24.09.2011

Polislər diviziya komandirini qanına boyadı


7 polis əməkdaşı Qarabağ döyüşlərində canını qoyan Əliyevlər ailəsinin beş üzvünü amansızlıqla döyüb 

Polis serjantı zabiti və ordunu dilənçi adlandırdı

Sentyabrın 12-də saat 20 radələrində Bakının Nərimanov rayonunda milli ordunun zabiti Ramiz Əliyev və ailəsi bir neçə polis tərəfindən döyülüb. Hadisə maşın üstündə olub...

Seyrçi polislər

Belə ki, Ramiz qardaşı Aydın Əliyevlə Nərimanov rayonu Hidayətzadə küçəsindəki binanın önündə maşınlarını saxlayıblar. Həyətdə yer olmadığından Əliyev qardaşları məcbur olub idarə etdikləri maşınları bir az aralıda saxlayıblar. Bu zaman binada yaşayanlardan biri maşınını həyətdən çıxarıb. Bunu görən Aydın qardaşına maşını həmin yerə gətirməyi deyib. Özü isə o yerə başqa maşının daxil olmaması üçün qalıb. Bu zaman Əli adlı polis serjantı ağ rəngli “Toyota” markalı maşınını həmin yerə salmaq istəyib. Aydın polis serjantına “artıq bura tutulub” sözünü desə də, xeyri olmayıb. O inad edib ki, həmin yerə maşınını məhz o salacaq. Və səs-küy başlayıb. Ramiz Əliyev serjanta zabit olduğunu və hay-həşir salmamağı məsləhət görüb. Əvəzində isə serjant ona yumruq atıb. Aydın söhbətə qarışan zaman serjant maşından bıçaq götürüb. Qardaşlar bıçağı onun əlindən alıblar. Mübahisənin böyüməməsi üçün evə getmək istəyiblər. “Görün sizin başınıza nə oyun açacam” deyən serjant əlaqə saxlayaraq köməyə adam çağırıb. Bir neçə dəqiqə sonra daha iki maşın gəlib və başlayıblar hər iki qardaşı döyməyə. Səs-küyə qonşular da çıxıb. Bir neçə nəfər onları aralamaq istəyəndə, problemlə üzləşiblər və dərhal geri çəkiliblər. Əliyevlərin valideynləri də mübahisəyə qatılıb və nəticədə onlar da xəsarət alıb. Ata Fəxrəddin Əliyev döyülüb, anaya da bir neçə zərbə endiriblər. Bu azmış kimi, ailəni də təhqir ediblər. Fəxrəddin Əliyev hadisəni seyr edən Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşlarına “Nə baxırsınız? Gözləyirsiniz ki, adam ölsün, sonra gələsiniz?” deyəndən sonra onlar “işə” qarışıblar. Yəni, yaxına gəliblər, ailəni döyənlər isə geri çəkiliblər.
Ramiz Əliyev Müdafiə Nazirliyinin Gəncədə yerləşən hərbi hissələrinin birində diviziya komandiridir. Münaqişə başlamazdan öncə o, zabit vəsiqəsini də serjanta göstərib. Bu zaman daha bir kobudluqla üzləşib. “Siz kimsiniz? Ordu dilənçidir” deyib vəsiqəni cırmaq istəyib. Fəxrəddin Əliyev ona mane olub və vəsiqənin cırılmasına imkan verməyib.

İş araşdırılmamış barışıq...

Əliyevlər ailəsini döyən polis işçiləri əraziyə dubinka və armatur parçası ilə gəliblərmiş. Bu azmış kimi, döyənləri deyil, döyülənləri polis bölməsinə aparıblar. Al-qanın içində 18-ci polis bölməsinə gedən şəxslərdən bir neçə saat izahat alınıb. Onlar vəziyyətlərinin ağır olduğunu, təcili yardım maşınının çağırılmasını xahiş etsələr də, buna icazə verilməyib. Onlara deyilib ki, bura həkim çağırmaq olmaz, yalnız bölmənin ərazisini tərk edəndən sonra xəstəxanaya gedə bilərlər. Beləliklə, bir neçə saatdan sonra polislər “iş”lərini bitiriblər. Ailə 1 saylı Kliniki Tibbi Mərkəzə üz tutub. Ata və ana Əliyevlər sarğıya boyanandan sonra evə buraxılıb. Aydın Əliyevi adıçəkilən xəstəxanada, Ramiz Əliyevi isə Müdafiə Nazirliyinin hospitalına yerləşdiriblər. Hazırda Aydın Əliyev ev şəraitində müalicə alır. Ancaq zabit həkim nəzarətindədir.
Hadisənin səhəri günü Fəxrəddin Əliyev polis bölməsinə üz tutub ki, ekspertizadan keçmək üçün icazə kağızını alsın. Əvvəlcə buna icazə verilməyib. Işə prokurorluq qarışandan sonra razılıq verilib. Ancaq indiyə qədər ekspertizanın rəyi yoxdur.
Aldığımız məlumata görə, Əliyevlər ailəsinə hədə-qorxu gəlinir. Belə ki, hadisə günü bölmədə olan həmin polis əməkdaşları onlara “sizin başınıza oyun açacağıq” deyib. Bu azmış kimi, işi aparan təhqiqatçı heç nə araşdırmamış ailəyə barışıq təklif edib. Və bu təklif hər gün davam etməkdədir.
Qarabağ müharibəsi veteranı olan Fəxrəddin Əliyev 27 il Sovet ordusunda, 7 il isə milli orduda xidmət edib. Oğul Aydın Əliyev də Qarabağ veteranıdır.

                   

Комментариев нет:

Отправить комментарий