Elnur Rəsuloğlu (Əliyev)
Keçən əsrin 60-cı illərindən başlayaraq bədii ədəbiyyatın dramatik növünə müraciət edib “Qoruqlar”, “Ləpələr”, “Axillesin dabanı”, üçpərdəli “Mənsiz yaşa” (1962), “Nənəmin şahlıq quşu”, “Boşanaq,evlənərik” pyesləri ilə teatr aləminə daxil olan, teatrlarla əlaqə saxlayıb aktyorlarla dostlaşan mərhum şair Əliağa Kürçaylının (1928-1980) bədii yaradıcılığında “Daşlar”, “Hər şeyi təzədən başlayaq gəlin”, qızı Ülkərə ithaf etdiyi “Düşüncələr” və s. şeir silsilələri ilə yanaşı, səkkiz şeirdən və bir poemadan ibarət “Aktyor dostumun söhbətləri” silsiləsi də əsas yerlərdən birini tutur.
“Aktyor dostumun söhbətləri” silsiləsində lirik qəhrəmanı sənətinin zirvəsində dayanan vətəndaş aktyor əvəz edir. Bu, əlbəttə, lirik qəhrəmanla yeni bədii surətin yerdəyişməsindən ibarət metamorfoza deyil, poeziyamız üçün təzə olan surətin mahiyyətindən doğan tələbatdır. Aktyor zəmanəmizin çox mürəkkəb əxlaqi-mənəvi problemləri ilə qarşılaşır, onları bütün varlığı ilə yaşayır; bu təmasdan daxili aləmi təlatümə gəlir, duyğu və düşüncələrində, mülahizələrində fəal həyat mövqeyi aydın təzahür edir. O, qədim ədəbiyyatdan, antik yunan sənətindən başlamış, müasir Azərbaycan bədii təfəkkürünə qədər bəşər dramaturgiyasının bir çox görkəmli nümunələrinin səhnə təcəssümündə iştirak etmiş, öz qastrol səfərlərində dünya paytaxtlarını və çoxlu əyalət şəhərlərini gəzmiş, görüb-götürmüş adamdır. Bu obrazdan istifadə etməklə Ə.Kürçaylı bir növ lirik qəhrəmanın görüş dairəsini vüsətləndirmiş, hadisə, fakt və insanlara yeni, daha gur bir işıq altında baxa bilmişdir...” [1,s.8].
“… Yeri gəlmişkən qeyd edək ki, 60-cı illərdə başladığı, 70-ci illərdə bitirdiyi “Aktyor dostumun söhbətləri” silsiləsi... həyatda, cəmiyyətdə baş verən ictimai haqsızlıqlara qarşı kəskin ittihamnamə idi. Lakin Kürçaylı əsl sənətkar ustalığı ilə hadisələrin cərəyan etdiyi məkanı dəyişdirir, xarici ölkələrə köçürür. Məsələn, “Başçılar” şeri aktyorun səhnədə oynadığı şah, kral rollarına münasibəti ilə məhdudlaşmır, daha qlobal əhəmiyyət kəsb edir. Millətin başçısı, ölkəni idarə edən şəxs kim olmalıdır sualına cavab kimi səslənir.
Başçı var ki, ölməlidir,
Zülm eləyir yaşayaraq,
Vəba yayır, taun yayır.
Ölümünü xalq istəyir, arzulayır
Bürkü vaxtı əsən sərin külək kimi.
Bir xəstəyə dərman kimi,
Qəhət olmuş çörək kimi,
Azadlığa fərman kimi...
Aydın məsələdir ki, o dövrdə bu fikri birbaşa SSRİ məkanına aid etmək qətiyyən mümkün deyildi. Ancaq fikrin dolayısı ilə şərhi məlum idi” [2,s.151-152].
“Robot, robot!” şeiri ilə “Aktyor dostumun söhbətləri” silsiləsini davam etdirən Əliağa Kürçaylı “Futbol və Şekspir” (1966) şeirində
“ … Mən səhnə oğluyam, yurdum səhnədir,
Səhnəsiz mənimçün səadət nədir?
Mən orda tapmışam sevinci, qəmi,
Orda deyəcəyəm axır kəlməmi... “ [3,s.59] – deyən, Pelenin atılan dırnaqlarını Şekspirə dəyişməyib gedən bir nəfər tanışının arxasınca baxıb teatrı nəzərlərindən keçirən mükəddər aktyorun teatr üçün narahatlığını şeirin sonundakı
“ … Bəli, səhnəmizin halı yamandır.
Görürəm son vaxtlar işi əyibdir,
Futbol Şekspiri üstələyibdir” [3,s.61]
– misraları ilə ifadə etmişdir.
Səhnələrdə məhəbbətin hər üzünü görüb məhəbbətin hər sözünü pərdə-pərdə söyləyən, saçının tamamən ağ çiçəyə batdığını – ağardığını bildirib özünü son payız yarpağına bənzədən yaşlı “Aktyorun məhəbbəti” daha çox öz təbiiliyi ilə diqqəti cəlb edir.
Yuxarıda söz açdığımız “Başçılar” şeirindən fərqli olaraq, yanvar – mart ayları arasında Ə.Kürçaylının yazdığı “”Sənin əsərin” şerində … məkan dəyişikliyinə heç bir ehtiyac duyulmamışdır.
Burada bir aktyorun gileyi poetik düşüncə üçün stimula çevrilir: dramaturq aktyordan ona görə inciyib ki, əsərindən rol götürməmişdir. Ömrünü böyük sənətə həsr edən aktyor isə bunun səbəbini belə açıqlayır:
Xoşuma gəlmədi əsər,
Doğrusu,
Durğun gölməçətək dayazdır yazın.
Axı, nə zamandan bostan oğrusu
Bəlası olubdur həyatımızın?
Səndə bir kilodan yeddi qram ət
Kəsən bir satıcı faciəmizdir.
Balaca oğrular səndə fəlakət,
Azman oğrularsa safdır, təmizdir.
Sən yaxşı bilirsən:
Heç bir əsərdə
Baqqal, ya dükandar bəla olmayıb.
Həqiqət nəfəsli heç bir əsərdə
Kiçik bir alverçi rüşvət almayıb.
Yazıb bir felyeton söhbətini sən,
Deyirsən:
Bax, budur, əsrin azarı.
Milçəyi vurursan top lüləsindən,
Hanı əsrimizin qəhrəmanları?!
Yüksək rəyasətli adamlar var ki,
Nitqində qurbandır vətənə, elə.
Bərkdə öz sözündən elə qaçar ki,
Eli də, xalqı da salar əngələ.
Keçmiş muzdurlar var – zadəganlaşıb,
Keçmiş nökərlər var – ağalaşıbdır...
Qurdlar var – quzutək mehribanlaşıb,
Quzu var – qurd kimi həddin aşıbdır.
1970-ci ildə qələmə alınmış bu şeir məgər həmin dövrün üzünə çırpılan poetik ittihamnamə deyildimi?” [2,s.152-153].
Satirik məzmunlu “Kor bağırsaq” (1971) şeirində Kürçaylı səhnəyə gəlişi qəmli günlərini yadına salan, səhnəyə gəldiyi birinci gündən adı heç afişaya yazılmayan, yeddi il səhnədə kölgə kimi dolanan, arzusuna, istedadına baxmayıb baş rollara buraxılmayan, daim ətsiz, qansız müqəvva olmaqdan bezib yorulan, heç bir aktyoru əvəz etməsə də, çox vaxt əvəzçi rolunda çıxış edən aktyorun taleyini şeirin adından da göründüyü kimi kor bağırsağın həll etməsini satirik tərzdə təsvir edir.
Azərbaycanın xalq artisti, istedadlı musiqiçi Fərhad Bədəlbəylinin (1947) dilindən nəql etdiyi “Portuqaliya səfəri”nin yazıldığı 1974-cü ildən bir il sonra Əliağa Kürçaylının qələmə aldığı, qədim yunan yazılı ədəbiyyatı ilə bağlı olan “Mütilər” (1975) şeirində “ … adi faktların bədii şəkildə əyaniləşdirilməsi imkan verir deyək ki, şair özündən razılığa dözə bilmir; hətta, Edip rolunun səhnə təcəssümünü verən aktyorun ... əhvali – ruhiyyəsi, psixoloji sarsıntısı şairi kədərləndirir, onda təzə hisslər, duyğular oyadır.
Səhnədən haqq deyən də, nahaq deyən də, düzlər də, əyrilər də, adlı – sanlı sərkərdələr də Edipin qarşısında sarsılır, vəzirlər və müşavirlər ondan aman istəyirlər. Edip bu mənzərəni görür, daxilində narahatlıq yaranır, özünün gücünü taxt – tacın vahiməsində axtarır:
Sanki milyon başlı əjdahayam mən,
Tərpənsəm bir anda dağılar aləm.
Özümə baxıram – cılız bir bədən;
Bir qul yumruğuna dözə bilmərəm.
Aktyor səhnədən – Ediplər mühitindən ayrılanda özündə dinclik və rahatlıq tapır. Mütiliyin müstəbidlik doğurduğuna inanır:
Deyirəm yaxşı ki, səhnədir bura,
Edip paltarında aktyoram mən.
Uzaq olacağam bir saat sonra,
Qullar dünyasının mütiliyindən.
Onlara baxdıqca iyrənir ürək,
Önündə əsirlər kralın, serin.
Onlar olmasaydı, güney qarı tək
Ömrü az olardı müstəbidlərin” [4,s.51-52].
“Sovet şeirinin məşhur və görkəmli nümayəndələrindən biri, öz əsərləri və geniş ictimai fəaliyyəti ilə şöhrət qazanmış sənətkar” (Cəlal Abdullayev) , Azərbaycanın xalq şairi Səməd Vurğunun (1906-1956) “Zəncinin arzuları” (1948) poemasından bəhrələnən Ə.Kürçaylı 1968-1969-cu illər zaman kəsiyində “Qəzəb” poemasını araya -ərsəyə gətirdi.
“Kürçaylı lirikasında bir sıra şeirlər o zaman aktual mövzu hesab olunan beynəlxalq imperializmin ifşasına həsr olunmuşdur.
“Aktyor dostumun söhbətləri” silsiləsindən olan “Qəzəb” poeması da bu mövzudadır. Müəllif aktyor dostunun Konqoya qastrol səfəri zamanı şahidi olduğu bir hadisəni qələmə almışdır. Budur, işıq sönür, pərdə qalxır, amma nəhəng salon bomboşdur, yalnız yeddi nəfər dalda, axırıncı cərgələrdə əyləşib. Aktyor tərəddüd içindədir, yeddi tamaşaçı qarşısında çıxış etmək olarmı? Elə bu zaman bir zənci aktyora əmr edir ki, pərdəni salsın, bu yeddi tamaşaçıya sözüm var.
Kimdir bu yeddi tamaşaçı? Məlum olur ki, onlar belçikalıdırlar (o zaman Konqo Belçikanın müstəmləkəsi idi) , tamaşaya bütün biletləri özləri alıblar ki, zəncilər – yerli əhali teatra gəlməsin. Həmin nəhəng zənci üzünü belçikalılara tutub onları amansızcasına ittiham edir:
Gör nə hala salıbsınız,
Konqo adlı bu milləti.
Yüz il əvvəl konqolular
Otuz milyon nəfər idi,
O zamanlar torpağını
Özü əkər, biçər idi.
İndi on dörd milyon qalıb
Bu torpaqda konqolular,
Siz gələni bizim yurda
Qırılırıq qatar – qatar.
... Belə getsə, nə konqolu,
Nə də Konqo olacaqdır!
... Bu torpaqda
Hər nə varsa aparınız,
Bizim üçün qara rəngli
Bir azadlıq qoyun yalnız!
Dərimizin rəngi kimi
Bir azadlıq qoyun bizə,
Çıxın gedin bu torpaqdan,
Çıxın gedin evinizə!
Təəssüf ki, bu poema ədəbi tənqid tərəfindən öz qiymətini ala bilmədi. Halbuki “Qəzəb” poeması öz ictimai – siyasi mündəricəsi, ideya – məzmun xüsusiyyətlərinə görə bu mövzuda yazılmış ən yaxşı əsərlərlə bir sırada dayana bilər” [2,s.193-195].
Əzəl gündən gümanı kağıza, qələmə gələn, Azərbaycanın görkəmli şairlərindən biri olan Əliağa Kürçaylı hər zaman maraq doğuracaq bədii yaradıcılığı ilə indinin özündə də ədəbiyyatımızda öz yerini, mövqeyini qoruyub – saxlamaqdadır.
Ədəbiyyat:
1. Bəkir Nəbiyev. Səfərdən qalmayan ömür. Əliağa Kürçaylının seçilmiş əsərlərinə müqəddimə. Bakı, Azərnəşr, 1989.
2. Sevda Əliyeva. Ə.Kürçaylının poetik dünyası. Bakı, Azərnəşr, 1998.
3. Əliağa Kürçaylı. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1989.
4. Abbas Hacıyev. Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq. Bakı, Yazıçı, 1986.

Комментариев нет:
Отправить комментарий