21.07.2013

Orda bir gəlin ağlayır

Böyükxan Pərviz

Çıxdı

Geyindim qara, bilmədim,
Üz tutdum hara, bilmədim.
Getdim, qurtara bilmədim,
Yol ömürdən uzun çıxdı.

Mindiyim Nuhun qayığı,
Batıracaq su qayığı.
Necə sürüm bu qayığı?
Qabağıma buzun çıxdı.

Üzüldüm baxdığım yerdən,
Qayıtdım axdığım yerdən.
Heyf, gül taxdığım yerdən,
Üstümə buynuzun çıxdı...


QOŞMA

Qurban olum yaradanın əlinə, 
Bu gözəlin gözü üstə qaş qoyub.
Özü kimi rəhimlidi bəndəsi,
Nə yaxşı ki, daş üstündə daş qoyub.

Ah, necə də dayanıbdı qəsdimə,
Gərək yanam, inanmayır tüstümə,
Baxışından od yağdırır üstümə,
Söndürməyə iki damla yaş qoyub.

Qəm eləmə, Pərviz, bir gün görmədin,
Yar bağının meyvəsindən dərmədin,
Bir qızın ki, ürəyinə girmədin,
Neyniyirsən yastığına baş qoyub?..

ÇIXIR

Mənim gözlərimin yaşı qurumaz,
Nə qədər sıxıram, yenə yaş çıxır.
İnsanı günaha ayağı çəkir,
Kötüyün üstünə niyə baş çıxır?

Bir yol yolçusuyam, adım-sanım yox,
Nə bir günçıxanım, günbatanım yox,
Arxamca bir ovuc su atanım yox,
Çoxunun dibindən hələ daş çıxır.

Sənə yer qoymadım, səhv eləmişəm.
Qəlbimi dərdlərlə rəf eləmişəm.
Məni öldürəni əfv eləmişəm,
Çünki ya dost çıxır, ya qardaş çıxır.

BU XƏBƏR

Axır sənin toy günün də yetişdi,
Qapımızı araladı bu xəbər.
Taleyinə Gün düşmüşdü, Ay düşdü,
Təkcə məni qaraladı, bu xəbər.

Qəmə batdım, qara günün hisindən,
Özün saxla, Allah, bundan pisindən.
Hara qaçım bu “Vağzalı” səsindən?
Qulağımı yaraladı bu xəbər.

Əllərini yalamadım duz kimi,
Dondu qanım damarımda buz kimi,
Yeddi qızdan sonra gələn qız kimi,
Ürəyimi paraladı bu xəbər.

SƏNİ AXTARARAM

Mənsiz açılacaq bir gün səhərin,
Don vurmuş gül kimi mən də solaram.
Yayılar hər yana bu bəd xəbərim,
Səninçün yuxuya getmiş olaram.

Ötəcək üstümdən yel kimi ay, il.
Çəkib həsrətimi, zarıyacaqsan.
Mənimçün bu ölüm qorxulu deyil
Bilirəm, eşqimi qoruyacaqsan.

Ya gecmi, ya tezmi, gələcək o gün,
Tanrı alasıdı verdiyi canı
Səni axtarıram sevdiyim üçün,
Cümə axşamları döyüb qapını...

BİR GECƏ BƏY OLMAQ ÜÇÜN

Yastığını nəm eləmə,
Xalqı evə cəm eləmə.
Ömür azdı qəm eləmə,
Açılmışıq solmaq üçün.

Tökmüsən hara saçını?
Qarışıb, dara saçını.
Ağ gündə qoru saçını,
Qara gündə yolmaq üçün.

Zəhər uddum şəkər oldum,
Hər əzabı çəkər oldum.
Yara qırx il nökər oldum,
Bir gecə “Bəy” olmaq üçün.

ORDA BİR GƏLİN AĞLAYIR

Orda bir gəlin ağlayır,
Yarasını soruşmayın,
Saçları tamam ağarıb,
Qarasını soruşmayın.

Aman, necə də kövrəkdi?
Gözəldi, yenə göyçəkdi.
Örtdüyü qara örpəkdi,
Xarasını soruşmayın.

O qızların xası idi,
Dərdə, qəmə asi idi,
Armudun yaxşısı idi,
Sonrasını soruşmayın…

Комментариев нет:

Отправить комментарий