31.07.2013

Dədəkişi Solğunla bir gün

İbrahim Quliyev

Kəndə qayıdan şair bu dəfə şeirdən yox, əkindən-biçindən danışdı 

Günümüzün ağrılı problemlərini daim qabardan, bəzən hətta ictimai yaramazlıqların konkret ünvanlarına iti qələmi ilə zərbə endirən istedadlı və istedadlı olduğu qədər cəsarətli satirik şair Dədəkişi Solğunun imzası xeyli vaxtdan bəri idi ki, mətbuatda görünmürdü. Nə bir müsahibəsi dərc olunur, nə də bir şeiri işıq üzü görürdü. Şairin həyat, dolanışıq ucbatından paytaxtı tərk edərək rayona köçdüyünü bilirdik. Amma harada, nə işlə məşğul olması barədə əlimizdə heç bir məlumat yox idi. Buna görə də Cəlilabadda yaşayan istedadlı jurnalist dostumuz İbrahim Selə zəng edərək Dədəkişi Solğunu tapmasını xahiş etdik.
Elə həmin günün səhəri İbrahim bizə telefon açaraq Dədəkişini tapdığını və tezliklə bizə zəng edəcəyini bildirdi. Doğurdan da az keçməmiş mobil telefenda Dədəkişinin səsini eşitdik: 
- Necəsən, qardaş,- mən burada əkin-biçinlə, bostan becərməklə məşğulam. Bəs sizin işləriniz necədir? 
- Bizim də işlərimiz də yaxşıdır... Niyə heç yerdə görünmürsən, şair? 
- Dolanışığın üzü qara olsun. Bakıda işdən çıxardılar, gəldim kəndə. Burada da iş yox, güc yox. İndi təsərrüfatla birtəhər başımı girələyirəm. Keçən il kartof əkmişdim, ölkədən çıxarmağa icazə vermədilər, batıb getdi. Xeyli borca düşdüm, bu il bostan əkmişəm, şükür, pis deyil, borclarımın da bir hissəsini ödəmişəm. 
- Mətbuatda niyə görünmürsən? 
- Necə görünüm? Gecə-gündüz çöldəyəm. 
- Sabah rayona gələcəyik, görüşərik... 
Dədəkişinin vaxt məsələsində dəqiq olduğunu bildiyimiz üçün deyilən vaxtdan beş-on dəqiqə qabaq Bakı-Astara yolunun 200 kilometrliyində Qarazəncir kəndindən Əliqasımlıya dönən yolun ütündə traktorçuların yığışdığı çayxanada olduq. Əvvəl İbrahim Sel gəldi. Bir qədər onunla jurnalistikanın hazırki durumunu müzakirə edib, fikirlərimizi bölüşdük. İbrahim planlarından danışdı, “Yeni şairlərdən seçmələr” adlı kitab buraxmaq istədiyini bildirdi. Onu da xatırladım ki, İbrahim Sel “Türk tarixi” adlı dəyərli bir əsərin müəllifidir. Gənc yazıçı-araşdırmaçı dünyaya özünəməxsus baxışı ilə fərqlənir... 
Elə söhbətimizin şirin yerində əzablı həyatın ağır yükündən, böyük kənd ailəsinin bitib-tükənməyən qayğılarından beli bir qədər əyilmiş, çiyinləri aşağı sallanmış, lakin günəş altında yanıb-qızarmış sifətindən qürur və sərtliyi dərhal sezilən Dədəkişi Solğun tozlu kənd yolunda göründü. 
- Dədəş gəlir, -deyə mənimlə üzbəüz oturmuş İbrahim Sel gülə-gülə başı ilə irəlini göstərdi. Mən hər sözü qılınc kimi iti, hər misrası polad kimi möhkəm, hər şeiri az qala bir haray kimi oxucusunu yerindən oynadan bu arıq, çəlimsiz şairə baxa-baxa həyatın bütün məşəqqətlərini görmüş əzəmətli Mirzə Ələkbər Sabiri, fəhlə və şair sözünə bir ağsaqqallıq, bir xalq adamı cövhəri gətirən mərhum istedadlı şairimiz Baba Pünhanı xatırlayıram. 
Abdulla Şaiqin M.Ə.Sabir haqqında kiçik bir xatirəsi var. Deyir ki, bir dəfə Şamaxıda Sabirin dükanına getmişdim. Sabun bişirib satan ustad şairimizin yanında nə qədər dayandımsa, dükana bir adam gəlmədi. Dedim ki, a şair, sənin ki, heç bir alış-verişin yoxdur, bəs ailəni necə dolandırırsan? Sabir dedi ki, mən istəyirdim xalqımın daxili və zahiri təmiz olsun. Amma daxilləri qalsın bir qırağa, bu adamlar heç zahirlərini də təmizləmək istəmirlər. 
XX əsrin əvvəllərinin problemləri eynilə XXI əsrə gəlib desək, səhv etmərik. Şair Dədəkişi Solğunun yaşadığı kəndin həyat səviyyəsi, yolu, izi elə Sabir dövrünün kəndini xatırladır. Doğrudur, Qarazəncir kəndinin içindən keçən Bakı-Astara yolunda asfalt var, amma əsas yoldan bir qədər aralanan kimi toz-duman bürünürsən. Sadəcə çınqıl döşənmiş yolla yay günü maşının şüşələrini bağlamadan tərpənmək mümkün deyil. Maşının da şüşələrini bağlayan kimi bürküdən boğulursan. “Analoqu olmayan iqtisadi inkişafdan” bu yerlərdə əsər əlamət yoxdur. Həm də bu yol Qarazəncirdən keçib rayonun digər bir çox kəndlərinə uzanır. Deyilənə görə, yolun o biri hissələrində heç çınqıl da yoxdur, sadəcə toz-torpağın içiylə irəliləməlisən. 
Dədəkişi Solğunun bostan yeri kənddən elə də uzaq deyil. Bir xeyli biçilmiş zəmi yeri ilə gedirik. Nəhayət, günəşin altında sarı səhraya bənzəyən zəmi yerlərinin ortasında balaca yaşıl vadiyə bənzər bir tala görünür. 
- Hə, maşını saxla, - deyə Dədəkişi dillənir. – Bax bu gördükləriniz mənim əllərimin qabar yeridir. Düz altı aydır gecə-gündüz bilmədən çalışıram. Gecələr çox vaxt burada yatıram. Əgər bostanı qoyub getsəm, sabaha burada heç nə qalmaz. 
- Necə yəni heç nə qalmaz. 
- Çox sadə daşıyıb apararlar. Elə bu yerdə Dədəkişi başına gələn oğurluqdan danışır. Bax, orada beton kanal var, suyu oradan nasosla vururuam. Yaxşı bir motorum vardı. İyul ayının 3-də oğurladılar. İndi başqalarına möhtacam... 
- Bəs axtardırmadınız? 
- Niyə axtardırmadım. Oğurluq olan gün getdim polis rəisinin yanına. Dedi, kimdən şübhələnirsən. Dedim, iki nəfərdən. Dedi, kimlərdir? Dedim, biri sən, biri də sənin sahə müvəkkili. Doğrudur, sözlərim xoşuna gəlmədi, əvvəl mənim üstümə qışqırıb bağırdı. Sonra qəzetdə dərc olunan şeirlərimə baxıb, sahə müvəkkilini çağırdı. Elə mənim yanımda dedi ki, bu kişi xatalı adama oxşayır, onun motorunu tap ver. 
Sonra susur. Təzə yazdığı şeirdən iki misra oxuyub üzümə baxır. Bu vaxt mənimlə gələn yol yoldaşım səbirsizlik edir:
- Tapdı? 
Əlbəttə ki, yox. Sahə müvəkkili mənə deyir ki, heç yerə yazma, yoxsa başımız ağrıyar. Görüm hardan tapıb verirəm. 
Yay günü bu yerlərdə təsərrüfat adamının su motorunu oğurlamaq həmin adamı çörəksiz qoymaqdır, onun bütün əziyyətini alt-üst etməkdir. Nə yaxşı ki, kəndlərdə hələ qonşuluq hissi itməyb. Yaxın qonşusu şairi vəziyyətdən çıxarıb. 
- Ümid eləyirsənmi motor tapılacaq? 
Maddım-maddım üzümə baxır. Hiss eləyirəm ki, motorun tapılacağına inanmır. Deyirəm, Bakıya çatan kimi bu barədə yazacağam. Gözlərinə işıq gəlir. 
- Hə, İbi, qadan alım gör neynirsən... 
Bostanın içində gəzirik. Öz əlinin əməyi ilə fəxr edir. Yemişləri, qarpızları bir-bir göstərib, növlərini sadalayır. Sonra bir neçə yemiş-qarpız götürüb maşına sarı yollanır.
- Bu da məndən sizə pay. 
Nə qədər etiraz ediriksə də vecinə almır. 
- Kənddən əliboş qayıtmayacaqsız ki,- deyir. 
Bostandan çıxıb, geri qayıdırıq. Yolda gələn bir cavan oğlanı göstərib: 
- Oğlumdur, -deyir. - Gözünə açandan talissemiya xəstəsidir. Hər il iki dəfə müalicə etdirirəm. 
- Yəqin müalicə pulsuz başa gəlir... 
- Nə pulsuz, güclə “uçota” saldırmışam. Pulsuz heç nə yoxdur. 
Əsl kənd evi... Uzun eyvan. Həyət bir neçə yerə bölünüb. Tor çəpərin o biri tərəfində toyuq-cücə, bir az aralıda uzunqulaq, balaca gölməçənin yanında qazlar... 
- Oğlumla gəlinimlə bir yerdə yaşayırıq. Evin yeganə çörək gətirəni özüməm. Ona görə də bəzən sutkalarla dincəlmədən işləmək lazım gəlir. Şeiri elə ayaq üstə, işləyə-işləyə yazıram. Vərəqə köçürəndən sonra düzəlişlər edirəm. 
Nəhayət, gəlişimizin məqsədini izah edib şairin şeirlərini götürürəm. Xahiş edir ki, çapdan əvvəl özünə xəbər verim. Elə yolüstü solğun, əzilmiş vərəqləri gözdən keçirirəm. Bir daha əmin oluram ki, şeir elə şairin tərcümeyi-halıdır, oxucularla bölüşdüyü ən səmimi hissləridir. Halal zəhmətlə çörək qazanan şair haram şeirlər yaza bilməz. Görünür, Dədkişi Solğunun şeirlərinin oxucu rəğbəti qazanmasının sirri də elə onun düz, halal, zəhmətsevər və qürurlu şəxsiyyəti ilə bağlıdır. Çünki bütün zamanlarda ən yaxşı şeirin arxasında, yaxşı şəxsiyyət dayanıb.

Комментариев нет:

Отправить комментарий