Aqşin Yenisey: “Azərbaycan ədəbi gəncliyi ilə qocaları barışdırmaq istəyirəm…”
Yeni ədəbiyyat mövsümünün başlanğıcında Azad Yazarlar Ocağının (AYO) sədri Aqşin Yeniseylə müsahibə aldıq. O, ədəbi prosesləri qiymətləndirdi və təşkilatın builki planları ilə bağlı açıqlama verdi.
- AYO sizin sədrliyiniz ilə ilk altı ayını başa vurdu. Siz bu müddəti necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, bu təşkilatda yaradıcı insanlar, bizim dilimizlə desək, azad təfəkkürlü yazıçılar yığışıb. Ona görə də AYO-da baş verənləri birbaşa öz adımla bağlamağım düz deyil. Bu il Həmid Herişçinin “Konspriloq”, Seymur Baycanın “Quqark”, Əli Əkbərin “Amneziya”, Rasim Qaracanın tərcümə kitabları, Günel Mövludun şeirlər toplusu çıxıb. Bununla yanaşı, Rafiq Tağının intellektual təbəqənin öz ətrafında fikir mübadiləsinə girə biləcək yazıları çap olundu. Ümumilikdə götürdükdə bu ili Azərbaycan ədəbiyyatının, xüsusilə də AYO-nun bərəkətli ili hesab etmək olar .Ancaq bunu mənim sədrliyimlə bağlamaq düzgün deyil. Bu, adamların şəxsi yazıb yaratdıqlarıdır.
- Bəs AYO bir təşkilat olaraq nə etdi bu mövsümdə?
- Birinci düşünürəm ki, AYO-ya bir təşkilat olaraq yanaşma düzgün deyil. Bura heç də inzibati struktur deyil, əksinə, yaradıcı insanların yığışdığı, söhbət etdiyi, belə demək mümkünsə, bir divandır. Ona görə də AYO-nu bir təşkilat kimi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirməyi düşünmədik. Düzü, buna Rafiq Tağının sədrliyi vaxtında bir neçə dəfə cəhd göstərmişdik, ancaq bizi qeydiyyata almadılar.
- Son zamanlarda mətbuat səhifələrində AYO üzvlərinin bir-birilərinə ittihamları, polemikaları yer alır. Bu, nə ilə bağlıdır?
- Əsas səbəb kimi onu deyə bilərəm ki, AYO ölü ədəbiyyat deyil, əksinə, diri ədəbiyyatdır. Ona görə də AYO-çular mütəmadi olaraq öz aralarında ədəbi mübahisələr edirlər. Bu da öz növbəsində mətbuatda işıqlandırılır. AYO qapalı ədəbiyyatın deyil, açıq, diri ədəbiyyatın təmsilçisidir. Məsələn, bu yaxınlarda Rafiq Tağının Sabir ilə bağlı yazdıqlarına münasibət bildirənlər yalnız bizlər olduq.
- Sizin sədrliyinizin bitməyinə altı ay qalıb. Bu aylar ərzində AYO-nu nələr gözləyir?
- Sözün açığı, mən istəyirdim ki, Azərbaycan ədəbi gəncliyi ilə qocaları barışdırım. Onlar arasında sülh müqaviləsinin imzalanmasını istəyirdim. Ancaq mən Kamal Abdullanın kitabının müzakirəsi zamanı bir daha gördüm ki, gənclər bu barışığa hazır deyillər. Bu, istəməməkdən irəli gəlmir, sadəcə hazır deyildilər. Ona görə də mən hal-hazırda gözləmə mövqeyi tuturam. Yəqin ki, məndən sonra seçiləcək sədr də, növbəti il ərzində bu mövqedə olacaq. Hər halda istəməzdim ki, Azərbaycan ədəbiyyatı tarixində gənclərlə yaşlı nəsil arasında uçurum olduğu bir dövr olsun.
- Kamal Abdullanın kitabının təqdimatından sonra narazılar var idi. Sonra necə oldu, narazılarla ortaq məxrəcə gələ bildiniz?
- Kitab təqdimatından sonra Nərmin Kamal demişdi ki, Aqşinin sədrliyi müddətində AYO-dan çıxıram. Düşünürəm ki, bu, yüngül qadın eqoizmindən irəli gəlir. Hansı ki, bu, heç nəyə təsir göstərməyən, yalnızca qadına təsir edən bir şeydir. Ancaq hesab etmirəm ki, Nərmin Kamal AYO-dan əl çəkib. Sadəcə, onun bu qurumda sevmədiyi təkcə mənəm. O, digər AYO-çuları oxuyub, sevir. Həmçinin də biz onun əsərlərini oxuyuruq.
- Həmid Herişçinin də AYO-ya münasibəti birmənalı deyil…
- Sanki o bizdən küsüb. Əslində uman yerdən küsərlər. Deyəsən, Həmid bəy də bizlərdən nəsə umurmuş. Ancaq indi bəlli oldu ki, AYO yazıçı düzəltmir. Əksinə, yazıçı olanların yığışdığı birlikdi.
Ancaq bütün bunlara baxmayaraq, AYO-çuların bir-birinə qarşı münasibətləri normaldır. Əslində, bütün bunlar cəmiyyəti danışmağa sövq edir .AYO-nun bir missiyası da cəmiyyəti danışdırmaqdı. Gərək təkcə yazıçı deyil, həm də Oxucu danışsın. Bu, ədəbiyyatın inkişafına təkan verən amillərdəndi.
- Tez-tez AYO-nun qələbəsindən danışırsınız. Ancaq bu, heç də birmənalı qarşılanmır. Bununla bağlı nə düşünürsünüz?
- Biz həmişə Azərbaycan Yazıçılar Birliyinə (AYB), onun sədri Anara qarşı mübarizə aparmışıq. Bəziləri deyir ki, siz hansı qələbədən danışırsınız ki, Anar hələ də sədrdir. Bu, çox cılız və dayaz düşünən insanların tezisidir. Heç kimin onun vəzifəsində, sədrliyində gözü yoxdur. Anar sovet ədəbiyyatının simvoludur. Söhbət ondan gedir ki, biz bu simvoldan ədəbiyyatı xilas etmək istəyirik. Biz ədəbiyyatı buxovlamaq cəhdlərinin qarşısını almışıq. Baxın görün, AYB nə işlə məşğuldur? Onlar bütün günü atalarının yazdığı yüngülvari əsərləri təbliğ edirlər. Onlar camaata göstərmək istəyirlər ki, Azərbaycan ədəbiyyatı Rəsul Rza ilə, İlyas Əfəndiyevlə başa çatdı. Özü də bunu sırf ədəbiyyat nöqteyi-nəzərindən deyil, əllərində olan inzibati haqlardan istifadə etməklə edirlər. Bizim davamız bunun üstündə idi və qismən də olsa qələbə qazandığımızı düşünürəm.
- Qarşıdan AYB-nin qurultayı gəlir. Siz sədr olaraq kimi görürsünüz? Sizcə sədr kim olsa, bu qurum sizin düşündüyünz kimi yer olar?
- Bu barədə AYO-çularla aramızda söhbət olub. Bizim fikrimiz qətidir ki, Azərbaycanda sovet dövründən qalma necə ki, kolxoz, sovxoz ləğv edildi, eləcə də bu qurum ləğv edilməlidir. Düşünürəm ki, bu yazıçı kolxozunu saxlamağa heç bir ehtiyac yoxdur. Çünki AYB bu günə qədər ədəbiyyata nə verib ki, biz də onu saxlayaq. Daha da bu struktur ədəbiyyatdan alır, onu buxovlayır.
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Bakı Slavyan Universitetindəki işlərimlə bağlı öz yaradıcılığıma vaxt ayıra bilmirəm. Bununla yanaşı, təzə roman yazmağa başlamışdım. Demək olar ki, 60-70 səhifə yazmışam, vaxt çatışmazlığından davam etdirə bilmirəm. Romanın əsas mövzusu kəndin ölümü və dirimidir. Azərbaycan müstəqil olandan sonra sərhədyanı kəndlərin hamısı köçdü. Yalnızca bir neçə ailə qalmışdı. İndi isə o kəndlərdə yeni təsərüffatlar yaranıb. Kəndin ölümü və dirimi ilə sivilizasiyanın yenidən peyda olmasını göstərmək istəyirəm.
Bundan başqa, hazır şəkildə bir şeir kitabım var. Ancaq özümü hələ ki, kitab çıxarmaq ehtiyacında hiss etmirəm. Nə zamansa bu ehtiyac yaransa şeirlərimi çapa verəcəm.
- Deyirsiniz ki, yeni kitabım hazırdı, yalnız çap etdirmək qalıb. Bildiyiniz kimi, AYO-çuların bir qisminin “Qanun” nəşriyyatı ilə – birbaşa Şahbaz Xuduoğlu ilə münasibətlərində problemlər var. Siz necə, kitabınızı bu nəşriyyatda çıxarmaq barəsində düşünürsünüzmü?
- AYO-nun Şahbaz Xuduoğlu ilə fikir ayrılığı əsas Milli Kitab Mükafatında oldu. Belə ki, o, Azərbaycanın ədəbi gəncliyini aparıb bağlamaq istəyirdi ədəbiyyata aidiyyatı olmayan adamlara. Biz də bununla razılaşmırdıq. AYO-çular heç bir vaxt Rəşad Məcidin yanında olmayıb. Bir də mükafatı kimin əlindən almaq məsələsi var. Qoy mənə mükafat versin Tolstoy, Məmməd Araz , Həmid Herişçi. Yoxsa Azərbaycanda ədəbiyyat olmağını istəməyən, gənc yazıçılara düşmən olan bir adamdan belə bir şey qəbul etmək bizlik deyil. Ümumiyyətlə, Rəşad Məcidin səlahiyyətləri olsa, bizi güllələyər. Biz Şahbaz bəyə bunları izah etmək istəyirdik. Ancaq o, öz eqoist hərəkətlərini davam etdirdi, nəticədə də belə alındı.
Bununla belə, mən şeir kitabımı çap etdirmək istəsəm birinci ağlıma gələcək nəşriyyat Şahbaz Xuduoğlunun nəşriyyatı olacaq. Çap edəcək, yoxsa imtina, bu artıq onun öz şəxsi işidir.
- Son olaraq nə demək istəyərdiniz?
- Biz fikirlərimizi adətən mətbuatda yazırıq. Noyabr ayında AYO-nun iclası olacaq və mən sədrlikdən çıxacağam. İstəyərdim ki, ən gənc üzvlərimizdən biri yeni sədr seçilsin.
“Xural” qəzeti Rövşən Danyeri
Комментариев нет:
Отправить комментарий