Bakılıların məşhur “Özünü tanıyan cayıllardansan?” sualını eşidib susdunsa, neynək, özündən küs. Gərək tez, cəld cavablandırasan bu solaxay sualı. Dilin kəkələyə-kəkələyə vaxtı çox uzatmayasan.
Müsahibə aldığımız şəxs, vaxtilə, uzaq 60-cı illərdə bu sualı eşidincə əsla qorxmayıb. 3-cü Xrebtovı məhəlləsinin köhnə, suvağı tökülmüş əyri, nəm divarlarına söykənərək suala qısa cavab qaytarıb: "Həəəəəə..." Sahə müvəkkili Elçin Əhmədov verdiyi bu qəliz sualın cavabını o vaxt heç gözləməyib də. Cəld irəli sıçrayıb qarşısındakı qorxmaz cayılı həbs etmək istəyib. Əl atıb bu ağır cayılın belindəki qeydiyyatsız tapançaya. Ayağı həyətdəki zibil vedrəsinə ilişib bu vaxt... Qonşular səs-küyə qəfil səksənib, pəncərələrə yaxınlaşıblar.
Hamımızın yaxşı tanıdığı Hacı Əbdül bu köhnə xatirələrini nadir hallarda xatırlayır. Adətən çətin günlərində-qazamata düşəndə, taleylə təkbətək qaldığı vaxtlar o, bu xatirələrini yaddaşında canlandırır. İndi də, deyəsən, belə tərs payız günlərinin biridi.
- Qorxmadızmı o vaxt?
Sualım Əbdülü diksindirir. Bir qaşı qalxır yuxarı, digəri qalır aşağıda.
- Bir az, hə, qorxdum. Gördüm müqavimət göstərsəm, lap zibilə düşəcəm. Sahə müvəkkili özü duymadan, qoburun düyməsini açdım. Tapançanı barmaqlarımın ucunda, qabından astaca çıxartdım. Elə çıxartdım ki, milisin ruhu da incimədi.
Hə...bakılıların köhnə adətidi- sahə müvəkkillərinin tapançasını sakitcə oğurlayar, sonra silahı xahiş-minnətlə sahibinə qaytararlar. Yəni “Bil, agah ol. Silahı sənə təkcə elə Şura hökuməti verməyib. Biz də sənə silah vermişik. Özünü yaxşı apar. Cırtqozluq eləmə məhəllələrimizdə. Yoxsa tapançanı növbəti dəfə geri qaytarmarıq”.
- Özünüzü ilk dəfə o zaman tanıdız, Əbdül bəy?
- İlk dəfə, həəə... o vaxt tanıdım özümü. Qəribə mənzərəydi- milisin silahı məndəydi, mənimki milisdə. Beləcənə əvvəlcə hər ikimiz iki-üç addım geri çəkildik. İkimizin də barmağı tətik üstəydi. Sahə müvəkkili ürəyimi nişan aldı elə bil. Mən tapançanı yuxarı qaldırıb milisin alnına tuşladım.
- Milis də tanıdı sizi o gün, ən vacibi, elə özünüz də... Eləmi, Əbdül bəy.
Hacı Əbdülün “bəy” kəlməsinə nifrəti, deyəsən, hələ də qalır. Ünvanına dediyim “bəy” kəlməsini eşidən kimi, Əbdülün bütün əvvəlki əhvalı pozulur. Bayıl qazamatında yatdığı günlər yaddaşında oyanır. Sifəti qocalır elə bil bir an. Dodaqları xəfifcə titrəyir.
- Xahiş edirəm, məni bir də “bəy” deyə çağırma. O ki qaldı düşdüyüm o gərgin vəziyyətə... Əşşi, səbəbi çox adiydi bu məsələnin, çox da qəliz deyildi. Nərimanov prospektindəki “Ceyran” kafesində toy sifariş etmişdik. Kafenin böyüyü əvvəlcə təkliflə razılaşdı. Behləşdik də öz aramızda. Ancaq sabahısı gün kişi qavalı çövürdü. Başladı nəm-nüm etməyə, burcutmağa. Cavabında mən belimdən tapançamı çıxardım. Sahə müvəkkili də məhz o vaxt aramıza girdi.
“İmam Hüseyn” məscidi həyətində Aşura günü öz köhnə xatirələrini bölüşən Hacı Əbdül əvvəlkindən daha qayğılı görünür mənə. Samovarlardan qalxan tüstü, küləyə qoşulub üstümüzə cumur bu vaxt. Əbdül astaca pıçıldayır öz-özünə:
- Xəta-bəladan yaxşı qurtardıq, şükür, o zaman.
Əbdülün özüylə sonrakı, ikinci tanışlığı isə başlayır 80-ci illərin son rübündən. O zaman ipə-sapa yatmayan Əbdül Politexnik İnstitutunda sərbəst güləşdən dərs deyirmiş. “Cəfər Cabbarlı” kinoteatrı tərəfdə çayxana işlədirmiş. Qısası, keyfi kökmüş. Lakin o vaxt Əbdülün yatıb gördüyü bir yuxu onu qəflətdən oyadır büsbütün.
- Gördüm böyük, yekə, meydanda insan seli gur-gur dalğalanır. Gah geri gedir, gah irəli. Xatirəmdə o meydandakı nitqlərdən təkcə bir ifadə qaldı- “Xalq cəsarətli fikirlərə möhtacdı”.
- Kimin dilindən eşitdiniz bu kəlmələri?- sualım səslənincə əyləşdiyimiz otağın qapısı eşikdən açılır. Niqablı bir qadın İmam ehsanı- çayla halva gətirib qoyur aramızdakı süfrəyə. Tez də anında qeybə çəkilir burdan. Qapıdan necə çıxdığı görünmür.
- Həəə... bax o zaman özümü ikinci dəfə həm tanıdım, həm də aşkarladım. “Tövbə” Cəmiyyəti təsis edərək içkidən, narkomaniyadan əziyyət çəkənləri başıma yığdım. Qeydiyyatdan keçdik. Başladıq fəaliyyətə.
- Özünüzlə üçüncü dəfə tanışlığa day ehtiyac qalmayıb, eləmi?- kinayəli baxışlarımı Əbdüldən gizlətmirəm.
- Ehtiyac yoxdu. Gəlib yetişmişəm “tamam-segah” həddinə. O vaxtdan özümü tam tanımışam. Əvvəl özümçün yaşayırdım. O yuxudan sonra cəmiyyətçün yaşayıram, biləsiz.
Söhbət əsnasında hərdən Əbdülün səsi itirdi elə bil qulaqlarımda. Gördüyüm, eşitdiklərim məşhur “Bir cənub şəhərində” filmini xatırlatmağa başlayırdı mənimçün, vallah.
Sovet ideoloji maşını kino sənətindən həmişə öz məqsədləri üçün uğurla istifadə edib. O vaxt, özünü tanıyan Bakı cayıllarına qarşı aparılan mübarizə qalxıb çıxır lap kəlləçarxa. Kino sənəti, gənc rejissorlar da gəlib qoşulur bu yad ünsürlərlə mübarizəyə.
Cayıllara qarşı xüsusi gizli əməliyyat hazırlanır.
Bəs kim idi bu cayıllar görəsən?
Hacı Əbdülün təmsil etdiyi bu zümrənin mənşəyini gəlin indi mən sizə bitdə-bitdə izah edim.
Qız qalası daxil, Bakıda ta qədimlərdən 32 qala istehkamı mövcud olub- ətraf Bakı kəndlərinin sayı qədər. Qala müdafiəçiləri özlərini xüsusi tayfa sayır, başqalarına çox da qaynayıb qarışmırdılar. Rus işğalından sonra həmin bu qala müdafiəçilərinə istehkamları tərk etmək əmri verilir elə bil. Nəticədə müdafiəçilər həmin qalaları doğma məhəllələri ilə əvəzləyirlər. Bu dəfə qalaları deyil, arvad-uşağı, qız-gəlinləri göz bəbəkləri kimi qorumağa başlayırlar. Sırf məişət məzmunlu bu gizli təşkilat 60-cı illərdə dövlət təhlükəsizlik qurumlarını narahat etməyə başlayır. Bir tərəfdə cayıllara qarşı gizli əməliyyat keçirilir, digər tərəfdə bu ssenari əsasında “Bir cənub şəhərində” filmi lentə alınır.
- Necə qoruyurduz o vaxtlar öz məhəllələrinizi? Hadisələr doğrudanmı “Bir cənub şəhəri” filmini xatırladırdı, həəə- sualımı Azdrama ahəngiylə səsləndirib Əbdülü azca diksindirirəm. Cavab gəlmədiyini görüb sualımı bir az da xırdalayıram.
- O filmə nə əlavə edərdiz, əlinizə imkan düşsə?
- Heç nə əlavə etməz, tam tərsinə, ordan bəzi səhnələri çıxarardım. Məsələn, rus qızının Eldənizlə qol-qola verib məhəlləmizdə gəzmək səhnəsini. Bu, mümkün olan iş deyildi o vaxtlar.
- Bəs indi?
Əbdülü yenə də diksindirirəm.
- İndidən danışmayaq. -Əbdülün alnı qırışla örtülür. Deyəsən, müasirlikdən bərk çəkinir.- Mövzumuz əvvəlki vaxtlardı. O zamanlar məhəllələrimizdə çox sayda kirayənişin qız uşağı olardı. Dərsə gedib gələrdilər. Bizim adına Yuxarı məhəllə deyilən məhəlləyə isə 3 saylı Milis şöbəsinə yoxxxx... məhz biz nəzarət edərdik. Qapılar açar nədi bilməzdi. Taksi sürücüləri maşını saxlardılar qapıda. Qapısını açar, radioda muğamatın səsini qaldırıb yuxuya gedərdilər. Kimin ağzı nəydi bu mənzərəyə qulp qoysun, hə? Nəzarət edirdik belə işlər olmasın.
- Qız ardına düşüb məhəllənizə girənləri döyübsüz heç?- sualım, deyəsən, lap vaxtında, yerində, məqamında səslənir.
- O qədər. Zərərçəkənlərdən birinin sonrakı taleyi indiyəcən qaranlıqdır mənimçün. Ardınca “təcili yardım” çağırmışdılar.
- Ola bilsin ki... - cümləmi axıracan demirəm.
- Hə... ola bilər... -Əbdülün iri yumruqları bu vaxt gözümə girir. -Dinc dolandığım qırağyerlilər da az deyildi məhəlləmizdə. Biri Zəlimxan Yaqub. Dayım Xeyrullanın zirzəmisində yaşayırdı. Amma şair olduğunu çox sonralar öyrəndim. Yanımızda şeir-zad oxumazdı o. Elə bilirdim riyaziyyat öyrənir institutda.
Hacı Əbdül gecələr yatağa uzanarkən həmişə dəftər-kitab, qələm qoyar başı üstəki masanın üzərinə. Yəni təbi gələndə duyğularını kağız üzərinə köçürər indi də. Qısası, gecələr şair olur, gündüzlər adi vətəndaş. Neçə illərdi bu çevrilmə dayanmadan davam edir. Tale qəribədir, bu iki şairi- Əbdüllə Zəlimxanı, dağlı məhəlləsinin zirzəmilərində dəfələrlə görüşdürsə də, şeir yazdıqlarını bir-birindən gizlədiblər. Yad olublar bir-birilərinə.
Köhnə Bakını, doğmaca məhəlləsini sör-söküntüdən, ölümdən qurtarmayacağını bilmək, dərk etmək ağrısı bəs necə, Əbdüldə mövcuddurmu, görəsən? Məncə, mövcuddur. Ancaq burda da o, özünə bir xırda təsəlli tapıb, deyəsən.
- Məhəllə söküləcək. Bu, acı həqiqətdi. Qoruyammadıq onu. Amma bu "İmam Hüseyn" məscidini qoruyacam son nəfəsimədək. Meyitim burdan çıxacaq, görərsiz, - deyən Əbdül, mənə məscid sütunlarına sarılmış qara parçaları nişan verir.
- Aşura günü qara bayraqları qadağan ediblər. Çarəni, qara parçalarını sütunlara sarımaqla tapdım.
- Deyirsən ki, çarə həmişə var, eləmi? - heyrətimi kimsədən gizləmirəm. Həyətdəki əza iştirakçıları da qoşulur mənə. Bir ağızdan dediklərimi təsdiqləyirlər- “Çarə həmişə var”...
Üçüncü dəfə Hacı Əbdül özünü çox qəliz bir ünvanda, düşdüyü Bayıl qazamatında tanıyır.
- Vaqif Hüseynov, Qatır Məmməd, Şahvələddi, nəhayət, mən; ayrıca təkadamlıq kameralarda qalırdıq. Kameramın nömrəsi, tərsliyə bir bax 13-dü. Bir gün Qatır Məmmədə (Ağdam özünümüdafiə batalyonlarından birinin komandiri) dedilər bəs guya qazamatda yoluxucu xəstəlik var. Sənə peyvənd vurmalıyıq. Vurdular. 20 dəqiqədən sonra o, öldü. Gəlib apardılar.
- Niyə öldürdülər onu?
Əyləşdiyimiz məsciddə Kərbəla şəhidlərinin əzası verilir, dindarlar sinə vurur, mərsiyə deyirlər. Əbdülün dramatik xatirələrinə tam yaraşır həmin çılğın mənzərələr. Burda nə varsa bir-birini tamamlayır. Söhbətimizə yad görünən heç nə yoxdur ətrafımızda.
- Deyirdi bəs vertolyot qəzasından əvvəl Tamerlan Qarayev ratsiyada axtarıb onu. Deyib o səmalardan bir erməni vertolyotu uçacaq indi. Vurarsız. Düşdümü, buna da sakitləşməyin. Gedin, cəsədləri gülləylə darayın...
Mərsiyəxanın gur səsi burda göylərə yüksəlir sanki. Gedib məscidin divarlarında, gümbəzində əks-səda qoparır. O mənzərələrdən duyğulanıb, yenidən Əbdülü danışdırıram.
- Bəs sonra nooldu?
- Sabahısı məni çağırdılar həkimə. Qatır Məmmədə deyilənlər eynən mənə də deyildi. Bəs guya xəstəlik var, bəs guya mənə peyvənd vurmalıdırlar. Dedilər köynəyimin qolunu çırmalayım...
- Neynədiz?- sual, quru boğazımı güclə dəlir.
- Allahımı çağırdım... Bircə ifadəyə gücüm çatdı “Günahımı deyin”... Həkim sonrakı susqunluğumu görüb qəfil qeyrətə gəldi sanki. Siyirmədən çıxardığı dolu iynəni yerə çırpdı gözlərim qarşısında... Ancaq bir gün fürsət tapıb məni zəhərlədilər- kamerama tüstülü qaz vurdular. Huşumu itirdim. Ayıldığım vaxt səs tellərim artıq sıradan çıxmışdı.
- İtirdiyimiz təki yalnız səs tellərimiz olsun- durduğum yerdən azca kənara çəkilib ordan Əbdülə bir yaxşı-yaxşı baxıram. Hiss edirəm bu adam özünü artıq tam tanıyıb.
Özüylə tanışlığına artıq qəti ehtiyacı yoxdu.
77 yaşında səs tellərini itirən Hacı Əbdül, əvəzində Allahdan dörd övlad qazanıb özüyçün. İxtiyarındakı nadir “Çayka” avtomobilinin arxa oturacağından, məktəb çantaları əskik olmur indi.
Bu gün o məni də əyləşdirdi bu nadir maşınına. Azneft meydanında, İstiqlal küçəsində məni yaxşı-yaxşı gəzdirdi. Evi tərəfdə qır tiyanı görüb təəccübümü gizlətmədim. Əbdüldən soruşdum ki, qırçılığı bacarır?
Əbdül gülümsündü. Heç nə demədi əvəzində. Soruşanda “qırın tərkibi nədi?” Əbdül dərhal anında dilə gəldi.
- Qara mazutdu. Duzdu. Bir də su. Həcmlərini gərək ancaq dəqiq biləsən.
İstədim bu yerdə Əbdülü bir də imtahana çəkim. Solaxay bir sual verdim ona lap axır-axırda.
- Naxçıvan duzu bəs necə, yarayırmı Bakı qırına?
- Bəli. Yarayır. Özüm sınamışam.
“Çayka” gəlib öz dayanacağına yetişir bu vaxt. Elə bizim söhbətimiz də...
Qayıdaq yenə bayaq barəsində danışdığımız “Bir cənub şəhərində” filminə. Bu dəfə onun ilk deyil, son kadrlarına. Orda Bakı cayıllarından biri futbol şərhçilərinin diliylə cari məişət hadisələrini nəql edib gözəl kinemotoqrafik effekt yaradır. Əbdüllə vidalaşarkən mən bu fəndə əl atmaq, mövzularımızı futbol şərhçisi kimi nəql etmək istərdim - “Yarımmüdafiəçi Həmid daxil olur cərimə meydançasına... Küncdən zərbə erməniləri karıxdırır”.
Əbdül anında göydə tutur bu ahəngimi. Bu tanış idman ritmini. Cari siyasi hadisələri bu dilə çevirməyi bacarır. Referendum, vitse-prezident məsələlərinə toxunur bir an...
Hacı Əbdül, bəli, son müsahibələrinin birində ölkənin birinci xanımı Mehriban Əliyevanı vitse-prezident gördüyünü hamıya adi dillə çatdırıb. Eyni fikri bax bu cür- kino, idman estetikasında təkrarlaması, düzü, çox maraqlı görünür mənə.
Hiss edirəm bu məharətin arxasında çox böyük həqiqət var.
Həmid HERİSÇİ musavat.com
Комментариев нет:
Отправить комментарий