Rövşən Yerfi. Hekayə
Saleh müəllimin altmış yaşı tamam olurdu. Qardaşı, bacısı, bir-neçə yaxın qohumu xeyli vaxtdı onun ad gününə gələcəklərini deyirdilər. O, kiməsə borclu qalmaq istəmədiyindən ad günü keçirmək həvəsində deyildi. Amma deyirdilər gələcəyik, belə olanda gələni hörmətlə qarşılamaq lazım idi. Odur ki, dünəndən evdə geniş hazırlıq görülürdü. Çatışmayan nə vardısa oğlu şəhərdən bazarlıq eləyib gətirmişdi.
Nahara yaxın eyvanda stollar düzüldü, süfrə açıldı. Süfrə təamlarla zəngin idi, hər cür yemək vardı: çoxlu salatlar, şirniyyatlar, hətta iyi həyət-bacanı başına götürmüş quzu kababı da. Gələnlərin çoxluğu sevindirsə də, hamısının qohum-qardaş olması Saleh müəllimi heç açmırdı. Düşünürdü ki, ömrünün qırx ilə yaxınını məktəbdə keçirmişdi. Sadəcə gün keçirməmişdi, yüzlərlə uşağa dərs demişdi, bəs hanı onlardan biri? Doğrudanmı onu xatırlayan yoxdur? Düzdür, Saleh müəllim heç kəsi dəvət etməmişdi, isti yay günündə lazım bilməmiıdi kimsə istirahətindən ayrılıb narahat olsun. Əlbəttə, o, istəyərdi ki, qohum-qardaşı özü gəldiyi kimi indi bir şagirdi də məclisə daxil olub onu təbrik edəydi...
Məclisə gələnlər belə bir gündə səbəbkar barəsində danışmaq, ürək sözlərini deməyə həvəslə məqam gözləyirdilər. Sözü ilk olaraq qardaşına verdilər:
-Bu gün ömrümün əziz günlərindən biridir. Bildiyiniz kimi bu gün mənim böyük qardaşımın altmış yaşı tamam olur. O mənə təkcə qardaş yox, həm də müəllimim olmuşdur. Mən həmişə öz üzərimdə onun diqqətini hiss eləmişəm. Atamız rəhmətə gedəndən sonra o mənə eyni zamanda ata kimi qayğı göstərmişdir...
Saleh müəllim yalnız qardaşınımı sevmişdir? Xeyr, o, dərs verdiyi bütün şagirdlərini sevmişdi. Onların uğurlarına sevinmişdi, birisi pis hərəkət edəndə özünü də günahkar saymışdı. Çünki, o, uşaqlara təkcə fənn tədris etməmişdi, dərs ilə yanaşı tərbiyələrini də unutmamışdı. Bunun nəticəsi idi ki, məktəbi qurtaran uşaqlar hərbi xidmətdən, tələbəlikdən ona çoxlu məktublar yazırdılar. Saleh müəllim bu gün də o məktubları, teleqramları bir əziz əşya kimi qoruyub saxlayırdı. Ancaq illər keçir, ona məktub yazanlar ailə qurandan, iş sahibi olandan sonra nədənsə müəllimlərini yaddan çıxarırdılar. Elə bil onun cazibə qüvvəsi, tərbiyəsinin təsiri bu mərhələdə qurtarırdı.
Məclisdə baş qarışmışdı yeyib içməyə, şənlənməyə. Saleh müəllim süfrənin baş tərəfində oturdulsa da fikri uzaqlarda idi. Növbəti sağlığı demək üçün qohumlardan biri ayağa durdu:
-Burada iştirak edənlərin əksəriyyəti bir-birinə əziz adamlardır. Lakin Saleh müəllim bu gün içərimizdə daha əziz və istəklidir. O, nəinki bizim, onu tanıyan yüzlərlə adamın sevimlisidir. Hamı bilir ki, bu insan ömrü boyu yalan danışmayan, söyüş bilməyən, verdiyi sözə əməl edən, işinə can yandıran, halal zəhməti ilə dolanan, çoxlarına nümunə ola bilənin birisidir...
Saleh müəllim üçün bunlar adi sözlər idi. Çünki, o, vəzifə sahibi ya da qəlbi paxır adam deyildi ki, belə sözlərdən ötrü əldən getsin. O, daim əmək haqqı və az-çox şəxsi təsərrüfatı ilə dolanan adam idi. Kimsənin malında, qazancında gözü yox idi. Özü də qazanca görə elə də ora-bura vurnuxmurdu, yalnız dərs dediyi şagirdlərinin məhəbbətini qazanmaq marağındaydı. Bu ona bəs edirdi. İnsafən çalışdığı illər ərzində əməyi müəyyən qədər qiymətləndirilmişdi. Dəfələrlə fəxri fərmanlar, medallar, döş nişanları ilə təltif olunmuşdu. Gəl ki, bunlar müəllimin könlünü yetərincə almırdı. O, maddiyyatla ölçülməyən mükafat – insan məhəbbəti, insan qayğısı istəyirdi...
Məclisdəkilər yeməklərdən dadmaqla yanaşı bir-birləri ilə hal-əhval tutub söhbətləşirdilər. Qohumlardan birinin nəsə yadına düşdü:
-Müəllim, bir az əvvəl Bakıdakı, qəzetdə işləyən oğlumla telefonda danışdım. Dedim Saleh müəllimin ad gününə gedirəm. Heyifsiləndi ki, bazar günü olsaydı mən də gələrdim...
Saleh müəllim həmin uşağın ədəbiyyatı yaxşı oxuduğunu xatırladı. Dəfələrlə onu rayona fənn olimpiadasına da aparmışdı. Bir o yox, şagirdlərindən neçəsi var müxtəlif qəzetlərdə işləyirlər. Gəlməyi, xərc çəkməyi əvəzinə münasib bir qəzetdə müəllimlərini təbrik edə bilməzdilərmi? Məgər Saleh müəllim buna layiq deyildimi? O, maddi heç nə istəmirdi. Dərsini deyib dövlətdən zəhmət haqqını almışdı. Amma, dərslə birgə göstərdiyi qayğının, məhəbbətin əvəzini istəyirdi. O diqqət, münasibət olmasaydı, indi jurnalist, müstəntiq, həkim işləyən şagirdləri arzularına yetmək üçün daha çox əziyyətlər çəkərdilər. Axı bu yanar çiraqları, o, şölələndirmişdi...
Qonaqlar yeməkdən də, söhbətdən də doymaq üzrə idilər. Məclisin sakitliyindən fürsət tapan nəvələr də yaxınlaşıb babalarını təbrik etdilər. Uşaq təbriki səmimi olduğundan onu fərəhləndirdi. Bu arada uzaqda yaşayan qohumlardan da təbrikləri qəbul etmək üçün telefona cavab verməli oldu.
Saleh müəllimin yaşadığı kənd dağ kəndi idi. Yerli camaat əsasən maldarlıqla məşğul idi. Səhərdən axşamadək başı təsərrüfata qarışan kənd adamları uşaqlarının təhsili ilə, onların ali məktəbə hazırlığı barədə lazımınca maraqlanmırdılar. Son illərdə cəmi bir neçə valideyn ondan uşaqla əlavə məşğul olmağı xahiş etmişdi. O da təmənnasız bir müddət uşaqlara əlavə dərslər keçmişdi. ”Təki ali məktəbə daxil olsunlar, heş nə lazım deyil,” - demişdi. Məşğələlərin başa çatdığı vaxt uşaqlardan biri atasının ona zəhmət haqqı kimi bir toğlu verəcəyini söyləmişdi. Bunu esidən Saleh müəllim uşağa deyir:
-Bala, sən “Əlhəm” duasını bilirsən?
-Yox, - uşaq cavab verir.
-Onda dəftərinə köçür öyrən, gələn məşğələdə soruşacağam.
Uşaq növbəti məşğələdə “Əlhəm”i əzbər təkrar edir. Saleh müəllim uşaqla belə şərt kəsir:
-Oğul, atana de, mən heç nə istəmirəm. Toğlunu alsam məni sonra saya salmayacaqsan. Mən səndən başqa bir iş istəyəcəyəm. Zəhmətimin əvəzi haçan eşitsən ki, ölmüşəm gəlib qəbrimin üstündə bir “əlhəm” oxuyarsan. Onda bil ki, borcumdan çıxmısan...
Onun özünə hörmətin ən azı bu sayaq ummasının səbəbi vardı...Yadından çıxmır, iki-üç il əvvəl müəllim yoldaşlarından biri rəhmətə getmişdi. Əlli ilə yaxın müəllim olmuş bu şəxsin dəfnində iştirak edənlərin hamısı qohum-qardaş və kənd camaatı idi. Kənarda yaşayan, şagirdi olanlardan bir nəfər də olsa gəlməmişdi. Fikirləşmişdi ki, yəqin gələcəkdə onu da bu sayaq aqibət gözləyir. Belə olarsa niyə şagirdləri həmin gün onu özgə sayıb yad etmək istəməyəcəkdilər. O ki, zamanında onların heç birinə yad, etinasız olmamışdı. Görəsən niyə insanların imkanları, maddiyyatı artdıqca mənəviyyatı cılızlaşır?..
Yeməkdən sonra süfrəyə çay gətirildi, tort kəsildi. Hamı ürəyindəki xoş sözləri deyib qurtarsalar da müəllimin deyib-gülməyən qayğılı surəti nəzərlərdən yayınmamışdı. Ola bilsin, yaşadığı illər ərzində itirdikləri üçün qəmlənib, - qonaqlar düşünürdülər. Bu vaxt qonşu otaqdan gələn Saleh müəllimin gəlini sevincək elan etdi:
-Günay zəng eləmişdi. Dedi ki, mən utanıram müəllimlə danışmağa, mənim dilimdən onu təbrik edin. Ona xoşbəxt, işgüzar, qayğılı günlər arzulayıram!..
Saleh müəllimin nəhayət eyni işıqlandı, içində səhərdən bəri gözlədiyi müəllim duyğusunun qayıdışına sevindi. Demək, xətrini istəyən şagirdləri hələ vardı, tükənməmışdi. O, müəllim kimi unudulmayıb, xatırlanır...
Zəng edən qız onun əla qiymətlərlə oxuyub, təhsilini davam etdirə bilməyib kənddə qalan, yaxınlarda nişanlanan şagirdlərindən biri idi...
Комментариев нет:
Отправить комментарий