"Millətim" qəzeti
İstəməsək də etiraf etməyə məcburuq ki, elə bir dövranda yaşamağa məhkum edilmişik ki, adamı olmayanların yaşam imkanları hər tərəfdən məhdud görünür. Doğrudur, şükrlər olsun ki, adamı olmayan kimsəni tapmağın özü müşkül məsələdir.
Yəni hər kəsin özünə görə ən azı qohumluq münasibətləri ilə müəyyən olunan adamları vardır. Ancaq burda söhbət adamın o adamından gedir ki, onu himayəsində saxlaya bilsin. Yəni adamın adamı “yuxarıda”, yaxud ən azından əli yuxarıdakıların ətəyində olmalıdır.
Elə adamın bu “adamı” da əsasən qohumluq münasibətləri xaricində də adama sahib duranlar tapılır ki, bu da “adamı” olmuş adama bütün yaşam problemlərində yaşıl işıq yandır bilir. Hətta adamın “adama” (bir mənalı olaraq adamın “adamı” söz sahibi, vəzifə sahibi olmalıdır) ehtiyacı o qədər zərurətə çevrilib ki, bunsuz ötüşməyin mümükünsüzlüyünü anlayan hər kəs bir “adam” tapmaq yarışına girib. Bu məqsədlə onların çabaları-yəni kiminsə himayəsinə sığınmaq arzuları baş tutmadıqda belə, “adamı” olan dostlarının və tanışlarının qoltuğuna sığınmağa çalışırlar. Yəni bəd ayaqda onların “adam”larına pənah gətirməyi planlaşdırırlar.
“Adam”sız yaşamağın mümkünsüzlüyünü anlayanların bu arzuya çatmaq istəkləri elə cəmiyyətdə əndazədən çıxan məddahlığın başlıca qaynaqlarından biridir. Qabiliyyət və fərasətindən asılı olmayaraq kiminsə vəzifə sahibi olması yetərlidir ki, onun kölgəsində özünü rahat görmək istəyənlərin ifrata varan yaltaqlıqları altında həmin kəslər kimlərinsə “adamı” olmağı özünə borc bilirlər.
Yaşam uğrunda mübarizə aparan sıravi vətəndaşlardan tutmuş, məmur kürsüsündə inadla irəliləməyə çalışan hər kəs öz qabiliyyətlərinə deyil, himayəsində olduğu adamlara sığınırlar. Bəzən eyni titula malik məmurlardan birinin fərqləndirilib qabağa çəkilməsi də onunla izah olunur ki, onun “adamı” daha güclüdür. Ancaq adamlara sahiblik edən adamların da daha güclü adamlara ehtiyacının olması sadə məntiqdir. Belə ki, onlar özü “yuxarıdan” nəzarətsiz buraxılarsa özü və himayəsində olan adamlar sahibsizlik girdabında xəzan yarpaqları tək öz mövqelərini itirməyə məhkumdur. Bu mənada adamın əsl “adamı”, yəni onu qaranta ala biləcək şəxs daha çox qərar tutduğu zirvə ilə ölçülür.
Bəxtəvər olsun o kəslərin başına ki, onların “adam”larının bir sözü iki deyil. Çünki bu özü onları bütün problemlərdən himayə edir. Onun yaşamı üçün hətta qanunlar belə yasaq məhdudiyyətlər yarada bilmir. Çünki ona nə vergidən, nə də başqa bir dövlət orqanlarından heç bir “təhlükə” görünmədiyindən ürəyi istədiyi kimi hərəkət edir.
Özünü daha ərköyün aparan belə adamlar-yəni yüksək məqamda “adamı” olan adamlar vəzifə borcunu yerinə yetirmək istəyən “adamsız” məmurlara belə “qulaqburması” verməkdən zövq alırlar. Tamamilə normaldır ki, belə adamlar onların rahatlığına “xələl” gətirən yol polisini, yaxud vergi məmurunu bir telefon zəngi ilə işdən qovmuşlar.
Bu gerçəkliyin nəticəsidir ki, bizim ayıq-sayıq məmurlarımız adamlara “adamına” görə yanaşmağı bacarırlar. Onlar qanunun qorunmasını yox, “adamı” olan adamların şıltaqlığını daha məqbul hesab edirlər. Bəzən görürsən ki, yol polisi tanımadığı bir “adamı” olan adamı saxladanda, öz “səhvini” anlayıb ona yaxınlaşərkən yalnız əhvalını soruşmaq niyyəti ilə saxladığını söyləməklə “təhlükəni” özündən sovuşdurur.
Xülasə hər kəsin “adama” ehtiyacı var. Bu ehtiyac elə zərurətə çevrilib ki, “adamsız” olan adamlar da hansısa uzaq tanışının adı ilə öyünüb, özünü “adamlı” kimi göstərməyə çalışırlar. Bu fakt özlüyündə bizim cəmiyyətdə “adamsızlığın” dözülməz olması qənaətini doğurur. Aşağıdan yuxarı hər kəsi öz “adamı” ilə tanımaq ehtiyacı o həddə çatıb ki, hər hansı bir pillədə qərar tutan kiminsə “adamı” müəyyən edilə bilməyəndə onu məntiqlə kiminsə adamı hesab etməyə çalışırlar. Bu ona görə belədir ki, “adamı” olmayan adam hələ ki, qəbul edilmir. Vay “adamsızların” halına.
Комментариев нет:
Отправить комментарий