15.07.2013

Telli sazam dastan dolu söz üstə

İsmixan Kazımov

TELLİ SAZ

Tanı məni, öyrən məni tel üstə
Telli sazam dastan dolu söz üstə
Yaradanım ozan adlı türk usta
El-el gəzdim o gün-bu gün qolunda
Kimi cürə dedi, kimi telli saz.

Çalanım var, çala bilməz yad əllər
Ozanımın əllərində dillənər
Zilim zildə, bəmim bəmdə sarı tel
El-el gəzdim aşıqların qolunda
Kimi cürə dedi, kimi telli saz.


Naxışlanıb bəzənibdir köynəyim
Qaranlığa işıq saçır niyyətim
Şənlik mərasimi, toydu məskənim
El-el gəzdim aşıqların qolunda
Kimi cürə dedi, kimi telli saz.

Çox gəlib gedənim, aşiqim olub
Oduma alışıb yananım olub
Dədə Ələsgərim, Şəmşirim olub
El-el gəzdim mən onların qolunda
Kimi cürə dedi, kimi telli saz.

Sevilib sevgili oldum aşiqə
İsmixan, şahid ol sözə-söhbətə
Əhdinə düz çıxıb qalan ustadla
El-el gəzib dolanaram qolunda
Kimi cürə dedi, kimi telli saz.

AZƏRBAYCAN

Mayam səndən, qanım səndən,
Yoğrulubdur Azərbaycan
Anamın da anasısan
Hikmət dolu Azərbaycan.

Sarı sünbül, qara şanın,
Göy buluddur bostanların
Ləçək-ləçək ağ pambığın
Məskənisən Azərbaycan.

Nur-bərəkət diyarısan
Qara qızıl yatağısan.
Ulu babamın yurdusan
Cənnət məkan Azərbaycan.

Hava təmiz, suyun şirin
Bərəkətli torpaqların
Halal-hümbət övladların
Vətənisən Azərbaycan.

El-obanda igid canlı
Yox hiyləyə ehtiyacı
Qeyrət-namus şüarındır
Yaşa, yaşa, Azərbaycan.

Bağın-bağçan orman-orman,
Dağ çiçəyin dərdə dərman
Görməmişəm sənən doyan,
Al günəşli Azərbaycan.

Mən səninəm, sən də mənim
Səndən ayrı yoxdur günüm.
Bir addına min can deyim
Qurbanınam Azərbaycan,
Yaşa, yaşa, Azərbaycan.

Комментариев нет:

Отправить комментарий