22.07.2013

Qoy tarix utansın

Akif ABBASOV

“Samsundan başlanan yol” romanından

Ölkədə dinc quruculuq işləri vüsət aldı. Mustafa Kamal paşa dönüb arxaya – hiss olunmadan ötən günlərə baxanda keçilmiş şərəfli bir yol görürdü. O özünü bir ictimai xadim, əfsanəvi sərkərdə və dövlət qurucusu, ordu komandanı, nadir şəxsiyyət, dahi bir insan kimi təsdiq etmişdi. Bütün dünya türk xalqının bu övladından heyrət və qibtə ilə danışırdı.
Birinci dünya müharibəsi cəbhələrində Mustafa Kamal paşanın qazandığı uğurlar düşməni haldan çıxarırdı. Onunla bacara bilmədiklərinə görə üzülürdülər. O zamanlar İngiltərədə parlament üzvləri toplaşıb parlamentin iclasının çağırılmasını tələb edirdilər.
Müharibə meydanında gedən döyüşlər onları narahat edirdi. İclas başlayana qədər parlament üzvləri iki-bir, üç-bir dayanıb siqaret, siqar çəkə-çəkə qızğın söhbət edirdilər:
– Axı bu necə ola bilər? Bu qədər güc-qüvvət türk ordusunda haradandır? Hər döyüşdə sanki onlara yeni enerji gəlir.
Parlament üzvlərindən biri heyrətini gizlədə bilmədi:
– Qəribədir, türk əsgəri adamın üstünə əliyalın gəlir…
– Doğru deyirsən, türk ordusunda silah azdır. Vaxt olub ki, üç adama, beş adama bir tüfəng düşüb. Di gəl ki, bir-birinin ardınca düzülüb əliyalın gözləyiblər, yoldaşlarından kimsə həlak olanda tez onun silahını götürüb döyüşüblər.
–Cənablar, xahiş edirəm, Mustafa Kamal paşa amilini yaddan çıxarmayasınız. O, bir bəladır ki, Allah bizim üstümüzə göndərib. Cəbhədə necə çətin vəziyyət yaranıbsa, bir yol tapıb çıxıb. Bir sözlə, möcüzədir…
Zabitlərdən biri açıqlama verdi:
–Birinci dünya müharibəsi başlayanda türk ordusu onu yaxın qoymurdu. Döyüşlərə qatılmaq istəsə də, bir bəhanə ilə get-gələ salırdılar. Elə ki döyüşlərə atıldı bizə qənim kəsildi.
Parlament üzvlərinin bu salona toplaşması səbəbsiz deyildi. Onlar Baş nazirin gəlib burada, parlament üzvləri qarşısında hesabat verməsini tələb edirdilər. Müxtəlif fikirlər səslənirdi:
– İngiltərə hökuməti müharibəyə külli-miqdarda pul xərcləyib. Nə qədər hərbi sursat, canlı qüvvə itirilib. Vədlər verilirdi ki, Anadolu pay-bölüş ediləcək, boğazlar bizim olacaq. İndi Baş nazirimiz gəlib anlatsın ki, bütün bunlar nə deməkdir? Biz niyə zəfər çala bilmirik…
Nəhayət, parlamentin iclası öz işinə başladı. Böyük Britaniyanın Baş naziri Herbart Henri Askvit çıxış etmək məcburiyyətində qaldı. O, sözünə belə başladı:
– Cənablar, rica edirəm, məni düzgün başa düşəsiniz və təqsirli bilməyəsiniz. Biz əlimizdən gələni edirik. Silaha – top-tüfəngə, canlı qüvvəyə – əsgərə simiclik eləmirik. Güman edirdik ki, zəfər bizim olacaq. Səd heyf… Cənablar, hər əsrdə olsa-olsa bir, yaxud iki tarixi şəxsiyyət, fövqəladə insan yetişir. İndi mən nə edim ki, bu xoşbəxtlik Türkiyəyə nəsib olub. Bu xalq Mustafa Kamal paşanı yetişdirib və tarixin səhnəsinə çıxarıb…
Parlament üzvləri deməyə söz tapmadılar. Hamı bir-birinin üzünə baxıb başları ilə təsdiq etdilər.
Mustafa Kamal paşa keçmişi ilə öyünən şəxslərdən deyildi. Yaxşı anlayırdı ki, belə mövqe tutmaq,özünü iddialı aparmaq, ən azından, geridə qalmaq, başqaları ilə ayaqlaşa bilməmək deməkdir. O daha çox irəliyə baxardı. Ölkəsini modernləşdirmək, dünyanın inkişaf etmiş və mədəni dövlətləri sırasına çıxarmaq üçün tədbirlər görürdü. Ordu quruculuğu diqqət mərkəzində dayanırdı.
Mustafa Kamal paşa gələcəyə nikbin baxa-baxa türk xalqının uğurlarını xatırlayır, əbədiyyata qovuşanları yad edirdi.
1924-cü ilin avqust ayının 24-ü. Böyük türk hücumunda qazanılmış qələbənin ikiilliyi qeyd olunurdu. Dumlupınara Türkiyənin müxtəlif guşələrindən çoxlu adam yığışmışdı. Aralarında ziyalılar da, fəhlə və kəndlilər də, sənətkarlar, tacirlər, pinəçi və papaqçılar, əsgər və zabitlər də vardı. Burada 1922-ci ilin sentyabrın 9-da İzmir uğrunda vuruşlarda həlak olmuş döyüşçülərin xatirəsi¬ni əbədiləşdirmək üçün «Şəhid əsgər abidəsi» ucalacaqdı. «Şəhid əsgərə abidə»nin açılışı 1933-cü ildə olacaqdı. Bu abidənin hündürlüyü 7 metrə çatacaqdı. İndi hələ ki abidənin bünövrəsi qoyulurdu. Bu, türk ordusuna, türk əsgərinə böyük məhəbbətin ifa¬dəsi idi. İnsanlar (kişili, qadınlı) öz sevgi və ehtiramlarını bildirmək üçün meydana axışırdılar.
Dayanıb söhbət edirdilər. Orxan da burada idi. O, Dumlupınar meydan müharibəsinin canlı şahidi idi. Orxan olub-keçənləri acı təəssüf hissilə xatırlayırdı.
Yunan əsgərləri və zabitləri qapı-qapı gəzib qarınlarını otarırdılar. Yemək bişirtdirir, şərab gətirdir, gedəndə də əllərinə keçəni aparırdılar. Belə vaxtlarda türk ailələri qız-gəlini küncdə-bucaqda gizlədir, onların gözünə görünməyə qoymurdular. Gənclər, əli silah tutan kişilər döyüş meydanlarında idilər. Evlərdə qalan yaşlı, xəstə kişilər, qadın və qızlar idi.
Düşmən əsgərləri küçədə, həyət-bacada qız-gəlinə əl atırdılar. Evlərdə silah yox idi. Aparıb türk ordusuna vermişdilər. Tək-tüksilah qalmışdısa, onu da düşmən əsgərləri tapıb aparmışdılar.
Axşamlar sərxoş əsgərlər küçələrdə dolaşır, bağırır, söyüş söyürdülər. N. kəndi zülmətə dönmüşdü. Daxmalardan işıq gəlmirdi. Bir çoxunun evində odunu yox idi ki, sobasını qalasın, Nefti yox idi lampasını yandırsın. İnsanlar ertədən özlərini yorğan-döşəyə salıb bu işlərin axırının nə ilə qurtaracağını ürək döyüntüsü ilə gözləyirdilər. Əsgərlərin dedikləri ilə durub-oturmayan, çaldıqları hava ilə oynamayan adamların bir neçəsinin daxmasına od vurmuşdular.
Kazım kişi də qara günlərini yaşayırdı. Oğlu da, nəvəsi də orduda idi. Oğlu döyüşür, nəvəsi isə sanitar kimi yaralılara əl yetirirdi. Kazım kişinin 76 yaşı vardı. Evdə 74 yaşlı qarısı Xalidə və 16 yaşlı qızı Nazanla qalmışdı. Qızın saçını oğlansayağı vurdurub kişi paltarı geyindirmişdilər ki, əl atan olmasın. Gəlin atası evində idi.
Kazım kişi qarısı ilə dağı Arana, Aranı dağa aparır, övladları, nəvələri barədə ah çəkə-çəkə danışırdı:
– Görəsən, nə edirlər? Arvad, şər deməsən, xeyir gəlməz. Bircə qəfil gülləyə tuş gəlməyələr.
Xalidə ərinə bozardı:
– Kişi, gecənin bu vədəsi ağzını xeyirliyə aç. Sabah durub hə¬yət-bacadan əlinə keçəndən yır-yığışdır, gör aparıb bizim döyüşçülərə çatdıra bilərsən.
– Ciyəri yanmışlar hər deşiyə burunlarını soxurlar. Bəndi-bərəni tutublar. Keçib-getmək olur ki…
Qapının bərkdən döyülməsi onun sözünü yarımçıq qoydu. Kazım kişi cəld qalxıb şalvarını əyninə çəkə-çəkə:
– Allah xeyir eləsin, – dedi, – sonra üzünü arvadına tutaraq, – qalx, geyin. Nazan, sən də geyin, keç o biri otağa. Gecə vaxtı ancaq sərxoş yunanlar olar.
Qapının açılmağı ilə iki yunan əsgərinin özünü içəri atmağı bir oldu. Lampanın solğun işığında Kazım kişi gördü ki, onlardan biri zabitdir və hər ikisi ayaq üstə güclə dayanır. Zabit ərlə arvada müraciətlə soruşdu:
– Qalanları hanı? Qırılıblar?
Sualına cavab almadığını görüb yenidən soruşdu:
– Evdə elə iki nəfərsiniz? Ola bilməz. Qalanlar yəqin bizimkilərlə döyüşür, hə? Eybi yox, bizə də yunanlar deyərlər, öldürüb göndərəcəyik üstünüzə.
Zabit onların susduğunu görüb söhbəti dəyişdi:
– Yeməyə nəyiniz var? Acmışıq.
Onlar dəvətsiz əyləşdilər. Xalidə arvad stolun üstünə çörək, göy-göyərti, pedir qoydu. Dörd-beş yumurtanı bişirib ortaya gətirdi. Zabit qaşını qaldırıb təəccüblə soruşdu:
– Elə bu? Toyuqdan-cücədən, baldan-yağdan yoxunuzdur? Bizə qıymırsınız?
Xalidə zabitin zəhmli baxışları altında əsə-əsə:
– Həyətdə toyuq var… – dedi. – Amma kəsib bişirmək uzun çəkəcək…Fikirləşdik …
Bu dəfə əsgər dilləndi:
– Zabit üçün içki gətir.
Kazım kişi üzrxahlıq edirmiş kimi:
– Cənab zabit, biz müsəlmanıq, - dedi. -Evdə içki saxlamırıq, şərab düzəltmirik. Mən yaşda adam içki içməz…
Zabit donquldandı:
– Yox, sən qonaq sevən deyilsən. Yəqin bizə də nifrət edirsən.
Kazım kişi öz-özünə deyindi: «Allah sizin kökünüzü kəssin, bəlanızı versin. Bizə qənim kəsilmisiniz. Bilmirik nə vermisiniz, ala bilmirsiniz».
Kazım kişinin hərəkətsiz dayandığını görən zabit hiddətlən¬di. Ayağa qalxıb stola bərk təpik vurdu. Süfrənin üstündəkilər yerə dağıldı. Əslində onların könlündən yemək, toyuq keçmirdi. İçdikləri ya azlıq etmişdi, ya da artıq qazı qaçmışdı, yenə içmək istəyirdilər. Odur ki, içki olmadığını eşidən kimi itə dönmüşdülər. Birdən o biri otaqda nəsə səs qopardı. Qaranlıqda Nazanın ayağı nəyəsə ilişmişdi. Zabit işarə etdi. Əsgər o biri otağa keçdi və az sonra Nazanı çəkə-çəkə gətirdi. Zabit onu görcək:
– Bəs deyirdin evdə sizdən başqa heç kim yoxdur?! Nə əcəb bu oğlanı müharibəyə göndərməmisən? Tumluq saxlamısan?
Qızın geyimi, görünüşü elə idi ki, oğlandan fərqlənmirdi. Zabit yaxınlaşıb diqqətlə Nazana baxdı. «Oğlan» çox gözəl idi. Sifət cizgiləri adamı özünə cəlb edirdi. Mavi gözləri, sarışın saçları vardı. Zabit şübhələnib bir də onu başdan-ayağa, ayaqdan-başa qədər süzdü. Sərxoş olsa da, hiss elədi ki, «oğlan»ın sinəsi nəsə çox qabarıqdı və başa düşdü. Tez əlini onun sinəsinə atdı və əlini çəkmədi. 16 yaşlı qızın döşləri onun bədəninə gizilti saldı.
– Qoca kaftar, bu nə oyundur, çıxarırsan?! Qızını bizdən gizlədirsən?! Bilmirsən ki, burada hər şey qalib orduya məxsusdur?! Bilmirsən siz hamınız bizim qullarımız, kölələrimizsiniz?
O, əlini qızın sinəsindən çəkib Kazım kişiyə yaxınlaşdı və onun sifətinə tərs sillə çəkdi. Kazım kişi dalı-dalı gedib divara dəydi və yerə sərildi. Nazan qışqırdı, Xalidə arvad qəşş elədi. İri cüssəli, iri sifətli, kor-kobud zabit əlini uzadıb Nazanın belindən yapışdı və özünə sarı çəkdi:
– Nə yeməli cücəsən! Atanla-anan həyətdəki toyuq-cücəni bizə qıymadı. Eybi yox, sən cücəni aşırarıq.
Zabit qızı öpmək istəyəndə o, başını geri çəkdi. Zabit bir də dar¬tındı. Qız çabaladı. Zabit onun belindən tutdu. Qızın ayaqları yer¬dən üzüldü. Zabit onu kürəyinə atıb o biri otağa apardı. Əsgər tü¬fəngin lüləsini ev sahiblərinə tuşladığından Kazım kişiylə Xalidə arvad yerlərindən tərpənə bilmirdilər. Kazım kişi yalvarmağa başladı:
– Qıza yazığınız gəlsin. Bədbəxt eləməyin, nişanlıdır.
Yunan əsgəri dişlərini ağartdı:
– Narahat olma, indi toyunu edəcək.
Zabit qızın əl-qol atmasına, qışqırmasına fikir verməyib onu çarpayıya yıxdı. Soyunmaq istəyirdi ki, başına dəyən zərbədən üzü üstə yerə sərildi. Qız tez ayağa sıçrayıb üst-başını düzəltdi. Nişanlısı Orxan idi. Fazli də otağa gəldi. O, Nazanın qardaşı idi. Zabitin əl-qolunu bağlayıb ağzına əski keçirdilər ki, səs sala bilməsin. O biri otaqda əsgər də tərk-silah edilmiş, əl-qolu bağlanmışdı.
Fazli ilə Orxan əzizləri ilə görüşdülər. Onlar baş vermiş hadisədən mütəəssir olmuşdular. Özlərini bir az gec çatdırsaydılar, bir Allah bilir, burada nələr baş verəcəkdi. Ölüm-itim də ola bilərdi. Bundan belə Nazanı burada saxlamaq olmazdı. Odur ki:
– Nazan, sən də hazırlaş, bizimlə gedirsən.
Bunu Orxan dedi.
Kazım kişi ilə Xalidə arvad ona baxdılar. Yəni: qız üçün çətin olmaz? Fazli başı ilə işarə etdi. Yəni: belə məsləhətdir.
Qız tez çəkmələrini geydi, ata-anasını qucaqlayıb öpdü. Onun gözləri yaşarmışdı. Valideynlərindən ayrılmaq istəməsə də, buna məcbur idi. Kazım kişi özünü ağlamaqdan birtəhər saxlasa da, Xalidə arvad hıçqırırdı.
Bir azdan kəndin kənarı ilə beş nəfər şəxs düşmənə rast gəlməmək üçün çox ehtiyatla türklərin mövqelərinə doğru gedirdi. Onlardan iki nəfəri əsir alınmış, ağızlarına əski soxulmuş, qolları kəndirlə bağlanmış, kürəklərinə ərzaq dolu çanta yüklənmiş yunan döyüşçüsü idi.
Nazan Orxanın qoluna girmişdi. Ata-anasından ayrı düşsə də, sevgilisi ilə qardaşı yanında idi. Cəbhədə o da bir işə yarıyacaqdı. Evdən ayrıldığına görə xiffət etsə də, az sonra döyüşçülərin yanında olacağını fikirləşib sevinirdi. Əslində bunu çoxdan arzulayırdı. Ötən dəfə onu aparmamışdılar. İndi əlinə fürsət düşmüşdü.
Yolçular gözdə-qulaqda idilər. Hər an təhlükə ilə üzləşə, yunan əsgərlərinə rast gələ bilərdilər. Əsirlərin isə gözlədikləri elə bu idi.
Ətrafda səs eşidiləndə yolçular yerə yatır, əsirləri də məcbur edirdilər ki, əyilsinlər. Arada elə vəziyyət yarandı ki, onlar özlərini güclə xəndəyə sala bildilər. Xəndək çox da böyük olmadığından əvvəlcə əsirlərə xəndəyə yatmağı buyurdular, özləri isə onların üstündə əyləşib başlarını aşağı əydilər. Üç nəfər yunan döyüşçüsü bir qədər aralıdan ötüb keçdi. Orxanla Fazli cəld ayağa qalxıb əllərində hazır saxladıqları bıçaqları onlara sarı tuşlayıb atdılar. Hədəflər düz nişan alınmışdı. Bıçaqlar iki döyüşçünün kürəklərinə sancıldı və onlar yerə sərildilər. Üçüncü əsgər nə hadisə baş verdiyini anlamağa macal tapmamış Orxanla Fazli onun başı üstünü alıb axırına çıxdılar. Özləri ilə götürdükləri əsirlər əslində onların əl-qoluna dolaşırdılar. Kənddən çıxan kimi onları öldürə bilərdilər. Lakin fikirləşdilər ki, bir qoşqu aləti kimi onlardan istifadə etsinlər. Sonra baxarlar. Onları öldürməyib buraxsaydılar, kəndə qayıdıb camaata yenə qan udduracaq, birinci növbədə Kazım kişi ilə Xalidə arvadı öldürəcək, evi yandıracaqdılar.
Orxangil öldürdükləri döyüşçülərin silahlarını götürdülər. Artıq onlar beş silah ələ keçirmişdilər. Türklərin mövqelərinə yaxınlaşanda əsirləri dayandırdılar. Bellərindəki çantaları götürüb onlara üzlərini çevirməyi buyurdular və atəş açdılar.
Orxan, Fazli, bir də Nazan ağır çantaları götürüb yola düzəldilər. Onların gəldikləri yolda beş düşmən əsgərinin cəsədi qaldı. Bununla onlar neçə türk əsgərinin qanının arasına girmişdilər…
***

…Təntənəli yığıncaq başlandı. Orxan xatirələrdən ayrıldı. Böyük türk hücumu, döyüş meydanında şəhid olmuş əsgər və zabitlər, o vuruşmalarda iştirak etmiş və hazırda orduda xidmət edən, yaxud başqa sahələrdə çalışan şəxslər yada salındı. Söz Mustafa Kamala verildi. O, ağır-ağır nitqinə başladı:
– Əfəndilər, əziz həmvətənlərim! Millətimin mərd oğul və qızları! Sizə baxıram, ürəyim açılır. Sizinlə dağı dağ üstə qoymaq olar. Ürək açıqlığı və böyük fəxarətlə deyirəm: Afyonkarahisar-Dumlupınar meydan müharibəsi və onun son dövrü olan 30 avqust müharibəsi türk xalqının tarixinin çox mühüm bir dönüş nöqtəsini təşkil edir.
Mustafa Kamal paşa sözünə ara verib, nəfəsini dərdi. Hamı diqqətlə qulaq asırdı.
– Milli tariximiz son dərəcə böyük və çox parlaq zəfərlərlə doludur. Türk millətinin burada qazandığı zəfər qədər qəti nəticəli və bütün tarixə, təkcə bizim tariximizə deyil, dünya tarixinə yeni yön verməkdə qəti təsirli belə bir meydan müharibəsi xatırlamıram.
Böyük öndər qəhərlənmişdi. O özünü ələ aldı. Birdən onun gözləri arxa cərgədə dayanaraq mərasimi və öz liderlərinə (Atatürkə) sevgi və məhəbbət ifadə edən vətənpərvər insanları maraqla süzən bir şəxsə sataşdı. Diqqətlə baxıb tanıdı. Bu, general Quroya idi. Mustafa Kamala paşa sözünə davam etdi:
– Əfəndilər, şübhəniz olmasın ki, yeni türk dövlətinin, gənc Türkiyə Respublikasının təməli burada sağlamlaşdırılıb. Əbədi həyat məhz burada taclandırılıb. Bu sahədə axan qanları, bu səmada uçan şəhid ruhları dövlət və respublikamızın əbədi qoruyucularıdır. Burada bünovrəsini qoyduğunuz «Şəhid əsgər» andı əslində o ruhları, o ruhlarla bərabər qazi yoldaşlarını, fədakar və qəhrəman türk millətini təmsil edəcəkdir. Bu and türk vətəninə göz dikənlərə, türkün 30 avqust günündəki atəşini, süngüsünü, hücumunu, qüdrət və iradəsindəki şiddəti xartırladacaqdır…
Mustafa Kamal paşa nitqini tamamladı. Şiddətli alqışlar qop¬du. Sonra o, kürsüdə ikən gördüyü şəxsə – general Quroyaya yaxınlaşdı. Quroya vaxtilə Çanaqqala döyüşlərində iştirak edirdi. İndi mülki geyimdə idi. Fransız ordusunun zabiti olan Quroya Almaniyaya və onun müttəfiqi olan Türkiyəyə qarşı, deməli, həm də Mustafa Kamal paşanın komandan olduğu orduya qarşı vuruşurdu. Türklərlə üzləşməsi ona baha başa gəlmiş və o, bir qolunu döyüş meydanında qoymuşdu.
Artıq illər keçmiş, düşmənçilik arxada qalmışdı. Fransa ilə də sülh müqaviləsi bağlanmışdı. İndi general azad, suveren və müs¬təqil Türkiyəyə dost sifətində – qonaq kimi gəlmişdi. O, türklərin şad-xürrəm, firavan, barıt qoxusundan uzaq günlərinin şahidi olurdu.
Mustafa Kamal paşa general Quroya ilə görüşdü. Mustafa Kamal fransız dilində sərbəst danışırdı. Odur ki qayğı və ehtiramla generalın qoluna işarə edərək fransızca:
– Sizin qolunuz bizim türk torpaqlarında yatır. Şərəfli qolunuz üçün narahat olmayın. Bu qol ölkəmizi bir-birinə bağlayan son dərəcə qiymətli bir teldir, – dedi.
General Quroya gülümsəyib Mustafa Kamal paşanın əlini sıxdı:
– Qan-qada görməyəsiniz! Biz hər ikimiz əsgərik. Vaxt olub hərb meydanında düşmən kimi üz-üzə gəlmişik. Həyatdır, nə edəsən?! İllər keçir, bəzən insan yol verdiyi hərəkətlərinə görə xəcalət çəkməli, utanmalı olur.
Mustafa Kamal qonağı sıxılmağa qoymayaraq:
– Biz yox, qoy tarix utansın, – dedi.

prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий