15.07.2013

Şahnaz Şahin - Cəngəllik qanunu

“İnsan dünyaya öz içindən baxır”. Şopenhauer

Bizim gördüklərimiz hara baxmağımızdan çox hardan baxmağımızdan asılıdır. Baxışların bitdiyi nöqtədə eybəcərlik də görərsən,gözəllik də,saflıq da taparsan,çirkaba da düşərsən,min rəngə də bürünərsən,qap – qara kirə də batarsan... Yetər ki, sən nə görmək istədiyini beyninə “qandırasan”...
...Yüz dəfə aldanırsan,hər dəfə haçansa eşitdiyin “inanmaq aldanmaqdı” kəlməsini güllə kimi öz başına çaxırsan...danlayırsan özünü,söz verirsən guya bir də...
Sonra daha da inadla aldanmaqda davam edirsən. Bəzən də elə bilə - bilə aldanırsan,yalanın üzünə baxmağa utandığından özünü aldadırsan. Nəhayət fədakarlığının heç nəyə yaramadığını görüb “kürəyini yerə qoyursan” və “neyləyim,mən başqa cür ola bilmirəm... bilmirəm” deyə Tanrıya xitab edirsən.


... Elə bildim sığal çəksəm başına
                 Çörək versəm qurd da dönüb dost olar.
                                                       Nə biləydim bəzən quzu donunda,
       Qurd misallı,haça dilli adam var...

...Öz günahlarını görməkdə,etiraf etməkdə acizdi insan,səbəbkarı həmişə kənarda axtarır və elə tapır da.Dişini qıcayır,saçını yolur,hədələyir dünyanı.Dünya isə işində,gücündədi...səni heç vecinə də almır,kefini azca da olsa pozmur...bilir axi,arxayındı özünək ki,gücün yetən deyil ona...

Arada iztehza ilə gülür də sənə...sən də tarazlığını pozduğun,pərsəngini dəyişdiyin,sevgilərini saxtalaşdırdığın dünyadan hələ də haqq - ədalət gözləyirsən.

Şer:


Amma bu dünyada bir qanun da var axı...Cəngəllik qanunu! Bu,biz Adəm övladına aid olmaz...Tanrının yaratdığı ən ali varlıq bizik axı – İnsan...Onun da tabe olduğu qanunlar gərək ali olsun.Baxaq görək insan oğlu həmin ali qanunlara nə dərəcədə əməl edir..,ümumiyyətlə əməl edirmi heç?!...Siz fikirləşməkdə olun,mənsə davam edim...

...Amma orada,vəhşilər adlandırdığımız canlılar yaşayan məkanda qanunlara boyun qoyulur.Bu “dilsiz – ağılslzlar” İlahinin qoyduğu qanunları pozmurlar...Orada hər şey təbiidi,sevgi də,nifrət də,münasibətlər də qondarma,saxta deyil... Orada bölgülər də ədalətlə aparılar,bir – birinin “haqqını yeməzlər”...
Eh,onlara nə var ki...O gün bir şok xəbər efir və internet məkanlarını silkələdi...Şamaxıda adı qırmızı kitaba düşən qonur ayı deyilən birisi meşədən çıxıb insanlara hücum edib!Əvvəlcə işin səbəbi haqqında danışan omadı,hamı nəticəni müzakirə edir,ayını suçlayirdi...Sonra bəlli oldu ki,sən demə yazıq ayı aydan arı,sudan duruymuş,onu qəzəbləndirən,necə deyərlər bu işə vadar edən elə bayaqdan halına acıdığımız insan özüymüş!...
Necə? Eləcə həmin o dediyim qanunu pozubmuş... Neyləsin,ağlı öz məkanina gedibmiş yazığın... Yəni ayı sadəcə balasının qisasını almaq istəyib,vəssəlam!... Buyurun,bu da məntiq...
...İnsan bir dam altında bir ömür yaşadığı adama,illərlə çörək kəsdiyi dostuna da etibarını itirə bilir,cismani itkisini “kompensə” etməyi də bacarır çox vaxt,torpağın üzü soyuqdu axı...
Bəs itirən tərəf dediyim o qanunlar yaşayanlardan biri olsa necə?...Bu dəmdə yadıma bu yaxınlarda seyr etdiyim,hələ də təsirindən çıxa bilmədiyim bir film düşür...Məni bağışlayın ki,nə filmin rejissoru,nə də adını söyləyə bilməyəcəm.Bircə məşhur Riçard Gir yadımdadı.Mən bu aktyorun çox filmlərinin tamaşasına durmuşam,o gün də televizorun kanallarını dəyişə - dəyişə gəlib çıxmışdım bir yerə ki,bax orada həmin kino ulduzunun tərəf – müqabil olduğu bir it haqqında film nümayiş olunurdu.Oturub həvəslə seyr etdim,üstəlik sabah təəssüratlarımı yaxın adamlarla da bölüşdüm...
...Bir qatar yolu uzaqlıqda müəllim işləyən professoru sahibini səhər işə gedəndə yola salıb,qayıdanda elə vağzaldaca qarşılayaraq sevgisini,məhəbbətini və sadiqliyini onun əlinə,ayağına şırmanması,üz – gözunu yalaması ilə çatdıran it bu gün səhər sahibinə yaxın gəlmir,əksinə onu özü bacardığı tərzdə yolundan saxlamağa çalışır.Olacaqları duyduğundandı ki,çox narahat görünür.Professor özü ona yaxınlaşıb “könlünü almağa” çalışır,amma...Nəhayət əl edib qapıdan çıxır...
O gedəndən sonra özünə yer tapmayan heyvancığaz küçə qapısını açıb sürətlə vağzala tərəf götürülür.Onların görüş – ayrılıq səhnəsi adamı iliyinədək üşüdür...O duyur,hiss edir ki,bu son görüşdü,sahibi geri dönməyəcək...
...Professor leksiya oxuduğu zaman dünyasını dəyişir və bir daha geri qayıtmır.Bu yoxluğa isə onun sədaqətli itindən başqa hamı öyrəşir...Təkcə o,düz doqquz il orda,həmin vağzalda,saat 17:00 – da sahibini gətirən qatarı gözləyir...Fəsillər dəyişir,neçə payız,yaz əvəzlənir,altında oturduğu hündür ağacın timsalında...qış düşür...Sahibi gəlmir...Professoru da,onu da tanıyan hər kəs öz içi kimi yanaşır ona,qayğı göstərən,dərdinə şərik olub halına acıyan da olur,eləcə yaxınlaşıb “gözləmə,o yoxdu,daha gəlməyəcək” deyənlər də...İt isə belə deyənlərin başı üzərindən gözlərini uzaqlara dikərək kədərlə susur və sanki insanap öz sədaqəti ilə meydan oxuyur...
...Ötən doqquz ilin soyuğu kəsir,istisi yandırır,qocaldır heyvanı,amma o yenə gözləyir,harda olsa hər gün saat 17:00 – da özünü bura yetirir və...beləcə gözləyə - gözləyə bir qış gecəsi yatır və oyanmır...
Xatirladim ki,film real hadisələrə əsasən çəkilmiş və həmin şəhərdə (adını unutmuşam) elə həmin yerdəcə onun heykəli qoyulmuşdur.
Bu da hər şeyin ötəri,dünyanın isə fani olduğunu düşünənlərə cavab!...İnsanı göz yaşına boğan heyrəti,içimizi silkələyən sədaqəti...önündə mat edən məhəbbəti...
Bu yerdə qulağıma  Nitcenin səsi gəlir:”Dünyada ən yaxşı şeylərin hələ qiyməti yoxdur...” 

shahnaz.shahin@mail.ru

Комментариев нет:

Отправить комментарий