28.07.2013

BAŞLIQSIZ

Günay Ümid

Ömrümüz də yetmədi
Bu ömrü yaşamağa.
Günlərimə gün saydım,
Fələk də öz sayında.
Ümidimi itirdim
insanlardan hörülən,
Hasarın o tayında.

 Qızımın gülüşündən,
Bir parça gülüş kəsib,
Yamadım dodağıma.
Oğlumun yuxusundan
Oğurlayıb hüzuru,
dağıtdım yatağıma.

Bu insan hasarları,
Tikanlı məftillərin
Qucağında amansız.
Parça-parça topladım,
Özümü bu dünyadan.
Amma heyif, zamansız,
Mən həmişə gec qaldım,
Mən mənə oxşamadım…

Qayğılardan xəbərsiz,
Göyərçin körpələrim,
Bu hasarın kölgəsi
Gözünüzə düşməmiş,
Bağlayın gözünüzü.
Ey daşlaşan insanlar,
Tökün ətəyinizdən
Dağıdın özünüzu!!!

Комментариев нет:

Отправить комментарий