25.09.2011

120 manat maaş, taxta pult və Qənirə Paşayevanın “adamı"

Nicat Göyüşlü 


            Bakı-Qazax qatarında bir gecə


Qatarla bircə dəfə səfər etmək bəs edər ki, kifayət qədər maraqlı məqamlarla qarşılaşasan. Hər dəfə doğulub boya-başa çatdığım Qazax rayonuna gedəndə və ya oradan Bakıya qayıdanda diqqətimi çəkən nüanslar olurdu. Hər səfərimdə gördüklərim, eşitdiklərimə göz yumsam da, bu dəfə bəzi məqamları qələmə almağı düşündüm.Bu da həmin səfərimin məhsulu...

Dəmiryol vağzalı, 120 manat, qatar bələdçisi

Qazaxdan paytaxta gəlirəm və qatarın yola düşmə vaxtına az qaldığından bir az tələsirəm. Qatarın yola düşməyinə 10-15 dəqiqə qalmışdı ki, artıq rayonun dəmiryol vağzalında idim. Vaqonumuzun bələdçilərinin zahiri görkəminə fikir verəndə içkili olduqlarını dərhal sezmək olurdu. Onlara bir az yaxınlaşdıqda nəfəslərindən gələn içki qoxusu zənnimdə yanılmadığımı göstərdi. Bələdçilərin biletimi yoxlamasından sonra içində kənd sovqatı olan bağlamanı vaqona yerləşdirdim. Su almaq üçün yenidən aşağı düşəsi oldum.
Vaqonun qarşısında bələdçilər giley-güzar edib, dərdləşirdilər. Mağaza bir qədər aralı olduğundan bələdçilərdən biri dedi ki, yola düşməyə az qalıb, gecikə bilərsən. Məsələhətə qulaq asıb onların yanında dayandım. Bələdçilər yarımçıq qalan söhbətlərini davam etməyə başladılar: “Uşağa doğru-dürüst geyim ala bilmirik. Burdan aldığımız pul heç yeməyimizə çatmır. Bununla da deyirlər ki, dəmiryolu idarəsi çox yaxşı işləyir. Bu sahədə inkişaf xeyli artıb. İnkişaf varsa, bunu biz niyə görmürük?”
Mənim də diqqətlə qulaq asdığımı görüb söhbəti daha da qızışdırdılar: “Ayda 120 manat maaş alırıq. Bu, bizim aylığımızdı, amma məmur balalarının bir günlük semiçka puludur”.

Qatar pəncərələrinin yarım metrəlik pultu

Özümü onlara təqdim etdim və maraqlı olduğundan dəmiryoluna nəzarətin hansı səviyyədə olduğunu, tez-tez yoxlanılıb-yoxlanılmadığını soruşdum. Bələdçilərdən biri  “eh, ay bala, sən nə biləsən ki, biz nələr çəkirik”  deyərək yenə sızlamağa başladı: “Ölkədə nəzarət varsa, yalnız qatarlaradır.  Əvvəllər heç olmasa çay satıb 3-5 manat qazana bilirdik. İndi korrupsiyaya qarşı mübarizə gedir deyə kiməsə çayın pulunu ver deyəndə üzümüzə dururlar və bildirirlər ki, çayın pulu biletin üstündədir”.
Bir qədər də söhbətləşdikdən sonra vaxt tamam oldu və qatar yola düşdü. Bizim kupenin pəncərəsi açıq idi. Yanımızda yaşlı qadın olduğundan, həm də gecə soyuq olacağını düşündüyümüzdən bələdçilərdən pəncərəni bağlamalarını xahiş etdik. Qısa zaman keçmişdi ki, gördük bələdçilərin ikisi də gəlir və birinin əlində 60-70 sm-lik taxta var. Bu vaxt yaşlı qadının dodaqaltı baməzə pıçıltısını eşitdim: “İçkilidirlər. Yəqin pəncərəni sındırmağa gəlirlər”. Sonra qadının ürəyi dözməyib zarafatyana və hər kəsin eşidəcəyi səs tonu ilə - Adə a bala, bu taxtanı nəyə gətirirsiniz? Yoxsa bizi döyməkmi istəyirsiz - dedi.
Hamı gülüşdü. Bələdçi isə “yox ay xala, bu bizim vaqonun pultudur, aynaları bununla endirib-qaldırırıq” dedikdən sonra gülüş səsləri daha da şiddətləndi.

Qatarlarda gedişhaqqı artırılır, bələdçilərin maaşı azalır

Həmin taxtanın köməyi ilə pəncərəni bağladıqdan sonra bələdçilərdən biri mənə sarı çevrilərək istehza ilə dedi ki, niyə bu haqda yazmırsız, nə vaxta kimi boynu bükük gəzəcəyik, nə vaxta kimi qatarlarımızda taxta pultlardan istifadə edəcəyik: “Qatarlarda gedişhaqları artırıldı, amma nə keyfiyyət nə də işçilərin maaşı qaldırıldı. Heç olmasa pəncərələri təmir etmirlər. Hər gün bu əziyyəti çəkib taxta ilə pəncərəni qaldırıb-endiririk. Əvvəllər 150 manat aylıq alırdıqsa, gedişhaqları qaldırıldıqdan sonra maaşımızı 120 manata endirdilər. Görəsən neynəmək istəyirlər? Deyirəm elə ola ki, 120 manatı yuxarıda oturanların özlərinə verəsən və deyəsən ki, al bu pulla bircə gün dolan. Dəli olarlar. Amma bizim bu pulla bir ay necə keçinməyimiz haqda heç düşünən də yoxdur. Çarəmiz nədir?. Kimə nə deyəsən? Başqa yerdə iş də yoxdur ki, gedib işləyəsən. Səsimizi qısıb oturmuşuq. Yoxsa bundan da olarıq” – deyir və stehza iə gülür.
Çox vaxt adi sualı belə cavablandırmağa çətinlik çəkən bələdçilərin və bu kimi işçilərin belə ifadələr işlətmələri dəyərli həmkarlarımızdan birinin danışdığı əhvalatı yadıma saldı. Haşiyədən çox kənara çıxmamaq üçün əhvalatın yalnız sonunu sizlərin nəzərinə çatdırıram. Deməli, içki içəndən sonra bihuş halda yolda yıxılıb qalan və gözünü bayquş deşən adama görə ölkədə içkini qadağan edən şah bu içkini içdikdən sonra şirin ağzını ayıran pəhləvana görə verdiyi qərarda dəyişiklik edir və deyir: “İçkini o adam içsin ki, gözünü bayquş deşməsin. İçkini o adam içsin ki, o şirin ağzını ayırsın!”

“Bakı-Qazax” qatarının dərdli sərnişinləri

Bələdçilərin bu odlu-alovlu söhbətinə daha sonra qonşu kupedəkilər də qoşuldu. Sərnişinlərdən biri dedi ki, “siz yalnız qatardan danışırsınız. Guya hansı sahə düz işləyir ki? Məmurlar bildiklərini edirlər. Gömrük məntəqələrində bir özbaşınalıq var ki, gəl görəsən. Hansısa böyüyün biri bir qrup adam göndərir və onlara tapşırır ki, gömrük məntəqəsindən filan mallar keçməsin. Gömrük işçilərinə heç imkan vermirlər ki, öz işlərini görsünlər. Ona görə də digər dövlətlərlə sərhədlərdə problem yaşanır. Məsələn, mən bir neçə ay bundan əvvəl Gürcüstandan avtomobil alıb gətirirdim. Gürcüstanın gömrük postunda on dəqiqəyə qeydiyyatdan keçdim. Amma bizim gömrük məntəqəsində düz 4 saat gözlədim. Özü də qeydiyyat üçün maşının qiyməti qədər pul almışdılar. Axırda səbrim çatmadı. Ağzımdan çıxanı dedim onlara. Yalnız bundan sonra sənədlərimi verdilər. Bizdə bu cür problemlər olduqca çoxdur. Başqa bir problemi də deyim. 90 faiz gəncin indi evlənmək imkanı yoxdur. Gürcülər bizdən qat-qat yaxşı yaşayırlar. Halbuki onlarda təbii sərvət kimi barjomi suyundan başqa heç nə yoxdur”.
Digər bir xanım sərnişin isə bu cür problemlərin çox olmasını insanlarımızın öz hüququnu bilməməklə əlaqələndirdi: “Mən özüm dövlət müəssisələrindən birində işləyirəm. Hər hansı bir problemlə qarşılaşanda qanunauyğun formada haqqımı tələb edirəm. İndi hamı bir-birini aldatmağa çalışır. Ona görə də gözüaçıq olmaq lazımdır. Hər ay hərbi sahənin inkişafı üçün bizim maaşımızın 2 faizini tutrlar. Bundan başqa dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılır. Amma bu vəasitlərin qarşılığında görülən işlər çox aşağıdır. İnhisarçılıq baş alıb gedir. Biz bir yana uşaqlarımız üçün narahatam. Belə olan halda gənclərdən nə gözləyəsən?”

“Qənirə Paşayevanın adından istifadə edən sərnişinlər də var”

Xanımın bu sözlərindən bələdçinin sanki dərdi təzələndi. Onun sözünün yarımçıq kəsdi: “Siz hansı hüquqdan danışırsız? Bir dəfə bir qadın uşaqları ilə birgə vaqona minmişdi. Məlum oldu ki, sənədləri yoxdur. Qatarı tərk etmələrini tələb elədim. Mənimlə davaya qalxdı. Telefonu əlinə aldı ki, Qənirə Paşayevaya zəng edəcəm. Mənə dedi ki, gör indi sənin başına nə oyun gətirəcəm. 
Dedim ay bədbəxt, Qənirə xanım heç səni saymaz da. Düzdü onun etdikləri qanunsuz olduğuna görə heç nə edə bilməzdi və edə bilmədi də. Amma belə problemlər də çoxdur. Çoxlarının “daydayı”sı var deyə kef çəkir. Bir yazıq yetim olan bizik ki, yavan çörək almağa pulumuz olsun deyə buradan asılı vəziyyətdə qalmışıq. Camaatı dolayırlar. Bu yaxınlarda hansısa ölkənin prezidenti Bakıya gəlirdi. Qatar keşlə stansiyasından yenicə çıxmışdı. Amma stansiyadan xeyli uzaqlaşmışdı. 
Qatarı yarı yolda saxladılar və bildirdilər ki, kimin imkanı varsa, getsin. İmkanı olmayanlar da gözləsin, qatar saat 15:00-da Bakı Avtovağzalına yol alacaq. Hamı düşüb söyə-söyə, deyinə-deyinə getdi. Deyirəm yazıq qara camaat neynəsin e. Deyinməkdən başqa əlimizdən nə gəlir ki?” Bələdçi onu da dedi ki, 120 manat maaşla dolanmaq mümkün olmadığından boş qalan yerləri satıb əlavə gəlir əldə etməyə məcbur olurlar".
Bu arada Gəncənin dəmiryol vağzalına çatdıq. Bir neçə adam bələdçiyə biletlərini olmadığını bildirdilər və onlara pul müqabilində yer istədilər. Qatar stansiyadan yola düşəndə gördüm ki, bələdçidən yer almaq istəyən şəxslər artıq yerləşiblər.
Doğrusu, bir az düşündüm ki, görəsən 3-5 manatdan ötrü bu bələdçilər niyə işlərini riskə atırlar? Amma görünür çoxumuz kimi onlar da bir şey düşünür: ölmək ölməkdir, xırıldamaq nə deməkdir?

aznews.az

Комментариев нет:

Отправить комментарий