Martın 12-də London Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycanın “Osmanlı Film” və Türkiyənin “GülerYüz Film”lə birgə istehsalı olan “Qafqaz” bədii filminin təqdimatı keçirilib. Yayılan rəsmi məlumata görə, film Xəzər Strateji İnstitutu (HASEN), Azərbaycanın Gənclər və İdman Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Millət vəkili Ceyhun Osmanlı filmin ssenaristlərindən biri və əsas prodüseridir. Filmin rejissoru və baş rolun ifaçıları isə Ərhan Güləryüz və türkiyəli aktrisa Tuğçe Kazazdır.
Təqdimat mərasimində HASEN-in baş katibi Haldun Yavaş, Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, millət vəkili Ceyhun Osmanlı və digər şəxslər iştirak ediblər.
Yayılan məlumatda bildirilir ki, “Qafqaz” gerçək hekayəyə əsaslanan və 1992-ci illərin hadisələrini canlandıran romantik sevgi filmidir. Filmdəki hadisələr Qarabağ müharibəsindən bu günümüzə qədər olan dövrdə cərəyan edir. Filmin “Xəzər” adlı əsas baş qəhrəmanı Qarabağ döyüşlərində ağır yaralandıqdan sonra həyatını Türkiyədə davam etdirir. Filmdə müharibənin amansızlığı, törətdiyi ağır fəsadlar, vurduğu mənəvi, psixoloji və sosial zərbələr qabarıq şəkildə üzə çıxarılır.
Film geniş Azərbaycan auditoriyasına təqdim edilməsə də, güman etmək olardı ki, onun əsas süjeti kontekstində tamaşaçıya həm də Ermənistanla Azərbaycan arasında münaqişənin əsl mahiyyəti, düşmən ölkənin işğalçılıq siyasəti barədə həqiqətlər təqdim olunur. Ən azından sponsorlar sırasında Azərbaycan Gənclər və İdman Nazirliyinin adının keçməsi bunu deməyə əsas verir. Amma film haqqında Azərbaycan mediasında yayılmış məlumatla HASEN-in rəsmi saytında verilmiş informasiya arasındakı bir ziddiyyət, həm də redaksiyamıza daxil olmuş bir sıra maraqlı məlumatlar məsələyə başqa rakursdan yanaşmaq zərurəti yaratdı.
Xəzər Strateji İnstitutunun rəsmi saytında (hazar.org) HASEN “Qafqaz” filminin yeganə sponsoru kimi göstərilir. O da məlumdur ki, film çəkmək və London Kino və Televiziya Sənəti Akademiyasında onun təmtəraqlı təqdimatını təşkil etmək olduqca bahalı layihədir. Bu mənada, HASEN-in fəaliyyəti və maliyyə imkanları ilə bağlı bilgilər maraq doğurmaya bilməz. HASEN-in saytından və digər mənbələrdən əldə etdiyimiz məlumata görə, bu qurum 2012-ci ildə yaradılıb. Əsas məqsədi Türkiyə ilə Azərbaycan və digər Xəzəryanı ölkələr arasındakı əlaqələrin müxtəlif sahələrə yayılmasına kömək etməkdir. İnstitutun baş katibi Türkiyə vətəndaşı Haldun Yavaş “Hizmət” hərəkatının fəal simalarından biri hesab olunur. Maraqlıdır ki, bu qurumda həm də Azərbaycan vətəndaşları çalışır. Məsələn, Emin Axunzadə akademik məsələlər üzrə əlaqələndirici, Rüfət Ağayev redaktorudur. Sonuncu, həm də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, “Todays Zaman” qəzetinin yazarıdır. “İnci Azəri” profili bildirmişdi ki, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevə tapşırığından sonra Azərbaycanın Ankaradakı səfirliyi Mahir Zeynalova, Lamiyyə Adilqızına akkreditasiya vermişdi. Onların hər üçünün nurçulara aid olduğu iddia edilmişdi.
Əldə etdiyimiz digər məlumata görə, HASEN Türkiyədəki “Hizmət” fəalları ilə Azərbaycandakı nurçu şəbəkənin birgə layihəsidir. Bu təşkilatın saytından da göründüyü kimi, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, millət vəkili Ceyhun Osmanlı, hətta Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov müntəzəm şəkildə qurumun tədbirlərində iştirak edirlər. HASEN-in ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Türkiyə” tərəfindən maliyyələşdirildiyi barədə məlumatlar dolaşır. “SOCAR Türkiyə” şirkəti sədrinin müavini və faktiki olaraq qurumu idarə edən Samir Kərimlinin də qatı nurçu olduğu iddia edilir. Elə “Qafqaz” filminin əsas sponsorunun da məhz “SOCAR Türkiyə” şirkəti olduğu barədə məlumatlar var.
Bu günlərdə ölkə mediasında yayılan digər xəbərə görə, Ceyhun Osmanlı ilə yaxın dostluq əlaqələri olan və “Qafqaz” filminin çəkilməsində iştirak edən “Gülərüz Film” şirkətinin sahibi Ərhan Güləryüz “Hizmət” hərəkatının incəsənət adamları içərisindəki əsas kadrı olmaqla bərabər, nurçuların liderinin sözlərinə yazılmış bir neçə mahnının da müəllifidir. Deputat Osmanlıya aid olan “Osmanlı film” şirkəti ilə “Gülən hərəkatı”na bağlı olan və nurçuluğun yaradıcısı Səid Nursi haqqında filmlər çəkən, Fətullah Gülənin şeirlərinə mahnılar bəstələyən Ərhan Gülərüzün ortaqlığı diqqət çəkməyə bilməz. Onu da qeyd edək ki, bu məlumat mediada yayıldıqdan sonra Ceyhun Osmanlı ciddi cəhdlə onun yığışdırılmasına çalışsa da, buna nail ola bilməyib.
Filmin sponsorları arasında Gənclər və İdman Nazirliyinin adının hallanması məsələsinə gəldikdə, yəqin ki, buna nazirliyin özü aydınlıq gətirməlidir. Həm də ona görə ki, bu nazirliyin Azərbaycandakı nurçu şəbəkənin əsas sponsorlarından biri olduğuna dair məlumatlar mövcuddur. Həmin informasiyalara əsasən, Gənclər və İdman Nazirliyi son illər hakimiyyətdəki nurçu şəbəkənin nəzarətində olan bir neçə QHT-yə hər il iri məbləğdə qrant ayırır. Hər bir quruma verilən qrantın məbləğinin isə 400-500 min manat olduğu iddia edilir. Elə bu günlərdə nazirlik nurçu təşkilatın birinin “Azəriqazbank”dakı hesabına 300 min manat köçürüb. Təxminən bu qədər məbləğ də millət vəkili Ceyhun Osmanlının şəxsi hesabına transfer edilib. Lakin bu və digər qrantlar ictimaiyyətdən gizli saxlanılır və heç bir açıqlama verilmir. Hər halda QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması iddiası ilə “QHT haqqında” qanunu son dərəcə sərtləşdirən Azərbaycan hakimiyyəti nümunə göstərərək öz nəzarətində olan ictimai təşkilatların və onları maliyyələşdirən dövlət orqanlarının qrant əməliyyatlarını ictimailəşdirsə, daha anlaşılan olar.
Bütün bu informasiyaları aydın olur ki, “Qafqaz” filmi nurçuların layihəsidir. Filmin bahalı proyekt olduğunu nəzərə alaraq, onun əsas sponsoru qismində “SOCAR Türkiyə” şirkətinin çıxış etdiyini, həm də Gənclər və İdman Nazirliyinin dəstək verdiyini demək olar. Digər faktları da nəzərə aldıqda, belə çıxır ki, həmin iki qurum nurçuların layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir. Eyni zamanda, bu layihə və açıqlanan digər faktlar hakimiyyətdə həqiqətən də nurçu şəbəkənin mövcudluğunu təsdiq etməklə yanaşı, Prezident Adminsirtrasiyasının şöbə müdiri Elnur Aslanovun, Strateji Araşdırmalar mərkəzinin rəhbəri Fərhad Məmmədovun, millət vəkili Ceyhun Osmanlının bu şəbəkənin mərkəzi fiqurları olduğunu göstərir. Xüsusilə Ceyhun Osmanlı ilə bağlı dövriyyəyə buraxılan məlumatlar onun hakimiyyətdəki nurçu şəbəkədə önəmli pozisiya tutduğunu, “Hizmət” hərəkatı ilə bu şəbəkə arasında əlaqələndirici rolu oynadığını təsdiq edir. Çünki Ceyhun Osmanlı bu günə kimi onun ifşasına yönəlmiş faktların heç birini təkzib edə bilməyib, heç buna ciddi cəhd də göstərməyib. İlk növbədə o, Türkiyədə “Hizmət” hərəkatı fəalları ilə niyə bu qədər yaxın olduğunun, nədən adının bu qədər hallandığının tutarlı izahını verməyib. Xatırladaq ki, bu günlərdə F. Gülənin ”“Çağ Öyrətim” İşlətmələri şirkətinin rəhbərinə məktubunda Ceyhun Osmanlıya birdəfəlik 100 min manat, aylıq isə 5 min manat ödənilməsi tapşırığı əksini tapmışdı. Doğrudur, bu məktubun gerçək olmaması barədə zəif iddialar səsləndirildi- lakin onun saxta olması sübuta yetirilmədi.
Başqa bir məlumata görə, 2012-ci ilin fevralında İstanbulun Taksim meydanında Xocalı soyqırımı ilə bağlı keçirilmiş çoxminlik aksiyanın təşkilinə Azərbaycan hakimiyyəti tərəfindən bir milyon manat ayrılıb və tədbirin əsas təşkilatçılarından biri olan Ceyhun Osmanlı bu vəsaitin 700 min manatını nurçulara məxsus “Samanyolu” telekanalına ötürüb. Bu fakt tədbiri təmənnasız işıqlandıran digər telekanalların diqqətindən yayınmayıb və onlardan bəzilərinin ciddi etirazına səbəb olub. Lakin tədbir kifayət qədər həssas mövzu ilə bağlı olduğundan, ictimailəşdirilməyib.
Görünən odur ki, hakimiyyətdəki nurçular barələrində verilən ifşaedici faktların ölümcül təsirini azaltmaq üçün yeni-yeni “uğurlu” layihələrə imza atıb ölkə rəhbərliyinin diqqətini yayındırmağa çalışırlar. Amma bütün layihələrinin arxasında “Hizmət” hərəkatının lideri Fətullah Gülənin kölgəsi çıxdığına görə daha da çox hədəfə gəlirlər.
P.S. Yazı Elnur Aslanov vəzifəsindən çıxarılmamışdan öncə hazırlanıb.
Aygün Muradxanlı musavat.com
Комментариев нет:
Отправить комментарий