Birlik olacaqmı?
Bir sıra mətbu orqanları və informasiya agentlik nümayəndələrinin yenidən bir araya gələrək mətbuatın problemlərini aradan qaldırmaq təşəbbüsündə bulunmalarını təqdirəlayiq hesab etmək mümkündür.
Təşəbbüsün haradan və kimdən gəldiyini araşdırmağa ciddi ehtiyac duyulmur, təki atılmış addım səmimiyyətdən doğmuş olsun. Çünki səmimilik olmayan birliklərin davamlı olmadığının dəfələrlə şahidi olmuşuq. Bir çox təşəbbüslərin isə ümumiyyətlə real iş görməkdən daha çox gündəmə gəlmək naminə edildiyi faktlarıyla rastlaşdığımız məqamlar olub. Məhz belə səbəblərdən yaranmış birliklər davamlı olmayıb.
Redaktorlar Birliyinin fəaliyyətini bərpa etmək istəyənlərin əksəriyyəti tanınmış simalardır. Bu sırada hörmət bəslədiyimiz, obyektivliyinə şübhə etmədiyimz qələm sahibləri də var. Ən çətin anlarda belə onların çəkinmədən obyektiv, qətiyyətli mövqe sərgilədiklərinin şahidi olduq. Əlbəttə, bu yaddaşımıza əbədi həkk olub. Ancaq təəssüf ki, bu gün birlik çağırışı edənlərin sırasında elələri görünür ki, şəxsən mən həmin birliyin davamlı olacağına şübhəylə yanaşmaq məcburiyyətindəyəm. Nə üçün olmayım? Əgər bir baş redaktor sifarişlə həmkarlarımızdan birinin həbs edilməsi üçün müxtəlif güc strukturlarının təşkil etdiyi iyrənc kompaniyaya qoşularaq, həmin həmkarımız barədə ağlasığmaz şantajları qəzet səhifəsinə çıxarır və növbəti gün onu təkzib edərək, növbəti yalanı dövriyyəyə buraxırsa, beləsiylə eyni birlikdə olmaq nə dərəcədə qəbul ediləndir? Və yaxud həmkarının həbs edilmə xəbərini sevincək manşetə çıxarmaqla yanaşı, şantajedici və həqiqətə zərrə qədər uyğun gəlməyən dezinformasiyanı utanıb-qızarmadan cəmiyyətə sırıyan baş redaktorla hansı birliyə imza atmaq mümkündür ki?Söhbət tək jurnalist həmkarlığından deyil, həm də normal insancıl, vicdanlı münasbətdən gedir...
Müstəqil mətbuata nə qədər aidiyyatımız var?
Əgər həmin birliyə toplaşanların əksəriyyəti qəzet səhifələrinə informasiyanı şəxsi əlaqə və münasibətlərinə görə çıxarmağa üstünlük verənlərdirsi, onda ilkin olaraq ortalığa bir sual çıxır: Bizim azad, müstəqil mətbuata ümumiyyətlə nə qədər aidiyyatımız var?
Təbii ki, jurnalist də ölkə vətəndaşıdır və bu səbəbdən o da hər hansı siyasi qurumun üzvü ola bilər. Ancaq bunun informasiya ötürməyə aidiyyatı olduğunu qətiyyətlə inkar edirəm.
Əgər mətbu orqanlar həmkarlarının həbsi barədə və ümumiyyətə jurnalistlər barəsində edilmiş misli görünməyən ədalətsizlik və haqsızlığa susqunluq nümayişetdirirlərsə, onda onların sifarişli mirzələr olduğuna şübhəyləmi yanaşmalıyıq?
Təsadüfi deyil ki, özlərini yekəxanalıqla "media kapitan"ları adlandıranların rəhbərlik etdikləri qəzetlərin tirajı gün-gündən azalır. Bunun səbəbini kənarda deyil həmin qəzetlərin və xüsusilə onlara rəhbərlik edən "kapitan"ların dezinformasiya biznesində aramaq daha düzgün olardı. Aylarla, illərlə eyni dezinformasiyalar eyni şəxslər barəsində ötürülür və heç biri təsdiqini tapmır. Budurmu, qərəzsiz, obyektiv, aparıcı, "flaqman" mətbu nümayəndələrin cəmiyyətə sırımaq istədikləri?
Artıq XXI əsr olduğundan, belə dezinformasiyalarla baş girələməyin mümkün olmayacağını qətiyyətlə söyləmək mümkündür. Və yaxud bəzi ölkələrdən nümunə götürərək Azərbaycan mətbuatında mənəviyyatsızlığı peşə etikasına çevirmək istəkləri də iflasa uğrayacaq. İnanıram ki, milli mətbuatımızın etik gözəllikləri nəinki sıradan çıxacaq, əksinə gündəlik fəaliyyət prinsipimizə çevriləcək.
Mətbuatımız problemsiz deyil, problemlər saysız-hesabsızdır. Təəssüf ki, problemlərin əksəriyyəti məhz mətbu orqanlar, jurnalist təşkilatları tərəfindən qaynaqlanır. Qütbləşmiş mətbuat öz problemlərini həll etmək əvəzinə, onu daha da dərinləşdirməkdədir. Söhbət təkcə iqtidar və müxalifət mətbuatımızdan deyil, onlardan kənarda özəl maraqlara xidmət göstərən onlarla mətbu orqandan da gedir. Belələrinin nümayəndələrini Redaktorlar Birliyində gördükdə, birliyin prespektivsiz olacağını indidən proqnozlaşdırmaq üçün xüsusi öncəgörücülük qabiliyyətinə məncə ehtiyac duyulmur.
"Demokrat"larla mətbuatın azadlığından söhbət açmaq mümkün olacaqmı?
Ən qəribəsi budur ki, bəzi mətbuat nümayəndələri müstəqil mətbuat deyəndə yalnız müxalifətə birmənalı xidmət göstərən qəzetləri önə çəkirlər. Sual doğur: əgər sən birmənalı asılılıq nümayiş etdirirsənsə, məlum siyasi təşkilatın siyasi kursundan kənara bircə addım ata bilmirsənsə, xidmət göstərdiyin partiyanın sədrinin dərkanarıolmadan qəzetinin səhifəsinə informasiya çıxara bilmirsənsə, hansı müstəqillikdən, azad mətbuatdan söhbət açırsan? İnanın ki, bu hədsiz narahatedici faktordur. Bir anlığa təsəvvür edin ki, əllərində olan mətbu orqanlara diktator münasibəti sərgiləyən partiya sədrləri iqtidara gəlsələr, nələr baş verə bilər?
Onlarmı cəmiyyətdə plüralizm, demokratiya tərəfdarı olacaqlar? Bircə tənqiddən küsüb, tənqid edənlərə əbədi düşmən kəsilən "demokrat"larla mətbuatın azadlığından söhbət açmaq mümkün olacaqmı?
Əlbəttə, siyasi müxalifətdən, onun liderlərindən söhbət açmağım yersiz görünə bilər. Ancaq zərurətdən doğduğuna kimsə şübhə etməsin. İqtidar qədər siyasi müxalifət liderlərinin də mətbuata təsir gücü yetərincədir. Bir az fərqli durum olsa da, belədir. Birliklərin yaranmasının və yaxud dağılmasının da zaman-zaman şahidi çox oluruq. Yaranmaları, dağılmaları təsadüfi hesab etmək sadəlövhlük olardı. Çox zaman "dirijor çubuğu" elə fırlanır ki, az qalır cəmiyyətin gözünə girsin. İndi də bəziləri nəyinsə qoxusuna və yaxud işartısına yığışa bilərlər. Kaş belə olmaya...
Mətbuatın əsas problemləri...
Mətbuatın və eləcə də mətbuat nümayəndələrinin probemləri yetərincədir. Ən başlıcası qəzetlərin yayımıyla bağlı olan problemdir ki, bu hər kəsi düşündürməlidir. Yayım firmalarının durumu gündən-günə çətinləşir. Köşklər bir-bir sıradan çıxarılır. Əyalətlərdə vəziyyət daha acınacaqlıdır. Əhalisi 100 mini adlamış rayonların ərazisində cəmi bir və ya iki qəzet köşkü fəaliyyət göstərir ki, bu artıq həyəcan təbilinin çalınması zamanından çox ötdüyü xəbərini verir. Əhalisi 10 mindən artıq olan bir çox kənddə isə axırıncı dəfə nə zaman qəzet satışı təşkil edildiyini unudublar. Durumun faciəvi olduğunu anlamaq çətin deyil. Sanki kimlərsə ölkə əhalisinin informasiya almağına qənim kəsilib. Ölkə əhalisinin sayının 9 milyonu adladığını nəzərə alsaq, aparıcı qəzetlərin tirajının 8-10 min civarında olduğu bir çox qaranlıq mətləblərdən xəbər verir. Yəni mətbuatın əsas problemi budur ki, mətbuatla əlaqəli qurumların hamısı bu barədə təcilli və təxirəsalınmaz tədbirlər görülməsi tələbləriylə mövqelərini bəyan etməlidirlər. Sirr deyil ki, qəzetlərin satışının 80-90 faizi paytaxtda baş tutur. Mətbuatın bu vacib probleminin aradan qaldırılması mümkün olmayacaqsa, digər problemlərin üstünə getmək yersiz görünür.
Redaktorlar Birliyinin yenidən bir araya gəlməsi problemlərin həllinə stimul verə bilər. Təbii ki, həmin birlik kiçik qrupun mənafeyini təmsil etməyərək, ümummətbuat problemlərini önə çəksə...Ancaq bir-iki redaktor istisna olmaqla digərlərinin belə mövqe sərgiləyəcəyinə inamsızam.
Son bir-iki il ərzində apardığım müşahidələr, şahid olduqlarım belə qənaətə gəlməyimə əsas verib. Biz mətbuat nümayəndəsi, baş redaktor olmaqdan öncə insan olduğumuzu, məhz insanlığa xidmət etmək missiyasını daşıdığımızı bir an belə olsun unutmamalıyıq. Təəssüflər olsun ki, bir çoxları nəinki bunu unudub, əksinə insanlıq əleyhinə fəaliyyətlərinin fərqinə də varmır. Narahat deyilik, zamanın hər şeyi öz yerinə qoyacağına tam əminik.
Müşahidələrim Redaktorlar Birliyi barədə optimist nə isə vəd etməsə də, hər halda fəaliyyətlərinin uğurlu olmasını arzulamağı özümə borc bilirəm. Təki problemlərin həllinə nail olmaq üçün çalışılsın! Qrup maraqlarına xidmət etmək yox, ümummilli maraqlar önə çəkilsin! Jurnalist həmrəyliyi bərqərar olsun! Ömrünü istiqlal mübarizəmizə həsr etmiş mübariz həmkarlarımızın həbsinə sevinməyək! Onları şantaj edərək həbs etdirənlərə öz dezinformasiyalarımızla yardımçı olaraq, həbs edilən gün onlara veriləcək cəzanın müddətini də qəzetimizin manşetinə çıxarmayaq! Həqiqəti yazmağı peşə borcumuz hesab edək! Dezinformasiyalarımızla cəmiyyətin mətbuata inamsızlığına bir daha rəvac verməyək! Yolunuz budursa, onda Birliyinizlə biz də həmrəyik. Əgər növbəti dəfə sifariş yerinə yetiririksə və yaxud hansısa qrupun maraqlarına xidmət göstərmək uğrunda toplaşırıqsa, onda bəri başdan bunu mətbuatımızın faciəsi kimi dəyərləndirmək daha düzgün olardı.
Biz isə birmənalı "Millətim" olaraq, millətimizə təmənnasız xidmət etməkdən çəkinməmişik, çəkinməyəcəyik də. Bu "Millətim"in fəaliyyət kredosudur-Haqq-ədalət harda, biz də ordayıq!
P.S. "Millətim"in dəfələrlə müdafiə etdiyi Eynulla Fətullayev azadlığa qovuşan kimi "mən həbsxanada olan axırıncı jurnalist idim"-dedi. Redaktorlar Birliyinin yığıncağında hüquq müdaafiəçisi Arzu Abdullayeva onun səhvini təkrarlayaraq "həbsxanada daha jurnalist yoxdur" "bəyanatını" verdi. Təəssüf ki, "Millətim"in baş məsləhətçisi Ramiz Tağıyevin məhz peşə fəaliyyətilə bağlı həbs edildiyini bilən həmkarlarımız da susmağa üstünlük verdilər. Nə etmək olar? Azərbaycan adlı ölkənin "hüquq müdafiəçiləri", "media kapitanları" yalnız ingilisə, masona xidmət edənlərin müdafiəçilərinə çevriliblərsə, bizim onlara heç ehtiyacımız yoxdur. Ancaq bir məqam bizi düşündürür: görəsən belə "hüquq müdafiəçiləri", "media kapitan"larını ölkəmizdə hansı mafioz qüvvələrin dirijor çubuğu idarə edir. Darıxmayın, bu barədə hamını şoka salacaq məlumatlar tezliklə "Millətim"-də olacaq.
Комментариев нет:
Отправить комментарий