17.09.2011

Şamaxı “şeyx”lərinin yüz il əvvəlki rəzalətləri

Ömər Faiq Nemanzadə yazır 

Məşhur jurnalist, “Molla Nəsrəddin” jurnalının redaktoru, ictimai xadim Ömər Faiq Nemanzadənin memuarından bir hissəni təqdim edirik.

Həmin hissə Ömər Faiqin Şamaxıda müəllim olduğu dövrdəki təəssüratları əsasında yazılmışdır.

“Burada fanatizm Şəkidən və bir çox yerlərdən də artıq idi. Fanatizmin ən böyük hissəsi şiələrdən ziyadə sünnilərin üstünə düşürdü. Şəki, Gəncə, Qazax, Bakı, Şuşa və başqa yerlərdə də şeyx, imam, təriqət büsatları əskik deyildi. Lakin burada olduğu qədər heç bir yerdə kök salıb genişlənməmişdi. Şamaxı uyezdi başdan-başa şeyxliyə bölünmüşdü:

Külüllü tərəfində Şeyx Bilal əfəndi, Kürdəmir mahalında Şeyx Hacı Mahmud baba, Qaraqoyunlu səmtində Şeyx Hacı Mustafa şah, Qobustanda Şeyx Həmid paşa hökmran idilər. Bu həriflərin elmləri bir yana dursun, adi savadları belə yox idi. Lakin camaat arasında böyük nüfuz və hörmətləri var idi. Camaat hökumətdən artıq bunlara tabe idi. Camaatın ən gözəl yeyəcəyi, mal-qarası sədəqə, nəzir, ehsan yolu ilə bunların qarınlarını dolandırırdı. Şeyx Həmid paşanın böyük qoyun sürüləri, at ilxıları, qaramal naxırları mahal çöllərini tutmuşdu. Buğda ilə dolu anbarları kiflənib yatırdı. Şeyxlərə təkcə avam kəndlilər deyil, şəhərlilər də hörmət göstərirdilər”.

“Qaraqoyunlu kimi böyük bir kənddə yarımçıq da olsa, bir məhəllə məktəbi yox idi. Burada və ətrafında camaat bütün fakir və xəyalını müridbazlıq adı ilə təriqət oyunlarına vermiş, əsəri-maarif bir yana dursun, köhnə üsul tədris elmlərindən də nişanə yox idi. Belə yerlərdə qadınların halı kişilərinkindən daha acınacaqlı, daha səfalətli, daha da ağır və qəmli idi. Buralarda qadınlar, möminlərin köhnədən bəri deyilən kimi, kişilərin və xüsusilə də şeyxlərin əyləncə və iş malları idi…

Bir çox şeyxin iki-üç şəri arvadı olduğuna baxmayaraq, şeyx hərəmxanası – kiçik bir ölçüdə olsa da – Soltan Həmidin o çox böyük hərəmxanasına oxşayırdı. Ayrılığı burda idi ki, soltan hərəmxanasına alınan qızlar və qadınlar pul ilə alınırdı, şeyxlərinki isə pulsuz olaraq nəziri-bəst və zövci-axər surətilə dolardı. Bunların başqa təriqətdən xoşu gələn ərli arvadlar, qarnı ağrıyanlar, uşağı olmayanlar, ərlərinə küsənlər, göbəklərini yazdırmaq istəyənlər, şeyx yanındakı cavan müridlərə gözü düşənlər, ərləri fəqir və çirkin olanlar, məşğuliyyətsiz qalan dul arvadlar… hamısı… hamısı şeyx hərəmxanasına toplanardı.

Bir şeyxin boynuna düşən bu qədər tüfeylilərin, müftə yeyənlərin nə ilə yaşadıqlarına təəccüb edənlər, bir-iki kəndin deyil, bəlkə bütün mahalın nəzir, qurban, sədəqə və ehsan adları ilə şeyx üçün toplanan sürü, naxır və ilxıları görsələrdi, heç də çaşıb qalmazlardı. Biçarə avam kəndlilər mülkədarlar, bəylər, ağalar tərəfindən bəhrə və icarə adları ilə soyulduqlarından sonra qalan var-yoxlarını da bu cür oyunlarla ruhanilərə yedirirlərdi.

Hələ bunlar yenə bir dərəcə ədəbli, daha doğrusu, gizli, qapalı idi. Şamaxıda Qobustan mahalında Acıdərə kəndində yaşayan Şeyx Həmid paşanın təriqət büsatı daha razilanə, daha nifrətli idi.

Sırf avam və savadsız olan şeyx ata-babasının nüfuz və hörmətindən istifadə edərək təriqət adı ilə yapmadığı rəzalət, etmədiyi şeytanlıq, sürmədiyi heyvani zövq qalmamışdı.

Bu uzunqulaq hərifin hər gün aşikarə yapdığı rəzaləti görən Qobustan camaatı bu iblisi yenə müqəddəs, möhtərəm hesab edirlərdi. Hətta özünün ətək və ayaqlarını öpə bilməyənlər atının yalını öpmək kimi dünyanın heç bir yerində görülməyən heyvanlıqdan çəkinməzlərmiş. Boy, sifət, şəkil və xasiyyətcə Soltan Həmidə çox oxşayan bu alçaq hərifin özünəməxsus ayrıca bir təriqət ayini varmış: bunun hər kənddə kişi və qadın birər xəlifəsi bulunar, keyfi qalxanda kəndləri birər-birər gəzər, müridlərin təriqət ayinlərinə özü rəhbərlik edərmiş. Zikr və ibadət həmişə axşamlarda, gecələrdə olurmuş. Qabaqca kişilərin ayinlərinə gedər, öz iştirakı ilə onlara guya feyz və həyat bağışlarmış. Qadınların yığıncaqlarını isə qəsdlə dala, daha qaranlıqlara buraxarmış. O burada öz təriqət, hünər və şeytanlıqlarının bütün nömrələrini çıxarar, ruhani cəzb və qəşşadları ilə bütün eşqbazlıq hiylələrini onlara, o sadə ürəklilərə, o çarəsizlərə birər-birər möcüzə kimi göstərər, hamını öz ilahi təriqətinə heyran qoyarmış. Yarı gecələrə qədər sürən ibadətdən sonra qadınlar evlərinə dağılıb gedərlərmiş. Ancaq ibadət zamanı gözə gələn gözəllər məxsus bir iltifat olmaq üzrə xəlifə vasitəsilə saxlanılar, onlara gecə xüsusi bir otaqda yatan şeyxə xidmət etmək kimi ruhani vəzifə tapşırılarmış. Onlar ibadətlə yorulmuş olan şeyxin vücudunu ovxalayıb, qüvvət və qiyamə gətirir və bu sürətlə feyz və savab qazanarlarmış…

Bütün ömrünü təriqət ayinlərində bu sürətlə keçirən, Soltan Həmiddən aşağı qalmayan, hər istədiyi heyvani keyfini sürən bu uzunqulaq lotubaza qarşı kimsə səsini çıxara bilmirmiş. Tərsinə, hamı bu iblisi görüncə əlinə sarılar, iltifatını canına minnət bilərmiş. Bu rəzaləti duyan böyük hökumət məmurları isə eşitməzliyə gələr, camaatın avamlığına ürəkdən sevinirmişlər. Lakin həmin bu məmurlar Şamaxıda təzə açılan milli məktəbdəki partalara, divarlardakı xəritələrə “müsəlmanlığa yaraşmaz”, – deyə etiraz edər və bu yol ilə İslam dininin qeydinə qalarlarmış.

Hər kəsin hörmət etdiyi bu hərifin və bu kimilərin və ümumiyyətlə ruhanilərin 1895-ci ildə Şəkidə, 1901-ci ildə Şamaxıda gördüyüm və eşitdiyim rəzalətlərini ancaq 1904-cü ildə “Şərqi-Rus”da və 1905-ci il inqilabdan sonra isə “Molla Nəsrəddin”də və başqa qəzetlərdə yazıb açmağa başladım (1907-ci ildəki “Molla Nəsrəddin”in 35-ci nömrəsində Həmid Paşa büsatına baxınız!)

Şamaxı camaatını ümumiyyətlə insaniyyətli, xoşxasiyyətli gördüm. Ancaq çox dindar, süfiməşrəb idilər”.



kulis.az

Комментариев нет:

Отправить комментарий