Alı Vüsal
Professional Oxucu Liqası
Hüzr məclisi o qədər davam edir ki, az qala rəhmətlik yaddan çıxır
Hüzr məclislərimiz az qala dözülməz həddə çatıb. Nə qədər qəribə olsa da, bəzi yerlərdə hətta kimsə rəhmətə gedəndə qəbiristanlıqda, ölən şəxsin qəbri üstə çadır qurulur və orada 3 gün 3 gecə molla əyləşir. Bəzi yerlərdə 40 gün, ən yaxşı halda 7 gün qəbir üstə gedilir. Günlərlə hüzr çadırı yığışdırılmır. Həm ziyalılar, həm dindarlar, həm məmurlar bu sahədə anormallığa son qoymaq üçün bütün səylərini birləşdirməlidirlər.
Hüzr ehsanı toy məclisindən fərqlənmir. Hüzr məclisinin bir neçə gün davam etməsi, bu mərasimlərdə hədsiz təmtəraq o qədər problem yaradır ki, az qala rəhmətə gedən yaddan çıxır.
Çoxunuza məlumdur ki, dində ancaq dəfn günü üçün vacib əməllər var. Heç yerdə yazılmayıb ki, hüzrü 7 gün elə, yaxud ehsanı bu qədər təmtəraqlı et. Buna görə hüzr məclislərinin 3 gün olması, bu məclislərin təmtəraqdan uzaq olması məqsədəmüvafiqdir. Biz bu işdə ictimai qınağa nail olmalıyıq. Sirr deyil ki, hər məclisdə, yaxud qəbir üstündə hamı öz dərdindən danışır, marağında olan məsələləri - futboldan tutmuş bazar məsələlərinədək hər şeyi müzakirə edir. Belə olan halda günlərlə qəbir üstə getməyin mənası nədir?
Bu yaxınlarda hüzr məclislərindən birində stolun üstünə xurmadan və çaydan savayı heç nə qoyulmadı. Hamı da razı qaldı. Biz hüzr məclisini təmtəraqlı edib sabah borca düşməməli, bəziləri kimi icra hakimiyyətinə gəlib: “Hüzrün borcun verə bilmirəm”- deyib ölənin ruhunu narahat etməməliyik. Təsəvvür etmirəm ki, xaricdən gələn olsa, günün istisində yüzlərlə kişinin başına gün döyə-döyə qəbir üstə getmək mənzərəsini görsə, bizim haqqımızda nə düşünər.
Комментариев нет:
Отправить комментарий