Tural Qul
Payıza düşdü baharın gülü,
Dünüm unuduldu bugünlərimdə.
Əlimdə əkildi, əlimdə bitdi,
Ətirli əlimdə əllərim itdi
– tapıldı da,
Ama payıza düşdü, əlimin gülü!
Payıza düşdü baharın gülü,
Dünün aynasıdır bugünlərimdə.
Gözümdə rəsimdir, gözümdə gerçək,
Bu rəsim sevgidən bir gün verəcək
– verdi də,
O da payıza düşdü, bir günün gülü!
Payıza düşdü baharın gülü,
Dünüm isidildi bugünlərimdə.
Bir qıza sevgidir, aldığım nəfəs,
Nə zaman dönəcək verdiyim nəfəs?
– döndü də,
Bu da payıza düşdü, nəfəsimin gülü!
Payıza düşdü baharın gülü,
Dünün çəkisidir bugünlərimdə.
İstərəm dünyanı tərsinə dönüm,
Çətin ki bu çəki çəksin ömrümü
– çəkdi də,
Niyə payıza düşdü, çəkimin gülü?
Комментариев нет:
Отправить комментарий