Professional Oxucu Liqasının rəhbəri, dayaq.org saytının admini İbrahim Sel facebook.com-da sorğulara cavab verir
“Potmodernistlərin hamısını kvalifikasiyalarını artırmaq üçün maşınlara doldurub oxumağa göndərmək lazımdır”
-Ədəbiyyata şeirlə gələn, bir müddətdən sonra nəsrə keçən yazarlara münasibətiniz?
-Onlar nəsrə yox, birbaşa publisistikaya keçsələr yaxşıdır. Arxayın olsunlar, onların nə şeiri, nə də nəsri heç kəsi maraqlandırmır. Bir-iki zövqsüz tanış-tunuşlarından başqa heç kəs oxumayacaq, o da üzə düşüb deyə. Qəzet isə yenə heç olmasa 1000-1500 tirajla çıxır, 50-60 nəfər “postoyannı” oxucusu olur ki izləyir, “ot i do” oxuyur, hər kəlməsini gözünə təpir. Bilirsiniz, bir qəzeti 100 adam alırsa, bu artıq uğurdur. Amma şairi hətta öz tanışları belə oxumursa, demək o cəfəngiyyatla məşğuldur. Bəzi bədbəxtləri də tanıyıram ki, son bumla əlaqədar şeirdən birbaşa romana keçdilər. Allah ağıl versin! Zənnimcə bu qədər intellektual materialı internetdə qoyub şeir-hekayə oxuyanın ağlı yoxdur. Şeir-hekayə oxuyunca, gedin Mayis Güləliyevin Ən yeni tarixlə bağlı araşdırmalarını oxuyun, Həmid Herisçinin pərdəarxası açmalarını tapın, ya da Arzu Abdullanln facebook-da yayımladığı materiallara baxın! Yoxsa yatdım durdum, gərnəşdim, qarışqa şıllaq atdı eşşəyin budu batdı- bunlar heç kəsçün maraqlı deyil.
-Sizin üçün ziyalı kimdir və o necə olmalıdır?
-Əlbəttə, ziyalı ilk növbədə maarifçi olmalıdır. Bu cəhətdən mən Axundov dönəmindən başlayan maarifçilik hərəkatını alqışlayıram və böyük ehtiramla yad edirəm. Sovet dönəmində ziyalılıq vardı. Onu da ruslar necə gətirmişdilərsə, eləcə də özləri ilə apardılar. Ziyalılıq haqda müxtəlif cəfəng fikirlər var. Məsələn, fransızlar deyirlər ki, əsl ziyalı solçu olmalıdır. Boş şeylərdi. Mən dəfələrlə demişəm, yenə də deyirəm, “Sion müdriklərinin protokolları”nı oxumayan ziyalı özünü ziyalı hesab edə bilməz. Necə ki Dostoyevskini oxumayan hüquqşünas hüquqşünas, “Komitet 300”-ü oxumayan jurnalist isə jurnalist sayıla bilməz. Bizim bədbəxtlər heç Həmid Herisçinin “Gecə kanalı”nı da oxumayıblar, Amma oturub “Azadliq”dan xalqa politologiya dərsi keçirlər. Çoxu rus dilində bilmir, ona görə də şikəstdir. Azərbaycandilli internetdə isə demək olar ki heç nə yoxdur, bütün lazımi intellektual informasiya rusdilli və farsdilli saytlardadır, professor Ləmbəli ilə son söhbətimiz də məhz bu barədə oldu.
-Azərbaycan ziyalısı kimdir?
-Qeyd etdiyim kimi kor qaragüruh 90-cı illərdə hakimiyyəti zəbt etdikdən sonra ziyalılıq da öldü. Hər halda canatmalar var. Ziyalı öz səviyyəsini saxlamaq üçün ilk növbədə mütaliə etməlidir. Elə kitablar var ki, onları oxumaqla bir institutun verə bilmədiyi informasiyanı alırsan. Baxır nə oxumaq. 100 il folklor oxusan da, “qoy” olaraq qalacaqsan bu fani dünyada.
-İndiyə qədər dünyada dünyaya nümunə olacaq ziyalılar kimlər olub?
-İndiyədək dünyada dünyaya nümunə ola biləcək ziyalılar çox olub. Ancaq onların adı qara siyahıya salınıb. Stalin öləndə 2 milyon adam intihar etdi, amma nədənsə bundan heç kəs danışmır. Damarını kəsən kim, özünü asan kim, güllələyən kim ki bəs vəssəlam, beynəlxalq sionizm gözəl quruluşumuzu məhv edəcək. Niyə intihar etdi? Yüz minlərlə insanın qanını içmiş Trotski kimiləri bizə dahi kimi sırıdırlar. İndi də bir Umberto Eko çıxarıblar ortaya, mason fintikuruşları ilə baş qatır. Hal-hazırda dünyada yeganə nümunə sayılacaq ziyalı professor Stoleşnikovdur. Dünya intellektualları ancaq onu oxuyurlar. Zarubezhom.com saytında İverologiya kafedrasından virtual mühazirələr keçir. Dünyanın hər yerindən onun pərəstişkarları var. Beynəlxalq mətbuatı oxuyur, pərdəarxası söhbətləri açır, sadə analitik təhlillər verir. Orda elə xəbərlər gedir ki həmin xəbərlərin bircəciyi “Azadlıq”da getsə, səhəri gün qəzet bağlanar. Hər halda maliyyəsini qapayarlar. Bizdə olan xəbərlərin hamısı filtrdən keçmiş xəbərlərdir.
-Azərbaycanda kitab satışlarından razısınızmı? Bu gün kitab satışının artırılması üçün hansı tədbirlər həyata keçirilə bilər?
-Vaxtilə Azərbaycanda kitab satışı qənaətbəxş idi, hətta belə demək mümkünsə əla idi. Çoxları bilmir ki latın qrafikasını keçid hər şeyi məhv etdi. Bu patriotlar tərəfindən dəstəklənsə də, qeyd etməliyik ki, masonların məkrli proyekti idi. Bəli, məhz mütaliəni azaltmaq, oxu dairəsini qapatmaq, əhalini zəlil etmək üçün hazırlanmış məkrli plan! Bir neçə dəfə əlifba dəyişmişik, ona görə də zəlil kökünə qalmışıq. Bilmirəm fikir vermirsiniz, kitab oxuyanların çoxusu yaşlı nəsildəndir. Kütləvi oxunun qarşısını latın qrafikası aldı. Ağappaq kağıza keçid də müəyyən rol oynadı. Müasir təhsil sistemi də bildiyiniz kimi mütaliəyə həvəs yaratmır. Ona görə də oxucularımız yoxdur, sən yazdığını mən oxuyuram, mən yazdığımı sən. Yəni yazarlar bir-birini oxuyur. Mən indi də 50-60 yaşında sovet kişiləri tanıyıram ki, oxumağa kitab axtarırlar, ancaq təəssüf ki latın qrafikasından anlayışları yoxdur. Nəyimə lazımdır mənim qrafika? İstər latın olsun, istər kirill, onsuz heç biri doğma deyil. Yaponlar bəyəm latınca yazmırlar, inkişaf yoxdur? Yaxud farslar. Bizə savad öyrədənin, mədəniyyət gətirənin, kostyum geyindirənin də üzünə ağ olduq. Bunlar hamısı təbliğatın nəticələri idi, kütlə eyforiyaya uydu. Oxu öldü. Yaşasın oxu!
-Şeir necə olmalıdır?
-Şeir ən əsası axıcı olmalıdır. Poetik olmalıdır demirəm, bu aydın məsələdir. Ən ideal şeir nümunələrini Mikayıl Müşfiq yaratdı. O dünya miqyasında yazan şairdi, Nobel məhz belələrinə düşür. Amma ari mənşəli olduğundan ona Nobel verməzlər, Nobel almaq üçün gərək yəhudi, ya da iveroalien olasan. Müşfiqin “Yenə o bağ olaydı” şeirini bir də oxumağınızı məsləhət görərdim, mənzərə təəssüratı yaradır. Sanki bir türk klipinə baxırsan, elə deyil? İdeal şeir məhz bu cür olmalıdı: “Yenə o bağ olaydı”.
-Mahnı mətinləri necə olmalıdır? Sərbəst yoxsa heca vəznində?
-Mənim fikrimcə Azərbaycan dili mahnı mətni üçün yaramır. Mahnını Allah hind-arilər üçün yaradıb. Ququşun, ya da Milen Farmerin mahnılarını dinləyin, sonra da bizim tükəzbanlara qulaq asın. Razılaşmasanız, fikirlərinizi yazarsınız. Mən Azərbaycan dilində indiyədək cəmi iki mahnıya heyran qalmışam. Biri uşaq vaxtında “Payız gəldi uçdu getdi quşlar” mahnısı vardı, bax ona. Biri də Rəqsanənin “Bivəfa”sı.
-Son zamanlarda müasir ədəbiyyatımızda kimləri oxuyursunuz?
-Mən Azərbaycan ədəbiyyatına (mədəni formada desək) baxmıram. Amma müasir yazarlar içində elələri peyda olub ki onları oxumamaq olmur. Məsələn, Oktay Hacımusalının şeirlərini oxuyanda həzz alıram. Səlim Babullaoğlunu istirahət vaxtlarımda oxuyurdum, ruhum dincəlirdi. Rafiq Tağının bir hekayəsi var, “Fərqanə”, ömrümdə o cür ləzzətli nəsr oxumamışam. AYB-də bir İlqar Fəhmi də var, tayı-bərabəri yoxdur. Var, çox olmasa da, barmaqla sayılası qədər imzalar var ki sevirəm, ruhumu oxşayır. Amma gəl daha sadalamayım, çünki birinin adını çəkirsən, o biri inciyir, narazılıq yaranır arada.
-Müasir qəzetçilikdə sizi qane edən və etməyən cəhətlər hansılardı? Bir redaktor kimi hansı yeniliklərin olmasını istərdiniz?
-Qoy bu barədə daha çox baş redaktorlar baş sındırsınlar. Şəkilləri seçərkən onların mənalığına, göz oxşarlığına və düşündürücülüyünə diqqət yetirilməlidir. Çünki bizim bir az tənbəl oxucular mətn qarşısında ağıllarından istifadə etmək ehtiyacı hiss etməzlər və ağıla da möhtac olmazlar. Fotoya baxmaları bu tip adamlara kifayətdir. Bunlar olsa-olsa qısa yazıları oxuyarlar. Uzun-uzadı məqaləni oxumaq yerinə fotolarda əks olunan fikri seyr edənlərin sayı daha çoxdur. Bir foto çox qısa bir zaman ərzində elə sübut və isbat sənədləri ortaya qoyar ki, bu nəticəni bir yazıdan, o da yorucu bir oxuma uzunçuluğundan sonra əldə edə bilərik.
-60-70-ci illərin ədəbi gəncliyi ilə indiki dövrün ədəbi gəncliyi arasında hansı fərqləri görürsüz?
-Düşünürəm ki, 60-70-ci illər ədəbi gəncliyi normal mətnlər ortaya qoya bilmədi. Səbəb də budur ki, həmin illər ədəbiyyatı öz monoliyasına salan yerliçilik klanları bütün gözəl ənənələri məhv etdilər. Mikayıl Müşfiq, Hüseyn Cavid, Cəfər Cabbarlı ənənələri ortadan qaldırıldı, Süleyman Rəhimovun apoçiliğu saxlanıldı. Fikir verin, başdan ayağa yas, ağlaşma, qəbir daşları... İndiki gənclər nə də olmasa, normal publisistika ortaya qoydular. Bir şey var ki 60-70-ci illər ziyalılığı daha intellektualdır, çünki sovet təhsili görüb. İndiki gəncliyin isə mason şousu qanına işləyib.
-Bəzilərinə görə postmodernizm artıq öldü, modda deyil. Sizcə bu fikrə gəlməyə əsas verən arqumentlər nə qədər tutarlıdır?
-Postmodernizm ölüb, fatihəsi də verlib. Çox təəssüf ki bizim AYO-dakı cənablar bunu hələ də başa düşmürlər. Qınına çəkiliblər, dünyadan xəbərləri yoxdur. 2000-ci ildə öyrəndikləri züyü hələ də püfləyirlər. Aqşin kimilər içir, Seymur kimilər isə Markesi, Koelyonu oxumağı ilə fəxr edir. Bu yoldaşların hamısını kvalifikasiyalarını artırmaq üçün maşınlara doldurub oxumağa göndərmək lazımdır, amma mən bilmirəm hara, belə bir yer varmı? Hörmətli yoldaşlar, dünyanın bir nömrəli intellektualı sizə sırıdıldığı kimi Umberto Eko deyil, qulaqlarınızı açın eşidin, zarubezhom.com saytının yaradıcısı professor Stoleşnikovdur. Nə yaxşı ki postmodernizmin yerini konspirologiyanın tutması barədə cəmiyyəti düzgün məlumatlandıran Həmid Herisçi kimi tək-tük yazarlarımız var. Mən belə adamları görəndə hiss edirəm ki, boğulmayacayıq, nəfəscik var. Yaşasın!
-Niyə müasir ədəbiyyatımızda yazarlarımızın əsərləri teatrlarda tamaşa qoyulmur?
-Əsərinin tamaşa qoyulması üçün gərək iveroalien olasan. Sovet vaxtı da bizdə həmişə müəllifin “blat”ına görə əsər səhnələşdirilirdi, sadəcə o vaxt yaxşı rejissorlar vardı, zibildən də konfet düzəltməyi bacarırdılar. Natiq Rəsulzadənin gözəl pyesləri var, səhnələşdirsinlər də, niyə səhnələşdirmirlər? O əsərləri başa düşən tamaşaçı da yoxdur axı. Və yaxud cənubi azərbaycanlı yazar Rəsul Yunanın “Duel” əsəri var, səhnələşdirməyə layiqdi. Bunlar mədəniyyət etalonlarıdı. “Yeddi oğul istərəm” kimi çürük, İlyas Əfəndiyev pyesləri kimi əttökən “şirpotreb” məhz güclü rejissor müdaxiləsi sayəsində tamaşaçıların sevimlisinə çevrilmişdi. Mən ümumiyyətlə Rus Dram Teatrından başqa heç bir teatrı “priznavat” eləmirəm, vaxtım olanda arada hökmən burdakı tamaşalara baxmağa çalışıram, ruh sakitçiliyi tapıram. Sizi də o tamaşalara çağırıram. Qalan teatrların mənimçün öz aləmimdə yalnız bir adı var: “qaçqınkom”.
Hazırladı: Tural Balabəyli
Комментариев нет:
Отправить комментарий