06.08.2011

Rafiq Tağı günü…

Kəramət Böyükçöl

Heyrət eləyirəm ki, bu qədər söz-söhbətlərin, ədəbi mübahisələrin, polemikaların içində Rafiq Tağı nə xırda AYB-çi, nə də xırda AYO-çu olaraq qaldı. Çünki o, mənəviyyatca, nə AYB-çi idi, nə də AYO-çu. Rafiq Tağının içindəki ədəbiyyat heç vaxt təşkilatçılığa, xırda söz-söhbətlərə xidmət eləmədi. Həmişə bütöv olaraq qaldı. Yazıçı kimi bu dünyanı, insanları, hadisələri, inqilabları, hakimiyyətləri, ölümləri necə gördüsə, o cür də dilə gətirdi.
Heç vaxt Rafiq Tağını “kiminsə” yanında görmədim. O, nə Anarı tənqid eləyib Kamal Abdullanın kölgəsinə sığındı, nə də bəziləri kimi AYB-dən çıxandan sonra təqaüd üçün yenidən AYB-yə qayıtdı. Çağdaş ədəbi proseslə yaxından tanış olan və ümumilikdə bu prosesi izləyən hər kəs üçün Rafiq Tağı gün kimi aydın bir insandır və şəxsən mənim üçün Rafiq Tağı ən yeni ədəbiyyatımızın ən yeni tərcümeyi-halıdır.
Rafiq Tağını müxalifət də sevir, iqtidar da, insanlar da sevir, heyvanlar da, uğur da sevir onu, uğursuzluq da, azadlıq da sevir, həbsxana da, AYB də sevir, AYO da!
Həbsxana demişkən, nə gözəldir həbs olunmaq, dörd divar arasında nəfəs almaq mənəviyyatın qidalanma üsuludur. Bəzən ucu-bucağı görünməyən böyük çöllərdə həbs olunmaq da olur, dörd divar arasında azad yaşamaq da! Rafiq Tağını həbs eləmək, onu susdurmaq qeyri-mümkündür; vəzifəsi yox ki, əlindən alasan, dükanı yox ki, bağlayasan, müdiri yox ki, şikayət eləyəsən. Onu susdurmağın yeganə yolu alnına bahalı bir “vətən” gülləsi çaxmaqdır.
Rafiq Tağı təkcə ədəbiyyat hadisəsi deyil, mən deyərdim o, həm də getdikcə qoloballaşan dünyanın mürəkkəb siyasətini aydın şəkildə dərk edib anlayan və Atlantik okeanının o üzündən, Alp dağlarından tutmuş Sakit okeanının Şərq sahillərinə qədərki dünyanı öz yazıçı təxəyyülü ilə aydın şəkildə görə bilən ictimai xadimdir. Onun bədii zövqü, ədəbi düşüncəsi, hazır yazıçı beyni bugünki dünya ədəbi prosesinin tərkib hissəsi olan müasir Azərbaycan ədəbiyyatını önündə dayanır .
Bilirəm ki, yubileylərin Rafiq Tağı üçün bir sərçənin ad günü qədər də əhəmiyyəti yoxdur. Bu gün Rafiq Tağının doğum günüdür. Mən böyük yazıçımızı bu münasibətlə ürəkdən təbrik eləyir və bu günü öz aləmimdə Rafiq Tağı günü elan eləyirəm.
kultaz.com

Комментариев нет:

Отправить комментарий