02.10.2016

Mahatma Qandi

Hind xalqı tərəfindən  “Mahatma” (Böyük Ruh) olaraq yad edilən Qandi 1869-cu ildə dünyaya gəlib. Pasifist, siyasətçi və mütəfəkkir Qandi ingilis müstəmləkəçiliyinə qarşı Hind Milli Hərəkatının 1919-1948-ci illər arasındakı ən mühüm lideri idi.
1869-cu ildə Porbandarda Vaşiya kastasına mənsub ailədə, tacir bir atanın oğlu olaraq həyata gözlərini açan Mohandos Karamçand Mahatma Qandi 12 yaşında evləndirildi. İctimai quruluşun qadağalarına baxmayaraq, İngiltərədə təhsil aldı. 1888-1891-ci illərdə Londonda hüquq ixtisasını bitirdikdən sonra, iki il Bombey və Rakot şəhərlərində vəkil olaraq çalışdı.
1893-1914-cü illər arasında Cənubi Afrikada vəkilliklə məşğul oldu. “Transvaal British-Indian” dərnəyini və “Opinon” qəzetini qurdu. Qandi burada irqçi Aparteid rejiminin irq ayrı-seçkiliyi siyasətinə məruz qalan hindli immiqrant işçilərin hüuqlarının müdafiəçisinə çevrildi. Onları bir yerə yığaraq silahsız, qansız bir qələbə qazandı və “Hind Müstəqillik Qanunu”nu da burada imzaladı.
Qandinin Cənubi Afrikada olduğu illərdə meydana gətirdiyi ideologiyasının əsasını, zülmə qarşı mübarizə, vətəndaş itaətsizliyi, Asiya millətçiliyi, Hinduizm cərəyanının dini mistik elementləri, dinlərə hörmət və s. təşkil edirdi. Zülm, yalan və haqsızlığı eyni şey olaraq görən Qandinin mübarizə prinsipi düşməni məhv etmək deyil, ancaq zəfər qazanmaq idi. O, zülmkarlara qarşı üç silahdan istifadə edirdi. Bunlardan birincisi, onlarla əməkdaşlıq etməmək və onlarla birlikdə işləməmək idi. İkincisi, rəqiblərinə əziyyət verməmək və onlara fiziki ziyan vurmamaq idi. Əgər zalımlara qarşı zalımların üsulları istifadə edilsə, onlardan fərqləri qalmazdı və o hər cür vəhşiliyə qarşı idi. Mübarizə qanunlarının sonuncusu isə lazım olduğu vaxtda rəqiblərinə insani yardımı əsigəməmək idi. Qandi Afrikada mübarizə apararkən, vəba xəstəliyi vaqe olan vaxt o, mübarizəyə ara verdi və ətrafındakıları düşmənlərinə kömək etmək üçün səfərbər etdi.
Qandi və yoldaşları silaha silahla cavab vermədilər, əksinə düşmənləri sevgi ilə, hücumu mərhəmət ilə qarşıladılar. Düşmənləri bu vəziyyət qarşısında nə edəcəklərini bilmədilər, çünki qarşılaşdıqları yeni və qəribə bir mübarizə idi. Bu vəziyyət qarşısında general Smuts: “Hindliləri sevmirəm, lakin sizə qarşı gücsüzəm. Köməyə ehtiyacımız olanda bizə kömək edirsiniz, sizə necə əl qaldıra bilərik? Bizə qarşı silahdan istifadə etsəydiniz, öhdənizdən necə gələ biləcəyimizi görərdiniz, ancaq siz düşməninizə belə əl qaldırmırsınız. Öz-özünüzə işgəncə verərək zəfər qazanmaq istəyirsiniz. Buna görə də sizin qarşınızda gücsüz qalırıq.” deyərək etirafını dilə gətirmişdi.
Passiv (yəni silahdan istifadə etmədən) müqavimət müvəffəqiyyət qazanmışdı. İndi isə növbə eyni işi öz ölkəsində tətbiq etməyə gəlmişdi.
21 ildən sonra, yəni 1915-ci ildə öz ölkəsinə qayıdan Qandini qarşılamağa gələn on minlərlə hindli, həm də onun artıq Hindistan üçün milli bir simvol halına gəldiyinin də isbatı idi. Həmin illərdə Hindistan İngiltərə tərəfindən idarə olunurdu. Hindistan İngiltərədən müstəqillik qazanmaq vədi qarşılığında I Dünya Müharibəsində İngilis qoşununa 985 min əsgər vermişdi. Buna baxmayaraq, müharibə qurtardıqdan sonra verilən vədlər yaddan çıxdı, üstəlik azadlıqlar isə daha da məhdudlaşdırıldı.
Ancaq 1919-cu ildə Amritsarda baş verən qanlı hadisələr sonra Qandi onlara qarşı olaraq cəbhə qurdu və müstəqillik hərəkatının başına keçdi.
Ərəb məhsullarına boykot, vətəndaş itaətsizliyi kimi hərəkətlər həyata keçirən Qandi qiyama və milli qurtuluş üçün döyüşə qarşı çıxırdı. Qan tökülməyəcək, ancaq müstəqilliyə nail olacaqdılar. Hər cür iş və fəaliyyət dayandırıldı. Qandi əl sənətlərinə əsaslanan məhsulların istehsal edilib, satılması üçün çalışırdı. O da daxil olmaqla bir çox adam həbs olundu.
1942-ci ildə ağır xəstələndi. İngilis qubernator onun öləcəyini düşünüb həbsdən azad etdi. Lakin o ölmədi və təkrar müqaviməti təşkilatlandırdı. Aralarındagələcəyin dövlət başçısı olacaq C.Nehrunun da olduğu gəncləri dəstəklədi və ümumi boykot yenidən başlandı. İşğalçılar tərəfindən yenidən həbs olundu. Bir müddət sonra həbsdən çıxdı və təkrar azadlıq mübarizəsinə davam etdi. Bundan sonra o, 30-40-cı illərdə təkrar həbs olundu, ancaq prinsiplərindən və hədəfindən əl çəkmədi. İngiltərə Hindistana muxtariyyət (özünü idarə hüququ) verdi, ancaq 1947-ci ildə Qandi xalqına azadlıq şərbətini içirdi. Ruhundakı ucalıq və nadir rast gəlinən zəkası ilə müasir tarixin ən görkəmli şəxslərindən olan Qandi, siyasi və əxlaqi inanclarının əsasını mənsub olduğu Caynizm dinindən götürürdü. 30 yanvar 1948-ci ildə Yeni Dehlidə radikal-milliyyətçi bir hindli tərəfindən həyata keçirilən sui-qəsd nəticəsində öldürüldü. /kayzen.az/

Комментариев нет:

Отправить комментарий