27.07.2013

Kiyan Xiyav. Xoşca qal, dünya!


Uzanıbsan mebilin üstündə. Sol əlin başının altında, sağ əlin döşünün üstündə, evin dop- dolu boşluğuna baxırsan. Evin böyük bir içi boş sıfıra bənzəyir. Bom- boş bir tamaşaya. Evdə olan bütün nəsnələr tamaşa! Bu tamaşanın içində bütün nəsnə var, sevgi yox. Sevgi yoxsa sən də yox olmalısan! Nəsnələrin içində nəyi arayırsan bilmirsən. Nə üçün aradığını da bilmirsən. Bu var olan nəsnələrin içində yox olan bir nəsə yox.
Sevgidən başqa nə desən var. Evin dolu, soyuducun dolu, cibin dolu, mə`dən dolu! Yalnız bir ruh boşluğun var. Sonsuza kimi sürəcək ruh boşluğu! Demək böyük bir içi boş sıfıra bənzəyən də evin deyil, ruhundur. Böylə bir ruhun sənə bağışladığı böyük bir yalnızlıqdır. Yalnızlığından dolayı bütün görüntüləri görür, bütün səsləri eşidə bilirsən. Görüb eşitdiklərinin hamısı acınacaqlıdır. Saat din- dan- danlarıyla başının içində tıqqıldayır. Pəncərələrin açıqdır. Külək pərdələri əlində oynadır. Pərdələr danserlər kimi oynamırlar. Özünü öldürməyə qalxanlar kimi çırpınmadadırlar. Küçədən bir kompres səsi gəlir. Kimsə yeni ev tikdirir. Yaşam küçələrdə qat- qat tikilib ucalmadadır. Kompresin səsi beyninin içində narıldayır. Uzandığın yerdə gözün iki otağın qapılarına sataşır. Durub qapıları açırsan. Birində uşaq oyuncaqları duvardan çox sevincli şəkildə aslanıb. Çeşid- çeşid qolçaqlar, gəlin balalar! Gəlin balaların biri balaca qırmızı börkü, balaca qırmızı mini jubu, balaca qırmızı corabıyla sənə baxıb gülümsəyir. Evdəki qızcığazın kimi necə də gözəldir bu gəlinbala! Çırıl- çılpaq ağ- apbaq şumal kağız kimi qol- qıçıyla necə də gözəl duruşu var! Hörüyünün biri uzanıb düz göbəyinin üstünə, biri isə yarıdan qopub, ayağının altına düşüb. Bunu da kəsin qızcığazın qayçılayıb yerə atıb. Dodağını qaçırtmaya bilmirsən. Dodağınla birgə gözlərin də qaçır. Qaçıb düyünlənib qalır o birisi otağın duvarında...
Duvarda furuğ fərruxzadın sarı rəmkədəki şəkilini görürsən. Içinə sap- sarı bir kədər çokür. Bu bir rəmkədə bir- birinə keçişmiş iki şəkil var; iki furuğ! Biri bütün bir furuğ, biri də yarı gövdə bir furuğ. Bu yarı gövdənin də yarısı furuğ, yarısı yarpaqlarını tökmüş uzun uzadı bir meşə. Bütün sap- sarı hüzünlərinlə baxırsan. Ürəyinin qırıntıları içində qımıldanır. Bu dönə gözlərin qaçmır. Tərsinə, içi göynəyir. Ürəyin göynəyən kimi gözlərin də göynəyir. Göz yaşını saxlaya bilmirsən. Yarı gövdə furuğ döşünü gün batışına sarı gərib, ancaq boynunu döndərib, gözlərini məğrurca gün doğuşuna zilləyib. Burda irmi- irmi iki yaşı olar. Saçlarını sankı yenicə güdəldibdir. Boyun- boğazının ağ kağızlığı dodaqlarını sulandırır. Necə də öpülməli bir suçsuzluğu var bu qızın! Şəkildə də belindən boynuna kimi yarpaqlarını tökmüş çılpaq ağaclardan oluşmuş bir qızdır. Ağaclardan payızın belə iysi gəlmir. Sankı çox soyuq bir qışın ağacları daşa döndərən çağıdır. Bu şəkili çəkən qış yox, sankı bir qılış çəkibdir. Ağaclar bir- bir furuğun belindən boynuna kimi gövdəsinə saplanıb. Furuğunsa üz- gözü alqan içində, gün doğuşuna sarıdır. Güdə saçının altından sol qulağının laləsi bir barmaq ucu boyunda görünür. Boyun- boğazını uzunasına çəkib, dinməz- dinməz gün doğuşuna doğru baxır. Oysa duruşu dumanda gedən durna duruşudur göydə. Və gövdəsinin yarısı up- uzun bir qış çağının meşəsi. O birisi furuğ da o meşənin düz ortasında dayanıb. Qara corab, qara ətəklik, qara palto, qara leçək; hamısının da üstündə hələ yağmayan qar dənələri! Sağ meşə, sol meşə, ortada göz işlədikcə qəbir daşları! Furuğ sankı öz qəbrinin üstündə dayanıbdır. Ancaq yaslı adama heç bənzəmir. Gözlərində bir durna uçuşunun hekayəsi var:

“niyə dayanım, niyə?
Uçuşu yadımda saxlayım deyə
Ölən quş mənə öyüd verdi!..”

Bir az da yaxından baxırsan. Üz- gözünə zillənirsən. Furuğ çox da dalğın deyil. əllərini palto ciblərinə qoymuş, məğrurca dayanıbdır. Çox uslu- başlı bir qızdır. Çox düşündürücü baxır. Sankı hankısa uçuşu beyin- bəlləyinə tapşırmadadır. Bu şəkili öncədən də çox sevirsən. Sən sevincə, öncə qəbirdaşları, sonra furuğ, sonra da meşə od tutub yanır. Meşə yanır, sən yanırsan. Od- alov bütün varlığına yaxılır. Bu od zəngin bir sevginin odudur. Sönəcəkmi, sönməyəcəkmi, bilmirsən. Düşünürsən:
Hankısa bir yazın oğlan çağında, hankısa bir meşənin harasındasa, gözəl bir iydə ağacını sevmişdin. O ağacın geniş bir kölgəsi var idı. O kölgə sənin içini illər boyu sərinlədib durmuşdu. Ancaq yazıqlar olsun, o iydə ağacı bir gün dil açdı. Sənə dar ağacı olacaq dedi. O səni hədələdi. Səni özündən, özünü səndən uzaq saldı. O səndən deyilmiş demə. Sən o iydə ağacından ayrılmaq istəmirdin. Ancaq ayrılmağa məcbur qalmışdın. Sonunda da ağlayaraq, xoşca qal, deyib ayrıldın. O xoşca qalı deyəndə də ağzın dedi. Ancaq ürəyinlə gözlərin demədi. Sən xoşca qal sözünü heç bilmirdin də, onu sənə ağac özü öyrətdi. Sən xoşca qal adamlarından deyildin, o səni xoşca qal deməyə mə`ruz qoydu. Indi kim bilir o iydə ağacı hankı meşədə şənlənir öz- özünə! Kim bilir hankı meşədə hankı başqa bir ağacın qucağına sığınıb, yatıb qalır! Olsun, qoy sığınsın, qoy yatıb qalsın! O yatsa da sən onun yuxularını görürsən. Çox qorxunc yuxuları var. Görəsən yenə birisinə darağacı olmağı düşünürmü? Olmasın, olmasın deyə diləyirsən. Heç gavurun oğluna da dar ağacı olmasın! Dar ağacı olacağına hədələməsin də! Kimsəni sənin kimi xoşca qal deməyə mə`ruz qoymasın! Sən ona xoşca qal deyəndə, canını ağzına yığıb demişdin. Deyəndə də canın ağzından çıxmışdı. Indi iydə ağacından artıq ayrılmış olubsan. Olmayıbsan da, oldurulubsan. Ancaq hələ də ürəyin ondadır. O düşünmür düşünməsin, duymur duymasın! Sənin hələ də ürəyin ondadır. Ancaq elə ayrılıbsan, ayrılıqdan bir də ayrı düşməyəcəksən sanırsan. Deyirsən bu meşədən bir külək qopaydı, məni önünə qataydı, budağından düşən bir yarpaq kimi uzaqladaydı. Ancaq bir ah belə meşədən çəkilmir, ona qoşulub gedəsən!..
Furuğun şəkilindən ayrılırsan. Meşəlikdən çıxırsan. Bol- bol qəbir daşlarını düşünərək, evini dörd çevrə atdımlayırsan. Yeriyirsən, yürüyürsən. Bir də baxırsan yorulub yenə mebilin üstündə uzanıbsan. ən yalnızın birisən böyük bir sıfırın içində. Yalnızlığın bütün qalabalığıyla, üstünə- üstünə gəlib yıxılıb. Başında din- dan- danıyla tıqqıldayan saat belə yalnızlığını sənə aşılayır. Sənsə öz uzanışında sankı öz dibinə çökmüş qalıbsan. Bir yandan beynində kompresin səsi, bir yandan da uzandığın yerdə başının dalında soyuducu işləyir. Soyuducu da gecə- gündüz bütün nəsnələri dondurmadadır. Sən də hardasa, haçansaölüb buza dönəcəksən kəsin. O hara öylə bura, o haçan öylə bu an olsa nə olar kı, deyə düşünürsən. Düşünür, düşünür, yenə düşünürsən:
Necə də iydə ağacını dəlicəsinə sevirmişsən! Necə də furuğ fərruxzadı sevirmişsən! Və furuğun fiqorunda silviya platı. Və silviyanın dostu an sekstonu. Öz- özünə, bunlar niyə özlərini öldürmüşlər, deyə sorursan. Kəsin kimsə bunların ölümünə səbəb olmuşmuş. Yenə özün istəmədən dodağın qaçır. Gülümsəmən böyük bir gülüşə dönür. Bir an evi qahqaha səsin götürür. Sonra birdən- birə susub öz- özünə dalırsan. Necə də gözəl, deyirsən! Sən kimsəyə yaşam boyu ölüm səbəbi olmayıbsan. Bundan belə də ki olmaq istəmirsən. Öz- özünə, öldürməkdəndirsə ölmək daha yaxşıdır, deyirsən. Qoy başqaları yaşasın deyirsən. Dayanmırsan. Bu gün əhmədşamlunun ölüm günüdür, ancaq sən orhan kotanı anıb düşünürsən. Onla birgə, “xoşca qal dünya!” deyirsən. Və bu an, burda, uzandığın bu mebilin üstündə, sol əlin başının altında, sağ əlin döşünün üstündə, birdən birə ölürsən. Indi sən artıq ölübsən. Ölməyibsən də, öldürülübsən. Yarın xəbərin meşəyə yayılacaq. Iydə ağacı sənin ölüm xəbərini duyunca, özünü özündən asmasa yaxşıdır. Daha nəsə görmür, nəsə eşitmirsən. Içində də nəsə od tutub yanmır. Bütün bir iydə ağacının gen- geniş kölgəliyinin sərinliyi ruhuna hopub!...

Комментариев нет:

Отправить комментарий