Filosof Ağalar Qut Osmanlı-Türkiyə türklərinin Azərbaycana münasibəti mövzusunda olduqca lazımlı bir polemika açdı. Lakin təəssüf ki, o yenə öz mövqeyinə görə, siyasi-ictimai konyukturanın qurbanına çevrilmiş bir qrup insanın, Siyavuş Novruzov sayağı bir üslubda “o, ermənidir, kürddür” kimi bayağı ittihamlarına məruz qaldı.
Mənim bu məqaləmi jurnalist D.Əhmədin A.Quta ünvanladığı cavab yazısına reaksiya kimi də qəbul edə bilərsiniz. Onu da deyim ki, bir jurnalistin öz yazısında filosofu alçaltmağa çalışdığını görmək çox acınacaqlı haldır.
Mənim məqsədim D.Əhmədin hələlik sadəcə bir iddiasına, ancaq ondan fərqli olaraq arxiv materiallarına istinadən, öz münasibətimi bildirməkdir. Mən D.Əhmədin “Ehtiyac olarsa, cavab veriləcək” vədini əsas götürərək ümid edirəm ki, o, bir müəllif kimi verdiyi sözə əməl edib, mənə cavab yazacaqdır.
ÖZÜNÜN İŞĞAL EDİLMƏSİNƏ XİLAS ADI VERMƏK?
D.Əhməd yazır: “Əgər Ağalar Qutun Türkiyəyə olan nifrəti olmasaydı, bu cümləni belə başlayardı: “1918-ci ildə Türkiyənin göndərdiyi Qafqaz-İslam Ordusu Bakını azad edib onu Cümhuriyyətin paytaxtına çevirib…”
Doğrudanmı 15 sentyabr Bakının azad edildiyi və Azərbaycan Cümhuriyyətinin paytaxt elan edildiyi gündür? Gəlin bu iddianın doğruluğunu yoxlayaq.
Əvvəla, ondan başlayaq ki, “Qafqaz-İslam ordusu” deyilən bir ordu olmayıb, bu Osmanlı imperiyasının 5-ci piyada diviziyasının işğalcı missiyasını ört-basdır etmək ücün istifadə edilmiş maska idi. Diqqəti özlərindən yayındırmaq, “Bu Osmanlı ordusu deyil, Qafqaz-İslam ordusudur” deyə bilmək üçün Osmanlı ordusunun 5-ci piyada diviziyasının adını tələm-tələsik dəyişdirib qoydular “Qafqaz-İslam ordusu”.
Əgər Osmanlı xilaskar idisə, 1918-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabani nə ücün ona- həmin bu orduya qarşı vuruşurdu? Yoxsa, Xiyabani də satqın idi?!
Həqiqət isə belədir: Osmanlı Balkanlardakı məğlubiyyətdən və neftlə zəngin əraziləri (Mesopotamiya, Ərəb yarımadası və s.) itirdikdən sonra bu itkiləri kompensasiya etmək üçün pantürkizm bayrağı altında Qafqazı və Orta Asiyanı, panislamizm bayragı altında da Əfganıstan və Hindistanı işğal etməyi planlaşdırırdı.
Bu işdə onlara müttəfiqləri olan almanlar kömək edirdi. Başqa sözlə, Qafqazın işğal planı 1918-ci ilin fevralında artıq hazır idi. Yəni dəvət edildi-edilmədi Alman-Osmanlı ittifaqı I dünya müharibəsinin gedişində Qafqazı ələ kecirmək planı qurmuşdu. İngilis arxiv materiallarında göstərilir ki, hələ 1918-ci il iyun ayında almanlarla türklər arasında Bakını kim birinci işğal edəcək deyə mübahisə yaranır. Bu mübahisəni müzakirə etmək məqsədilə Ənvər paşa ilə alman ali hərbi nümayəndəsi arasında İstanbulda gizli görüş keçirilir. (Britaniya arxivi, CAB/23/6).
Ancaq Azərbaycanda indi bu işğala "xilas", işğalçılardan birinə isə "qardaş" donu geyindirirlər.
OSMANLI ORDUSUNUN AZƏRBAYCANDA TÖRƏTDİYİ QƏTLİAM
Osmanlı işğal qüvvələri başqa bir işğalcı olan Sentrokaspi diktaturasından şəhəri təhvil alıb, başladı talanlara və qırğınlara. İşğalın ilk bir ayı ərzində Bakıda 30 min nəfər qətlə yetirildi! Bu gün bizim “mandatlı tarixçilər” (Cəmil Həsənli, Nəsiman Yaqublu, Nəsib Nəsibli və b.) bu cinayətə bəraət qazandırmaq üçün “Orada ölənlərin hamısı ermənilər olub” yalanını quraşdırırlar. Ermənilər də bu “fakt”ı əsas götürərək, 1918-ci ildə Azərbaycanda onlara qarşı qətliam olduğunu iddia edirlər. Görün, tarixçilərimiz indi də “Türkiyə qardaşlığı” yalanını bizə yedizdirmək üçün hansı ləkəni xalqın boynuna qoyurlar.
Halbuki arxiv materialları sübut edir ki, öldürülənlərin cüzi bir hissəsi erməni idi, yerdə qalan çoxluğu azərbaycanlılar təşkil edirdi. Osmanlı işğal qüvvələri ölkəmizdə minlərlə üsyançı kəndli, kommunist və başqalarını “inqilabçı haydutlar” (quldurlar) damğasıyla edam edirdi. Bəli, hər zaman olduğu kimi işğalçı yerliyə quldur adı verir!
Bu hal Azərbaycanı işğal etməyə gələn ərəblərin yerli xalqı ölməyə layiq “kafir” adlandırmasına və bir islamçının da öz vətəninin ərəblər tərəfindən işğalına sevinməsinə, bu işğalı “xilas” adlandırmasına çox bənzəyir.
M.RƏSULZADƏNİN TARİXİ ETİRAFI: OSMANLI AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİ İSTƏMİRDİ
1918-ci il sentyabr ayında Azərbaycanda real hakimiyyət Osmanlı işğal qüvvələrinin zabitlərinə məxsus idi. Nuru paşa Bakı şəhərində yeganə söz sahibi idi. Edamlar, güllələmələr, zopayla şallaqlamalar hamısı Osmanlı zabitlərinin rəhbərlik etdiyi səhra məhkəmələrinin səlahiyyətindəydi. Kimi asacaqlar, niyə asacaqlar, buna qərarı Osmanlı paşaları verirdilər. Hətta Şuşa uezdinin rəisi Müsavat hökuməti daxili işlər nazirinə şikayətlənirdi ki, “Şəhərin türk olan qubernatoru bütün hakimiyyəti öz əlində cəmləyərək yerli hökuməti tanımır”.
Təkcə Şuşadamı beləydi? Yox! Osmanlı işğal qüvvələri Bakıya girər-girməz elan etdilər ki, onlar cümhuriyyət filan tanımırlar və “Bakını tutmaqla Osmanlı sərhədlərini bərpa ediblər”.
1919-cu ildə M.Rəsulzadə etiraf etməli olmuşdur ki, “Azərbaycanın müstəqilliyi ideyası Osmanlının maraqlarına zidd idi”.
D.Əhməd öz mövqeyinə arqument kimi Fətəli xan Xoyskinin Nuru Paşanın teleqramına cavabını əsas gətirir. Deməli, bu hadisə noyabr ayının 17-də olub. Ancaq ayın 20-də, yəni cəmi 3 gün sonra Azərbaycan hökumətinin başçısı kimi Xoyski Əsədəliyev ilə birlikdə W.Thomsonla görüşərkən, Thomsona qurduqları Cümhuriyyətin türklərin əlinə keçməsinə şərait yaradan amillərdən şikayətlənir, türklərin getməsinə hədsiz sevindiyini, Nuru paşaya qəzəbini ifadə edir və “müttəfiqlərin (İngiltərə, ABŞ, Fransa – A.Ə.) gəlişinə kiçik xalqların ümidi” kimi baxdığını söyləyir (Britaniya Arxivi, CAB 45/107).
Görünür, D.Əhməd Xoyskinin 1918-ci il iyun-sentyabr aylarında Nuri Paşa ilə əlaqədar Rəsulzadəyə göndərdiyi gizli şikayət teleqramlarından da xəbərsizdir. Əcaba, nə idi bu şikayətlərin arxasında dayanan səbəb? Səbəb bu idi: Nuru Paşa Xoyski başda olmaqla Azərbaycan Milli Şurasını tanımırdi və hətta Şuranın buraxılmasını tələb edirdi.
Təsəvvürünüzə gətirin ki, Nuru paşa Gəncəyə gələndə Müsavat nazirlərinin heç birini qəbul etmədi və hökumət nümayəndələri ancaq Nuru paşanın köməkçisi Əhmədbəy Ağayev tərəfindən qəbul edildi. Nuru paşa hətta Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinetində müdafiə naziri vəzifəsinin təsis olunmasına icazə belə vermədi. Əgər siz ilk hökumətin tərkibinə nəzər salsanız, orada hərbi nazirliyin olmadığını görəcəksiniz.
İndi həmin bu Nuru paşanı azərbaycanlılar öz xilaskarları sayırlar. Əcəb xilaskardı.
OSMANLI ORDUSUNUN ÖLKƏMİZDƏKİ TALAN VƏ QARƏTLƏRİ
Osmanlıların xalqımıza və ölkəmizə düşmən münasibəti bununla bitmir. Qırğınlara paralel surətdə onlar şəhərin qarət olunmasına da başladılar. Təkcə Nobel şirkətinin 60 min manat vəsaitini, Şəhərlər İttifaqının Yerli Şöbəsindən 23 milyon manatlıq əmlakını, “Elektriçeskaya sila” səhmdar cəmiyyətinin 155 milyon manatlıq varidatını, Qafqaz Pambıq Səhmdar cəmiyyətinin və başqa şirkətlərin yüz milyonlarla dəyərində pulunu və əmlakını qarət edib apardılar.
Təkcə şirkətlərimi qarət edirdilər? Əsla yox! Yoxsul əhalinin sonuncu tikəsini də müsadirə edib aparırdılar. Arxiv sənədlərinin birində bu barədə yazılır: “Türk zabitləri Ağdamdan taxıl, paltar və başqa ehtiyatları cəkib aparırlar… Nuxa qəzasının əhalisi şikayətlənir ki, türklər bütün ərzağımızı talan edib aparır, belə getsə aclıq olacaq” (ARXİV fond, 277. S, 1. Iş, 1. Vərəq 1).
Osmanlı-Alman işğal qüvvələrinin talanı təkcə bununla yekunlaşmırdı. Onlar işğal qüvvələrinin saxlanma xərcini də yerli əhalinin boynuna yükləmişdirlər. Belə ki bütün ərzağın onda biri “zəkat” adı altında əhalidən zorla müsadirə edilirdi, evində bir günlük azuqədən artıq ərzaq saxlayanlar qulaqlarından divara mismarlanırdılar!
OSMANLININ ƏSL NİYYƏTİ: BAKI NEFTİNİ ƏLƏ KEÇİRMƏK
Az keçməmiş məlum oldu ki, Osmanlının hədəfindəki əsas məqsəd eynilə ingilis və almanlar kimi Bakı neftini ələ keçirməkdir. Osmanlı sultanının maliyyə müşaviri Həmdi bəy hələ İstanbulda ikən Rəsulzadə qarşısında neft mədənlərinin onların izni olmadan istifadəsi və satışını qadağan edən şərt qoymuşdu. Hər gün 23 sisterndən az olmayaraq, orta hesabla sutkada 44 sistern neft daşınaraq Tiflisə aparılırdı. Burada neftin yarısı alman işğalçılarına verilir, yarısı isə Anadoluya göndərilirdi. Türk tarixçisi Rauf bəy yazır ki, o dövrdə İstanbulda neftin qiyməti Bakıdan 10 dəfə ucuz idi. Rəsulzadə Hacınskiyə məktubunda açıq şəkildə bunu etiraf edir və yazırdı: “Sizə məlumdur ki, neft haqqında məsələ Azərbaycandan çox Türkiyə-Almaniya məsələsidir” (ARDA, f. 894, siy. 10, iş 30, v. 2). Bunun qarşılığında Müsavat hökumətinə bir qəpik də pul ödənilmirdi. Bu, soyğun idi.
Və nəhayət 30 Oktyabr 1918-ci il Mudros müqaviləsinə görə Osmanlı imperiyası Müsavat hökumətinə bildirmədən Azərbaycanı (əslində bütün Zaqafqaziyanı) öz əyaləti kimi İngiltərəyə bağışladı. Müqavilənin 11-ci və 15-ci bəndlərinə əsasən, Azərbaycan və onun dəmir yolları, neft yataqları bütünlüklə İngiltərə imperiyasına verilirdi.
İndi sual olunur: Bir ölkənin xilaskarı olmaq o ölkənin 30 min insanını öldürməkdirmi; təbii sərvətlərini talayıb, o cümlədən oranı tərk edərkən bankdakı əmanətlərini də qarət edib başqa dövlətə bağışlamaqdırmı; istiqlalına və milli iradəsinə istehza ilə baxmaqdırmı?!
Elə təkcə bu deyilənləri yekunlaşdırıb, əminliklə demək olar ki, A.Quta qarşı “Türklər gəldi bizi xilas etdi!” nəqarətini səsləndirən dilqəməhmədlər nəsli növbəti dəfə saxtalaşdırılmış tariximizin yeni qurbanıdır. /meydan.tv/
Комментариев нет:
Отправить комментарий