqçılıq və çətlikçiliyin inkişafı üçün sanballı addımlar atılırdı. Belə addımlar bir daha onu göstərirdi ki, Rusiya İngiltərə kimi region xalqlarını qul etmək, kənar qövmləri genosidə uğratmaq üçün gəlməyib. Nəticədə Türkistan qabaqcıl rus mədəniyyətinə oturuşdu, iqtisadi əlaqələr möhkəmləndi, təsərrüfatçılıq çiçəkləndi.
 Səmərqəndlilər şəhərin baş seyidinin təhriki ilə ruslara qarşı çıxmaq istəyəndə şəhərin imamı onlara demişdi: “Ruslarla nə işinizə qalıb? Ruslar nəinki müsəlmanlara öz dini ayinlərini yerinə yetirməkdə mane olmurlar, hətta uçub dağılmış məscidlərimizi də bərpa edirlər. Biz məhz onların burda olması ilə sakitlik tapmışıq, ticarətimiz də yaxşı gedir. Tək mən yox, aqil adamların hansından soruşsanız, sizə deyər ki, biz indi rusların idarəçiliyi altında əvvəlkindən qat-qat yaxşı yaşayırıq. Buxara xanının və bəylərin vaxtında zülmdən başqa heç nə görməmişik”. Ruslar əhalinin malını zorla əlindən almır, havayı heç nə götürmür, aldıqları hər şeyin pulunu verirdilər. Onlar hər yerdə şən gəzir, göründükləri yerlərə şuxluq gətirirdilər; əhali ilə isti münasibətlərə girir və yerlilərə hörmətlə yanaşırdılar. Rus əsgərlərinə ölüm hökmü qorxusu altında talançılıq qadağan olunmuşdu və yerli əhali ilə maksimal dərəcədə mehriban davranmaq tapşırılmışdı.  Yerli sakinlər ruslara şaftalı, üzüm, yemiş satırdılar. Ruslar yerli tacirlər kimi xəsis deyildilər, aldıqları malın pulunu artıqlaması ilə qızıl pulla ödəyirdilər. Onlar yaxşı qiymətə camaatdan ət, düyü, un, arpa və yonca da alırdılar. Türkistan sakinlərinin ilk öyrəndikləri rus sözləri bunlar idi: qovyadina (mal əti), baranina (qoyun əti), salo (donuz piyi), pud (16 kiloluq çəki vahidi), funt (400 qramlıq çəki vahidi), rubl (kağız pul), kopeyka (dəmir pul), şelk (ipək), arşin (710 sm-ə bərabər olan ölçü). Rusların alış-verişi sayəsində Türkistanda ticarət geniş vüsət aldı və əhalinin güzəranı get-gedə yaxşılaşdı.
 Türkistanın hərb tarixini qələmə almış podpolkovnik D.Y.Fyodorov yazırdı: “Rus idarəçiliyi Orta Asiyada cazibədarlığı ilə özünə çəkirdi. Ona görə ki yerlilərə humanist sülhsevər münasibət vardı və bu xalq kütlələrində böyük rəğbət oyadırdı”. Ruslarda ingilislərdə olan yekəxanalıq yox idi. Türkistan diyarının sakinlərinə heç bir milli fərq qoyulmurdu; onlar bərabərhüquqlu Rusiya təbəələri sayılırdılar. Rusiya imperiyası başqa imperiyalardan fərqli olaraq, ölkənin daxili vilayətləri ilə ucqarları arasında heç bir disbalans yaratmırdı; məsələn, Kaluqa şəhər əhli, yaxud Saransk kəndlisi ilə türkmən dehqanı arasında heç bir ayrıseçkilik tətbiq olunmurdu; hüquqlar eyni idi. Ruslar ingilislər kimi yerl əhaliyə qatarların 1-ci klass vaqonlarında getməyi qadağan etməyi və yaxud yeməkxanaların girişində “İtlərə və aborigenlərə giriş qadağandır” yazıb vurmağı ağıllarına da gətirmirdilər. Kazaklar rus bayrağı altında hər yerə əmin-amanlıq gətirir və təsərrüfat quruculuğuna stimul yaradırdılar. Hökumət nümayəndələri türkmənlərə mütəmadi olaraq ərzaq yardımı edirdi. Çar administrasiyası Türkistanda əkinçilik işlərinin genişləndirilməsində maraqlı idi; yerli əhalini bu işə həvəsləndirir, buğda və digər dənli bitkilərlə təmin edirdi. Ruslar suvarma sistemlərinin yaradılmasında da türkmənlərə köməklik göstərirdilər.
 1880-cı ildə Xəzəryanı Dəmir Yolunun tikintisinə başlandı. Bu yol Orta Asiyanın Qızıl-Arvat, Aşxabad, Kaqan, Səmərqənd, Əndican və Daşkənd kimi vacib məntəqələrini birləşdirdi. O vaxta kimi pambıq Sır-Dərya və Fərqanə vilayətlərindən araba və dəvələrlə Səmərqəndə gətirilir, burada vaqonlara yüklənərək Xəzər sahilinə daşınır, gəmilərə vurularaq Astarxana gətilir, burada isə yenidən vaqonlara yüklənərək Rusiyanın tekstil fabriklərinə göndərilirdi. 1906-cı ildə tikiliən Orenburq-Daşkənd Dəmir Yolu pambığın əziiyyətli və uzun-uzadı daşınmasına son qoydu; Fərqanədən Moskvaya göndərilən pambıq ay yarıma gedib çıxırdısa, indi həmin müddət 18-20 günə endi. 1915-ci ildə Fərqanə vadisinə şimaldan və Buxara əmirliyinə cənubdan daxil olan dəmir yolları çəkildi ki, bu da regionun sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına əsaslı təsir göstərdi. Orta Asiyanı Rusiyanın sənaye mərkəzləri ilə birləşdirən dəmir yolu xətləri regionun Ümumrusiya iqtisadi bazarına isteqrasiyasına təkan verdi. Mal mübadiləsi kəskin surətdə artdı. 1914-cü ildə Rusiyadan Orta Asiyaya 243,6 milyon manatlıq mal gətirilmiş, Rusiyaya isə 269 milyon manatlıq məhsul satılmışdı. Türkmənlər Rusiya bazarlarına pambıq, qurudulmuş meyvələr, papaqlıq qaragül dərisi, müxtəlif dəri məmulatları satırdılar. Ticari əlaqələrin genişlənməsi nəticəsində xalqın güzaranı əvvəklindən qat-qat yaxşılaşdı. Dəmir yolu emalatxanaları və depolar Orta Asiyada fəhlə sinfinin yaranmasına şərait yaratdı. Türkistanın əsas kütləsini təşkil edən çobanlar, dehqanlar və köçkünlər yeni iş yerləri əldə etdilər. 1887-ci ildə isə Amu-dəryada Gəmiçilik İdarəsi yaradıldı. Altayda və Mərkəzi Qazaxıstanda qiymətli metal, kömür və dəmir yataqlarının işlənməsi ilə bağlı dağ-mədən sənayesi təşəkkül tapdı. Qərbi Qazaxıstanda neft çıxarılmağa başlandı. Çoxlu sənayə obyektləri, əsasən pambıqtəmizləmə, yağ emalı zavodları, dəri, sabun, duz emalı müəssisələri işə düşdü. 1914-cü ildə Xocənd qəzasında 8 pambıqtəmizləmə zavodu fəaliyyət göstərirdi.
 1920-ci ildə Sovet hökumətinin yaranmasını türkmən dekxanları böyük sevinclə qarşıladılar. Sovet hakimiyyəti bərqərar olandan sonra Türkmənistan çiçəklənmə dövrünü yaşadı. Türkmən xalqı 15 qardaş xalqlar birliyinin bərabərhüquqlu üzvü oldu. Geridə qalmış kənd təsərrüafı ölkəsi tez bir zamanda SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrildi. Sovet hakimiyyətinin ilk günlərindən Rusiya Türkmənistana kənd təsərrüfatı maşınları, sənaye avadanlıqları, müxtəif növ taxıl toxumları və mütəxəssislər göndərdi. Sosialist Türkmənistanında əkinçilik və sənaye yüksək templərlə inkişaf etməyə başladı. Geridə qalmış, kustar istehsalat sahələrində cəmi minə yaxın fəhlənin işlədiyi kənd təsərrüfatı ölkəsi əkinçilik və sənayenin yüksək templərlə inkişaf etdiyi sosialist respublikasına çevrildi. 1913-cü illə müqayisədə 1966-cı ildə sənaye məhsullarının həcmi 33 dəfə, ağır industriya məhsullarının həcmi isə 58 dəfə artdı. Sovet hakimiyyəti illərində Türkmənistanda çoxlu sayda zavod və fabriklər tikildi. Aşqabaqdakı Kabel Zavodu, Neft-Maşınqayırma Zavodu, Şüşə və Tekstil Kombinatları, Çarjoydakı Superfosfat Zavodu, Kravnovodskdakı Neftayırma Zavodu, Çelekendəki Saja Zavodu bu sıradandır. Respublika iqtisadiyyatının inkişafında tikinti materiallarının istehsalı da mühüm rol oynadı. Yüngül sənaye, eləcə də qida sənayesi yüksək templərlə artdı. Xalçaçılıq geniş vüsət aldı və türkmən xalçaları bütün dünyada məşhurlaşdı. Qədim əkinçilər və maldarlar torpağında kvalifikasiyalı fəhlələr və ali təhsilli mütəxəssislər ordusu formalaşdı. Buruq ustaları, mühəndislər, maşinistlər, texniklər, alimlər türkmən cəmiyyətinin hörmətli və imkanlı təbəqəsinə çevrildilər.
 Sovet hökumətinin tikdiyi Qaraqaum kanalı, Taşkepri, Sarı-Yazi, 1-ci və 2-ci Tecen su anbarları bir vaxtlar susuzluqdan ilan mələşən çöllərdə əkinçiliyin inkişafına təkan verdi. Minlərlə hektar münbit torpaq ərsəyə gəldi. İnsan əyağı dəyməyən susuz səhrada yüksək keyfiyyətə malik naziklifli pambıq əkilməyə başlandı. Nebit-Dağ, Qum-Dağ, Qoturtəpə, Okarem, Barsa-Gelmes, eləcə də Çeleken yarımadasındakı neft mədənlərinin istismarı ilə Türkmənistan respublikası SSRİ-də neft istehsalına görə Rusiya və Azərbaycandan sonra üçüncü yeri tutdu. 1967-cı ildə Türkmənistanda 1913-cü il ilə müqayisədə 93 dəfə çox- 12 milyon ton neft çıxarılmışdı. Türkmənistan qaz, şişə istehsalı və kimya sənayesi üçün qiymətli xammal olan sulfat natriya da ixrac etməyə başladı. Ölkədə Sovet illərində Çar dövründən 10 dəfə çox pambıq yığılırdı. “Gülabi”, “vaharman”, qarrıqız” yemiş sortları Rusiya bazarlarında satılırdı.
 1954-cü ildə uzunluğu 1400 kilometr olan V.İ.Lenin adına Qaraqum kanalı tikilməyə başlandı. Bu nəhəng suvarma magistralı ilk növbədə Amudərya və Murqab çaylarının, sonra Murqab və Tecen çaylarının sularını birləşdirdi, daha sonra isə paytaxt Aşqabada kimi uzandı. Kanalın tikilməsində Sovet İttifaqının 36 millətinin nümayəndələri çalışdılar; məhz bu səbəbdən həmin möhtəşəm tikintini SSRİ Xalqlar Dostluğunun Tikintisi adlandırırlar. Qaraqum kanalının suyu yüz minlərlə hektar torpağı əkməyə imkan yaratdı. Sovet hökumətinin sayəsində min illər boyu əkilməyən xam torpaqlar istifadəyə verildi, bostançılıq və pambıqçılıq sürətlə inkişaf etdi. Kanalın çəkilməsi heyvandalığın inkişafına da təkan verdi. Xam torpaqlarda əkilən arpa, yonca, süpürgəotu heyvandarlığı il ərzində yemlə təmin etməyə şərait yaratdı. Yeni otlaq sahələri yarandı. İndi türkmənlər həmin kanalı Qaraqum çayı adlandırırlar.
 1914-1915-ci illərdə Xəzəryanı bölgədə cəmi 58 mətəb vardısa, 1966-1967-ci illərdə Türkmənistanda artıq 1409 məktəb vardı ki, onlarda 400 minə yaxın şagird təhsil alırdı. Müqayisə üçün deyək ki, həmin dövrdə İranda hər 10 min nəfərə cəmi 4 tələbə düşürdüsə, Türkmənistanda 117 tələbə düşürdü. Türkmənistanın paytaxtı Aşqabadda Elmlər Akademiyası, Dövlət Universiteti, institutlar və teatrlar fəaliyyət göstərirdi. Səhiyyə xidməti ABŞ, İngiltərə, Fransa kimi qabaqcıl kapitalist ölkələrindən belə qat-qat yüksək idi. Əgər hər 10 min nəfərə ABŞ-da 12, İngiltərə və Fransada 11 həkim düşürdüsə, Türkmənistanda 21 həkim düşürdü. Nəzərə almaq lazımdır ki, həmin ölkələrdən fərqli olaraq Türkmənistanda səhiyyə pulsuz idi.
 Köhnə əsrlərdə Türkmənistanda qadının heç bir hüququ yox idi. Qadın hər zaman yaşmağa bürünməli idi; yaşmağın ucunu ağzında saxlamalı, dişlərinin ucunda sıxmalı idi ki, danışmasın. Sovet hakimiyyəti yarananda Türkmənistanda barmaqla sayılacaq qədər varlı ailədən olan savadlı qadın vardı. Sovet hakimiyyərə bərqərar olandan sonra isə qadınlı-kişili hamıya məcburi təhsil verildi. Çoxlu sayda qadın ali məktəblərə qəbul olundu. Ölkədə çoxlu qadın alimlər yetişdi. Sovet dövründə Türkmənistanda xalq təsərrüfatı sahəsində 100 min qadın çalışırdı; onların 25 mini yüksək vəzifələr tuturdu. 4 mindən çox qadın SSRİ-nin müxtəlif orden və medallarına layiq görülmüşdü, 50 qadın isə Sosialist Əməyi Qəhrəmanı adı almışdı.
 Əsrlər boyu oturaq həyat tərzi keçirən türkmənlər xırda palçıq evlərdə, köçəri türkmənlər isə çadırlarda yaşamışlar. Sovet dövründə Türkmənistanda yüzlərlə müasir tələblərə cavab verən abad qəsəbələr tikildi. Şəhərlərdə çoxmərtəbəli binalarından ibarət məhəllələr meydana gəldi. Paytaxt Aşqabad 1948-ci ildə zəlzələ nəticəsində demək olar ki bütünlüklə yerli-yeksan olsa da, Sovet hökuməti onun yenidən ucaltdı. Şəhərdəki binalar ən güclü zəlzələyə belə davam gətirəcək bir halda tikildi. Nebit-Dağda neftçilər üçün möhtəşəm bir şəhər ərsəyə gəldi. Şəhərdə kinoteatrlar, klublar, kitabxanalar tikilərək zəhmətkeşlərin istifadəsinə verildi. Bir vaxtlar külək vıyıldayan, kol-kos belə olmayan, hətta dəvətikanı bitməyən qumluqda akasiya, qarağac və tut ağacları əkildi, şəhər yaşıllığa qərq oldu. Ümumittifaq Elmi-Tədqiqat Neft-Qaz İnstitutunun Nebit-Dağ filialı fəaliyyətə başladı. Bir vaxtlar sahilindəki hambalların bolluğu ilə yadda qalan Krasnovodsk bər-bəzəkli, canlı şəhərə çevrildi. Orta Asiyanın dəniz qapısı sayılan bu liman şəhərində ağır yükləri qaldıran kranların hərəkəti, paraxodların fiti, katerlərin şütüməsi ilə müşayiət olunan qızğın iş getdi. Xəzər dənizinə və Qaraqum kanalına Rusiyanın Nijni Novqorod şəhərində düzəldilmiş gəmilər gətirildi. Ölkədə zavod və fabriklərin sayı get-gedə daha da artdı, kimya sənayesi inkişaf etdi. Respublikanın bütün yaşayış məntəqələri qazlaşdırıldı. Beşillik plan ərzində 3 min kilometrlik nəhəng Orta Asiya-Mərkəz qaz kəməri çəkildi. Həmin kəmər ilə hər il Darvaza, Bayraməli, Samantəpə və Qamışlıq rayonlarından çıxarılan 20 milyard kubmetr qaz Sovet İttifaqının mərkəzi sənaye rayonlarının xalq təsərrüfatı ehtiyacları üçün transport olundu. Türkmənistanın başqa Sovet respublikaları ilə hərtərəfli və davamlı iqtisadi münasibətləri yarandı. Respublika neft, qaz, elektrotexnika sənayesi məhsulları, ventilyator, nasos, saja, şüşə, sulfat, kükürd, yod, brom, pambıq, yun, qaragül dərisi ixrac etməyə başladı. Sovet respublikalarından isə Türkmənistana sənaye cihazları, dəzgah, maşın, traktor, kombayn, kənd təsərrüfatı avadanlıqları, dəmir boru, qara metal, çuğun, ferrorərinti, taxta-şalban, gübrə göndərildi.
 Türkmənlər sosial, iqtisadi və mədəni sahələrdə sadaladığımız irəliləyişlərə məhz rusların sayəsində nail oldular. Türkmən şairi Raxmed Seyidov bu münasibətlə rus xalqına müraciətlə yazdığı şeirdə deyirdi: “Ustadımız və qardaşımız bizim!/ İlk olaraq sən türkmənlərə qucaq açdın/ Biz də sənə qardaş kimi ürəyimizi verdik/ Və əvəzində sənin ürəyini aldıq”.

"Avrasiya tarixinin bəzi aspektəri" kitabından

https://www.facebook.com/ibo.sel.1/media_set?set=a.1307079062666335.1073741856.100000927609745&type=3

https://www.facebook.com/ibo.sel.1/media_set?set=a.1328008710573370.1073741871.100000927609745&type=3

Комментариев нет:

Отправить комментарий