06.08.2011

Peşə məktəbləri


Alı Vüsal                        Professional Oxucu Liqası

  Güclü deyir ki, onsuz da güclüyəm, yel qayadan nə aparar?

 Əvvəllər bir şeir var idi: “Hansı sənət yaxşıdır?” Uşaqlar da onu oxuyub özlərinə bir sənət seçirdilər. İndi valideynlər çaş-baş qalır ki, uşağına hansı peşəni seçsin. Büdcə təşkilatında işləsə, çörək pulunu güclə çıxardacaq, sahibkarlıqla məşğul olsa, vergi, polis iki gündən bir gəlib bağrını çatladacaq. Bütün bunlara görə elə hər dövr üçün ən çörəkli iş bəzi qədim peşələrdir.
 Qədim peşə bir neçə cür olur. Onlardan biri də xəbərçilikdir. Ona görə elə uşağa xəbərçiliyi öyrətsən, həmişə çörəyi olacaq. Bir var mədəni, abırlı xəbərçilik. Buna jurnalistlik də deyirlər. Məsələn, o böyüklükdə ANS-in əsas verilişinin adı “Xəbərçi”dir, neçə qəzetin adının sonunda “xəbər” sözü var. Amma bu növ nəinki çox sərfəli deyil, hətta əksər məqamlarda xatalıdır. Qaldı xəbərçiliyin digər növünə, hansı ki el arasında buna “işverənlik” də deyirlər,- bax bu növ həmişə çörəkli olub! İstər hökumət işi olsun, istər sahibkarlıq. Siz də onlarla, bəlkə lap yüzlərlə insan tanıyırsınız ki, işverənliklə ev-eşik, təmtəraq, arvad-uşaq sahibi olub. Eh, bu işin də o qədər özəllikləri var ki! Məşhur iverənlərdən biri danışırmış ki, qonşularından biri ondan xahiş edir, qardaşına da çörəkli bir iş təşkil eləsin. O da deyir ki, elə gəlsin mənimlə işləsin. Yəni o da balaca işverən olsun, bunun yanında stajirovka keçsin. Beləliklə, bu məşhur işverən təzə işverənə məsləhət verir ki, şefə belə giriş, belə yaltaqlan və sairə. Bir də görür ki, təzə işverən şefə bundan çox girişir, onun yanında daha çox hörmət qazanır. Qəzəblənib onu şərləyir və şefin yanından qovdurur. Daşı oxa dəyən təzə işverən bundan soruşur ki, niyə belə elədin, ay namərd? Bu da deyir ki, o “qoltuq” mənimdir, ora mən girməliyəm, sən başını hara soxursan, bala? Maraqlı söhbətdi, deyilmi? İndi onsuz bu sahədə böyük şəbəkə yaranıb. Elə müdirlər ortaya çıxıb ki, nə mənəviyyatı var, nə də savadı. Bu adam işverənlikdən başqa nə etsin ki, şefin yanında hörməti olsun? Bir də həmişə zəiflərin işverənə daha çox ehtiyacı olur. Güclü deyir ki, onsuz da güclüyəm, yel qayadan nə aparar?
 Çalışın zəmanəyə uyğunlaşın, ay novruzəli həmvətənlərim! Bir məsləhətim odur ki, mülkünüzü özünüz qoruyun, polisə çox da bel bağlamayın. Bəziləriniz televizorda polislərin olduqca çevik, operativ hərəkətlərini görüb elə bilirsiniz ki, bizdə də elədir. Son vaxtlar bəzi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, belə şeylər ancaq kinoşlarda olur. Reallıqda isə...
 Əgər hər hansı qanunsuzluqla qarşılaşıbsınızsa, məsələn, malınız, pulunuz oğurlanıbsa, öncə şikayətinizə əhəmiyyət verilməyəcək. Sonra “qardaş kimi” məsləhət görəcəklər ki, şikayət etmə, ərizəni geri götür. İnad etsən, başdansovdu bir sənədləşdirmə aparacaqlar, imkanları olsa xox gələcəklər. Məcbur olub gah müstəntiq, gah kriminalist və s. polis funksiyalarını yerinə yetirməli olacaqsan.
 Buna görə bəzilərinə elə gəlir ki, bizim polis cinayətləri açmaqdan daha çox, kömür satandan dollar satanadək haqq almağı, kimlərisə şərləməyi daha yaxşı bacarır.
 Ən natarazlıqlardan biri də odur ki, indi bəzi polis zabitləri şübhəli şəxslərin müdafiəçisi rolunda çıxış edirlər. Bundan ruhlanan oğrular, quldurlar da tez-tez adamları “Mənim polisdə adamım var” deyə öyünür, yaxud şikayətçiləri hədələyib “Evini yandıraram, yatan yerdə balta ilə öldürərəm” və sair hədələrlə qorxudurlar. Yaxud belə oğrular qadın cinsinə məxsus olduqda, “mənə sataşmısan” deyib, həmin şəxsləri şərləyirlər. Diqqətli olun.

Комментариев нет:

Отправить комментарий