Dilqəm Əhməd
İstədim…
Quşların qanadına sığınıb
Ucalmaq istədim
Gecənin dərisinə bürünüb
Qaranlıqda yox olmaq istədim.
Şəhərin çığırtısına qarışıb
Küçələrdə bağırmaq istədim
Məscidlərdə müəzzin olub
Hər sabah çağırmaq istədim
Yovşan qoxan bozqırların
Sevgi yağan çöllərində olmaq istədim
Qum fırtınasına qovuşub
Gözlərinə dolmaq istədim
Atilla İlhanın şeirlərinə sığınıb
Get başımdan deyə bilmək istədim
Zamanın boşluğuna yuvarlanıb
Bütün anıları silmək istədim.
Aysel üçün
Zamana ötürdüm
Zamanla yolçu olduğumu
anlamadım
Unutduğumu sandım
Unudulanların mövcud olduğunu
anlamadım
Yadlıq içində çırpınıram
Kənarda dayanan hər şeyi itələyib
Arxası olmayan divarlara qapanıram.
Künclərin vahiməsi çökür üstümə.
Üzü xəstəlikdən yara tökmüş uşaqlar girir yuxuma.
Gözəlliklərin aldadıcı olduğunu anlayıram.
Həyat- bu ki anlamsızdır
İnsanlar- hamısı çarəsizdir
Toxunduğum hər bir şey ümidsizdir.
Yoxluqla ovunacağımı sandım
Yoxluğun olmadığını anlamadım.
Sən yox olmamışdın
Nə də zamanda buraxılmışdın.
Qaranlıq düşəndə bütün parıltılar yox olduğunda
Gerçəkliklər parıldayır qarşımda
Sən gerçəksən,
İçimdə yaşatdığım yeganə gerçək.
Комментариев нет:
Отправить комментарий