27.09.2011

Canlı klassikdən İstanbul şeirləri

Kənan Hacı

MƏNİ SEVMƏSƏN DƏ OLAR

Səni necə sevməməyi öyrəndim
İstanbulda,
unutmağı öyrəndim,
nifrət etməyi də...
özümü imtahan etdim
Topqapı sarayının önündə,
mən bu gözəlim İstanbula
alış-veriş üçün gəlmədim əsla,
Orxan Vəlini dinləməyə gəldim.
Sev bu şəhəri bütün ruhunla-
əgər sevə bilsən-
məni sevməsən də olar!...

           17 avqust, 2011
               İstanbul
  
   İKİ GÖZ YETMİR

Hər iskələdə
bir siqaret boyunca sümürdüm,
sinəmə çəkdim dənizdən əsən mehini,
yollar boyu uzanan marağımı
cilovlaya bilmədim,
görə bilmədiyim yerlər
cibimdən çəkilmiş pul kimi
yandırdı məni...
zaman çox qısa, sən isə böyük,
gözlərim dördnala çapır
şəhərin küçələrini,
axşamçağı
sonsuz üfüqlərdə dincəlir
yorğun gözlərim,
iki göz yetmir səni görməyə,
İstanbul!
 
                Üsküdar, 20 avqust, 2011

                    *************************
    Karaköydə
    pəncərəsi dənizə baxan
    bir lokantada
     üz-üzə oturmuşuq,
     sənin baxışların üfüqü ölçür,
     mənsə
     islaq dodaqlarına ilişiq qalmışam,
     alman pivəsilə
     ovuduram xəyallarımı,
     qonşu masadakı qızlar
     bizə baxıb gülümsəyirlər,
    nə düşünürlər, bilirəm,
    amma təəssüf...
    onlar düşündüyü kimi deyil...

                      17 avqust, 2011,
                      İstanbul

                                 **********
       yanaşı üzürük mavi sularda,
       sənə toxunmaq yasaq,
       o zaman
       nəyi gözəlmiş ki,
       bu dənizin?!..

                            Böyükçəkməçi, Mərmərənin sahili,
                                     14 avqust, 2011                           

Комментариев нет:

Отправить комментарий